«Milli maraqlar ön
planda olmalıdır»
Respondentlər «Bizim Yol»un Azərbaycanın xarici siyasət prioritetləri
və qonşu ölkələrlə münasibətlərini
dəyərləndiriblər
Azərbaycan
Respublikası 1991-ci il oktyabrın 18-də
dövlət müstəqilliyini bərpa etdikdən sonra milli
dövlətçilik prinsiplərinə uyğun olaraq yeni
xarici siyasət kursunun formalaşdırılması və həyata
keçirilməsi ən vacib məsələ kimi
qarşıda durdu. Ermənistanın Azərbaycana
qarşı əsassız ərazi iddiaları ilə
başlayan hərbi təcavüzün genişlənməsi
isə Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərlə
üz-üzə qoymaqla yanaşı, dövlətin xarici
siyasət fəaliyyətində də mühüm vəzifələrin
yerinə yetirilməsini ön plana çəkdi.
Vətəndaşlar arasında sorğu keçirərək
Azərbaycanın qonşu ölkələrlə münasibəti
və xarici siyasətinin prioritetləri ilə bağlı
fikirlərini öyrəndik. Sorğu
iştirakçılarına bu suallarla müraciət etdik:
1. Sizcə,
Azərbaycan qonşu ölkələrlə münasibətlərini
necə qurmalıdır?
2. Sizcə,
Azərbaycanın xarici siyasətinin əsas prioritetləri
sırasına nələr daxil olmalıdır?
Hüquqşünas
Ellada Bayramova: "Birinci sualınıza cavab olaraq
düşünürəm ki, hər qonşu ilə öz
"dilində" danışmaq lazımdır. İkinci
suala cavabım belədir: Azərbaycan xarici siyasətinin əsas
prioritetlərini hər zaman öz vətəndaşının
hüquqları və maraqları üzərində
qurmalıdır. Belə olan şəkildə
siyasət ədalətli olur".
Siyasi fəal
Gülbəniz Bayramova: "Azərbaycanla qonşu ölkələrdən
Türkiyə və Gürcüstandan başqa düşmən
mövqeyi sərgiləyən dövlətlərdir. Qonşu dövlətlərlə münasibətlərdə
Azərbaycan xalqının maraqları ön planda
tutulmalıdır. İkinci suala cavab olaraq bildirim ki, istər xarici, istərsə
də daxili siyasət türk birliyinin tərəfdarı
olmalıdır".
Tarixçi
Azər Nuriyev bildirir ki, Ermənistanla müharibə şəraitində
olan ölkə kimi Azərbaycan qonşularla
"sıfır" problem siyasəti yeritməlidir: "Nə
qədər çətin olsa da, bunu bacarmaq lazımdır. İkinci sulınızla bağlı
düşünürəm ki, xarici siyasətimizin əsas
prioriteti Ermənistanın işğalçı dövlət
olduğunu dünya birliyinə çatdırmaq
olmalıdır. Ən önəmli məsələlərdən
biri də demokratik dövlət imicinin daha da yüksəldilməsi
prioritet kimi diqqət mərkəzində olmalıdır".
Bakı
Dövlət Universitetinin tələbəsi Zeynəb Əkbər:
"Qardaşımız olan Türkiyədən başqa
bütün qurudan sərhəd qonşularımızın
bizimlə üzdə dostluğu var. İranın, Gürcüstanın,
Rusiyanın, Ermənistanın bizə yetərincə
ziyanı dəyib. Həm can alıblar, həm torpaq. Amma bugünkü durumda əsla siyasət hisslərlə
idarə olunmamalıdır. Yəni hər
biriylə əlaqə qurulmalıdır. Acı
həqiqətdir ki, bizim buna ehtiyacımız var. İkinci
sualınıza cavabım budur ki, Azərbaycanın ərazi
bütövlüyünun təmin olunması başlıca
olaraq xarici siyasətin prioriteti olmalıdır. Bununla yanaşı öz xalqının mədəniyyətini,
tarixini, sərvətini xarici əlaqələr zamanı
lazımi qaydada ön plana çəkilməlidir".
Bütöv
Azərbaycan Gənclər Təşkilatının sədri Zəka
Sahib: "Düşünürəm ki, ümumiyyətlə,
hər ölkə ilə münasibətlərimizi onların
dövlətimizə olan münasibətlərinə və Azərbaycanın
ərazi bütövlüyü məsələsində
tutduqları mövqeyə görə tənzimlənməlidir.
Bununla yanaşı dövlətimizin ciddi
hazırlanmış doktorinası olmalıdır. İkinci sualla bağlı fikrim budur ki, Azərbaycanın
ərazi bütövlüyü təbliğ edilməli, Ermənistanın
işğalçı dövlət olduğu dünyaya
çar çəkilməlidir. Eləcə
də Azərbaycana parçalanmış xalq statusu əldə
olunmalıdır və bütöv Azərbaycan ideologiyası
xarici siyasətin əsas amilləri sırasına daxil edilməlidir".
Vuqar
Abbasov bildirir ki, Azərbaycan qonşuları ilə münasibətləri
qonşuluq prinsipləri əsasında qurmalıdır:
"İstər qonşu dövlətlər, istərsə də
qonşu olmayan dövlətlərlə münasibətlərdə
milli maraqlar öndə olmalıdır. İstənilən
halda birinci növbədə dövlət öz
maraqlarını düşünməlidir.
İkinci
suala cavabım: Elə etmək lazım ki, müstəqilliyimizə
qarşı heç bir təhlükə olmamalıdır. Bütün münasibətlər olduğu ölkələrlə
maraqları üst-üstə düşməlidir.
Avropaya inteqrasiya etmək gərəkdir"
İngilis
dili müəlliməsi Sədaqət İsmayılova:
"Öz daxili siyasətini elə güclü qurmalısan və
aparmalısan ki, qonşular özləri səninlə
danışmağı, hesablaşmağı üstün
tutmalıdır. Azərbaycanın neft kimi xəzinəsi
var. İqtisadiyyatı güclü dövlətin siyasi iradəsi
də güclü olur. Azərbaycanın xarici siyasət prioriteti milli
maraqlar üzərində qurulmalıdır".
Yazar Kəmalə
Şahbazi: "Düşünürəm ki, qonşularla
münasibətimiz qarşılıqlı qurulmalı və
faydalı olmalıdır. Qonşu ölkələrdən
olan qardaş Türkiyə ilə isti münasibətlərimizi
qoruyub saxlamalıyıq. Xarici siyasət hər
bir dövlətin beynəlxalq aləmdə mövqelərinin
möhkəmlənməsinə, ikitərəfli və
çoxtərəfli münasibətlərin gücləndirilməsinə,
mövcud problemlərin həllinə yönəlir. Odur
ki, dövlətçiliyin, müstəqilliyin qorunması,
milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə
mühüm istiqamətlər kimi nəzərdən
keçirilməlidir".
"Yeni
Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri
Nailə İsmayılova hesab edir ki, bütün dövlətlər
biri birilə qonşudur: "Çünki biz eyni dünyada
yaşayırıq. Və münasibətlər
də qonşuluq prinsiplərinə əsaslanmalıdır.
Söhbət yaxın qonşudan gedirsə,
artıq burada münasibətlər qarşılıqlı
olmalıdır, yəni yaxın qonşuluq siyasəti həyata
keçirilməlidir. Belə ki, ilk öncə
qonşuluq siyasətindəki dövlətlərarası sərhədlər
prioritet məsələ kimi hər iki dövlət tərəfindən
qorunmalı və onun şərtlərinə əməl
olunmalıdır. Azərbaycana gəlincə,
bizim dövlətimiz istər yaxın, istərsə də
uzaq qonşuluq siyasətini artıq qurmuş və bu məsələdə
bütün prinsiplərə yüksək səviyyədə
əməl edir. İkinci suala cavabım
odur ki, Azərbaycanın xarici siyasətinin prioriteti beynəlxalq
təşkilatlara inteqrasiyadır, ölkəmizin bu təşkilatların
konvensiyalarına qoşulması buna bariz nümunədir".
Babək
Cəfərov bildirir ki, Azərbaycanın qonşu ölkələrində
onun tarixi torpaqları var: "Hazırda Ermənistandan
başqa qonşu ölkələrdə olan tarixi
torpaqlarımıza gedib-gələ bilirik. Ermənilər ərazi
bütövlüyümüzü dəfələrlə
pozubdur,
Qarabağı işğaldan azad etməliyik. Qonşu ölkələrdə olan tarixi
torpaqlarımızı da unutmamalıyıq. İkinci suala cavabım odur ki, ölkələrlə
və beynəlxalq təşkilatlarla faydalı münasibətlər
qurulmalıdır".
Siyasi fəal
Gövhər Hacıyeva suallarımıza cavab olaraq bildirdi ki,
qonşu ölkələrə münasibətlər mütləq
milli maraqlar üzərində qurulmalıdır:
"İkinci suala cavabım odur ki, ehtiyatlı və hər
zaman müdafiəyə hazır bir siyasət
qurulmalıdır".
Sevinc
Əhmədova deyir ki, Azərbaycan qonşu ölkələrdən
başı bəlalar çəkdiyini unutmamalıdır:
"İkinci suala cavabım budur ki, Azərbaycan xarici siyasətinin
prioritetində öz xalqının mənafeyini qorumaqla
yanaşı, demokratik islahatlar aparmalıdır".
Mənsur
Rəğbətoğlu hesab edir ki, Azərbaycanın qonşu
dövlətlərlə münasibətləri həmişə
qaydasında olub: "Lakin tarix də göstərir ki,
heç vaxt ölkəmizin qonşu baxımından bəxti
gətirməyib. Separatçılıq sanki
hamısının qanına işləyib. Müəyyən qədər Türkiyənin
münasibətləri normaldır. Lakin
dövlətçilik maraqları məsələsinə gələndə
Türkiyə də Azərbaycanı qıcıqlandıracaq qərarlar
verir. Ümumi halda isə Türkiyə
bizim üçün yaxşı qonşudur. Ermənistan, Rusiya və Gürcüstandan isə
ümumiyyətlə danışmağa dəyməz. Bu dövlətlərin ərazilərinin müəyyən
hissəsini Azərbaycan torpaqları təşkil edir. Qıcıqlandırıcıdır. Məsələn, gürcülərin Zaqatala və
Qax rayonlarına iddia etməsini başa düşmürəm.
Borçalı, Tiflis bizim deyilmi? Bizimdir. Gürcülər bunu
bilirlər. Və
separatçıdırlar. Dərbənd və
Cənubi Azərbaycan bizim deyil, bütün Ermənistan Azərbaycanın
tarixi əraziləri deyilmi? Belədir.
Bu gün həmin dövlətlər
separatçılığı özlərinə alət edib
absurd iddialarla Azərbaycanın üzərinə gəlirlər.
Buna baxmayaraq Azərbaycan heç vaxt bu dövlətlərə
qarşı hansısa iddialarla çıxış etməyib.
Görünür, ən azından
özümüzün olanı qaytarmaq çabasında
olmalıdır ki, yerində sakit otursunlar.
Gürcüstan, Rusiya, İran və Ermənistan bu istiqamətdə
aqressivləşdikcə, bu artıq zərurətə
çevrilir.
İkinci sualla bağlı fikrim budur ki, region və
dünyada baş verən gərgin proseslər bütün
dövlətlər üçün təhdid mənbəyinə
çevrilib.
Müharibələr bəşəriyyətin bədəninə
zəhərli sarmaşıq kimi sarılıb. İkili standartlar dünyanı yeni təhlükələrə
hamilə buraxıb. Qlobal güclərin cəmiyyətlər
üzərindən oynadıqları siyasi oyunlar bəşəriyyəti
içərisinə qaz doldurulmuş şar
kimi şişirir. Artıq partlamağa
hazırdır. Müharibələrin dini,
təriqət, məzhəb, etnik, sinfi və sosial zəmində
aparılması prosesləri daha da təhlükəli hala
soxur. Dini ayrı-seçkilik zəimnində
baş verən digər müharibələrdən biri də
Ermənistan-Azərbaycan qarşıdurmasıdır. Beynəlxalq hüquq tapdalanaraq, Ermənistan və Azərbaycanı
Dağlıq Qarabağ münaqişəsinə görə,
eyni çəkilməsi təhlükənin hansı
ölçüdə olmasını isbat edir. Heç bir halda vicdani və əxlaqi
narahatlıqları olmayan barbar şəbəkələrin
dünya üzərində palazlanması ikili standartlardan
qaynaqlanır. Beynəlxalq qurumlar hədəfə
aldıqları cəmiyyətləri ABŞ, Rusiya və
Çin jarqonu ilə məhv edirlər. Vatikan
kilsəsinin lənətlədiyi müsəlman ölkələrində
də artıq müqəddəratları bu dövlətlər
təyin edirlər. Xristian cəbhəsi
qurban ovuna çıxmaqdan doymur. Bu isə
əsəbləri tarım çəkir. Əvvəlcə
ayrı-ayrılıqda ölkələri, indi isə qitələri
cəhənnəm coğrafiyasına çevirirlər. Qlobal imperializm öz iqtidarını qurmaq
üçün içərisi insan dolu ölkələri və
qitələri cansız obyektlər kimi dağıdırlar.
Nə müqəddəslik, nə insani, nə fəlsəfi
dəyərlər qalıb. Dilqəm
Əsgərovu öz vətənində əsir saxlamaqdan
böyük əxlaqsızlıq yoxdur. Proseslər
nəzərə alınıb işğalda olan ərazilər
azad edildikdən sonra Azərbaycan bitərəfliyini elan etməlidir".
Ramid
İBRAHİMOV
Bizim yol.-2014.- 9 avqust.- S. 11.