“Dövlətimiz
dünyanın qapılarını gənclərimizin
üzünə açdı”
Oktay Quliyev: “Bu gün
hər 5 gəncdən
3-ü xaricə getmək,
orada təhsil almaq, oranın mühitinə inteqrasiya olunmaq barədə düşünür”
Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Gənclər siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. 2011-ci il aprelin 6-da Prezident İlham Əliyevin Azərbaycan gəncliyi ilə bağlı imzaladığı sərəncam da sosial çevrədə gənclərə verilən əhəmiyyətin ən əsas göstəricilərindən biri sayılır.
Bu gün dinamik Azərbaycan gəncliyi öz fəallığı, təşəbbüskarlığı ilə cəmiyyətdə önəmli mövqe tutur. Bundan əlavə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində də gənclər xüsusi rol oynayırlar. Gənclərimiz dövlət xətti ilə, yaxud vətəndaş cəmiyyətinin təmsilçisi kimi dünyanın müxtəlif ölkələrində olur, orada Azərbaycan həqiqətlərini çatdırır, dövlətlərarası münasibətlərin yaranmasında yardımçı olurlar.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə mərhum prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdir. Azərbaycanda ilk gənclər forumu 2 fevral 1996-cı ildə keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. II forum - 1999-cu ildə, III forum - 13 oktyabr 2003-cü ildə, IV forum - 2005-ci ildə, V forum - 03 oktyabr 2008-ci ildə, VI forum - 25 oktyabr 2011-ci ildə və son olaraq VII Forum 2 iyul 2014-cü ildə Bakı şəhərində keçirilib.
Bundan başqa 2008-2011-ci illərdə gənclərin göstərdiyi səylər nəticəsində Azərbaycanın gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var.
Bu gün cəmiyyətdə önəmli mövqe tutan gənclərimiz çoxdur. Onlar həyata keçirdikləri tədbir, forum və müsabiqələrlə gənclərarası aktivliyin, intellektuallığın, dinamizmin artmasına səbəb olurlar. Gənclərimiz müxtəlif xarici forumlarda, tədbirlərdə, yarışlarda çıxış edərək ölkəmizi təmsil edirlər. Azərbaycanın bu gün Avropa ölkələrində tanınmasında gəncliyimizin fəaliyyəti böyükdür. Ölkəmizin fəal gənclərindən biri də Oktay Quliyevdir. O, hazırda Xarici Dillər Universitetinin tələbəsidir. O.Quliyev bir çox xarici ölkədə azərbaycanı təmsil etmiş, onların mədəniyyət və sosial həyatları ilə yaxından tanış olmuşdur. "Bizim Yol" əməkdaşı Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə fəallığı, özünün iştirak etdiyi forumlar və tədbirlər haqqında O.Quliyevlə həmsöhbət olub.
- Oktay bəy, məlumdur ki, gənclərimiz Azərbaycanı müxtəlif ölkələrdə təmsil edirlər. Mədəniyyətimizi dünya xalqlarına çatdırmağa çalışırlar. Fəal bir gənc kimi siz Azərbaycanı indiyə kimi hansı xarici ölkələrdə təmsil etmisiniz?
- İndiyə kimi ölkəmizi İsraildə və Ukraynada təmsil etmişəm. İsraildə ivrit dili üzrə yay məktəbinə seçilmişdim. Orada keçirilən "intercultural night" (mədəniyyətlərarası gecə) adlı gündə 136 iştirakçı öz ölkəsinin mədəniyyətini sərgiləyirdi. Eynilə mən və mənimlə birlikdə gələn digər azərbaycanlı iştirakçı ölkəmizin mədəniyyətini, musiqisini, Dağlıq Qarabağ məsələsini xarici iştirakçılara çatdırdıq. İsraildə Azərbaycana və onun mədəniyyətinə qarşı çox böyük hörmət və maraq vardı. Baxmayaraq ki, bizim ölkəmizdə İsrail barəsindəki rəylər çox da müsbət deyil. Ancaq buna baxmayaraq, mən yəhudilərdən heç bir pislik görmədim. Yerli yəhudilər, xaricdən gəlmə yəhudilər və eyni zamanda xarici vətəndaşlar Azərbaycan haqqında yüksək fikirdə idilər. Doğrudur, əksəriyyəti heç xəritədə Azərbaycanın yerini belə bilmirdi. Söhbətimizdən sonra, onlar ölkəmiz haqqında maraqlanmağa başladılar. Mənə Azərbaycanın xəritəsi, Naxçıvanın nəyə görə ayrı olması, Dağlıq Qarabağ haqqında bir çox sual verdilər. Mən də əlimdən gələn qədər onları düzgün məlumatlandırdım.
- Azərbaycan gəncliyinin bugünki fəaliyyəti sizi qane edirmi?
- Bu gün Azərbaycan gəncliyinin xaricə inteqrasiyası çox artıb. 3-4 il əvvəl gənclər arasında könüllü işləmək, beynəlxalq və yerli forumlarda, layihələrdə iştirak etmək, dil kurslarına, yay məktəblərinə getmək o qədər də geniş yayılmamışdı. Ancaq indi hər 5 gəncdən 3-ü xaricə getmək, orada təhsil almaq, işləmək barəsində düşünür. Ən azından mən əhatəmdə olan insanlara və ümumi ictimai rəyə əsaslanıb bu fikiri söyləyə bilirəm. Hətta xaricdə təhsillə bağlı dövlət proqramının yaranması ilə kifayət qədər istedadlı gənclərimiz təhsilini almaq üçün xarici ölkələrə üz tutdu. Əgər o gənclərə dövlətimiz arxa durmayıb, onların təhsil, yaşayış xərclərini ödəməsəydi, gəncliyimiz gündən-günə cılızlaşardı. Dövlətimiz dünyanın qapılarını gənclərimizin üzünə açdı. Hazırda gənclərimiz fərqli təşkilatlar, klublar, dərnəklər yaratmağa can atırlar. Mənim nəzərimdə son 2 ildir ölkəmizdə Qeyri Hökumət Təşkilatlarının sayı bir xeyli artıb. Artıq hər kəs öz marağına uyğun təşkilata üzv ola, ya da könüllü fəaliyyət göstərə bilər.
- Ölkəmizdə və xarici ölkələrdə keçirilən tədbirlərin hansı müsbət cəhətləri var?
- Azərbaycanda keçirilən tədbirlərin müsbət cəhəti odur ki, gələn xarici qonaqlar həmişə yüksək səviyyədə qarşılanma, yaşayış və yeməklə təmin olunurlar. Amma xarici tədbirlərin əksəriyyətində buna az diqqət edilir. Deməzdim ki, bizim ölkəmiz xarici tədbirlərin keçirilməsində təcrübəsizdir. Bu sahədə kifayət qədər təcrübəmiz var. Və istənilən beynəlxalq
tədbirə, layihəyə ev sahibliyi edəcək təcrübəyə və gücə sahibik.
- Gənc yaşınızda müxtəlif mədəniyyətləri tanımaq şansınız olub. Bu, sizin dünya görüşünüzə, ölkəmizə baxışınıza necə təsir edib?
- Gördüklərim məni monoton düşünməkdən, dar məntiqlə düşünməkdən xilas edib. Hər bir ölkədə fərqli insanlar görmək fərqli mədəniyyət görmək deməkdir. Xaricdə insanlara baxıram, hər kəs öz işində, heç kim heç kimə qarışmır. Kimsə kiminsə atası, anası, ağsaqqalı deyil. Hər kəs özüdür və özünə cavabdehdir. Gənclərimizdən xaricə inteqrasiya edənlər çoxdur, amma çox təəssüf ki, hər xaricdə təhsil alan, xaricə inteqrasiya edən gənc ideal gənc sayıla bilməz. Ola bilsin ki, o, getdiyi ölkədə oranın mühitinə adaptasiya olmaq əvəzinə, gəldiyi ölkədən öz qanunlarını özü ilə gətirsin. Adətən toplu halda xaricə gedən gənclik bu cür edir. Özləri ilə öz qanunlarını aparır. Çox təəssüf ki, yaxşı şeylərimizi yox, pis verdişlərini özləri ilə aparırlar. Mən həmişə xaricə tək getməyi üstün tutmuşam. Bu həm sizin diliniz üçün, həm də istənilən mühitə adaptasiya olmağınız üçün əla imkandır.
- Bu dəfə gedəcəyiniz ölkə haradır? Baş tutacaq tədbirdən gözləntiləriniz nələrdir?
- Son olaraq
iştirak edəcəyim tədbir 20-27 avqust tarixində Cənubi Koreyanın Seul və Muju şəhərlərində
baş tutacaq. Tədbirə Koreyanın "The National Council of Youth
Organization" adlı qeyri
hökumət təşkilatı
rəhbərlik edəcək. Mövzunun adı
"25-ci beynəlxalq gənclər
forum"dur. Ümumilikdə 80 iştirakçı olacaq.
20 nəfər yerli, yerdə qalanı isə 60 ölkədən gəlmiş
60 iştirakçı olacaq.
Mən də Azərbaycanı təmsil edəcək nümayəndəyəm. Özümlə ölkəmizin milli
geyimini, bayrağımızı,
müxtəlif şirniyyat
və içkilərimizi
sərgiləmək üçün
aparacam. Düşünürəm ki, bu tədbirdə
ölkəmizi layiqincə
təmsil edəcəm.
Bu tədbirdə yaşayış xərclərimi
Koreyanın NCYOK təşkilatı
qarşılayacaq. Amma səfər
xərclərimi ödəmək
iqtidarında olmadığım
üçün oxuduğum
Azərbaycan Dillər
Universitetinə müraciət
etdim. Sağ olsunlar, xahişimi nəzərə aldılar
və mənim üçün ən uyğun bileti almaqda mənə dəstək oldular. Düşünürəm ki, ölkəmizdə
Azərbaycan Dillər
Universiteti qədər
öz tələbələrinin
qeydinə qalan, onların problemləri ilə maraqlanan ikinci bir universitet
və universitet rəhbərliyi yoxdur.
- Gəncliyimizin Avropa
gəncliyindən fərqi
nələrdir?
- Avropa gəncliyi dediyimiz sadəcə bir stereotipdir. Avropanın da savadsız, dar düşüncəli,
mədəniyyətsiz gəncliyi
var. Avropa gəncliyini
sırf nümunə olaraq özümüzə
götürə bilmərik.
Məncə, hər kəs
öz üzərinə
düşəni etsə,
aktiv olsa, çalışqan olar və elə öz müasir gəncliyimizi formalaşdıra
bilərik. Şəxsən Avropa gənci olmaq mənim arzum deyil. Mənim arzum müasir Azərbaycan gənci olmaq və bu
gəncliyimizin dəyərlərini
yüksəltməkdir.
Teymur
Bizim yol.-2014.- 22 avqust.- S. 9.