Sosial problemlərin həllini sürətləndirmək
məqsədilə…
Qaçqınların və məcburi
köçkünlərin sosial müdafiəsi ilə əlaqədar
qəbul edilmiş normativ-hüquqi sənədlər silsiləsindən
Azərbaycan Respublikasında
qaçqın və məcburi köçkünlərə
göstərilən dövlət qayğısı çərçivəsində,
hansı işlərin görülüb? Dövlət bu təbəqədən
olan vətəndaşlarının sosial rifahının
yaxşılaşdırılması məqsədilə nə
kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsindən
aşağıdakı məlumatı əldə etdik.
Qaçqınların
və məcburi köçkünlərin sosial müdafiəsi
ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlər
(oktyabr 2003- oktyabr 2008-ci illər):
Azərbaycan
Respublikasında sosial-iqtisadi Inkişafın sürətləndirilməsi
tədbirləri haqqında (Yeni Dövlət Proqramının
hazırlanması barədə tapşırıq) Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycanda
1993-1995-ci illərdə prezident Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü
tədbirlər ölkədə əvvəllər baş
alıb gedən özbaşınalıqlara və xaosa son
qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, ölkənin
hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq
iqtisadi sistemə inteqrasiyası üçün əlverişli
şərait yaratmışdır. 1995-ci ildən başlayaraq
ardıcıl aparılan islahatlar nəticəsində
iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə
edilmiş, bir çox sahələrdə, xüsusilə
makroiqtisadi göstəricilərin artımında yüksək
nəticələrə nail olunmuş, iqtisadi potensialın
formalaşmasında həlledici rol oynayan
sahibkarlığın təməli qoyulmuş və onun
inkişafında əhəmiyyətli uğurlar
qazanılmış, əhalinin rifah halının
yaxşılaşdırılması, sosial müdafiəyə
ehtiyacı olan insanlara dövlət qayğısının
artırılması istiqamətində mühüm
addımlar atılmışdır. Son 5 ildə ümumi daxili
məhsul 60 faiz, kapital qoyuluşu 2,8 dəfə, orta aylıq əmək
haqqı 2,2 dəfə artmışdır. Bu dövrdə
dövlət büdcəsinin kəsiri 2 faizdən,
inflyasiyanın səviyyəsi isə 2,5 faizdən çox
olmamışdır. Ümumi daxili məhsulda özəl
bölmənin payı 1998-ci ildəki 59,5 faizdən 2003-cü
ildə 73 faizə, o cümlədən sənayedə 26 faizdən
54 faizə çatmışdır. Bu gün ölkənin
sosial-iqtisadi inkişafını sürətləndirmək və
problemləri kompleks həll etmək məqsədilə 10-dan
çox dövlət proqramı həyata keçirilir.
Ölkədə
aparılan uğurlu neft strategiyası nəticəsində ildən-ilə
artan neft gəlirlərindən daha səmərəli istifadə
etmək üçün Azərbaycan Respublikasının
Dövlət Neft Fondu yaradılmışdır. Hazırda bu
fondda 800 milyon dollardan çox vəsait toplanmışdır
və ondan ölkə üçün böyük əhəmiyyət
kəsb edən sosial-iqtisadi layihələrin
reallaşmasına istifadə edilir. Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin tikintisində və Şahdəniz
layihəsinin icrasında işlər proqrama uyğun olaraq
uğurla davam etdirilir.
Bütün
bunlar, mövcud imkanlardan daha səmərəli istifadə etməklə,
Azərbaycanın iqtisadi cəhətdən güclü
dövlətə çevrilməsi, onun dünya təsərrüfat
sisteminə inteqrasiyası və bu sistemdə özünəlayiq
yer tutması, ölkədə sosial problemlərin həlli və
əhalinin güzəranının daha da
yaxşılaşdırılması üçün
etibarlı zəmin yaratmışdır.
İqtisadiyyatda
müşahidə olunan müsbət meylləri möhkəmləndirmək
və daha da inkişaf etdirmək, sosial sahədə
qarşıda duran problemlərin həllini sürətləndirmək
məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabineti aidiyyatı dövlət
orqanları ilə birlikdə:
-
ölkənin sosial-iqtisadi həyatında əldə
edilmiş dinamik inkişafın davam etdirilməsinə nəzarəti
artırsın, bu sahədə qarşıya çıxan
problemlərin vaxtında aradan qaldırılması
üçün müvafiq tədbirlər həyata
keçirsin və görülən işlər barədə
ildə iki dəfə Azərbaycan Respublikasının
prezidentinə məlumat versin;
-
iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafına dair son illərdə qəbul olunmuş
dövlət proqramlarının (Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığın inkişafı
(2002-2005-ci illər), 2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf, Avropa Sosial Xartiyasında nəzərdə
tutulmuş normaların tətbiqi, Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafı, Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişaf və digər
proqramların) icrası vəziyyətini araşdırsın,
bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin
vaxtında və tam həcmdə yerinə yetirilməsini təmin
etsin və görülən işlər barədə Azərbaycan
Respublikasının prezidentinə məlumat versin;
-
ölkədə işsizliyin azaldılmasına və əhalinin,
xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun
artırılmasına yönəldilmiş tədbirlər
planı hazırlayıb 1 ay müddətində Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
-
çadır şəhərciklərində məskunlaşmış
qaçqınlar və məcburi köçkünlər
üçün yeni müvəqqəti qəsəbələrin
və evlərin tikilməsini təmin etmək, onların
yaşayış şəraitini yaxşılaşdırmaq və
məşğulluğunu artırmaq məqsədilə 1 ay
müddətində xüsusi dövlət proqramı
hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
-
regionların yerli resursları və digər amillər nəzərə
alınmaqla, onların sosial-iqtisadi inkişafı məqsədilə
müvafiq dövlət proqramının layihəsini 1 ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının
prezidentinə təqdim etsin;
-
dünya təcrübəsində olan alternativ enerji mənbələrindən
(günəş, külək, termal sular enerjisindən,
kiçik su elektrostansiyalarından) ölkədə istifadə
etmək və onları inkişaf etdirmək məqsədilə
müvafiq təkliflər hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
-
iqtisadiyyatın hərtərəfli tərəqqisinə nail
olmaq məqsədilə qeyri-neft sektorunun sürətli
inkişafını təmin edən işlər
görsün, bu sahəyə investisiyaların cəlb edilməsinin
stimullaşdırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirsin və onların nəticələri
barədə rübdə bir dəfə Azərbaycan
Respublikasının prezidentinə məlumat versin;
-
müəssisələrdə beynəlxalq standartlara cavab verən
məhsul istehsalını və onların dünya
bazarlarına ixracını stimullaşdıran müvafiq tədbilər
görsün;
- əhalinin
sağlamlığını qorumaq məqsədilə
yüksək keyfiyyətli məhsul və dərman ləvazimatının
istehsalını və idxalını təmin edən tədbirlər
(keyfiyyətə nəzarətin maddi-texniki bazasının
gücləndirilməsi də daxil olmaqla) hazırlayıb həyata
keçirsin;
-
aqrar sektorda islahatların ikinci mərhələsinə
başlamaq və bununla əlaqədar lazımi tədbirlərin
görülməsini sürətləndirmək məqsədilə
(texniki servis mərkəzlərinin təşkili, fermerlərin
texnika ilə daha böyük həcmdə təmin
olunması, toxumçuluq bazasının inkişaf etdirilməsi,
yeni emal müəssisələrinin yaradılması və s.)
1 ay müddətində müvafiq təkliflər
hazırlayıb Azərbaycan Respublikasının prezidentinə
təqdim etsin;
-
iqtisadiyyatın idarə edilməsi sistemində islahatların
başa çatdırılması, o cümlədən Azərbaycan
Respublikası Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi
və bir sıra icra hakmiyyəti orqanlarında vəzifə və
səlahiyyətlərin dəqiqləşdirilməsi ilə
bağlı təkliflərini 1 ay müddətində Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
-
neft-qaz sənayesində gəlirlərin idarə olunması
üzrə uzunmüddətli strategiya barədə təkliflərini
2 ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
-
ölkənin sosial-iqtisadi problemlərinin həlli
üçün Dövlət Neft Fondundan ayrılan vəsaitin
şəffaflığını qorumaq məqsədilə
onun büdcə xərcləri çərçivəsində
ünvanlı istifadəsini təmin edən tədbirlər
görsün;
-
dövlət müəssisələrində maliyyə
intizamının möhkəmləndirilməsini, gəlirlərin
artırılmasını və xərclərin səmərəli
istifadəsini təmin etmək məqsədilə 1 ay müddətində
müvafiq təkliflər hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
-
dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsinə
dair 2 ay müddətində təkliflər hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
- əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə
əmək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi
istiqamətində müvafiq işlər aparsın və
2004-cü ilin birinci yarısının nəticələrinə
görə onların artırılması barədə təkliflərini
Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- əhalinin
pensiya təminatını yaxşılaşdırmaq məqsədilə
sosial sığorta sistemində islahatları sürətləndirsin
və vətəndaşların pensiya təminatı ilə
bağlı yeni qanun layihəsini 2 ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının prezidentinə
təqdim etsin;
-
aidiyyatı dövlət orqanları ilə birlikdə ölkədə
kommunal islahatların aparılması mexanizmini 2 ay müddətində
hazırlayıb baxılmaq üçün Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və digər
dövlət orqanları ilə birlikdə sosial sahələrdə
islahatları sürətləndirsin, əhaliyə göstərilən
sosial xidmətlərin keyfiyyətinin əsaslı surətdə
yaxşılaşdırılması, mövcud
nöqsanların və neqativ halların aradan
qaldırılması üçün müvafiq tədbirlər
hazırlayıb həyata keçirsin və görülən
işlər barədə mütəmadi olaraq Azərbaycan
Respublikasının prezidentinə məlumat versin.
Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
-
sahibkarlığın inkişafı ilə bağlı əvvəllər
qəbul olunmuş qərarların icrasını sürətləndirsin,
bu işdə qarşıya çıxan maneələrin
aradan qaldırılması üçün qanunvericiliyə
uyğun olaraq müvafiq tədbirlər görsün və
görülən işlər barədə mütəmadi
olaraq Azərbaycan Respublikasının prezidentinə məlumat
versin;
-
dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramına uyğun olaraq özəlləşdirməyə
açıq elan olunmuş dövlət müəssisələrinin
özəlləşdirilməsini və idarəetməyə
verilməsini sürətləndirsin, bununla bağlı təkliflərini
1 ay müddətində Azərbaycan Respublikasının
prezidentinə təqdim etsin;
-
inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması
və haqsız rəqabətin qarşısının
alınması məqsədilə qanunvericilik çərçivəsində
zəruri tədbirlər həyata keçirsin;
- Azərbaycan
Respublikasının Milli Bankı ilə birlikdə
sahibkarların maliyyə resurslarına olan ehtiyacını
daha dolğun ödəmək məqsədilə verilən
kreditlər üçün girov təminatının təkmilləşdirilməsi
barədə təkliflərini 1 ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının prezidentinə
təqdim etsin;
-
ölkənin beynəlxalq və regional maliyyə və
iqtisadi qurumlarla əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsi istiqamətində məqsədyönlü
iş aparılmasını təmin etsin.
Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi:
-
dövlət büdcəsi vəsaitinin təyinatına
görə səmərəli istifadə olunmasına və
dövlət vəsaiti hesabına satınalmalara nəzarəti
gücləndirsin, maliyyə intizamına riayət etməyən
büdcədən maliyyələşən təşkilatlara
qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər
görsün;
-
dövlət büdcəsinin tərtibi üçün elmi cəhətdən
əsaslandırılmış normativlərin
hazırlanmasını sürətləndirsin və büdcə
sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi
barədə 2 ay müddətində Azərbaycan
Respublikasının prezidentinə təkliflər təqdim
etsin.
Dövlət
müəssisələrinin, şirkətlərinin, səhmdar
cəmiyyətlərin və digər təşkilatların rəhbərlərinə
tapşırılsın ki, maliyyə intizamını gücləndirsinlər,
bu sahədə olan nöqsanları aradan qaldırsınlar və
ödəmələr probleminin həlli istiqamətində
konkret tədbirlər hazırlayıb həyata keçirsinlər.
Görülən işlər barədə rübdə bir dəfə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versinlər.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu məsələlərin
icrasını daim nəzarətdə saxlasın,
yaranmış vəziyyəti araşdırıb müvafiq tədbirlər
görsün və nəticəsi barədə rübdə
bir dəfə Azərbaycan Respublikasının prezidentinə
məlumat versin.
Azərbaycan
Respublikasının Milli Bankı bank sistemində
islahatların sürətləndirilməsinə və bank
xidmətinin yaxşılaşdırılmasına dair təkliflərini
1 ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin.
Mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə
tapşırılsın ki, vətəndaşların müəyyən
olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların
müraciətlərinə, ərizə və şikayətlərinə
vaxtında baxılmasını və haqlı tələblərinin
həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti
orqanlarının aparatlarında nizam-intizamın gücləndirilməsi
üçün zəruri tədbirlər görsünlər.
Bu fərman
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti
Bizim Yol.-2013.-26 yanvar.-S.-13.