Müasir inteqrasiya prosesində iştirak etmədən tərəqqiyə nail olmaq mümkün deyil

 

Çingiz Bayramov: “Türkiyədə təhsil alıb elmlər namizədi olan şəxsin Azərbaycanda, həmçinin Azərbaycanda təhsil alıb elmlər namizədi olan şəxsin elmi dərəcəsi Türkiyədə tanınmalıdır

 

"Bizim Yol" qəzetinin budəfəki müsahibi "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) rəhbəri Çingiz Bayramovdur. Onunla Azərbaycan-Türkiyə münasibətləri, eləcə də iki ölkə arasında tələbə mübadiləsi ilə bağlı həmsöhbət olduq.

Müsahibimiz bildirir ki, Azərbaycan beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verir: "Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan  milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiyaİranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilib. Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücününrolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Türkiyənin Azərbaycanda, Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı".

Çingiz Bayramov deyir ki, Azərbaycan-Türkiyə arasında diplomatik əlaqəlar qurulandan sonra yüzlərlə azərbaycanlı Türkiyədə təhsil almaq üçün qonşu ölkəyə göndərilib: "Azərbaycan - Türkiyə mədəni əlaqələrinin ən mühüm əhəmiyyət kəsb edən və nəticələri daha aydın görünən istiqamətlərindən biri və bəlkə də birincisi təhsildir. Bu sahədə Azərbaycan-Türkiyə əlaqələri çox böyük inkişaf tempi qazanmaqdadır. Ötən əsrin 90-cı illərindən başlamış bu inkişaf dinamikasının nəticələri göz qabağındadır. Artıq bu, bir danılmaz faktdır ki, müasir inteqrasiya prosesində iştirak etmədən, onun imkanlarından faydalanmadan hər hansı bir tərəqqiyə nail olmaq mümkün deyil. Digər bir tərəfdən də həmin proseslərə qoşulmaqla beynəlxalq münasibətlərdə əsas yer tutan dinc yanaşı yaşamaq prinsiplərinin bərqərar olmasına bilavasitə kömək edilir. Bildirim ki, 1991-1995-ci illərdə Türkiyədə 1871 nəfər azərbaycanlı, Azərbaycanda isə 2500 türkiyəli tələbə ali təhsil alıb.

Təhsil sahəsində əməkdaşlığın ilk addımlarından sonra qardaş ölkə ilə iqtisadi münasibətlər inkişaf etdi. 1994-cü ilin sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin xarici neft şirkətlərinin konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci ildə dövlətlərin və beynəlxalq təşkilatın iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla-Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadistrateji maraqlarının təmin edilməsinə xidmət edir.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirmişdir. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürmüş və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz və Bakı-Tiflis-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Bu gün isə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq gündəmdədir. Yəni müxtəlif sahələrdə bir-birinə qarşılıqlı kömək, silahlı qüvvələr arasında əlaqələrin qurulmasının vacibliyi gündəmdədir. Bütün bunlarla yanaşı, ortaq dilin, ortaq tarixin, ortaq ədəbiyyatın birləşməsi üçün səylər var.  Ortaq əlifbanın, ortaq televiziya kanalının yaradılması arzuolunandır. Mədəni və başqa sahələrdə əməkdaşlıq mövcuddur və genişlənir.

Hesab edirəm ki, Türkiyədə təhsil alıb elmlər namizədi olan şəxs Azərbaycanda elmlər namizədi olaraq tanınmalıdır. Eyni ilə də Azərbaycanda təhsil alıb elmlər namizədi olan tələbəni Türkiyə tanımalıdır. Elm sahəsində müəyyən problemlər var ki, bunu həll etmək lazımdır. Arzuolunandır ki, Azərbaycanla Türkiyə arasında ortaq universitet, ortaq elmlər akademiyası olan təhsil müəssisələri yaradılsın.

Düşünürəm ki, ordu quruculuğu sahəsində əməkdaşlıq gücləndirilməlidir. Bu əməkdaşlıq həmin ölkələr və region üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında viza rejimi aradan götürülməlidir. Vətəndaşların, sahibkarların fəaliyyəti üçün rahat şərait yaradılsın. Türkiyədə təhsil alan tələbələrin Azərbaycanda, Azərbaycanda təhsil alan tələbələrin Türkiyədə qeyri-şərtsiz yaşaması və işləməsi üçün bütün hüquqi imkanlar yaradılmalıdır".

"Bu günə qədər 7 minə yaxın azərbaycanlı tələbə Türkiyə ali təhsil müəssisələrinin məzunu olub"

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin rəhbəri bildirir ki, hazırda Türkiyədə 1500 nəfərə yaxın  azərbaycanlı tələbə təhsil alır: "Məndə olan məlumata görə, 1991-ci ildən bu günə qədər 7 minə yaxın azərbaycanlı tələbə Türkiyə ali təhsil müəssisələrinin məzunu olub. Demək olar ki, bütün ixtisaslar üzrə azərbaycanlı tələbələr Türkiyə universitetlərində təhsil alırlar. Həmin ixtisaslar arasında dövlət idarəçiliyi, bələdiyyə idarəçiliyi, iqtisadiyyatbaşqa sahələr daha çox üstünlük təşkil edirlər. Türkiyədə təhsil alanlar iki qrupa bölünür: Dövlət proqramına uyğun olaraq təhsil alanlar, öz imkanları daxilində təhsil alanlar.

Dövlət proqramına uyğun olaraq təhsil alanlar sırasında tibb ixtisası üzrə təhsil alanlar ön sıradadırlar. Müstəqil şəkildə təhsil alanlara tövsiyəm budur ki, onlar Türkiyədə təhsil müəssisəsini seçərkən böyük şəhərlərdə yerləşən ali məktəbləri seçsinlər. Belə ki, İstanbul, Ankara, İzmir, Trabzon, Ədirnə və Samsunq şəhərlərində yerləşən universitetlərdə təhsil alsınlar. Başqa şəhərlərdə yerləşən ali təhsil müəssisələri hələ yeni qurulub, onların yaxın gələcək üçün perspektivi belə yoxdur. Türkiyənin uzaq bölgələrində yerləşən universitetlərində təhsil almaqdansa, Bakıda təhsil almağı uğurlu seçim hesab edirəm".

 

"Türkiyədə təhsil alan azərbaycanlı məzunların böyük arzusu..."

Çingiz Bayramov Türkiyə universitetlərinin məzunlarının probleminə də toxundu: "Sovetlər birliyi dönəmində xaricdə təhsil almış mütəxəssis vətənə dönərkən onun mənzil və problemi olmurdu. Belə ki, o vaxt Nazirlər Kabinetinin bununla bağlı qərarı vardı. Qərara görə, həmin mütəxəssislərin mənzil-məişət və işsizlik problemi həll edilmiş olurdu. Təəssüflər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həmin qərar qüvvədən düşdü. Arzuolunandır ki, xaricdə təhsil alan mütəxəssislərin mənzil-məişət və işsizlik probleminin həll olunması üçün yenidən müvafiq qərar verilsin. Doğrudur, Türkiyədə təhsil alan tələbələr arasında şirkət açanlar, böyük şirkətlərdə çalışanlar da var. Amma 1991-ci ildən 2000-ci ilə qədər Türkiyədə təhsil alan azərbaycanlı məzunların böyük arzusu dövlət sistemində çalışmaqdır".

Təbriklər Türkiyə!

Müsahibimiz fürsətdən istifadə edib, yaxın günlərdə qeyd olunacaq "30 Avqust Zəfər Bayramı" və "Türk Silahlı Qüvvələr Günü" ilə bağlı Türkiyə xalqını təbrik etdi: "Məlum olduğu kimi, "30 Avqust Zəfər Bayramı" şanlı Türkiyə ordusunun Mustafa Kamal Atatürkün komandanlığı altında 30 Avqust 1922-ci il Dumlupınarda, Anadolu torpaqlarını işğal etməyə çalışanların üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd olunur. Bu bayrama münasibəti ilə Türkiyəni, ümumilikdə türk dünyasını təbrik edirəm!"

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.- 27 avqust.- S. 9.