Teatr tariximizin “Fırtına”sı...

 

Azərbaycanda uşaq teatrının təməlinin qoyulmasından 87 il ötür

 

Məryəm Əlizadə: “Teatrımızın inkişafında yeni mərhələ başlayıb”

Bakı şəhəri, Nizami küçəsi 72. Bu ünvanda XX əsrin 20-ci illərində yaranmış 433 nəfərlik Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yerləşir. Bu teatr 1927-ci il mart ayının 15-də Bakıda, Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranıb. Ağadadaş Qurbanovun (onun haqqında aşağıda məlumat verəcəyik-R.İ.) təşəbbüsü ilə hazırlanan «Fırtına» tamaşası respublikamızda uşaq teatrının yaranmasının təməlini qoyub.

1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlayıb. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olublar. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq Teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adlandırılıb və ona Maksim Qorkinin adı verilib.

2009-cu ilin aprel ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni texnikamüasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına daha iki kollektiv - Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı birləşdirilib. Teatrın repertuarında xalq nağılı “Göyçək Fatma”, B.Marvin “Yatmış gözəl”, Ç.DikkensOliver Tvistin macəraları”, A.Şaiq “Tıq-tıq xanım”, M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani Lənkəran”, S.S.Axundov, A.ŞaiqQaraca qız”, M.F.Axundzadə “Hekayəti xırs quldurbasan” və s. tamaşalar var.

 

Teatrın aprel ayı üçün repertuarı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından teatrın 2014-cü il aprel ayı üçün repertuarı ilə bağlı məlumat öyrəndik. Məlumat verildi ki, Xalq artisti Tariyel Qasımovun 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Aprelin 4-də Cəfər Cabbarlının “Aydın”, aprelin 5-də Abdulla Şaiqin “Tıq-tıq xanım” və M.VişnekinQoca kloun”, aprelin 6-da, A.LindqreninBalacadamda yaşayan Karlson” və T.Vəliyevanın “Mənim göyərçinim” tamaşaları ilə tamaşaçıların qarşısına çıxacaq.

Öyrəndik ki, aprelin 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivinin Həştərxan şəhərinə qastrol səfəri çərçivəsində, Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Y.Şvartsın “Qırmızı papaq”, Kalmıkiya Respublikasına qastrol səfər çərçivəsində, B.Basanqov adına Kalmık Milli Dram Teatrının səhnəsində Y.Şvartsın “Qırmızı papaq”, R.AğayevinBir gecənin nağılı” və P.Turrinin “Axır ki...” tamaşaları səhnələşdirəcək. Eyni tamaşalar aprelin 13-də də tamaşaçılara göstəriləcək.

Teatrın öz səhnəsində 18.04.2014-cu il tarixdə Ə.Əmirlinin, "Mən səni sevirəm - MSS", Y.Şvartsın “İfritin kələyi”, Ə.Əmirlinın “Hasarın o üzü”, R.AğayevinBir gecənin nağılı” (kiçik səhnə), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər”, Süleyman Sani Axundovla Abdulla ŞaiqinQaraca qız” (19.04.2014), 20.04.2014-cu il tarixində Hüseyn CavidinŞeyx Sənan”, Abdulla Şaiqin “Danışan gəlincik” və U.ŞekspirinRomeoCulyetta”, 23.04.2014-cu il tarixdə “Zamanla üz-üzə” layihəsi çərçivəsində və E.ŞerinberqerinFuqa” (mono-opera), 25.04.2014-cu il tarixdə Dilsuz “Əlincə qalası”, 26.04.2014-cu ildə Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı” və M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, 27.04.2014-cu il tarixdə K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” və ElçininBuzovna kəndinin əhvalatları”,  29.04.2014-cu il tarixdə F.Dostoyevskininİdiot” (kiçik səhnə) əsərləri tamaşalara təqdim olunacaq.

Bu günlərdə, yəni  aprelin 5-i saat 12:00-da oynanılacaq Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasının quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Tamaşanın quruluşçu rəssamı Simurə Məhərrəmovaya, musiqi tərtibatı İradə Muradovaya, rəqslərin quruluşu Vüsal Mehrəliyevaya məxsusdur. Rollarda Natiq Fərzəliyev, Günel Məmmədova, Nigar Bahadırqızı, Elnur HüseynovAygün Mehrəliyeva oynayacaq.

 

Teatrın banisi haqqında

 

Teatr və kino aktyoru Ağadadaş Gülməmməd oğlu Qurbanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısıdır. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və qısa müddətdə kollektivin əsas qüvvələrindən biri olub. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix Şillerin "Qaçaqlar" (Karl Moor), Nikolay Qoqolun "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb.

 

Teatrşünasın teatr haqqında dedikləri

 

Teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə bildirdi ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı uşaq auditoriyası üçün nəzərdə tutulmuş peşəkar teatr olub: “Teatr 1927-ci ildə Bakı Uşaq Teatrı adı altında yaradılıb. 1928-ci ildən rus, 1929 -cu ildən isə Azərbaycan bölməsi fəlaiyyətə başlayıb. Teatr Bakı Dəniz klubunda dram dərnəyində yaradılıb. 1936-cı ildən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kimi fəaliyyət göstərir. Repertuar əvvəlcə əsasən uşaq ədəbiyyatına daxil olan nağıllar və povestlərin (Kiplinqin-Mauqli) əsasında hazırlanırdı. Aşağı sinif şagirdləri üçün fantastikfolklorun müasir həqiqətin elementləri ilə üst-üstə düşdüyü (Şvatsın "Qar kraliçası", Marşakın "12 ay")  teatr nağılı janrı hazırlanır; macəra pyesləri, komediya əsasən yeniyetmələr üçün nəzərdə tutulan repertuarın əsasını təşkil edir.

Zamanın sınaqlarından üzü çıxmış Azərbaycan teatrının 141 illik inkişaf yolu bir daha sübut edir ki, ölkəmizdə bu sənətin qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.  Son illərdə uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında yeni mərhələ başlayıb. Bu inkişaf ilk növbədə özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.

2006-cı ildə “Teatrteatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilmişdir. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir. Beynəlxalq təcrübə ilə davamlı tanışlıq mexanizmi, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq əbəsdir. Son illərdə bu istiqamətdə də xeyli canlanma özünü göstərməkdədir.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlmişdir. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşdur.

Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu il yaranmasının 141-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və mədəniyyətimizin inkişafına, tərəqqisinə böyük töhfələr verəcəkdir”.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-3 aprel.-S.13.