Əzabına boyun əyən
qurbanlar…
Zorakılıq və insan alverinin qurbanı olan qadınların əksəriyyəti
niyə susmağa üstünlük verir?
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi 2013-cü ilin birinci yarımili ərzində Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərin nəticələrinə dair məlumat yayıb. İdarənin saytında yerləşdirilən məlumata görə, 2013-cü ilin 1-ci yarımili ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 152 cinayət faktı qeydə alınıb, onlardan 66-sı insan alveri, 2-si məcburi əmək, 35-i fahişəliyə cəlb etmə, 42-si əxlaqsızlıq yuvaları saxlama, 1-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə, 2-si pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, 4-ü isə seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı olub.
2013-cü ilin 6 ayı ərzində müəyyən edilmiş 20 insan alveri qurbanından 14 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Sığınacağa yerləşdirilmiş qurbanların hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin ediliblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 16 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 7 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 7-si işlə təmin edilib, 7-si isə peşə kursuna göndərilib.
Qurbanlar kimlərdir?
Təhlillər göstərir ki, insan alveri qurbanları cinsi istismar məqsədilə aldadılaraq xarici ölkələrə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə (7), Türkiyə Respublikasına (9) və Rusiya Federasiyasına (2) aparılıb, ölkə daxilində isə 2 qurban (özbək) müəyyən edilib. Cinsi istismara məruz qalmış qurbanların hamısı qadın və işləməyən, 16-sı orta təhsilli və 4-ü natamam orta təhsilli olub. Qurbanlardan 9-u 18-25, 8-i 25-35, 3-ü isə 35-dən yuxarı yaş hədlərində olub.
5 nəfər insan alveri qurbanının ailəsi ilə söhbətlər aparılıb, onların ailələrinə qayıdışına köməklik göstərilib. 1 nəfər qurban müalicə olunmaq üçün İnsan alveri qurbanlarına Yardım Mərkəzinin vasitəsilə Göygöl rayonunda sanatoriyada yerləşdirilib. Azərbaycan Uşaqlar Birliyinin layihəsi çərçivəsində 3 qurbanın övladları (4 uşaq) məktəbdənkənar təhsil və məntiqi təfəkkür proqramına cəlb edilib, 1 qurbanın övladları (2 uşaq) isə səhiyyə, peşə proqramlarına istiqamətləndirilib.
Cari ilin 6 ayı ərzində 13-ü insan alveri, 2-si məcburi əmək, digər 15-i isə Cinayət Məcəlləsinin 242, 243, 244-cü maddələri üzrə 30 təqsirləndirilən şəxs axtarışda olub, Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 12 təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib, tutulma nisbəti 40% təşkil edib. Hazırda axtarışda olan 18 təqsirləndirilən şəxsdən (12-si insan alveri, 1-i məcburi əmək üzrə) 17-si İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunub. Qaynar xətt xidmətinə 2013-ci ilin 1-ci yarımili ərzində müxtəlif məsələlərlə bağlı 7583 məlumat daxil olub, onlardan 6-sı insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barədə, 252-si xaricdə işə düzəlmə ilə bağlı, 191-i xaricdə təhsil alma, 193-ü xarici vətəndaşla nikah bağlama, 6941 məlumat isə digər məsələlərlə əlaqədar olmuş, zəng etmiş abonentlərə müvafiq məsləhətlər verilib.
Statistika göstərir ki…
Azərbaycan Respublikası Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Kriminal hadislərə, şikayətlərə nəzər yetirəndə məlum olur ki, gerçəklik başqadır. Belə ki, əksər qadınların hüquqları əlindən alınıb, psixoloji və fiziki təzyiqə məruz qalıb, hətta həyatına belə qəsd edilib. Ekspertlər bu problemlərə səbəb olaraq arzuolunmaz adət-ənənə, qadınların öz hüquqlarını bilməməsi, savadsızlığı və işsizliyi göstərirlər.
Bu problemi həll etmək, yəni qadınların hüqüqlarını qorumaq və onları maarifləndirmək üçün üçün qeyri-hökumət təşkilatları yaradılıb. Həmin təşkilatlardan biri olan “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva ilə həmösbət olduq.
Həmsöhbətimiz rəhbərlik etdiyi təşkilat haqqında bunları bildirdi: “Bizim təşkilatın fəaliyyəti uşaq və qadın problemlərini araşdırmaq və onun həlli yollarını tapmaqdan ibarətdir. İstəyirik ki, uşaqlar və qadınlar demokratik cəmiyyətdə yaşasınlar. Uşaqların təhsil probleminin olunmasına çalışırıq, qadın və uşaqların hüquqlarını müdafiə edirik. Məsələn, statistikaya baxsanız görəksiniz ki, boşanmaların sayı artır. Biz bu məsələdə qadınların hüquqlarını müdafiə edirik. Məhkəmələrə çıxırıq, aliment məsələsində problemin olmamasına çalışırıq”.
Mehriban Abdullayeva bildirir ki, dövlət qayğısına ehtiyacı olan qadınlarla bağlı müəyyən tədbirlər görülüb, insan alveri qurbanları ilə bağlı sığınacaq fəaliyyət göstərir: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin QHT-lərlə birlikdə yaratdığı koalisiya var. Bizim təşkilat həmin koalsiyanın təsisçisi və idarə heyyətinin üzvüdür. Həmin koalisiya İnsan Alaverinə Qarşı Mübarizə Koalisiyadır. İnsan alveri qurbanına çevrilməmək və insan alveri qurbanının risk qrupuna daxil olmamaq üçün maarifləndirci işlər görürük. Azərbaycanın bütün regionlarında olmuşuq. Təhsil ocaqlarında - orta məktəblərdə, peşə məktəblərində, universitetlərdə gənclərlə görüşürük, onları maarifləndiririk. Maarifləndirmədə insan alveri, insan istismarı, məcburi əmək və başqa məsələləri qabardırıq”.
“İnsan alveri” nədir?
Həmsöhbətimiz “insan alveri” anlayışların mənasını belə izah edir: “İnsan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. İnsanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz bio-tibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsidir. Məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsidir. Cinsi istismar - şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsidir”.
Təşkilat rəhbəri bildirir ki, zorakılıq və insan alverinə yoxsulluq, işsizlik, savadsızlıq, qanunsuz miqrasiya, hüquqi bilginin olmaması, mütəşəkkil cinayətkarlıq və hərbi münaqişələr belə halların baş verməsində əsas rol oynayır. Onun bildirdiyinə görə, insan alveri növlərinə təkcə qadınların cinsi istismara cəlb edilməsi deyil, həm də insan orqanlarının transplantasiyası, uşaqların məcburi əməyə cəlb edilməsi, qadınların surroqat ana kimi istifadəsi və şəxs üzərində qanunsuz biotibbi tədqiqat da aiddir. Mehriban Abdullayeva qadınların cinsi istismara cəlb edilməsi və ondan qorunma yollarından geniş bəhs edərək hüquq instansiyalarının bu sahədə aşkarladığı cinayət hadisələrini misal gətirdi. O, təkcə gənc xanımların deyil, həm də əks cinsin nümayəndələrinin də insan alverinin qurbanına çevrilmə ehtimalının böyük olduğunu bildirdi.
Qadınları susmağa vadar edən səbəblər
Mehriban Abdullayevanın sözlərinə görə, qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cins arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır: “Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailə daxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir. Bütün hallarda qadınlara qarşı zorakılıq insan hüquqlarının və qadınların əsas azadlıqlarının pozulmasıdır. Qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur. Bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılığa məruz qalır. Hətta yaxın dövrlərədək demək olar ki, qadınlar üçün heç bir hüquqi və tibbi müdafiə xidmətləri fəaliyyət göstərmirdi. Heç bir profilaktik proqramlar yox idi. Problemin daha yaxşı dərk edilməsi üçün çox az tədqiqat aparılmışdı. Yəqin ki, qadınlara qarşı zorakılığın belə inkişaf etməsinə əsas səbəblərdən biri də problemə belə laqeyd münasibət və qanunlardakı boşluqların olmasıdır.
Qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. Çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. Çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var. Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas maneələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini “dağıtdıqlarına” görə ata evi tərəfindən qəbul edilmir”.
(Davamı gələn
sayımızda)
Ramid
Bizim Yol.-2013.-29 oktyabr.-S.-13.