Azərbaycan maarifçiliyinin
intibah dövrü
İsmayıl
Umudlu: “AXC həmin dövrdə yetişən şəxsiyyətlərin
çiynində quruldu”
Tərcüməçi, tarixçi-etnoqraf, "Tərəqqi" medalı ilə təltif edilən İsmayıl Umudlu ilə “Azərbaycan mədəni maarifçiliyinin intibah dövrü” mövzusunda həmsöhbət olduq. Müsahibəmizi təqdim etməmişdən öncə həmsöhbətimiz barəsində qısa məlumat verək. İ.Umudlunun publisistik səpkidə "Azərbaycanda dissident fikir cərəyanı" (1999), "Ayna"da qalan izlər" (2000) kitabları çıxıb. Tarixi-etnoqrafik mövzularda araşdırmalarının nəticəsi olaraq, irihəcmli "Vəkiloğulları" (2003), "Dilbazilər" (2008), "Dağ Kəsəmən" (2009) kitablarının müəllifidir. Jurnalistika fakültələrinin tələbələri üçün "Kitab nəşri bu gün" (2004) dərs vəsaiti nəşr olunub. Qazax bölgəsinin etnoqrafiyası, əsilzadə soylarının genealogiyasına, o cümlədən, Gəncə xanları Ziyadoğlu-Qacarların, Azərbaycanla bağlı olan Terequlov tatar soyunun şəcərəsinə dair elmi araşdırmaları dərc edilib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Böhranlı onillik" (2004) kitabını, Nigar Məcidovanın "Tibbi jurnalistika" (2005) dərs vəsaitini, görkəmli tarixçi Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" (2006) adlı fundamental əsərini ruscadan dilimizə çevirib. Tarixçi alim Mehdixan Vəkilovun "Azərbaycanda mədəni inqilab 1920-40-cı illər" əsərini (doktorluq dissertasiyasını) çapa hazırlayıb və ona önsöz yazıb. Bundan başqa, siyasi mühacir Abbas bəy Atamalıbəyovun memuarları, rus və Avropa yazıçılarının bir sıra hekayələri onun tərcüməsində dərc olunub. Son illərdə dünya klassik ədəbiyyatından Mayn Ridin "Başsız atlı", Ceyms Fenimor Kuperin "Sonuncu mogikan" və "Ləpirçi", Çarlz Dikkensin "Oliver Tvistin macəraları", Viktor Hüqonun "Səfillər" romanlarını məktəbyaşlı uşaqlar üçün işləyib çap edib.
İsmayıl Umudlu ilə söhbətimizə “Azərbaycanın mədəni-maarifçiliyinin intibah dövrünü hansı dövr hesab edirsiniz?” sualı ilə başladıq. Onun sözlərinə görə, Azərbaycanın mədəni-maarifçiliyinin intibah dövrü XIX əsrin ikinci yarısı XX əsrin əvvəlidir (1917-ci ilə qədər): “Yəni 70 illik dönəmi Azərbaycanın mədəni-maarifçiliyinin intibah dövrü hesab edirəm. Qeyd edim ki, maarifçilik XIX əsrin ortalarından başlayıb. Məhz bu zamandan etibarən Azərbaycanda Avropa tipli məktəblər yaranmağa başladı. Hər şey təhsilə bağlıdır, təhsil üzərində qurulur. Təşəkküllər və baxışlar təhsil üzərində formalaşır. Bu zaman ilk qəza məktəbləri, dünyəvi təhsil mədrəsələri açıldı. Bu zamanda yetişən gənclik qəzetçiliyə, nəşriyyat işinə başladı, universitet təhsilli gənclər bu dövrdə yetişdi. Məktəblər şəbəkəsi genişlənməyə başladı.
Ənənvi Şərq təshili sistemindən uzaqlaşma baş verdi, bununla yanaşı dünyəvi təhsilin fərqinə varıldı. Avropa təhsil sisteminə keçildi. Dinin təhsil üzərində gücü zəiflədildi, düynəvilik gücləndi. İnsanlarin təfəkküründə dünyəvilik gücləndi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda artıq Azərbaycanda 600 nəfər ali təhsilli var idi. Bu şəxslər harda oxumuşdular? Moskva Universitetində, Sank-Peterburq Universitetində, Tomsk Kiyev Universitetində, Xarkov Universitetində, Adessada Novorosisk Universitetində, eləcə də Riqa Universitetində, Tallin Universitetində, hətta Avropada - Fransada, Almaniyada təhsil alan gənclər var idi. Doğrudur Avropa ali məktəblərində təhsil alanların sayı az idi. Rusiya ali məktəblərində təhsil alanlar çoxluq təşkil edirdi. O zaman Zaqafqaziyada, bu ərazinin iki böyük şəhərində - nə Bakıda, nə də Tiflisdə ali məktəb yox idi. Texnikom səviyyəsində təhsil ocaqları və semnariyalar var idi. O zaman Qori şəhərində Zaqafqaziya Müəllimlər Semnariyasının təfəkkürün formalaşmasında da müstəsna rolu olub. Bu semnariya 1870-1918-ci illərdə mövcud olub. Bu təhsil ocağında 250 azərbaycanlı təhsil alıb. Bu şəxslər sırasında pedoqoji fəliyyətlə məşğul olanların sayı az oldu, çoxu dövlət qulluğunda fəaliyyət göstərdilər. Və təhsillərini davam etdirmək üçün Avropa ölkələrinin ali məktəblərində təhsil almağa getdilər. Qeyd edim ki, qəzalarda rus-tatar məktəblərinin yaranmasında və formalaşmasında Zaqafqaziya Müəllimlər Semnariyasında təhsil alan müəllimlərin əhəmiyyətli rolu olub. İlk dəfə bu dövrdə ucqar rayonlarda orta məktəblər yarandı. Doğrudur, o məktəbdə 5-ci sinifdə qədər təshil verirdilər. Bu da yaxşı haldır. Bu məktəbi bitirən şəxslər rusca danışa bilirdilər, riyazi bilikləri var idi. Ticarət sahəsi ilə məşğul ola bilərdilər. Qəzet və kitab oxuya bilərdilər. Eləcə də, dövlət təşkilatlarında vəzifə tuta bilirdilər. Onların vəzifə tutması arzuolunan haldır. Unutmayaq ki, ö dövrdə dövlət təşkilatlarında ruslar və qeyri-millətlər daha çox vəzifədə olurdular.
İntibah dövrü hesab etdiyim 70 il ərzində Azərbaycan gəncləri hüquq, mühəndis (dağ-yol mühəndisliyi), musiqi təhsili almağa başladılar. Və bu illər ərzində təhsil alan gənclər 1918-ci ildə respublika qurluşunu Azərbaycanda quran oldular. Vurğulayım ki, mədəni-maarifçiliyin intibah dövrü hesab etdiyim zamanda ali təhsil alan qadınlar da var idi. Xüsusən, Bakıda və Tiflisdə yaşayan xanımlar ali təhsil alırdılar. Onlar pedoqoji və mədəniyyət sahələrində çalışırdılar. Eləcə də, mətbuat sahəsinə qadınlar gəldilər. 1901-ci ildə Bakıda Qızlar məktəbinin açılması da mədəni-maarifçilik sahəsində əlamətdar hadisələrdən biridir”.
Maarifçiliyin inkişaf etməsində
Zaqafqaziya müftilərinin rolu
İsmayıl Umudlu hesab edir ki, Azərbaycan tükləri arasında maarifçiliyin inkişaf etməsində Zaqafqaziya müftilərinin müstəsna əhəmiyyəti olub: “Mən bu məsələni araşdırmış adam kimi deyirəm. Müftilər din xadimlərindən və başçılarından çox maarifçilər idilər. Avropa timsallı maarifçilər idilər. Avropada maarifçiliik XVIII əsrə aiddir. Bizdə bu təmayül XIX əsrdə özünü göstərdi. Zaqafqaziya müftiləri sırasında Osman Əfəndi Vidadizadə, Mustafa Əfəndi Borçalı, Məhəməd Əfəndi Müftizadə, Abdülhəmid Əfəndi Şirvanlı və Hüseyn Əfəndi Qayıbzadə həm də pedaqoqlar idilər. Bu şəxslərin əsas işi ozamanki semnariyalarda dərs demək idi. Onlar ana dili, islam tarixi, ərəb dili fənlərindən dərs keçirdilər. Əsas da ana dilini öyrədirdilər. Müftilər dərsliklər yazırdılar. Məktəblərin açılmasının, tədrisin tərəfdarları idilər.
O zaman Tiflisdə açılan ruhani mədrəsəsində riyaziyyat, fizika və rus dilindən tələbələrə dərs deyilirdi. Rus dili o vaxt Avopa ölkəsinə çıxmaq üçün əsas vasitə idi. Rus dilini öyrənənlər fransız dilini öyrənə bilirdilər. O dövrdə fransız dili populyar idi. XIX əsrin bu pedaqoqları çox ağır şərtləri daxilində fəaliyyət göstərirdilər. Yerli əhalinin çoxu ali təhsilli şəxsləri anlamırdılar. Onlar uşaqlarının ruslaşmasından narahat idilər. Az-çox əhali arasında övladlarının məktəblərdə təhsil almaq istəyində olanlar da var idi”.
“Bu
intektualların sahəsində Azərbaycan Xalq Cümhuriyyəti yarandı”
Həmsöhbətimiz
deyir ki, universitetlərdə ali təhsil alan həkimlərlə
bağlı araşdırma aparıb: “Mən bu barədə
kitab da yazmışam. Araşdırma zamanı maraqla faktla
qarşılaşdım. Belə ki, gimnzasiyada təhsil alan ruhani oğlu Xarkovda təhsil almağa
yollanır. Qeyd edim ki, gimnaziya o zaman tam orta təhsil verirdi. Xarkovdan da
Avropaya yollanır.
Və Avropada işləyir.
Ona güvənərək bir
neçə gənc azərbaycanlı da tibbi təhsil almaq üçün Avropa təhsil ocaqlarına üz tutur. 1880-90-cı illərdə Azərbaycanda
bir neçə həkim var idi. Hə, bu intektualların
sahəsində Azərbaycan
Xalq Cümhuriyyəti
yarandı, ordusuz filansız dövlət yaradıldı. Dövlətçilik təcrübəsi olmasa da, məmur
təcrübələri var
idi. Sıfırdan ordu yaratdılar,
dövlət qurdular.
114 min kvadrat metrlik
ölkə yaradıb
əmanət verib siyasi səhnədən çəkildilər. Dövlətçilik
mədəniyyətinin əsasını
məhz həmin ali təhsilli insanlar qoydular.
XIX əsrin sonu - XX əsrin əvvəlində
Bakıda, İrəvanda
və Tiflisdə və Gəncədə bir
çox qəzet və jurnal çap olunurdu. Müxtəlif təmayüllü qəzetlər və jurnallar (siyasi, pedoqoji, ədəbi) var idi. XIX əsr maarifçiliyinin təməl şəxsləri
daha çox iki nəfər hesab olunur: Həsən
bəy Zərdabi və Mirzə Fətəli Axundov. Bəli, bu şəxslər aparıcı isimlər olublar. Onların ətrafında da
ziyalılar dəstəsi
olub. Və onların arxasında dayanan maliyyə gücü vardı.
Söhbət neft milyonçuları
olan Hacı Zeynəlabddin Tağıyev,
Musa Nağıyev, Şəmsi
Əsədullayev və
Murtuza Muxtarov kimi milyonçulardan gedir. Hansı ki,
bu şəxslər
vətənpərvər, millətsevər
olublar. Və onlar maliyyələrinin
çoxunu təhsilə
yönəldiblər. Məsələn, Hüseynbəy Əfəndi
Qayıbzadənin xahişi
heç vaxt cavabsız qalmayıb.
Onun da xahişi
bunlardan ibarət idi: filan şəhərdə
falan tələbə
oxuyur, onun təhsil xərcini ödəmək problemi
var. Dərhal onun təhsil xərci ödənilirdi. Bu barədə o dövrün
qəzetləri yazıblar”.
“Sovetlər AXC-nin
qurduğu dövlətçiliyi
ləğv edə bilmədi”
İsmayıl Umudlu “Sovet dövründə bu mədəni, elmi inkişaf prosesinin aqibəti necə oldu?” sualına belə cavab verdi: “Tarixçi
alim Mehdixan Vəkilovun "Azərbaycanda
mədəni inqilab
1920-40-cı illər" əsərini
(doktorluq dissertasiyasını)
çapa hazırlayarkən
və oxuyanda məlum oldu ki, Vəkilov bu illərdə Azərbaycanda mədəni
inqilabın həm iştirakçısı, həm
təşkilatçısı, həm də tətqiqatçısı olub.
O dövrü məhz
o şəxsə istinadən
bilirəm. Sovet dövrünün əvvəlləri maraqlı
dövr olub. Sovet Rusiyası Azərbaycanın
müstəqilliyinə son qoydu,
amma Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu dövlətçiliyi
ləğv edə bilmədilər. Hesablaşmalı oldular. Plana görə,
Zaqafqaziyada Azərbaycanın
hər hansı bir dövlətçiliyi
olmamalı idi”.
(Ardı gələn sayımızda)
Ramid İbrahimov
Bizim yol.-2014.-11 aprel.-S.13.