Azərbaycan səhnəsində
1956-cı il həyacanı
“Yaşlı
xanımın gəlişi” Akademik Milli Dram Teatrında
böyük coşqu ilə qarşılanıb
Ötən həftə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Fridrix Dürrenmattın eyniadlı pyesi əsasında səhnələşdirilən "Yaşlı xanımın gəlişi" tamaşası göstərildi. Hadisələr XX əsrin 50-ci illərində kiçik İsveçrə şəhəri Qülendə baş verir. Milyonçu xanım Tsaxanasyan doğma şəhərinə köməklik etmək istəyir. Lakin bunun üçün o, sakinlərdən birinin ölümünü tələb edir.
Səhnə əsərinin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı Zöhrab Bəykişiyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, rejissor assistenti Vüqar Məmmədovdur. Tamaşada yeganə qadın obrazı olan yaşlı xanım Veşeri əməkdar artist Sənubər İsgəndərli canlandırır. Digər rollarda xalq artistləri Ramiz Məlik (Müşavir), Nurəddin Mehdixanlı (Burqomistr), Ramiz Novruz (İl), Hacı İsmayılov (Müəllim), Rafiq Əzimov (Müəllim), əməkdar artistlər Firuz Xudaverdiyev (Lobi), Kazım Abdullayev (Keşiş), Tofiq Hüseynov (Keşiş), Pərviz Bağırov (Həkim), Telman Əliyev (Həkim), Kazım Həsənquliyev (Polis), Əli Nur (Polis), Əsgər Məmmədoğlu (Stansiya rəisi), aktyorlar Ramin Şıxəliyev (Kobi), Mətləb Abdullayev (Birinci kişi), Rövşən Kərimduxt (İkinci kişi), Elnar Qarayev (İkinci kişi), Anar Heybətov (Rəssam, Teleradio aparıcısı), Vüsal Mustafayev (Rəssam, Teleradio aparıcısı), Məzahir Cəlilov (Stansiya rəisi), Əlvida Cəfərov (7-ci ər) və Elçin Əhmədov (9-cu ər) çıxış edirlər. Akademik Milli Dram Teatrının "Yaşlı xanımın gəlişi" tamaşasının birinci pərdədəki vağzal perronunun təsvirinin başdaşını xatırlatması ilə final səhnəsinin uyğunluğu yaradıcı heyətin maraqlı tapıntılarından biridir.
Tamaşa başlayır. Əvvəlcə vağzal zənginin səsi eşidilir, sonra pərdə açılır və üstündə “Hüllen” yazılmış lövhə görünür - bu, səhnənin lap dərinliyində ümumi mənzərəsi güclə seçilən, artıq qəza mərkəzi olmaqdan çıxmış, dilənçi kökünə düşmüş şəhərciyin adıdır. Vağzal özü də bərbad haldadır - nə vaxtsa divara yapışdırılmış cədvəllərin rəngi solub, böyür-başı cırılıb. Üzərində “Giriş qadağandır!” sözləri yazılmış yarıaçıq qapının arxasındakı selektor pas atıb. Səhnənin ortasında səkini dəmiryol xəttindən ayıran və ayırmayan divarlar, eləcə də miskin vağzal küçələri görünür. Ancaq dərinliyə getdikcə, bu küçələr və şəhərciyin perspektivi güc-bəla ilə nəzərə çarpır, ya da heç çarpmır. Solda üstü kirəmitli, pəncərəsiz bapbalaca bir otaq var - divarına rəngi solmuş plakatlar yapışdırılıb. Soldakı plakatda “Qadınlar üçün”, sağdakı plakatda “Kişilər üçün” sözləri yazılıb. Bütün bunlar hələ parlaqlığını itirməmiş payız günəşinin şüaları ilə işıqlanıb. Qadın və kişi ayaqyoluları arasında qoyulmuş skamyada dörd kişi əyləşib. Eynən onlar kimi nimdaş paltar geyinmiş beşinci kişi - rəssam üstünə qırmızı rənglə “Xoş gəlmisiniz, Klerxen!” sözləri yazılmış nəhəng lövhəni gətirir. Bu vaxt yaxınlaşmaqda olan qatarın səsi eşidilir. Vağzal rəisi bayrağı qaldırır və qatar dayanmadan ötüb keçir. Skamyada əyləşənlər başlarını soldan sağa çevirə-çevirə qatarı müşayiət edirlər.
Cəmiyyətin mənəvi deqradasiyasının bədii mənzərəsini yaradan əsərdəki hadisələr ötən əsrin təxminən 30-cu illərində - faşizmin dirçəldiyi dövrdə cərəyan edir. Hüllen şəhərinin keçmiş sakini, ayaqyolu layihələrinin müəlifi Veşerin qızı 45 ildən sonra doğma şəhərinə multimilyarder kimi qayıdır. Bu illər ərzində vaxtilə şəhərdən kürənsaçlı gənc, gözəl qız kimi çıxmış Klara avtomobil qəzasında sol ayağını, təyyarə qəzasında sağ əlini itirərək, bədən üzvlərini ən yüksək keyfiyyətli protezlərlə əvəzləyib. Xanım Klara Veşerin gəlişi əvvəlcə bayrama, sonra isə faciəyə çevrilir. Xanım milyonerdir, fahişəxanada ona vurulmuş yaşlı ərindən qalan zəngin sərvətilə ölkədə ad-san qazanıb, kasıblara pul paylayır, xeyriyyəçilik edir.
Xanımdan Veşerin Hüllenin dirçəlməsi üçün böyük məbləğ, tutarlı sərmayə qoparmaq üçünsə Klaranın ilk gənclik sevgilisi Alfred İli qabağa verirlər. Klara İllə çox mehriban görüşür, onunla məhəbbətlərinin şahidi olan yerləri yenidən gəzir və şəhərə milyard bağışlamağa razı olduğunu bildirir.
Klara Veşer insanları sıxıntıdan qurtarmaq üçün milyardlar ödəməyə hazırdır, amma gərək ona xəyanət etmiş keçmiş sevgilisi Alfred İl öldürülsün. Belə ki, illər öncə Alfred İl Klara Veşerin bətnindəki uşağın atası olduğunu rədd edib, hətta məhkəməyə satın alınmış iki "şahid" gətirdərək, onların da Klara ilə münasibətdə olduğunu bildirən ifadə vermələrini təşkil edib. Məhkəmədən sonra isə hüllenlilər Klaranı fitə basaraq şəhərdən qovublar. Əxlaqsız qadınlar evinə düşən Klaranın dünyaya gətirdiyi qızı uşaq evi öz himayəsinə götürsə də, bir ildən sonra qızcığaz xəstələnib ölür. Klaranı isə həmin mənəviyyatsızlıq yuvasından milyarder Saxanassyan xilas edərək onunla evlənir.
"Məni fahişəyə çevirən dünyanı mən də fahişəxanaya çevirəcəm" deyən Klara Veşer hər qarışına sahib olub müflisləşdirdiyi doğma şəhərinə 45 il öncə özünə verdiyi bu vədi yerinə yetirməkdən ötrü gəlib. Gəlib ki, xəyanətkar sevgilsinin cəsədini Aralıq dənizi sahilindəki malikənəsi yaxınlığında tikdirdiyi məqbərədə torpağa gömsün. Hadisələrin sonrakı inkişafı zəif tərəddüdlə pulun güclü olduğu cəmiyyətin diktə etdiyi qaydada baş verir...
Ölüm hökmünün ləğv olunduğu, demokratik ab-havada yaşayan şəhərdə bu, mümkünsüz bir iş olsa da, xanım Veşerin pulları tezliklə hər şeyi mümkün edir. Tamaşanın birinci hissəsində demokratik dəyərlərdən, insan haqlarının müqəddəsliyindən dəm vuranlar tezliklə özləri Alfredin qatilinə çevrilirlər. Vətəndaş cəmiyyətinin dayağı olan bu adamlar - Burqomistr (Nurəddin Mehdixanlı), Polis (Əli Nur və Kazım Həsənquliyev), Müəllim (Hacı İsmayılov və Rafiq Əzimov), Keşiş (Kazım Abdullayev), Həkim (Pərviz Bağırov və Telman Əliyev) və Müxalifət (Mətləb Abdullayev, Elnar Qarayev) 40 ildən sonra yenidən toplaşmış məhkəmədə ölüm hökmünə tərəfdar olurlar... Və Alfredin qətli bir fərdin ölümü deyil, cəmiyyətin, ictimai əxlaqın, bəşəri dəyərlərin ölümünə çevrilir.
Ölüm qarabaqara İli izləyir. Şəhər sakinləri onu öldürməyə çalışır. Və öldürürlər də... Tamaşada maraqlı səhnələrdən biri İlin keşişlə diloqudur.
Keşiş:
İl, qarderoba gəlin.
(İl sol tərəfdən
gəlir.) Bura qaranlıq
olsa da, sərindi.
İl: Mən
sizə mane olmaq istəmirəm, cənab keşiş.
Keşiş: Allahın ibadətxanası hamının üzünə açıqdır. (Hiss eləyir ki, İl tüfəngə baxır) Burda tüfəngin olması sizi təəccübləndirməsin. Hər tərəfi xanım Veşerin qara bəbirinin nəriltisi bürüyüb! Təsəvvür edin: bir az bundan əvvəl burada kilsədə idi. Soxulmağa yer tapıb. İndi sorağı Peterov anbarından gəlir, orda - samanlıqda gizlənib.
İl: Mən kömək istəyirəm.
Keşiş: Nə olub ki?
İl: Qorxuram.
Keşiş: Qorxursunuz? Kimdən?
İl: Adamlardan.
Keşiş: Yəni, düşünürsünüz ki, sizi öldürərlər?
İl: Onlar məni vəhşi heyvan kimi ovlamaq istəyirlər.
Keşiş: İnsanlardan yox, Allahdan, bədənin yox, ruhun ölməsindən qorxmaq lazımdır.
Bu sözhbət zamanı şəhər əhli bütün kulis boyu düzülür. Biz əvvəlcə polisi, sonra burqomistri, birinci, ikinci, üçüncü, dördüncü kişini, rəssamı, müəllimi görürük. Onlar əllərində tüfəng, həyəcanla ora-bura baxa-baxa səhnədə dolaşırlar.
İl: İnsanlar
birdən-birə şən
olublar. Qızlar bəzənib-düzənirlər,
oğlanlar parıltılı,
şıx köynəklər
geyinib forslanırlar.
Hüllen mənim qətlimi təntənəli
şəkildə bayram
etməyə hazırlaşır
və mən dəhşətdən boğuluram...
Hüllenin sakinlərinin daha qəşəng geyinib-keçinməsi sözsüz ki, onların necə varlandıqlarından xəbər verir. Şəhərin görkəmi tanınmaz olub - artıq bura dilənçi halına düşmüş dalda, ucqar yer deyil, xoşbəxt, firavan, ultramüasir səhərdir. Pyesin finalı - xoşbəxt sonluğu bu ümumi əmin-amanlığı, rifahı ifadə edir. Yenidən təmir edilmiş vağzal binası bayraqlarla, təzətər çiçək dəstələrilə, transpartanlarla, neon reklamlarla bəzədilib. Hüllenin sakinləri - kişiləri frankda, qadınları bal paltarında antik faciələrdə olduğu kimi xor oxuyurlar. Və təsadüfi deyil ki, bizə elə gəlir bu tamamilə baş verən hadisələrin ruhuna uyğundur. Sanki biz batmaqda olan gəminin yoxsulluq barədə xəbərdarlıq siqnalını eşidirik.
Qeyd edək ki, yazıçı, publisist, dramaturq, psixoloji detektivin ustalarından biri və ekpressionist rəssam Fridrix Yozef Dürrenmattın üçhissəli bu faciəvi komediyası bir neçə dəfə ekranlaşdırılıb - 1964-cü ildə B.Vikkinin ABŞ, Fransa, Almaniya, İtaliya kinematoqrafçıları ilə birgə, baş rolda İnqrid Berqman olmaqla çəkdiyi "Səfər", 1989-cu ildə sovet aktyoru və rejissoru M.Kozakovun çəkdiyi "Xanımın gəlişi", 1992-ci ildə seneqallı rejissor D.D.Mambetinin çəkdiyi “Kaftarlar”, 2008-ci ildə alman rejissoru N.Leytnerin çəkdiyi “Yaşlı xanımın gəlişi" filmləri məlumdur. Pyes ilk dəfə böyük səhnədə yazıldığı 1956-cı ildə Sürixdə tamaşaya qoyulandan sonra elə böyük uğur qazanıb ki, müəllifinə ehtiyacsız həyat yaşamağı təmin edib. Başqa sözlə, "teatrın cəmiyyətin aynası olmaq" missiyasını layiqincə yerinə yetirdiyi üçün layiqli qiymətini alıb.
"Yaşlı xanımın gəlişi" pyesinin süjeti Dürrenmattın beynində Bern yaxınlığındakı İns kəndində olanda yaranıb və dərhal "Hadisə yerində teatr" aksiyası çərçivəvində İnsdə tamaşaya qoyulub. 2008-ci ildə isə Moskvanın "Lenkom" Teatrının səhnəsində rejissor A.Morfov bu pyesə öz yozumunu verib. Azərbaycan rejissorları isə (məsələn, mərhum Hüseynağa Atakişiyev "Meteor") bir neçə dəfə Dürrenmattın yaradıcılığına müraciət ediblər. Əsərdə hadisələr ucqar Hüllen şəhərciyində cərəyan edir.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-15 aprel.-S.13.