“Dünyaya
mədəni inteqrasiya xarici
siyasətimizin əsas prioritetlərindən biridir”
Özünəməxsus mədəniyyəti
ilə seçilən
Azərbaycan beynəlxalq
festivallar məkanına
çevrilir
Azərbaycan dünya ölkələri arasında özünəməxsus mədəniyyəti ilə seçilir. Qədim və zəngin mədəniyyətə sahib olan ölkəmizin malik olduğu bədii yaradıcılıq sahəsi öz orijinallığı və çoxşaxəliyi ilə daim seçilib. Mədəniyyətimizin ən əsas göstəricilərindən biri də musiqi sahəsidir. Müasir zamanda musiqini sevməyən çox az insan olar. Latın dilindən "pərilərin dili" anlamına gələn musiqi bütün dünyada mədəniyyətləri bir-birinə yaxınlaşdıran bir vasitədir.
Müstəqillik dövründən etibarən Azərbaycan bəstəkarları xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə iştirak etməklə musiqimizi dünyaya tanıtma şansı əldə ediblər. Musiqimiz dünya ölkələri arasında öz layiqli yerini tutduqdan sonra ölkəmiz beynəlxalq festivalların, tədbirlərin mərkəzinə çevrilib.
Beynəlxalq festivalların məkanı olan Azərbaycan
2007-ci ildən başlayaraq ölkəmizdə Mstislav Rostropoviçin şərəfinə Beynəlxalq musiqi festivalı keçirilir. 2007-ci il dekabrın 11-dən 18-dək keçirilən Mstislav Rostropoviç adına I Beynəlxalq musiqi festivalında M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Murad Adıgözəlzadə, Aleksandra Korsantiya (ABŞ), Mixail Lidski (Rusiya) kimi tanınmış pianoçular, məşhur rusiyalı skripkaçı, dirijor Maksim Vengerov, skripkaçı Sergey Krılov, violonçel çalan Natalya Qutman, dünyanın ən məşhur musiqiçilərindən biri sayılan Yuri Başmetin rəhbərliyi ilə "Moskva solistləri" kamera orkestri çıxış ediblər. Festival ənənəvi olaraq 2008-2012-ci illərdə də təşkil olunub. 2014-cü ilin mayında VII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilib. Beynəlxalq müsabiqələr laureatları, tanınmış Azərbaycan, Amerika, İtaliya, Rusiya və Fransa skripkaçıları, dirijorları, vokalçıları və pianoçularının çıxış etdiyi festivallarda dünya şöhrətli musiqiçilərin iştirakı ilə ustad dərsləri keçirilib, müxtəlif müsabiqələr təşkil olunub.
2009-cu ildən başlayaraq Heydər Əliyev Fondu hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirir. Birinci Qəbələ Beynəlxalq musiqi festivalında dünyanın 16 ölkəsinin nümayəndəlikləri iştirak ediblər. Bu iştirakçılar ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər olublar.
Gənc pianoçuların müsabiqəsi də Beynəlxalq musiqi festivalı çərçivəsində həyata keçirilib. Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçunun mübarizəsində Rusiya pianoçusu İlya Maksimov müsabiqənin ən yüksək mükafatı olan "Qran-pri"yə sahib olub. Finalda mübarizə aparan digər gənc pianoçulardan xorvatiyalı Qoran Filipets birinci, rusiyalı Aleksandr Yakovlev ikinci, azərbaycanlı Toğrul Hüseynli dördüncü və yaponiyalı Şimomura Misako beşinci mükafata layiq görülüblər. Həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafata Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görülüblər.
2010, 2011, 2012 və 2013-cü illərdə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalları çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunub. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış ediblər.
VI Qəbələ Beynəlxalq Musiqi festivalı
Son olaraq keçirilən ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi festivalı Qəbələ şəhərində iyulun 23-dən avqustun 1-dək keçirilib. Festivala Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar qatılıblar. Həmçinin Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna və Cənubi Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - İohannesburq Filarmonik orkestri, İsrail "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları festivalın iştirakçısı olub. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edib.
Festivalın açılışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məktubu oxunub. M.Əliyeva məktubunda bildirib ki, əsrlər boyu çoxmillətli və çoxkonvessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır: "Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk".
Qəbələ VI Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli mətbuata açıqlamasında deyib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır: "Builki festivalın proqramı çox zəngindir. Festivalda bir-birindən maraqlı konsertlər olacaq və müxtəlif janrlarda musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Qəbələ VI Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq"
Fərhad Bədəlbəyli konsertlərdə Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, İsrail və Avstriyanın müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin iştirak edəcəyini bildirib. O, festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xətti var.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
2009-cu ilin martında
Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilati dəstəyi ilə dünyada
ilk dəfə olaraq
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı keçirilib.
Festival
çərçivəsində keçirilən Beynəlxalq
Muğam Müsabiqəsi və Beynəlxalq
Elmi Simpoziumda muğamsevərlər,
elmi tədqiqatçılar və
dünyanın bir çox
ölkələrindən (Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Tacikistan,
Qazaxıstan, Misir, Türkiyə, İtaliya, Almaniya) dəvət
olunmuş xarici qonaqlar iştirak
ediblər. 2011-ci ilin martında Bakıda "Muğam aləmi" II Beynəlxalq
Muğam Festivalı keçirilib. Dünyanın
müxtəlif ölkələrindən
(ABŞ, Türkiyə, Çin,
İran, Özbəkistan,
İraq, İordaniya) tanınmış musiqiçi
və tədqiqatçıların
iştirak etdiyi
Festival çərçivəsində də elmi simpozium
təşkil olunmuş,
muğam opera tamaşaları,
muğam əsasında
yaradılmış simfonik
əsərlərdən, klassik
Azərbaycan muğamlarından,
etno-caz musiqisindən ibarət konsertlər keçirilib.
2013-cü
il martın
9-dan 19-dək Bakıda "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı keçirilib. Festival çərçivəsində
həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində
Azərbaycanın və
xarici musiqiçilərin
iştirakı ilə
konsertlər keçirilib,
beynəlxalq muğam müsabiqəsi, beynəlxalq
elmi simpozium və ustad dərsləri
təşkil olunub.
Festivalda Türkiyə,
İran, İraq, Özbəkistan, Tacikistan,
Qazaxıstan, ABŞ, Fransa,
Kanada, İngiltərə,
Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan,
Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər
və qruplar iştirak ediblər.
Beynəlxalq festivalın iştirakçıları
arasında, "Gözəl
qızlar" qrupu (Çin), Hüseyn Əl-Ədhəmi (İraq),
Lotvi Buşnak (Tunis), Munojat Yolçiyeva (Özbəkistan), Abdessalam
Bajedub və "Chabab Al Andalouss" qrupu (Mərakeş), "Turasu Libya Makam" (Liviya), Cefri Verbok (ABŞ), Ozodaxon Aşurova (Tacikistan), Meta Pandit (Hindistan), "Anadolunun səsləri"
ansamblı (Türkiyə),
Xoakin Kortes və "Flamenko" ansamblı (İspaniya) və digər tanınmış ifaçılar
də musiqi kollektivləri olub. Festivalda xarici musiqiçilərlə yanaşı,
Azərbaycanın görkəmli
muğam ustaları Arif Babayev, Alim
Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Mələkxanım
Əyyubova, Zabit Nəbizadə, Simarə İmanova, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Gülyaz Məmmədova, Fərqanə
Qasımova, Vüsalə
Musayeva, Təyyar Bayramov, istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Rəvanə Ərəbova,
Səbinə Ərəbli,
Kamilə Nəbiyeva, Mirələm Mirələmov
və başqaları
çıxış edib.
Teymur
Bizim yol.-2014.- 21 avqust.- S. 9.