Qafqazın ən qədim
müsəlman məbədi
Şamaxıda
yerləşən 1300 illik tarixə malik Cümə məscidi
haqqında müfəssəl məlumatlar
Azərbaycan xalqının tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı şəhərindəki Cümə məscidi 743-cü ildə inşa edilib və təkcə Qafqazda ən qədim müsəlman məbədləri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb. Memarlıq üslubu baxımından qədimliyi və orijinallığı ilə seçilən Cümə məscidi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb.
2009-cu il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar sərəncam imzalayıb. Bərpa zamanı əvvəlki məsciddəki ornamentlərdən maksimum dərəcədə istifadə olunub. Məsciddə yeni 36 metr hündürlükdə iki ədəd minarə də inşa olunub. Artıq əsas işlər yekunlaşıb. Məscidin divarlarına dini kəlamlar yazıldıqdan sonra bərpa işləri başa çatdırılıb.
“Bu məscidin Azərbaycan tarixində
xüsusi yeri
vardır”
Şamaxı Cümə məscidinin imamı, Şamaxı bölgə qazisi Hacı Mikayıl Qədimov bildirdi ki, 1918-ci ildə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışıb. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinməyiblər.
Bu məscidin Azərbaycan tarixində xüsusi yeri vardır. Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə tikilib. Azərbaycanda, bütün Qafqazda islam dininin yayılmasında Şamaxı Cümə məscidinin çox böyük rolu olmuşdur. Təəssüf ki, təbii fəlakətlər nəticəsində məscid iki dəfə dağıntılara məruz qalıb. 1859-cu və 1902-ci illərdə Şamaxıda baş vermiş güclü zəlzələlər nəticəsində məscidin böyük hissəsi dağılıb. Ondan sonra 1918-ci ilin mart ayında soyqırımı zamanı bu məscid vəhşi erməni quldur dəstələri tərəfindən yandırılıb. Bu məsciddə sığınacaq tapmaq istəyən mindən yuxarı günahsız insan, onların arasında uşaqlar və qadınlar da olub. Ermənilər tərəfindən yandırılıb.
Beləliklə, əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi son yüz ildə daha iki dəhşətli zərbəyə davam gətirdi: erməni yağıları tərəfindən törədilən yanğına və Sovet hakimiyyəti illərində sanki xalqa gözdağı verilməsi kimi yararsız və baxımsız hala salınmağına. Görünür bu da tarixin amansız şərtlərindən biridir; xalq öz mənəvi və maddi dəyərlərinə sadiqliyini yalnız belə sınaqlardan çıxmaqla nümayiş etdirə bilər. Cümə məscidi hər dəfə aldığı zərbələrə bərpa olunmaqla cavab verdi. Tarixi və təbii fəlakətlərdən sonra məscidin yenidən dirçəlişi zaman-zaman zərbələr görmüş milli kimliyimizin, bütün Qafqazda milli-mənəvi dəyərlərin mərkəzində durmağımızın dirçəlişi oldu.
1920-ci ildən sonra, Sovet hakimiyyəti dövründə Cümə məscidi toxunulmaz qalsa da, fəaliyyət göstərmir, insanların gözündə nüfuzdan salınırdı. Həmçinin, bu dövrdə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1980-ci ildə bu tarixi abidə yenidən təmir olunub”,-deyə Hacı Mikayıl Qədimov bildirdi.
Cümə məscidi Dövlət
tarix-memarlıq abidəsinin bərpası üçün...
Hacı dedi ki, memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı rayonu xüsusilə, Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlayıb: “Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar sərəncam inzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4 milyon manat məbləğində vəsait ayrılıb”.
Dövlət tarix-memarlıq abidəsinin
inşası və bərpası haqqında...
Aleksandroviç yazır ki, ermənilərin
məsçidi yandırması nəticəsində məscidin
ilk inşa olunma tarixini göstərən daş da tamamilə
sıradan çıxdığı üçün onun
haqqında dəqiq məlumat vermək olmur.
Zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdığı zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlayıbdı (Marçenkonun dağılmış Şamaxı şəhəri haqqındakı məruzəsinin mətni). Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilib və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir.
Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük və ona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur.
1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılıb.
Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı.
1903-cü ilin oktyabrında cümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çox əsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin lahiyələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı.
1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə İslam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çox planlı, rəngarəng, memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvarı taçbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdakı Məhəmməd, yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq məktəbinin də bir çox aspektlərini işıqlandırmağa imkan verər.
Prezident İlham Əliyevin sərəncamı ilə Şamaxıdakı qədim Cümə məscidi əsaslı şəkildə yenidən qurulub. Cümə məscidini üç tərəfdən əhatə edən ikimərtəbəli qalereya da inşa olunur. Burada inzibati bina, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər yardımçı otaqlar yerləşəcək. Məscidin yan tərəfində hər biri 36 metr hündürlüyündə iki minarə ucaldılacaq. Layihəyə əsasən, qalereyanın başlanğıcı və sonunda, eləcə də məscidin üstündə qədim memarlıq üslubunda naxış və ornamentlərlə bəzədilən günbəzlər qurulacaq. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı olacaq. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaq.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-1 aprel.-S.13.