680 nəfərə işsizlik
müavinəti təyin edilib
İmişli rayonunu ərazisində
983 məcburi köçkün ailəsi üçün 197
hektar torpaq sahəsi ayrılıb
Azərbaycan
Respublikasında qaçqın və məcburi
köçkünlərə göstərilən dövlət
qayğısı çərçivəsində, hansı
işlərin görülüb? Dövlət bu təbəqədən
olan vətəndaşlarının sosial rifahının
yaxşılaşdırılması məqsədilə nə
kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsindən
aşağıdakı məlumatı əldə etdik.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan nörmativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2009-cu il ərzində aşağıdakı işlər görülmüşdür:
- 2009-cu ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 309,9 milyon manat vəsait sərf edilmişdir. (192,9 milyon manat büdcə, 90 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Büdcədə nəzərdə tutulmuş 192,9 milyon manat vəsait il ərzində təyinatı üzrə xərclənmişdir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2009-cu il 17 noyabr tarixdə Bakı şəhəri, Binəqədi rayonundakı 2 saylı Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün 5 ədəd hər biri 63 mənzildən və 1 ədəd 54 mənzildən ibarət doqquzmərtəbəli yaşayış binalarının və 260 şagirdyerlik orta məktəb binasının, həmçinin 2009-cu il 20 noyabr tarixdə Goranboy rayonundakı fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün həmin rayonun inzibati ərazisində salınmış qəsəbənin açılış mərasimlərində iştirak və çıxış etmişdir.
- Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən qalan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilmişdir.
- Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonunun Fatmayi qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatmış və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülmüşdür.
- Füzuli rayonunun Horadiz şəhərində İdman Kompleksinin tikintisinə başlanılmış, işğaldan azad olunmuş yaşayış məntəqələrində isə 1500 evin bərpası işləri həyata keçirilir.
- Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon İcra Hakimiyyətinin İnzibati binasının tikintisi başa çatmaq üzrədir.
- Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən (əsasən metro stansiyaları) köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanmış və 2010-cu ilin fevral ayında başa çatdırılaraq məcburi köçkünlərin həmin binaya köçürülməsi təmin edilmişdir.
- Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin sıx məskunlaşdıqları yataqxana, ictimai bina, sanatoriya və sağlamlıq düşərgələrindən təcili təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin 50-də təmir işləri başa çatdırılmış, qalan 80 obyektdə isə təmir işlərinin sifarişçi təşkilat olan Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dunya Bankının kredit vəsaiti hesabına icma mikrolayihələri çərçivəsində həyata keçirilməsinə razılıq əldə edilmişdir.
- İmişli rayonunun inzibati ərazisində 983 məcburi köçkün ailəsi (birinci mərhələdə 550 ev) üçün 197 hektar torpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədlərinin tərtibatı başa çatmış və sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir. Lakin məcburi köçkünlərin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında müvəqqəti məskunlaşdıqlarını və onların müraciətlərini nəzərə alaraq - torpaqayırma, texniki şərtlərin alınması və layihənin tərtibatının yenidən aparılmasının zəruriyyəti yaranmışdır. Bununla əlaqədar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış və hazırda qəsəbənin baş planının tərtibatı davam edir.
- Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsinə çoxmərtəbəli binaların inşası üçün 10 ha torpaq sahəsi ayrılmış və texniki şərtlər alınmışdır. Layihə sənədlərinin hazırlanması üçün müqavilə bağlanmış, sənədlər Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir.
- Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) ayrılmış sahəyə texniki şərtlər alınmış və layihə işlərinin aparılması üçün layihəçi təşkilatla müqavilə bağlanmışdır. Layihə-smeta sənədlərinin hazırlanması davam edir.
- Şəki şəhərində (423 ailə üçün 84,0 ha) ayrılmış sahəyə texniki şərtlər müvafiq təşkilatlardan alınmışdır.
- Ağcabədi rayonu üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında 114 məcburi köçkün ailələri üçün (cəmi -1108 ailə): bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) torpaq sənədləri, texniki şərtlər alınmış, layihə-smeta sənədlərinin tərtibatına başlanmışdır.
- Ağdam (651 ailə üçün yeni qəsəbənin salınması) və Balakən rayonları üzrə (rayondakı məktəb binalarında müvəqqəti məskunlaşmış 43 ailə üçün beşmərtəbəli evlərin tikintisi) torpaq sənədləri alınmış, texniki şərtlərin alınması üçün müraciətlər edilmişdir.
- Qəbələ rayonu ərazisində 152 məcburi köçkün ailəsi üçün iki beş mərtəbəli binanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam edir.
- Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) 5 mərtəbəli binaların layihələndirilməsinə və eyni zamanda tikntisinə başlanmışdır.
Məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ildə dövlət Neft Fondundan 90 mln.manat vəsait ayrılmışdır. 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülmüşdür.
- 1747 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunmuşlar. Bundan əlavə 563 nəfərə işsiz statusu verilmiş, 680 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
- 467 nəfər qaçqın və məcburi köckün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 253 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
- Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi davam etdirilmişdir.
əvvəli və ardı var...
Bizim Yol.-2013.-16 yanvar.-S.-13.