Gənc alimlərin problemləri müzakirə
olunub
Azərbaycan
Milli Elmlər Akamediyasının (AMEA) institut və təşkilatlarında
monitorinqlər aparan AMEA Gənc Alim və Mütəxəssislər
Şurasının üzvlərinin növbəti
görüşü Şərqşünaslıq
İnstitutunda olub. İnstitutun gənc alimləri ilə
görüşən Şura üzvləri gənclərin
elmi potensialının artırılması, təşəbbüs
və təkliflərinin stimullaşdırılması, layihə
və proqramların maliyələşdirilməsi məsələləri
ətrafında mükazirələr aparıblar.
Bu barədə AMEA-dan “Bizim Yol”a məlumat verilib. Məlumata görə, görüş çərçivəsində institutun gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən söz açıb, burada gənc kadrlara xüsusi önəm verildiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Şuranın monitorinq
qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru
Əfsun Sucayev qeyd edib ki, institut və təşkilatlarda
keçirilən monitorinqlərin məqsədi gənclərlə
bilavasitə ünsiyyət qurmaq, onların problemlərindən
xəbərdar olmaq və təkliflərini dəyərləndirməkdir. Görüşdə həmçinin,
Şuranın daha səmərəli fəaliyyəti
üçün institut və təşkilatlarda müasir
informasiya texnologiyaları ilə təchiz olunmuş xüsusi
otaqların təşkili, xarici elmi ezamiyyətlər və
dil təkmilləşdirmə kurslarının təşkili,
gənclərin sosial vəziyyətinin
yaxşılaşdırılması və s. məsələlər
ətrafında müzakirələr aparılıb. AMEA gənc alim və mütəxəssislər
şurasının sədri, fizika üzrə fəlsəfə
doktoru Famin Salmanov gənclərin problemlərinin AMEA rəhbərliyinə
çatdırılacağını bildirib, onların həlli
istiqamətində lazımi tədbirlərin görüləcəyini
vurğulayıb.
Sonra institutun direktoru, professor
Gövhər Baxşəliyeva ilə görüş
keçirilib. İnstitutda gənc alimlərə
daim diqqət göstərildiyini vurğulayan G.Baxşəliyeva
şuranın gənc alimlərin problemlərinin həllində
mühüm rol oynayacağını qeyd edib. Gənc alim və mütəxəssislərə gələcək
fəaliyyətlərində uğurlar arzulayan institut direktoru
təklif və tövsiyələrini də səsləndirib.
Gövhər Baxşəliyeva
dövlət tərəfindən gənclərə xüsusi
önəm verildiyini, bütün sahələrdə onlara dəstək
göstərildiyini, Gənclər Fondu, Elm Fondu və AR Gənclər
və İdman Nazirliyi tərəfindən gənclərin elmi
və ictimai-siyasi fəaliyyətlərinin dəyərləndirildiyini
qeyd edib. AMEA Rəyasət Heyətinin 17 oktyabr
2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və
Mütəxəssislər Şurasının
yaradılmasına dair qərarın qəbul edildiyini söyləyən
G.Baxşəliyeva institutun gənc alimlərinin elmi
potensialının yüksək olduğunu, mühüm
dövlət proqramları çərçivəsində
yerinə yetirilən layihələrdə fəal iştirak
etdiklərini bildirib.
Qeyd edək ki, 08.11.2013-cu il tarıxdə AMEA Şərqşünaslıq
İnstitutunda Gənc Alim və Mütəxəssislər
Şurasının təsis yığıncağı
keçirilib. Gənc Alim və Mütəxəssislər
Şurasına namizədliyi irəli sürülən gənclər
səsvermə yolu ilə üzv seçilib. Tərkibi 33 nəfərdən ibarət olmaqla tarix
üzrə fəlsəfə doktoru Sübhan Talıblı
Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə
doktoru Leyla Məlikova və Şahin Ələsgərov sədr
müavinləri seçiliblər.
Qeyd edək ki, 17.01.2014-cu il tarixdə isə Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyətində Gənc
Alim və Mütəxəssislər Şurasının
iclası keçirilib. Gənc Alim və Mütəxəssislər
Şurasının idarə heyətinin üzvləri
seçilib, sədr və sədr müavinləri müəyyənləşdirilib.
İclasda idarə heyətinə 19 nəfər üzv
seçilib ki, onlar da AMEA-nın
ayrı-ayrı institutlarında yeni yaradılan Gənc alim və
Mütəxəssislər Şurasının sədrləridir.
İclasda Gənc Alim və
Mütəxəssislər Şurasının sədr və sədr
müavinləri təyin edilib. Belə ki,
şuranın sədri vəzifəsinə Radiasiya Problemləri
İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurasının sədri, fizika üzrə fəlsəfə
doktoru Famil Salmanov seçilib. Onun müavinləri isə
Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə
doktoru Famil Seyfullayev və Nizami adına ədəbiyyat
İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurasının sədri, filologiya üzrə fəlsəfə
doktoru Eşqanə Babayeva təyin olunub.
Gənc alimlərin sayı azdır
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı,
folklorşünas Aynur Qəzənfərqızı bildirdi ki,
bu gün ölkədə gənc alimlərə böyük
diqqət və qayğı göstərilir: “Onların sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində
mühüm işlər görülür və onların nəticələrini
gənc alimlər yaxın zamanlarda görə biləcəklər. Hazırda
akademiyada gənclər və işləmək istəyənlər
üçün işlər çoxdur. İnanıram
ki, Gənc Alim və Mütəxəssislər Şurası
da gənc alimləri öz ətrafında toplayaraq elm sahəsində
mühüm nailiyyətlərin əldə edilməsinə
öz töhfələrini verəcəklər”.
A.Qəzənfərqızı deyir
ki, Azərbaycanda alimlər, xüsusilə elmlər
doktorları içərisində gənclərin sayı
çox azdır: “Alimlərin əksəriyyətinin
yaşı 70 və daha çoxdur. Bu bizi
çox narahat edir”. O, gənclərin elmi tədqiqatlara
cəlb edilməsinin vacib olduğunu vurğuladı.
“Maaşlar artırılsa, çox sevindirici olar”
A.Qəzənfərqızı deyir
ki, gənc alimlərin problemi sırasında maaşların az olması, texnologiya sahəsində
çatışmamazlıq və gənc alimlərin xarici
dilləri bilməməsi var: “Arzuolunan olardı ki, maaşlar
artırılsın. Sirr deyil ki, elmi
işçilərin maaşı azdır. Düşünürəm ki, gələcəkdə
islahat aparılacaq, alimlərin maaşı bazar şərtlərinə
uyğunlaşdırılacaq. Ümidvaram
ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının həyata keçirilməsi zamanı alimlərin
bu və ya digər problemləri həll olunacaq, arzular
gerçəkləşəvək. Bildirim ki, “Gənclər
üçün Prezident Mükafatının təsis edilməsi
haqqında” da fərman da imzalanıb. Fərmanda
bildirilir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı”nın həyata
keçirilməsi, Azərbaycan gənclərinin elm, mədəniyyət,
o cümlədən ədəbiyyat və incəsənət,
təhsil və ictimai fəaliyyət sahələrində
nailiyyətlərini təşviq etmək məqsədi ilə
fərman imzalanıb. Biz ümidvarıq ki,
ayxın gələcəkdə gənc alimlərin social
problemləri həll oluncaq, elm sahəsi daha da inkişaf edəcək”.
Qeyd edək ki, 2011-ci il
7 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının qəbul edilməsi ilə bağlı sərəncam
verib. Sərəncamda bildirilir ki, qloballaşmanın vüsət
aldığı və informasiya cəmiyyətinin sürətlə
formalaşdığı hazırkı mərhələ Azərbaycan
Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha fəal
iştirakını təmin etmək istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini
tələb edir. Məhz buna görə də cəmiyyətin
maraqlarının təmin edilməsi və ölkə
iqtisadiyyatının rəqabətə davamlılıq
qabiliyyətinin artırılması üçün gəncliyin
innovativ potensialından geniş istifadə olunmasına əlverişli
zəmin yaradılmalıdır.
“Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və
gənclər siyasəti sahəsində digər normativ
hüquqi aktlar, habelə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi gənclərlə iş
sahəsinin hüquqi əsaslarını və icra mexanizmini
müəyyən etmişdir. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı
(2005-2009-cu illər)” dövlət gənclər siyasətinin
həyata keçirilməsi yolunda mühüm fəaliyyət
sənədi olmuşdur. Həmin Dövlət
Proqramının icrası nəticəsində dövlət gənclər
siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər
baş vermiş və müəyyən uğurlar əldə
olunmuşdur. Gənclərin vətənpərvərlik
tərbiyəsi sahəsində davamlı iş
aparılmış, istedadlı və yaradıcı gənclərə
dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə
və gənclərin təşəbbüskarlığına
əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş,
regionlarda yaşayan gənclərin fəallığını
stimullaşdıran tədbirlər həyata
keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında
gənclərin yaxından iştirakı üçün
lazımi şərait yaradılmış və bu sahədə
irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər
təşkilatlarının dövlət gənclər siyasətində
iştirakını təmin edən hüquqları genişləndirilmiş,
onların layihə və proqramlarına mütəmadi dəstək
verilmişdir. Beynəlxalq əməkdaşlıq
sahəsində gənclər təşəbbüskarlıq və
davamlı fəaliyyət nümayiş etdirmişlər.
Bütün bunlarla yanaşı, ölkə gənclərinin
vətənpərvərlik, azərbaycançançılıq
və dövlətçilik prinsipləri əsasında
tarixi-mədəni irsimizə, milli-mənəvi və
ümumbəşəri dəyərlərə hörmət
ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatında onların intellektual
və yaradıcı potensiallarının ümummilli məsələlərin
həllinə yönəldilməsi müasir dövrün tələbi
olaraq qalır.
Gəncliyin inkişafında
növbəti mərhələnin təmin edilməsi məqsədilə
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının həyata keçirilməsi zərurəti
yaranıb.
Dövlət
Proqramının əsas məqsədi Azərbaycan
Respublikasında gənclər siyasətini daha da inkişaf
etdirmək, gənclərin menecment sahəsində fəal
iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etməkdir.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-4 aprel.-S.13.