ANARIN
KİTABI... (ədəbi esse)
Hər yazdığın doğru
olsun, fəqət hər doğrunu yazmaq doğru deyil
türk atalar sözü
Şəxsiyyət fərdiyyət deməkdi, şəxsi fikir hərdən adama baha başa gəlsə də! Amma ədalətli şəxsi fikir olmadan şəxsiyyət, şəxsiyyət olmadan isə xalq mövcud deyil. Şəxsi fikir yalnız razılığa gəlinmiş şəxsiyyətsizlik axınına qarşı nizamla getdiyi anda xəlqi olur. Şəxsi fikir şəxsi tamaha yox, xalqa, qayğıya ünvanlananda xəlqiləşir. Gözlərə və könüllərə dürtülən şəxsi fikir öz-özünün qənimidi. Şəxsiyyət başqalarının müdafiəsi naminə bağırmadan deyilən şəxsi fikirdən doğulur. Şəxsi fikrin hüquqları pozulduğu halda, xalqın ümumi fikrinin yaranması mümkünsüzdü. Xalqın fikri yuxarıdan fırlanan pərgar yox, məhs şəxsiyyətlərin şəxsi fikirlərinin ümumi cəmidi.
Nə vaxtsa Andrey Platonov bu fikri dahiyanə şəkildə izah etmişdi: “Mənsiz xalq yarımçıqdı”. Əfsuzlar olsun ki, çox zaman kimlərinsə rolu cəmiyyətdə mədhiyyələrlə göylərə qaldırılır, digərləri isə ümumi mexanizmdə siyasət xokkeyinin rezin şaybalarına çevrilir. Bəzən şəxsi fikirlər kinayə ilə qarşılanır, bəzi hallarda isə guya “xalqın fikrinə” əks fikir kimi töhmətlənir. Bizim bütün faciəvi səhvlərimizin pis niyyətdən doğulduğu bir o qədər də ağla batan deyil. Milyonlarla xalqın “Necə lazımdı?” sualı qarşısına amiranə görünsə də, subyektiv olan “Belə lazımdı!” cavabı çıxırsa, onda bu fikrin əmrə çevrilməsinin mənəvi hüququ yoxdur. Vətəndaş abır-həyası içtimai tərəqqinin mühərriki, keçmiş səhvlərin təkrarlanmamasının qarantıdı. Azadlıq və müstəqillik şəxsi qürur, şəxsi abır-həya olmadan mümkün deyil. Zənnimcə, “Xalq”, “Millət”, “Bəşəriyyət” anlayışı yazıçı Anarın təsəvvüründə ilk öncə şəxsiyyətlərdən ibarətdi. Amma burada söhbət heç də məşhurlardan getmir. Çünki, məşhur adamlar heç də həmişə xalqın, bəşəriyyətin ən ali zümrəsinə aid olmur. Anar üçün şəxsiyyət fərdiyyətin müstəqil tənhalığıdı.
Görkəmli publisist Nikolay Zinkoviç yazır: “Hələ ki, küləyin səmtini yalnız yuxarıdakılar müəyyənləşdirir. Biz də hələ ki, burda öz yerimizdə, aşağıda, rişədəyik”.
Əlbəttə ki, o, tamam haqlı deyil. Bu gün onun bir vaxtlar mətbuatda çap edilməsi mümkünsüz olan fikirlərini açıqlamaq hüququ var. Amma dərd burasındadır ki, bizdə bəzən bütün insani münasibətlər sistemi gündəlik mənəvi alçatma üzərində qurulur. Mənəvi alçatma radiyasiya kimi bir şeydi: nə rəngi, nə də iyisi var. Və buna görə də dəhşətlidi. Hesab edirəm ki, insanda olduğu kimi, cəmiyyətdə də ən dəhşətli şey deyiləsi sözləri məcburən içəridə boğmaqdı. Çölə çıxmayan bu fikirlər insanın içini çürüdür, qurudur, onun sağlamlığını söküb-dağıdır. “Ona görə də biz ürəyimizdə çürümüşlərə sığınıb öləcəyik” - Pasternak belə yazır. Içəridən cürümək zahirdən gələn korroziyadı. Ürəyini bağırmadan pıçıltı ilə boşaltmaq imkanı olan insanlar heç bir günah işləməyən mələklərin elçisidir.
Bizim cəmiyyətin ən təhlükəli qəzalarından biri də onun fəlsəfi qidasının məhdudluğudu. Bu zəiflik ilk növbədə uzun illər alternativ fəlsəfənin mütaliəsinə qoyulan qadağalarla izah olunur. 1977-ci ildə Zaqatalada keçirilən Yaradıcı Gənclərin Ümumittifaq Seminarında Rəsul Rza demişdi: “Bizim ədəbiyyatın ən qorxulu cəhəti svetofor sayaq psixologiyadı. İçərimizdəki müxtəlif rəngli şüşələri olan siqnal fənəri əslində səsi çıxmayan yalandı”. Tolstoy baba da yazır ki: “Mənim tarix üçün yazdığım epiqraf belədi: Yalan danışmamaq azdı, gərək susmaqla daha səthi yalandan qaçasan. Özündən müştəbehlik olduqca xoş yuxuların ucbatından və bununla yanaşı, olduqca incik oyanışdan yarana bilər”. Ustadlar yaxşı bilirdilər ki, nəyisə gizləməmək, fəqət nəyinsə barəsində susmaq - vətəndaşlığın oddan qızarmış, dabanları yandıran üçkünc mənəviyyat daşıdı. Azadlıq o daşın üstündə dayanıb və bundan sonra da dayanacaq. Hər zaman özünü “İlahiləşdirən,” özünü “müqqədəsləşdirən” yalançı vətəndaşlığın qarşısında qırmızı xətt çəkilməlidir. Nazim Hikmət Puşkin haqqında yazırdı: “Başqa xüsusiyyətləri lazım deyil, Puşkinin yalnız bir xüsusiyyətini, ümumbəşərilik xüsusiyyətini götürün.”
Anar üçün vicdanda olduğu kimi, demokratiyada da
sapmalar yoxdu. Anar üçün demokratiyanın paytaxtı hər
bir insanın özünə bütün dünyanı yerləşdirən
ürəyidi. Anar üçün demokratiyanın
paytaxtı anarxiyanın qəbirstanlığıdı!
Nazim Hikmətin Peredelkinodakı bağının
divarına bir şəkil asılıbmış. Şəkil
“Rembrandtla ad günüm” adlanır. Eyni
gündə, 15 iyulda doğulan iki rəssamın biri Rembrandt
1606-cı ildə Leydendə, o biri, şəklin müəllifi
Oleq Talkov 1934-cü ildə Moskvada dünyaya gəlib. Hər
ikisinin əlində qırmızı çaxırlamı, ya
tarixin alovuylamı doldurulan badə var. Rembrandta sarı əyilən
rus elə bil onun qulağına nəsə qeybət edir, ya bəlkə
də ola bilsin, nəsə soruşur.
Rembrandtın ölümündən sonra planetdə baş verənlərin
hamısından xali olan və bu səbəbdən də onun
üzərində dəhşətli
üstünlüyünü hiss edən gənc rəssamın
gözləri iblisanə tərzdə işıldayır.
Mağaza, kommunal evlərin mətbəx növbələri,
basabas tramvaylardan sallanmaq dərsi, gecə qapı döymələrinin
vahiməsi, xaricə buraxılmamaq, şəkillərin sərgiyə
qoyulmaması və satışa icazə verilməməsi,
sayagəlməz qadağalar və hədə-qorxular məktəbi
keçən bu gənc rəssamda yaşamağın necədə
tükürpədici ehtirası var. Bu rəsmdə hansı
daha güclüdür? Nazim Hikmət bu sualı
özünə dəfələrlə veribmiş. Qonaqlardan da soruşub. Yaxşı cavabı
Qabriel Qarsiya Markes verib: “Hər ikisi güclüdü”. Ən
orijinal cavabı isə yaxın dostu, kinorejissor Əjdər
İbrahimov verib: “Badəni aşağıda tutan daha
güclüdü”. Şəkildə badəni
aşağıda tutan yaşça böyük olandı, yəni
rəssam Rembrandt.
Bəli, əsl demokrat tarixin alovu ilə dopdolu badəni
aşağıda tutandı. Çünki,
dünya görmüş demokrat daha güclüdü.
Tolstoy baba məktublarından birində qeyd edirdi: “Mən
rusların savadlanması üçün get-gedə daha
çox kitab nəşr etməklə məşğulam. Mən “xalq üçün” sözündən
qaçıram. Çünki, fikrimin məğzi
bundadı ki, xalqı və qeyri - xalqı bir birindən
ayırmayım”. Gördüyünüz
kimi, dahi rus ziyalısı vətənpərvərliyi öz
monopoliyasına almaq istəməyib. Bəzi
bizim “vətənpərvərlərə” və onların ədəbi
ilhamvericilərinə Tolstoy babadan öyrənməyi məsləhət
görərdim.
Anar üçün milli takt ziyalılığın
ilk əlamətidi. “Xalq” və “qeyri xalq” kimi
ayrı-seçkilik salmaq sosial bəladan daha çox milli bəladı.
Milli takta riayət etmək ümumbəşəri
dəyərlərdəndi. Amma beynəlmiləlçilik
ləyaqəti şəxsi və milli ləyaqətdən
heç də az əhəmiyyət
daşımır. Milli özündənrazılıq
əməldə özgə yox, doğma xalqın
alçaldılmasına gətirib çıxarır. Nəinki hər bir xalq, hər bir insan təklikdə
fövqəldövlətdi. Dərd
burasındadı ki, insandan və xalqdan başqa fövqəldövlət
olmadığını dünyada hamı anlamır. Anar kimi mücahidlərin dilində fövqəlinsan
humanizm, fövqəldövlət isə müstəbidlik kimi
səslənir. Başlanğıcında səmimi olan
insanların düşüncəsini öz monopoliyasına alan siyasət onların başına nələr
gətirmir?! Məgər zalımlıq,
düşmənçilik insanların genindəmi
proqramlaşıb? Inanmıram ki, ana bətnində
olan embrion artıq oradaca qəddarlığa yoluxub. Hətta quduz itlər də sahiblərinin onlara
türmədən qaçanları tutub parçalamaq dərsi
keçənə qədər pişik balası kimi ürkəyən
olurlar. Ürkəyənin hürəyənə
çevrilməsi müsibətmiş!
Anar kimi peşəkar qələm sahibləri çoxdan
dərk ediblər ki, bəşər tarixi nəhəng
ideallar və nəhəng psixozlar tarixidi. Kütləvi psixozun
yaranışı ola bilsin ki, ən əvvəl
qədim, tüklü insanın valehedici, hərdən isə
öz gücüylə vahimə yaradan təbiətlə
görüşərkən duyduğu
çaşqınlıq hissindən başlanır. Bəşəriyyətin azadlıq uğrunda
mübarizəsi də elə məhz kütləvi psixozdan
xilas olmaq mübarizəsidi. Kütlələrin
fərdiyyətlərə “nifrət” psixozu sələflərin
xələflərini gəmirir. Hətta
müharibələr də bu psixozun qarşısını kəsə
bilmir. Nadanlıq və cəhalət siyasətin
donmuş psixozudu. Assosiativlik kinayəli
illuziyalardan deyil, donmuş psixozun labüd ümumi atmosferindən
yaranır. Amma bu hal hər ölkədə
müxtəlif formalarda təzahür edir.
Donmuş psixozun son nəticəsi “demokraturadı
(demokratiya + diktatura)”.
Anar Azərbaycan Sovet ədəbiyyatında
qoqol-şedrin gücü ilə “demokratura donmuş psixozdu”
deyə bilən ilk yazıçıdı (Molla Nəsrəddin
- 66). Anarın hər zaman axına qarşı
dayanmağa və şübhələnməyə cəsarəti
çatır. Bəzən axın onu
bezdirir, özünə qatıb aparır, amma bozarmış
sellərin qoynunda belə kəramət tapır, əzilsə
də, təklənsə də, söyülsə də o
şübhələnməyində davam edir. Anarın şübhələri adamlara və tarixə
yuxarıdan baxan, ağrıdıcı şəkildə
inadkarlıqla ağıllı görünmək istəyən
bir insanın şübhələri deyil. Anarın
şübhələri asılqan körpüdən ilk
keçən adamın şübhələri kimidir. O,
başqa adamlar keçməzdən əvvəl həmin
körpüdəki taxtaların hər birindən şübhələnib
ayağı ilə bərkliyini-boşluğunu yoxlayır. Anar xəstəyə dərman yazmazdan qabaq onu
özündə yoxlayan həkim kimi şübhələnir.
Bu cür şübhələr qiymətlidi.
Və bu gün bəşəriyyəti
ölümün uçurumuna yıxılmaqdan qoruyan məhz
bu cür şübhələnən insanlardı. Nəyəsə şübhə etməyənlər
təmtəraqlı şəkildə fəlakətə
doğru addımlayırlar. Şübhə
etməyənlər tərkibini və yükünu dəyişmədən,
qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkət
edən zirehli qatarın paravoz ocaqçılarıdı.
Anar müasirləri ilə deyil, əcdadları ilə
bir sırada addımlayır. Heç onların da hamısı ilə
yox! Amma Anar müasirlərini əcdadlarından
daha çox sevir. Çünki Anar, onları yalnız dəyişkən
keyfiyyətlərinə görə tanımır. Əcdadlarımız isə onun təsəvvüründə
dumanlı, ziddiyyətli və qeyri-müəyyən şəkildədi.
Anar yolundan azmışları da sevməyi
bacarır. Həm də onların günahlarını əhf
etmiş adam kimi yox, ağrıyla,
sancıyla sevir. Anar dayanmadan “düşüncələri
və həyacanları” ilə bir qrup ədəbi
“psixiatorları” əsəbdən çıxarır. Anarın səbri və şükranlıqı
abır-həyasını itirənlər üçün
dözülməzdi. Üzeyir bəy, Cavid Əfəndi,
Mirzə Fətəli, Dədə Qorqud, Mirzə Cəlil və
b. haqqındakı əsərlərində Anar isti, diri
insanları dövlətin soyuq, bürünc və tunc rəmzlərindən
daha yüksəyə ucaldıb. Anar insana
sevginin möcüzəli bənnasıdı. Hacansa atam
mənə demişdi: “əgər insanı sevirsənsə
bütün təhlükələrdən onu xəbərdar
etməlisən. Hətta bu təhlükə
onun canında, xasiyyətində, vərdişlərində qərar
tutubsa belə”. Xalqla münasibət belə
qurulmalıdı. Xalqla əylənmək,
xalqı cırnatmaq, xalqı sapdırmaq ona biganəlikdən
yaranır. Xalq adından yalnız ondan
istifadə etmək məqsədi ilə danışmaq
günahdır. Əgər
yazıçı xalqa əsl kerçəkliyi
bağırtı ilə yox, pıçıltı ilə
deyirsə, xalq bundan faydalanır. Çünki,
xalq xalqla yalnız yazıçının vasitəsi ilə
danışa bilir. Bağırdıqca
bağıran gülünc personajlar utopislərdi. Utopiya isə gercəklikdən daha təhlükəlidi.
Çünki cəlbedicidi!
Uorren Bitti öz filmlərini demək olar ki, ssenarisiz
çəkib.
Əslində, tarixin özü də eynən
bu cür rejissor - improvizatordu. Pis pyesdə
olduğu kimi ziddiyətli tarixin özün də belə hərdən
rolu dahiyanə şəkildə ifa etmək mümkün olur.
Tarix tərəfindən istedadsız tərzdə
yazılmış və çəkilişi milyon ildi davam edən
“bəşəriyyət” serialında Anar öz rolunu ləyaqətlə
ifa edir.
Anar
gerçəkləşə bilməyən ümumbəşəri
illuziyaların şirin xatirəsi, altmışıncı illər
romantikasının diri, son dərəcə ürəyəyatımlı
xronikası, Sındırılmış Nəhəng
Ümüdlər epoxasının şərafət və nəcabət
sahibi olan laməkan ədəbi heykəllərimizdən
biridi. Heykəlləri uçuranda postamentə
dəyməyin. Ölülər dirilməsə
də, heykəllər qayıda bilər. Tarixdə
və ədəbiyyatda oynadığı müşərrəf
rol Anarın alın yazısıdı, toxunulmaz və
baxımsız coğrafiyasıdı.
Vestministr kolleci prezidentinin evində Çörcill
üçün “isveç stolu” tipli yüngül bir nahar
hazırlanıbmış. Süfrədəki məxsusi
yeməyi ananas, apelsin sousunda hisə verilmiş donuz
qabırğası təşkil edirdi. Naharın əvvəlində
Çörcill deyir: “mən donuzları sevirəm. Itlər bizə aşağıdan yuxarı,
pişiklər isə yuxarıdan aşağı baxır.
Yalnız donuzlar bizə özlərinə bab
məxluq kimi baxır”. Mərasimdən sonra isə o deyir: “bu
donuz öz zirvəsinin təkamülünə
çatıb”.
Güman edirəm ki, bu gün Anara kəc baxan
bəzi “azar-bezar yazarları” gec-tez ona doğma nəzərlə
baxaraq, öz zirvələrinin təkamülünə
çatacaqlar. Güman edirəm ki, bu gün
Anara kəc baxan bəzi “giley-güzar yazarları” Mirzə Cəlilin
“Anamın kitabını”, Məmməd Arazın “Atamın
kitabını” təkrarən oxusalar, “Anarın kitabı” dərk
olunacaq. Çünki “Anarın kitabı” Azərbaycan və
Azərbaycançılıq məfkurəsidir. Zənnimcə
Andrey Platonov Anarın müasiri olsaydı deyərdi ki, Azərbaycan
ziyalısı Anarsız yarımçıqdı
Murat Baykal
Bizim Yol.-2013.-19 oktyabr.-S.11.