Bütün Rusiyada ilk operetta

 

 86 dilə dublyaj olunaraq, 136 ölkədə nümayiş etdirilən “Arşın mal alan” dünyanı heyran edib

 

“Arşın mal alan” - Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə alıb. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

Əsərin məzmunu belədir: Gənc tacir Əsgər evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq, o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman onun köməyinə gəlir...

Süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınan operettanı tamamladıqdan sonar, dahi bəstəkar onu ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərib. A.Qlazunov əsəri çox bəyənib və onu bütün Rusiyada ilk operetta adlandırıb. "Arşın mal alan"a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.

"Arşın mal alan" operettasını Bakıya göndərməzdən əvvəl Üzeyir bəy aktyor Hüseynqulu Sarabskiyə 30 iyul 1913-cü il tarixdə Sankt-Peterburqdan məktub göndərib: “Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız …Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir!”.

“Arşın mal alan” operettası əsasında eyniadlı musiqili film daha böyük uğur qazanıb. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin sözlərinə görə, “Arşın mal alan” filmi ilk dəfə 1916-cı ildə ekranlara çıxıb. Rejissor Boris Svetlov tamaşaya baxdıqdan sonra eyniadlı film çəkmək qərarına gəlib. Rejissor tamaşanı o qədər bəyənib ki, səhnə əsərində iştirak edən aktyorların hamısını filmin çəkilişlərinə dəvət edib.

Amma bu əsərin ekran təcəssümü ilə qazanılan gerçək uğuru 1945-ci ildə yenidən ekranlaşdırılan variantı olub. Bu filmlə rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada biliblər.

“Arşın mal alan” keçmiş SSRİ və dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirildi. Bu filmə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə),  Ələkbər Hüseynzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala) və Lütfəli Abdullayev (Vəli) 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.

İki dildə cəmi 6 milyon rubla başa gələn film, 1946-1948-ci illərdə SSRİ  büdcəsinə 5 milyard rubl gətirib. «Arşın mal alan» 86 dilə dublyaj olunub, 136 ölkədə nümayiş etdirilib. Ekrana çıxdıqdan sonra təkcə 1945-ci ildə filmi 16,27 milyon tamaşaçı izləyib. Film indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə çevrilib.

 

 

Filmin bərpası

 

2013-cü ildə 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi bərpa olunub və rənglənib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirildi ki, “Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood”da bərpa edilərək rəngli formatda hazırlanıb. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb. Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub. 

Nazirlikdən məhz “Arşın mal alan” filminin bərpası və rənglənməsinə iki səbəb göstərilir. İlk səbəblərdən biri odur ki, 2013-cü ildə dahi Üzeyir Hacıbəylinin son və xalq arasında ən sevilən “Arşın mal alan” operettasının yüz yaşı tamam olub. İkinci səbəb isə ondan ibarətdir ki, 1945-ci ildə çətin tapılan və çox baha olan rəngli kinolent xaricdən gətirildiyindən, Sovetlər Birliyi yalnız Qələbə paradı üçün onu əldə edə bilib.

Qeyd edək ki, bərpaya yararlı olan filmin əslinin axtarışına çıxanda, tozlu-torpaqlı arxivdə təsadüfən yeganə bir nüsxənin mövcudluğuna çox sevinilib. Həmin lent kinoteatrlarda saysız-hesabsız istismardan yararsız vəziyyətə düşüb. Filmin bərpası ilə məşğul olan Hollivud mütəxəssisləri lentin bu hala salınmasından və buna görə də qarşılarında duran işin həcmindən dəhşətə gəliblər.

“Arşın mal alan” filminin bərpası və rənglənməsi üzərində çalışan insanların sayı 1945-ci ildə bu şedevri yaradanlardan çox oldu. Bu işin ərsəyə gəlməsində dünyanın dörd ölkəsində paralel olaraq iş gedirdi və layihənin icrası üçün “Peachline” əməkdaşları Yer kürəsini iki dəfə dolandılar. Filmin orijinal səsi də  - Rəşid Behbudovun məlahətli səsi və dahi Üzeyir Hacıbəylinin ölməz musiqisi - mümkün dərəcədə bərpa olundu.

 

 

Filmin uğuru

 

Rejissor Rza Təhmasib rəngli plyonka əldə edib ona “Arşın mal alan”  kimi musiqili nağıl çəkməyi yalnız arzulaya bilərdi. O zamanlar bu mümkün olmayan bir iş idi. Buna baxmayaraq ağ-qara film çox böyük uğur əldə edib. 1945-ci ildə filmin nümayişinin ilk 45 günü ərzində ona 16 million tamaşaçı baxıb (filmə baxanların sayı o qədər idi ki, ondan sonra təşkilatçılar artıq baxanların sayını itirmişdilər). Təkcə ölkədaxili prokatdan, film onun çəkilşlərinə sərf olunan məbləği 1000 dəfə artıq qazanc əldə edilib. 

Film uğurlu olduğu üçün, üstündən 20 il keçəndən sonra artıq rəngli kinoplyonka əlçatan olanda “Arşın mal alan”ın rəngli versiyasının çəkilməsi qərara alınıb. Amma bu film 1945-ci ilin uğurunu təkrarlaya bilmədi, çünki o, həm tarixi ihtimaldan uzaq idi, həm də, ən əsası, orada Rəşid Behbudov yox idi. Bu film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.

1945-ci ilin “Arşın mal alan” filmi Rəşid Behbudov başda olmaqla, korifey  sənətkarların iştirakı ilə ərsəyə gəlib. O vaxtlar Tiflisdə yaşayan Rəşidi Bakıdakı qastrollarını bitirəndən sonra qatara yola salan digər dahi sənətkarlar Tofiq Quliyev və Niyazi kələk işlədərək onu Bakıda saxlatdırmaq üçün qəsdən dava saldılar və Rəşidi məsələni aydınlaşdırmaq üçün polis nəfərləri bölməyə apardılar. Beləliklə rejissor Rza Təhmasibin qatara yubanan Rəşidi müziklda çəkilməyə razı salmaq imkanı yarandı.

Filmdə iştirak edən sənətkarlar Azərbaycan mədəniyyətinin tarixində şedevr yaradanlardır. Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat verib. Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butaforiyadan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülüb.

Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin Azərbaycana gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 may 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilib. Həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılıb. 1945-ci ildə istehsal olunmuş “Arşın Mal Alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı"ya daxil edilib.

1945-ci ilin “Arşın mal alan” filmi az qala məhv olub itəcəkmiş. Belə ki, 1990-cı illərdə Dövlət film fondunda saxlanılan plyonka Rusiya ilə Azərbaycan sərhədləri arasında sözün əsl mənasında yoxa çıxıb. O vaxtlar hər iki ölkədə milli və mədəni dəyərlərin qorunub saxlanmasından başqa, daha bir çox problemlər mövcud idi. Ona görə də Azərbaycanda çəkilən nadir sənət əsərlərindən biri olan “Arşın mal alan” filminin itməsini heç kim hiss etməyib.

 

Ramid İbrahimov

 

Bizim yol.- 2014.- 26 aprel.- S.13.