“Xalqa mənim fəxri adlarım yox, əsərlərim
lazımdır”
Ramiz
Mirişli: “Mahnılarıma görə heç vaxt heç
bir müğənnidən qonorar almamışam”
Xalq
artisti, bəstəkar Ramiz Mirişlinin APA-ya müsahibəsini
təqdim edirik:
-
Ramiz müəllim, 80 yaşınızı təbrik edirəm.
Görürəm, yaxşısınız, yenə iş başında, tələbələrin
içindəsiniz...
- Mən
həmişə iş başında olmuşam, hələ cavanlıqdan
çalışıb-vuruşub, necə deyərlər,
özümə gün ağlamışam, sənətimin
üstündə əsmişəm, zəhmət çəkmişəm.
O ki qaldı özümü
necə hiss etməyimə, sən bu yaşda özünü
necə hiss edirsənsə, mən də
sənin kimiyəm (Gülür). Vallah, hə, noolub mənə?!
İrandan, Türkiyədən, Avropa ölkələrindən zəng vurub təbrik edirlər. Bu,
əlbəttə, adamı sevindirir, ruh yüksəkliyi yaradır. Türkiyədən
dəfələrlə dəvət ediblər ki,
Ramiz müəllim, gəlin burda yaşayın, çalışın.
Deyirlər, siz gəlsəniz, burda ən zəngin bəstəkar
olarsınız.
- Siz
də getmirsiniz...
-
Yox, getmək istəsəydim, neçə illər öncə
təkliflərini qəbul edərdim. Həm burda oğlum var,
bəstəkarlıqdan dərs deyir, onu qoyub gedə bilmərəm,
həm də sən Allah, özünütərif kimi qəbul
eləmə: mən pul düşkünü
deyiləm, gözü-könlü tox adamam. Min
manat prezident təqaüdü,
500 manat professorluq və
müəllimliyə görə maaş
alıram. Evim-eşiyim, maşınım
var. Adama daha nə lazımdır? İnan,
mənə təzə maşın vermək istəyirlər,
qəbul etmirəm. Bir tərəfdən
də maşını hara sürəcəyəm
ki? Statistika Komitəsinin
yanında yaşayıram. Evdən Milli Konservatoriyaya beş-altı dəqiqəlik yoldur. Mənə dövlət tərəfindən
həmişə diqqət-qayğı olub.
Nəinki mənə, ümumiyyətlə, Azərbaycan
musiqisinə həmişə böyük
hörmət olub. Prezident
İlham Əliyev mədəniyyət və
incəsənətə qayğı göstərir, Mehriban xanım Azərbaycan muğamına heykəl
qoyub. Bizim muğam bu gün
bütün dünyada
səslənir. Bu, məni ancaq
sevindirə bilər.
-
Türkiyədə mahnıya görə ödənilən
qonorarla Azərbaycanda ödənilən qonorarın fərqi nə
qədərdir?
- Mən
mahnılarıma görə heç vaxt heç bir
müğənnidən qonorar almamışam. Bilirsiniz niyə? Çünki
bu mahnılarımı pulla
satsam, olacaq
başqasının malı. Məsələn, günü sabah həmin
müğənni məhkəməyə müraciət edib deyə bilər ki, filan vaxtı Ramiz
Mirişliyə pul ödəyib
mahnını almışam. Deməli, mən heç
nəyə iddia edə bilmərəm. Mən
teatr tamaşalarına, filmlərə
mahnılar, nazirliyin dövlət səviyyəli
tədbirləri üçün musiqilər
yazıram. Aldığım qonorardan da narazı deyiləm. Yadıma düşdü, bir hadisəni
danışım: adını çəkmirəm, müğənnilərdən
biri efirdə demişdi
ki, mahnılarımı 3-4 min manata alıram. Özü də xətrini istədiyim, mənə
hörməti olan adamdır. Zəng vurub dedim ki,
indiyə qədər mənim neçə mahnımı oxuyubsan, səndən pul
istəmişəm? Dedi, Ramiz
müəllim, nə danışırsınız, mən sizi nəzərdə tutmamışam. O ki qaldı, Türkiyə ilə Azərbaycanın
fərqinə, əlbəttə ki,
müqayisədən heç
danışmağa dəyməz. Məsələn, Türkiyədə
bir mahnının qiyməti 30-40 min manatdır. Düzdür,
hərdən prodüserlər deyir ki, əvvəlki qiymət daha
yoxdur, indi az pul verirlər, amma hər halda, fərq
haqqında heç danışmağa dəyməz.
- İndi
yazılan mahnılara
qulaq asa bilirsiniz?
- İndi də yaxşı mahnılar yazılır. Məsələn, bir də görürsən, müğənnilər
özləri mahnı
bəstələyirlər. Bu, Türkiyədə də var. Amma həmin müğənnilər
üç-dörd mahnı
bəstələyəndən sonra tükənirlər.
Çünki akademik təhsilləri
yoxdur. Təhsil olmasa, bəstəkarlıqda
axıra qədər duruş gətirmək, həmişəyaşayar, adamların
könlünü oxşayacaq
mahnılar yazmaq mümkün olan iş deyil. Hər şeyi zaman həll edir. Necə deyərlər, zaman ələyib yaxşının
yaxşı, pisin pis yerini göstərəcək.
Bayağı mahnıların
taleyinə fikir verin - bu gün
var, sabah
yoxdur. Tofiq Quliyevin, Səid Rüstəmovun, Cahangir Cahangirovun mahnıları bu gün də
oxunur və hər ifaçı o mahnıları ifa edəndə onlara rəhmət oxuyur.
- Deməli, televiziyada, radioda səslənən mahnılardan narahat olursunuz. Daha doğrusu, buna narahat olmaq yox,
əsəbiləşmək demək daha doğru olar...
- Bir də görürsən, efirə
elə adamları çıxarırlar, elə klipləri
verirlər ki, o adamlar nə oxuduqlarını, niyə
oxuduqlarını bilmirlər. Bir də müğənnilərin
gündəm xətrinə
bir-birinə atmacaları,
dava-dalaşlarına baxa
bilmirəm. İstedadı olan adam
işini görməlidir,
ciddi sənətlə
məşğul olmalıdır.
Görəndə özlərinə də deyirəm, danlayıram. Deyirlər, Ramiz
müəllim, bir də olmayacaq.
- Siz uzun illər AzTV-nin musiqi redaksiyasına rəhbərlik etmisiniz. Necə bilirsiniz, əslində bugünkü kanalların
musiqi zövqünün,
seçiminin əsası
o vaxt dövlət telekanalında qoyulmayıbmı?
- Mən Azərbaycan televiziyası
və radiosunun musiqi redaksiyasının baş redaktoru olanda bir istedadsız
adamı efirə buraxmamışam. Daha doğrusu, onlar
məndən nə isə xahiş etməyə ürək etməzdilər, yaxın gəlməzdilər. Vaxtilə istedadlı
bilib efirə çıxardığım, gələcəyinə
inandığım adamlar
indi özlərini təsdiq etmiş sənətçilərdir. Məsələn, bir dəfə gördüm ki, bir nəfər
qapının ağzında
dayanıb, dedim, ay oğul, gəl görüm, kimsən, nə istəyirsən? Dedi, Ramiz müəllim, mən oğlan deyiləm, qızam, adım da Aygündür.
Nağara çalırdı,
bunun səsini, ifasını yoxladım, gördüm, hazır müğənnidir, dedim, sən
oxuya bilərsən. Həmin qız indi Azərbaycanın
əməkdar artisti, istedadlı müğənni
Aygün Bəylərdir.
Yaxud xalq artisti Mənsum İbrahimov kasıb uşaq idi, heç kimi yox idi, istedadına,
qabiliyyətinə görə
əlindən tutdum, köm
- Sizə kömək edənlər kim
olub?
- Xalamgilə getmişdim, gördüm, xalam oğlu kamança çalır. Kamançanın səsi mənim
çox xoşuma gəldi. Naxçıvandan Bakıya gələndə
anam musiqi ilə məşğul olmağımı istəmirdi.
Xarici Dillər Universitetinə qəbul oldum ki, dil öyrənim.
İki
ay oxuyandan sonra dərslərdə otura bilmədim, darıxdım.
Dedim, yox, bura mənlik deyil, axıra qədər oxuya bilməyəcəyəm. Sonra kamança
üzrə təhsil aldım, ilk mahnılarımı
da həmin vaxtlar bəstələməyə
başladım. Mənim həyatımda
Səid Rüstəmovun,
Süleyman Ələsgərovun
böyük zəhməti
olub. Kamança çalmağım Süleyman Ələsgərovun
xoşuna gəlmişdi.
Dedi, səni birbaşa ikinci kursa götürürəm.
Kirayə qalırdıq, sonra
bizə yataqxana tikdilər. Mən, Oqtay Kazımi,
Məmməd Quliyev, İslam Rzayev bir yerdə qalırdıq. Tələbə vaxtı hər çətinliyi gördüyüm
üçün maddi
qayğıları, çətinliyi
heç vaxt özümə dərd etməmişəm. Mən o dövrdə
yaşadıqlarımı uşaqlarıma,
nəvələrimə danışıram,
inanmırlar. Uşaqlıq dövrüm müharibə
illərinə düşüb.
O zamanlar çox çətin idi, Naxçıvanda qış
sərt keçirdi. Məktəbə gedirdim, ancaq
isti paltarım yox idi. Həyətimizdəki meyvə ağaclarının
hesabına müharibə
vaxtı birtəhər
yaşayırdıq. Yadımdadır, böyüklərə 400 qramlıq,
uşaqlara isə 200 qramlıq çörək
verirdilər. Atam müharibəyə
gedəndə, biz çox
zülm çəkdik.
- Sizə böyük bəstəkar deyəndə
xoşunuza gəlmir...
- Televiziyalar dəvət edirlər, efirdən birbaşa deyirlər ki, “Azərbaycanın böyük bəstəkarı
Ramiz Mirişlidir qonağımız”. Deyirəm,
sən Allah, - Adınızın
qarşısına “xalq
artisti”ni də yazdırmırsınız...
- İndi xalq artistləri çoxdur. Həm də
insanlara mənim fəxri adlarım yox, əsərlərim lazımdır.
- Yanınıza qohum-qonşu
gəlir ki, filan məmura zəng vur, bizə kömək etsinlər...
- Olur, əlbəttə. Daha çox həkimlərə
görə xahiş edirlər ki,
imkanımız yoxdur, zəng vur, bizi pulsuz
müalicə etsinlər. Bir
dəfə ailəsi böyük olan bir imkansız adam yanıma gəldi ki, evimiz darısqaldır, evin
qabağını artırmaq istəyirəm, “uçastkovu”
icazə vermir. Siz
tapşırın, evin qabağını
bir az artırım, rahat yaşaya bilək.
Polisə və icra hakimiyyətinə dedim, birdən elə bilərsiniz, bu xahişə görə nə isə
alıb eləmişəm, mən seyid-peyğəmbər
övladıyam, haram mənə yaraşmaz, qoy o ailə evinin
qabağını bir az
artırsın. Dedilər, Ramiz müəllim,
bu nə söhbətdir edirsiniz?
Siz bizim fəxrimizsiniz,
sizin mahnılarınızla böyümüşük. Demək istəyirəm,
sözüm olanda
ağız açmaqdan çəkinmirəm.
Bilirəm ki, sözüm
yerə düşməyəcək.
Bizim yol.-2014.-23 aprel.-S.15.