Əlillərin yeni
nazirdən gözləntiləri
Bir qrup fiziki məhdudiyyətli vətəndaş
Səlim Müslümova müraciət hazırlayıb
Əlillər əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümova müraciət
hazırlayıblar. Müraciət kütləvi xarakter
daşıyacaq, yüzlərlə əlilin müraciətə
imza atacağı gözlənilir. “Bizim Yol”a daxil olan
sözügedən müraciətdə deyilir:
“Biz Azərbaycan
Respublikasının vətəndaşı olan fiziki
qüsurlu və hərəkət qabiliyyəti məhdud
insanlar Sizin kimi səliqəli, bacarıqlı, savadlı və
işgüzar bir insanın Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri təyin olunmasına sevinərək Sizi
təbrik edirik. Ümid edirik həqiqətən
Sosial Müdafiəmiz layiqincə təmsil olunacaq. Bunun üçün biz əlillər də Sizə
dəstək olacağıq.
Cənab nazir, biz əlillər 3 dekabr Əlillər
Günü ərəfəsində gündəlik həyatda
qarşılaşdığımız problemləri Sizə
yazmağı özümüzə borc bilirik. 2008-ci ildə
Azərbaycan Respublikası Birləşmiş Milətlər Təşkilatının
(BMT) 2006-cı ildə “Əlillərin hüquqları
haqqında” qəbul etdiyi Konvensiyayaya qoşularaq əlillərin
sosial rifahını yaxşılaşdırmaq
üçün öhdəçilik götürüb və
bu sahədə də hökumət və qeyri-hökumət təşkilatları
önəmli işlər görür. Bəzi
problemlər vardır ki, onları Sizə bildirməyi
özümüzə borc bilirik və inanırıq ki,
inkişaf edən Respublikamızda bu problemlərin həlli də
öz yerini tapacaq. Hazırda Əlillərin
Bərpa Mərkəzində təmir və yenidənqurma
işləri aparılır və Sizin bura təşrifiniz, əlillərlə
görüşməyiniz ürək açandır”.
Yeni nazirdən 6 istək
Bir qrup
fiziki qüsurlu vətəndaşın müraciətində əmək
və əhalinin sosial müdafiəsi nazirindən 7 problemin həll
edilməsi istənilir:
1. Təmirdən
sonra bərpa mərkəzini həqiqətən də bərpa
olunan vəziyyətdə görək. Biz orada müasir
çarpayı, masaj, idman, fzioterapiya
avadanlıqlarının, otaqların hər birinin ayrıca
geniş tualeti və isti suyunun olmasını, geniş liftlərin
və pandusların olmasını görmək istərdik;
2. Bizim problemlərimizin
əsasını nəqliyyat təşkil edir. Əlillər
üçün avtobus və ya sosial taksilərin olması;
3. Fizki
qüsurlu uşağa və ya əlilə baxan himayəçiyə
kompensasiya verilməsi, bu insanlar sanatoriya-kurort və müalicə
zonalarına göndərildikdə onları müşayiət
edən himayəçinin də xərclərinin ödənlməsi;
4. “Akkord”
Tikinti Şirkətinin bərbad günə qoyduğu
keçidlərdəki pandusların VERTİ MMC tərəfindən
yenilənməsi, küçə və səkilərdə,
dayanacaqlarda əlil arabalarının rahat hərəkəti
üçün düzgün bucaqlı pandusların qoyulması,
dayanacaqdakı oturacaqların , fiziki cəhətdən məhdudiyyəti
olan insanlara və uşaqlara müyəssərləşdirilməsi;
5. Yeni
tikilən binaların, obyektlərin, idarələrin, məktəblərin,
səhiyyə ocaqlarının, mədəniyyət
ocaqlarının, parkların və s. girişlərinin hərəkət
qabiliyyəti məhdud əlil arabasından istifadə edən
insanlara uyğunlaşdırılması və bu
sadalananların təhvil-təslim komissiyasına əlil
arabasından istifadə edən əlillərin nümayəndəsinin
salınması;
6. Mənzil
növbələrinin araşdırılmasını və
70-ci illərdən mənzil növbəsində olan,
sökülmə zonasında yaşayan əlillərin mənzil
ilə təmin olunması.
“Sizdən xahiş edirik ki, bu kimi problemlərin yaxın
zamanlarda həllini tapmasında bizə köməklik edəsiniz. Ümid edirik ki,
xahişimizi nəzərə alacaqsınız”, -deyə
müraciətdə bildirilir.
Müharibə veteranının 6
şikayəti
Respublikamızda əlillərin
qarşılaşdıqları problemlər eyni olsa da, əlilliyin
yaranma səbəbləri müxtəlifdir. Həmin əlillər
arasında Qarabağ müharibəsinin
iştirakçıları da az deyil. 1992-1994-cü illərdə Kəlbəcər-Ağdərə,
Tərtər bölgəsi istiqamətində gedən
döyüşlərdə iştirak edən, Qarabağ
müharibəsi veteranı, birinci qrup əlil Məhərrəmov
İlham Nadir oğlu ilə fiziki məhdudiyyəti olan vətəndaşlarımızı
narahat edən məsələlərdən
danışdıq.
“Bizi
narahat edən məsələlər çoxdur, əlbəttə
ki, şikayətimiz də var:
-
Birincisi, sosial müavinətlərin ən azı işləyən
və yaxud əmək qabiliyyətli əhali üçün
müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən
(125 manatdan çox) yuxarı təyin edilməməsi;
-
İkincisi, fiziki məhdudiyyəti olan əlillərə
heç bir sosial və iqtisadi güzəştlərin müəyyən
edilməməsi;
-
Üçüncüsu, elementar səhiyyə xidmətinin belə,
təşkil edilməməsi və nəzərdə
tutulmaması;
-
Dördüncüsü, ictimaiyyətlə müntəzəm
əlaqədə və münasibətdə olmaq
üçün müvafiq infrastrukturun olmaması və
yaradılmaması;
-
Beşincisi, fiziki məhdudiyyəti olan əlillərin
müvafiq potensialına (əqli, bilik və digər
bacarıqlarından) etinasızlıq;
-
Altıncısı, təhsil və işlə təmin olma
sahəsində heç bir şəraitin və imkanın
olmaması və s”, -deyir həmsöhbətimiz.
“Niyə əlil uşaqlar
adi məktəblərdə dərs almasınlar?”
İlham
Məhərrəmov problemlərin yaranma səbəbi və nəticəsi
barəsində də öz rəyini bölüşdü: “Səbəb
etinasızlıq və ölkədə insan amilinə soyuq
münasibətdir. Bunun nəticəsində hətta
sağlam insanların da çoxu əziyyət çəkirlər”.
“Əlillərlə bağlı qanunvericlikdə dəyişikliyə
ehtiyac varmı? Varsa, hansı dəyişikliklər olmalıdır?”
sualımıza cavab olaraq bildirdi ki, bu sahədə ayrıca
hüquqi-normativ bazaya ehtiyac var: “Bütün hökumət
orqanları həmin bazaya əsaslanmalıdırlar”.
Müsahibimiz
“Əlillərlə bağlı xaricdə hansı təcrübə
ilə tanışsınız, ya da məlumatlsınız ki,
o güzəştlər və şərait bizdə yoxdur?”
sualına isə belə cavab verdi: “Xarici təcrübədə
bir çox cəhətlər vardır ki, bunların tədbiqi
bizdə heç də real görünmür. Məsələn,
Bakıda 219 nömrəli orta məktəb var ki, ayrıca
olaraq əlil uşaqların orta təhsil alması
üçün fəaliyyət göstərir. Məncə buna ehtiyac yoxdur. Niyə
bu uşaqlar adi məktəblərdə dərs almasınlar?”
İ.Məhərrəmovun
yeni əmək və əhalisinin sosial müdafiəsi nazirindən
də gözləntiləri var: “Köhnə nazir kommersiya və
biznes təfəkkürlü adam idi. Yeni nazir əsil məmurdur. Ən
azı sosial müavinətlərin artırılacağına
ümid edirəm”.
“Fiziki məhdudiyyəti olan vətəndaşlara
bərabər imkanlar tanınmalıdır”
Birinci
qrup əlil Zaur Hacılı da əməkdaşımızla
söhbətində fiziki məhdudiyyəti olan vətəndaşları
narahat edən problemlərdən danışdı: “Əlillərə
primitiv qayğı var. Kredit hüququmuz yoxdur, ictimai nəqiyyatdan
istifadə edə bilmirik. Eləcə də, təhsil
və səhiyyə hüququmuz xeyli məhduddur. Sözün həqiqi mənasinda əlilliyi olan insanlarin
hüquqları müdafiə edilmir. Əlillərlə
bağlı qanunvericlik var. Azərbaycanda qanunlar var, amma
qaydalar yoxdur, bax bu qaydalara çox zəruri ehtiyyac var. Fiziki məhdudiyyəti
olan vətəndaşlarla bağlı xaric ölkələrdə
müxtəlif arzuolunan təcrübə var. Avropa ölkələrinin
bəzisində, məsələn Almaniyada əlilliyi olan
insanlarin ehtiyyaclarını bələdiyyələr təmin
edir, həmçinin ev və digər ehtiyaclarını. Amma bizim bələdiyyələr ancaq satış
ilə məşğuldur. Əlillər
üçün nələr edilməlidir? Fiziki məhdudiyyəti olan vətəndaşlara bərabər
hüquq və imkanlar təmin edilməlidir”.
“Yeni əmək
və əhalinin sosial müdafiəsi nazirindən hansı
gözləntiləriniz var?” sualına Zaur Hacılı belə
cavab verdi: “Yeni nazirdən keçmiş
nazir Füzuli Ələkbərovun əməllərini təkrar
etməməsini və bizim problemlərin həlli istiqamətində
əməli addımlar atmasını gözləyirik. Və hansı təbəqənin naziri olduğunu
unutmamasını gözləyirəm”.
Zaur
Hacılı “Əlilliyin qarşısının
alınması, əlillərin reabilitasiyası və sosial
müdafiəsi haqqında” qanuna da istinad etdi: “O qanun Azərbaycanda
əlillər barəsində dövlət siyasətini müəyyən
edir, əlilliyi doğuran səbəblərin aradan
qaldırılmasına, əlillərin reabilitasiyasına,
ictimai həyatın bütün sahələrində
iştirak etmək üçün əlillərin
bütün başqa vətəndaşlarla bərabər imkanlar
almasına, öz fərdi qabiliyyətlərinə və
maraqlarına müvafiq surətdə dolğun həyat
sürməsinə kömək göstərən lazımi
şəraitin yaradılmasına təminat verir”.
“Dövlət onların sosial təminatı
ilə məşğuldur”
Əil Təşkilatları
İttifaqının prezidenti Davud Rəhimli də əməkdaşımızla
söhbətində qeyd etdi ki, Azərbaycan Respublikası
2008-ci ilin oktyabrın 2-də Birləşmiş Millətlər
Təşkilatının (BMT) “Əliliyi olan insanların
hüquqları haqqında konvensiya”sını və ona əlavə
protokolu ratifikasiya edib: “Bununla da ölkənin üzərinə
əlavə tədbirlər də düşür. O mənada
ki, konvensiya ratifikasiya olunduqdan sonra milli qanunvericiliyin dəyişilməsi
labüddür və ona
uyğunlaşdırılmalıdır. Eləcə
də, başqa qanunlarda təhsil, məşğulluq və
başqa sahələrlə bağlı məsələlər
əksini tapmalıdır. Əlilliyi olan
insanların fəaliyyəti ilə bağlı həm
hökumət, həm də qeyri-hökumət təşkilatları
fəaliyyət göstərir.
Onu da bildirim ki, fiziki qməhdudiyyəti olan vətəndaşlarımıza
cəmiyyətdə sosial baxış təmin
olunmalıdır. Təəssüf ki, fiziki məhdudiyyəti
olan insanlarımıza ancaq tibbi baxış var, sosial
baxış yoxdur. Yəni bu insanlara xəstə
kimi baxılır. Nəticədə
onların təhsil alması, idmanla məşğul
olması, məşğuliyyəti və asudə
vaxtının təşkili üçün manelər
yaranır. İstər-istəməz əlilliyi
olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil.
Son illərdə cəmiyyətdə əlillərə olan
sosial baxışın təmin olunması istiqamətində
fəaliyyət hiss olunur. Dəyişilik olacaq,
qanunvericlikdə də bunlar nəzərə alınıb.
Qarabağ əlilləri, şəhid ailələri,
Çernobil əlillərinə dövlət tərəfindən
təmanasız olaraq mənzillər verilir, ya da
yaşayış sahəsi
yaxşılaşdırılır. Əlillər
hərəkət etmələri üçün nəqliyyat
vasitələri ilə təmin olunurlar. Eləcə
də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar
dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla
təmin olunurlar. Həmçinin nəqliyyat
vasitələri ilə, əlil arabaları ilə təmin
olunurlar. Dövlət onların sosial təminatı
ilə məşğuldur”.
Ramid
Bizim yol. - 2013.- 28 noyabr.- S. 13.