“O qara xəbəri vermək dəhşət
idi”
“Əsgər Ailəsi” Cəmiyyətinin sədri, ehtiyyatda olan leytenant, hərbi jurnalist Roza Əliqızı (Rzayeva) ilə Qarabağ müharibəsində gördüklərindən, başına gələn hadisələrədən danışdıq. Qarabağ müharibəsinin iştirakçısı olan həmsöhbətimiz tükürpərdici hadisələrə toxundu. Müsahibəni təqdim edirik.
- Müharibə vaxtlarında
Qarabağ deyəndə nə fikirləşirdiniz, nə hissləri
keçirirdiniz?
Mən müharibədən də əvvəl Qarabağda idim. O zaman ermənilər yavaş-yavaş öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdilər. Söhbət 1988-ci ildən gedir. O vaxt jurnalist kimi sərhəd bölgələrinə gedərdim, ermənilərin sərhədlərimizin pozmasından yazardım. Qazax-Tovuz və Qubadlı-Zəngilan bölgələrinə gedirdim.
Qubadlıda ilk münaqişə başlanmışdı. Qaçay adlı bir kolxoz sədrinə sərhəddə ermənilər 17 bıçaq vurmuşdular. Bir ata ilə balanı tutub vəhşicəsinə öldürmüşdülər. Artıq camaat küçəyə çıxmağa ehtiyyat edirdi. Mən ora gedib yazılar hazırlayıb, o zaman çıxan “Səhər” və “Bakı” qəzetlərinə verərdim. Düz 2 il müstəqil jurnalist kimi ön cəbhədən yazılar və reportajlar hazırlayıb müxtəlif mətbu orqanlarında dərc etdirdim.
Bir gün savaş gedən ərazidəydim. Qubadlıda rəhmətlik Əliyar Əliyevin batalyonunda. Orda iki müxbir gördüm. “Ordu” qəzetindən ezamiyyətə göndərilmişdilər. Onlar mənə təəəccüb etdilər. “Orduyla bağli qəzetdə işləməsən də, səni heç kim bura göndərməsə də, özün necə gəlirsən?” deyə sordular. Və məni onların qəzetində işləməyə dəvət etdilər.
Bakıya gələndə mən “Ordu” qəzetinin redaksiyasına getdim, redaktorla görüşdüm, yazılarıma baxıb məni ora işə götürdülər. Savaş gedən hansı bölgəyə göndərdilərsə ora da, gedirdim.
-Bəs, bu gün Qarabağ deyəndə hansı hisslər keçirirsiniz?
- Qarabağ deyəndə Vətənimin cənnət hissəsini və bu cənnəti cəhənnəmə döndərən murdar ermənilərin vurduğu vəhşiliklər göz önünə gəlir.
Hələ doğulduğum və işğal altında olan evim, ata-ana ocağım, yanıb külə dönmüş ata-baba yurdum… Qarabağ naminə könüllü orduya yola düşən və bu yolda şəhid olan igid oğlanlarimiz yada düşür. Bağrım qan ağlayır. Gözüm önündə erməni gülləsindən keçinən oğullar, mənimlə çiyin-çiyinə hərbi xidmətdə çalışan dostlarım gəlir. Və bunların qanı yerdə qaldığına görə acı bir həyat yaşayıram.
- Dediniz ki, şəhidlər yada düşəndə bağrınız qan ağlayır. Bəs onların yerini dolduran gənclərimiz
yoxdurmu?
- Həyat
göstərdi ki, var. Mübarizlər, Fəridlər. Daha
çoxları ola bilər. Ancaq ortalıqda rəsmi bir
şey yox ki... Müharibəni, hücumu başlamaq əmri
yox. Çox güman ki, müharibə başlasa,
özünü əsl qəhrəman kimi göstərən
oğullar olacaq.
-Həqiqi hərbi xidmətdə
olmusunuz?
- Deməli
mən “Ordu” qəzetində bir müddət
çalışdıqdan sonra, məni həqiqi hərbi xidmətə
çağırdılar. Binəqədi rayon hərbi
komissarlığından... Çünki hər zaman savaş
zonasında olurdum. 1992-ci ilin fevral ayında Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə dəvət
aldım.
Ora işə
çıxdım. Ancaq əmrim bir az gec verildi, may ayında
oldu bu. Orda xidmət edə-edə Azərbaycan televiziyası
ilə müqavilə bağladım.
Hansı
savaş zonasına gedərdimsə, ora çəkiliş də
aparardım, əsgərlərin həyatına aid süjetlər
hazırlayardım.
Sonra
Daxili Qoşunlar Baş İdarəsinin orqanı olan “Əsgər”
qəzətini təssis etdik, komandanım Fəhmin
Hacıyevin tapşırığı ilə. Mən bu hərbi
qəzetin nizamnaməsini hazırlayıb mətbuat nazirliyində
qeydiyyatdan keçirtdim. O zaman Sabir Rüstəmxanlı nazir
idi, o bunu çox sevinclə qarşıladı. Beləliklə,
“Əsgər” qəzetini yaratdıq. O vaxt əlifba kiril əlifbası
idi. Ancaq mən orda xidmət edən, rəsm çəkmək
qabiliyyəti olan bir əsgərdən xahiş etdim ki, bunu latınca
yazsın. Yəni qəzetin başlığını. “Əsgər”
qəzeti bizim əlimizin zəhmətidir. Sonra mən ailə
vəziyyətimlə bağlı ehtiyata çıxdım,
zabit kimi.
- Hərb sahəsində fəaliyətiniz
bununla məhdudlaşdımı?
-
1994-cü ildə müstəqil qəzet çox az idi, 1-2 qəzet
var idi. Mən “Hünər” adlı müstəqil bir hərbi
qəzet təssis etdim və baş redaktoru oldum. Orduda xidmət
edə-edə, mən hələ “Əsgər Ailəsi” Cəmiyyəti
yaratmışdım.
- Təşkilatınız nə
zaman rəsmi dövlət qeydiyyatından keçib?
-
1994-cü ildə. Bildirim ki, işimizi bununla bitmiş hesab
etmirik. Həm də əsgərlərlə və onların
ailələri ilə yanaşı, məcburi
köçkün ailələrinə də
gücümüz daxilində köməkliyimizi əsirgəmirik.
Və güman edirik ki, bununla bizim vətəndaş cəmiyyətinin
qurulmasında azacıq da olsa əməyimiz var. O vaxtlar orduya
və əsgərlərə yardım etmək məqsədilə
müxtəlif kampaniyalar həyata keçirilirdi. Bizim təşkilat
1992 və 1994-cü illərdə belə bir kampaniya
keçirdi. Belə ki, “orduya kömək və əsgərlərə
yardım” adı altında mətbuat vasitəsilə
müraciətimiz oldu. Bu müraciətimizə ilk olaraq
Abşeron və Binəqədi rayonları qoşuldu. Məhz
onların köməyi sayəsində Tovuza - cəbhə
bölgəsinə kifayət qədər yardımlar
apardıq. Bu yardımlar əsasən ərzaq məhsullarından
və əsgərlərin soyuqda qorunması üçün
isti paltarlardan ibarət idi. Birbaşa səngərlərə
getdik və apardığımız yardımları elə
oradaca payladıq. Çox sevindirici hal idi ki, bizim müraciətimizdən
sonra Abşeron rayon məktəbliləri də təşəbbüsümüzə
qoşuldular. Hər bir məktəbli Novruz bayramında evlərində
bişən şirniyyatlardan və analarının
toxuduqları isti əlcəkdən, corabdan gətirərək
verirdilər. Bir dəfə isə həmin ərzaqları gətirən
məktəbliləri cəbhə bölgəsinə -
Füzuliyə, Haramı düzünə apardıq. Həmin
mənzərəni görmək lazım idi. Məktəblilər
əsgərlərlə görüşür,
apardıqları ərzaq məhsullarını onlara verir və
bundan hədsiz sevinirdilər.
Vətənin
bu dar günündə əsgərlərə yardım etmək,
onlarla birgə olmaq məktəblilərdə vətənpərvərlik
duyğularını gücləndirmişdi. Hərbi hissələrdə
əsgərlər arasında ruh yüksəkliyi yaratmaq,
onların əhval-ruhiyyəsini yüksəltmək
üçün konsertlər də təşkil edirdik. O zaman
mən Müdafiə Hazirliyinin Bakıdakı hərbi hissələrinin
birində fəaliyyət göstərən hərbi ansabl ilə
müqavilə bağadım. Və bununla da biz
döyüş bölgələrimizdə konsertlər təşkil
olunmasına nail olduq.
- Məcburi köçkün ailələrinə
də yardım göstərdiyinizi qeyd etdiniz. Bu yardımlar
hansı istiqamətdə olurdu?
-
1994-cü ildən 2000-ci ilədək əsgər və şəhid,
eyni zamanda məcburi köçkün uşaqları
üçün yay istirahət düşərgələri
yaratmaq barədə düşündüm. Çox çətinliklə
də olsa buna nail oldum. 100 uşağı himayəmə
götürdüm. Nabranda “Hünər” adı altında
düşərgə yaratdım. Doğma yurdundan didərgin
düşmüş, səfalı yerlərdən gəlmiş
və şəhərin istisində yataqxanalarda, uşaq
bağçalarında sığınacaq tapan bu uşaqlar
üçün yay istirahət düşərgəsinin
yaradılması onlarda həm də mənəvi bir dayaq
anlamı daşıyırdı. Bu işin həyata keçməsində
mənə köməyini əsirgəməyən hər kəsə
minnətdaram.
- Deyirsiniz ki, əsgər ailələrinə
övladlarından məktub verərdiniz. Bu müddət ərzində
hansısa ailəyə qara xəbər
çatdırmışdınızmı?
- Əlbəttə
çox olub. Ancaq yaşadığım bir hadisəni
heç vaxt unuda bilmirəm. Çünki bu, mənim verdiyim
ilk qara xəbər olub. Bizim təşkilatın üzvlərindən
biri səngərdə əsgər meyidini görüb, onun
boğazından asılmış patronun içində adı
və ünvanı göstərilmiş ünvanı
aşkarlayanda mənə məlumat verdi. Həmin ünvanda əsgərin
Abşeron rayonundan olduğu göstərilirdi. Sözügedən
hərbi komisarlığa getdim, ancaq dedilər ki, bu adda əsgərləri
yoxdur. Bu zaman mən öz xəttimlə aşkarladım ki, həmin
ölən əsgər Abşeron rayon Çaylı qəsəbəsinin
sakinidir. Atası ilə görüşdüm və bildirdim
ki, cəbhəyə gedib oğluna baş çəksin.
Ölüm xəbərini verməyə cəsarət etmirdim.
Atası məsələnin nə yerdə olduğunu başa
düşmüşdü. Oğlunun şəhid olmaq xəbərini
eşidəndə atanın qaməti əyildi və heç
nə demədən səssizcə göz yaşlarını
tökdü. Həmin mənzərə indi də qəlbimi
parçalayır. Qara xəbəri vermək dəhşətdir
ki, mən bunu dəfələrlə yaşamışam.
1998-ci ildə
Qarabağ koordinasiya şurasına qoşuldum. Qarabağla
bağlı keçirilən bütün tədbirlərdə
iştirak etdim... Sonra Qarabağ Azadlıq Təşkilatında
fəallardan oldum. Qarabağla bağlı piketler, mitinqlər
və s. keçirdik.
Mən
bütün gəncliyimi, demək olar ki, ömrümün
çoxunu orduya həsr etdim. Hansı şəraitdə
bilirsinizmi? Yataqxanada yaşaya-yaşaya. Başqaları özləri
üçün karyera quranda, gəncliyini yaşayanda mən
isə savaş zonasında ölümlə üz-üzə
gəlirdim. Dəfələrlə mühasirədə
qalmışam. Məni erməni xislətlilər ermənilərə
satmaq istəyiblər. 2012-ci ilin oktyabr ayında Prezident
Administrasıyasında oldum. 22 ildir hərbi jurnalist kmi
ictimai-siyasi şöbəyə müraciət etdim,
yazılı ərizə ilə. Jurnalistlər
üçün tikilən mənzil növbəsinə
dayanmaqda özümü haqlı hesab edirəm. Müraciətimi
götürüb dedilər ki, 2013-cü ildə Mətbuat
Fondu sənəd qəbulunu elan edəcək. Ancaq növbəyə
dayanmaq üçün nə şərtlər qoyulacaq, Allah
bilir. Mən hərbi jurnalist kimi mənzillə bağlı
Ali baş komandana müraciət edəcəm.
Ramid İBRAHİMOV
Bizim Yol.-2013.-16 yanvar.-S.-11.