Zəlzələ bölgəsində 3 minə
yaxın fərdi ev tikilib
Tikintisinə başlanılan 35 məktəb
binasından isə 22-si artıq istifadəyə verilib
Məlum
olduğu kimi, 2012-ci ilin mayında Azərbaycanın şimal-qərbində
güclü zəlzələ baş verib. Mayın 7-də
yerli vaxtla saat 09:40 radələrindən başlayaraq Zaqatalada
4 yeraltı təkan olub. Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin
məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən
17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində
olub. İkinci və üçüncü təkanlar saat
10:38-də və 10:40-da, 4,5 və 4,3 bal gücündə qeydə
alınıb. Dördüncü təkan isə saat 19:15-də
Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl
üzrə 6,0 bal gücündə baş verib.
Yeraltı
təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax
və digər ərazilərdə də hiss olunub, müəyyən
dağıntılar baş verib. Zəlzələ nəticəsində
insanlar arasında tələfat olmayıb. Lakin tikililərə
ziyan dəyib, fərdi evlərın uçması və
inzibati binalarda çatların əmələ gəlməsi
kimi problemlər yaşanıb. Onu da bildirək ki, zəlzələ
şimal-qərb regionunda mayın 7-dən sonra da dəfələrlə
baş verib.
Ötən ilin sonunda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər: mövcud problemlər, qarşıda duran vəzifələr” adlı araşdırma-hesabat təqdim edib. “Bizim Yol”-a təqdim olunan hesabatda 2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər öz əksini tapıb.
Bildirilir ki, ötən ilin sonuna qədər dövlət büdcəsindən zəlzələ ilə bağlı 320 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub.
Hökümətin rəsmi məlumatına görə, zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğuna görə uçurulub və yeni evlərin tikilməsinə qərar verilib.
“Kür” Vətəndaş
Cəmiyyəti Qərargahının nümayəndələri
bir neçə dəfə Qax- Zaqatala zəlzələ
bölgəsinə səfər edərək monitorinq
aparıb, görülən işləri və mövcud problemləri araşdırıblar.
Görülən
işlər
Hesabata
görə, FHN-in “Kür” Qərargahının informasiya
sorğusuna verdiyi cavabda qeyd olunur ki, Qax-Zaqatala bölgəsində
baş vermiş zəlzələnin nəticələrinin
aradan qaldırılması istiqamətində 01 noyabr 2012- ci
il tarixə kimi FHN-in müvafiq komissiyası tərəfindən
28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal
binalara baxış keçirilib. Bunlardan
3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli
yaşayış binasının bərpası nəzərdə
tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki
baxışların keçirilməsi davam
edir. Rayonlar üzrə
Zaqatalada 3003, Qaxda 327,
Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal
çoxmənzilli yaşayış evinin
tikintisinə başlanılıb. 01 noyabr
2012- ci il tarixinə qədər
482 ev tikilib sakinlərin
istifadəsinə verilib.
FHN-dən
verilən məlumata görə zəlzələ ilə
bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən
Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin
tikintisinə başlanılıb. Bunlardan 6 məktəb
tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa
çatmaq üzrədir. Tikintisinə gec
başlanılmış məktəblərin isə
2013-cü ilin yanvar-aprel aylarında tikilib istifadəyə
veriləcəyi bildirilir.
FHN-in “Kür” Cəmiyyətinin sorğuya verdiyi cavabda bildirilir ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
117s saylı sərəncamı ilə ehtiyat
fondundan 20 milyon manat, sonradan 2012-ci il dövlət büdcəsindən 300 milyon manat vəsait
ayrılıb. 01 noyabr 2012-ci il tarixinə qədər həmin vəsaitin
234 605,6 min manatı xərclənib. FHN-dən
onu da bildiriblər ki, Qax-Zaqatala bölgəsi
seysmik zona olduğundan hazırda bu ərazidə
aparılan tikinti işləri ilə
bağlı hazırlanan layihə smeta sənədləri
9 bal gücünə hesablanır.
Müsbət məqamlar
2012-ci ilin 07 və 18 mayında Qax-Zaqatala bölgəsində zəlzələ baş verərkən Fövqəladə Hallar Nazirliyi və yerli rayon icra hakimiyyətləri səfərbər olunaraq zəlzələdən ziyan çəkənlərə maddi və mənəvi dəstək olmağa çalışıblar. Dərhal hadisənin episentrində - Zaqatala şəhərində Qərargah yaradılıb. Zəlzələ nəticəsində evləri uçan insanlar müvəqqəti çadırlara yerləşdirilib. Onlara ərzaq, paltar, tibbi və s. ilkin yardım göstərilib. Zəlzələ zamanı rəsmi qurumlar tərəfindən insan itkisi qeydə alınmayıb.
Zəlzələ bölgəsində tikilən
evlər Kür daşqınları ilə
bağlı tikilən evlərlə müqayisədə daha geniş, özülü, birləşdirici
sütunları və arakəsmələri möhkəmdir. Hətta
bir çox insanlara 2 mərtəbəli evlər tikilib. Qəzalı vəziyyətə
düşdüyünə görə sökülüb
yenidən tikilən evlərin sahəsi həmin yerdə olmuş əvvəlki evlərin sahəsindən
az deyil, bəzi yerlərdə
artıqlıq təşkil edir.
Vaxtaşırı
olaraq dövlət başçısı, FHN rəhbərliyi
və aidiyyatı dövlət qurumlarının rəhbər
şəxsləri zəlzələ bölgəsinə səfər
edirlər. İnsanların durumu, yaşayışı,
problemləri və tikintinin gedişi ilə maraqlanırlar.
Nazir zəlzələ bölgəsində
Qeyd
edək ki, bu günlərdə fövqəladə hallar
naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ
bölgəsində olub. “Bu günədək zəlzələ
bölgəsində 2984 fərdi ev tikilərək sakinlərə
təhvil verilib. Həmin evlərdə artıq əhali
yaşayır. Ümumiyyətlə, hər həftə
yeni-yeni fərdi evlər rayonların icra hakimiyyətləri və
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri
tərəfindən əhaliyə təhvil verilir”. AzərTAc
xəbər verir ki, bu sözləri fövqəladə hallar
naziri Qax rayonunun Dəymədağlı kəndində yeni
inşa edilmiş məktəb binasının
açılış mərasimindən sonra jurnalistlərə
müsahibəsində deyib.
“Bu, bizim regiona növbəti gəlişimizdir. Səfər zamanı
Balakən, Zaqatala və Qax rayonlarının
zəlzələdən zərər
çəkmiş kəndlərində
bir neçə məktəb binasının
açılışında iştirak etdik. Daha sonra Şəki şəhərində də
Fövqəladə Hallar
Nazirliyi tərəfindən
inşa edilmiş 2 məktəb binasının
açılış mərasimləri
keçiriləcək. Sevindirici haldır ki, bu təhsil ocaqları Yeni ilin ilk dərs günündə şagirdlərin
istifadəsinə verilir.
Ümumiyyətlə, tikintisinə başlanılan
35 məktəb binasından
22-si artıq istifadəyə
verilib. Qalan məktəblər də qısa müddətdə tamamlanaraq
təhvil veriləcək”,
- deyə nazir bildirib.
K.Heydərov müsahibəsində deyib ki, son vaxtlar
Gürcüstan ərazisində
baş vermiş güclü zəlzələ
nəticəsində Balakən
rayonunun ərazisində
də evlərə ciddi zərər dəyib: “Komissiyaların apardığı araşdırmalar
artıq başa çatıb. Təxminən 1500-ə yaxın evin zərər çəkdiyi müəyyənləşib.
Tezliklə həmin evlərin
də tikintisinə başlanılacaq. Həmin evlərin
cari ilin mayınadək təhvil verilməsi nəzərdə
tutulur. Bu rayonlarda
tikintisinə əvvəllər
başlanılmış evlərin
çox az
qismi təhvil verilməmiş qalır. Artıq bu evlərin inşasında tamamlanma işləri görülür.
Yaxın
günlərdə həmin
evlər də əhaliyə təhvil veriləcək”.
Fövqəladə hallar naziri zəlzələ
bölgəsinə tikinti
materialları daşınarkən
ağır texnikanın
işləməsi səbəbindən
avtomobil yollarının
bir hissəsinin yararsız hala düşdüyünü, yollara
dəymiş ziyanın
müəyyənləşdirilməsi üçün əlavə
hesablama aparılacağını
bildirib.
Ramid İBRAHİMOV
Bizim Yol.-2013.-11 yanvar.-S.12.