“İlahi vergini batil
eləmək olmaz”
Elza Seyidcahan “Ledi Qaqa hər zaman
məni təkrarlayıb”
Onu daha çox qeyri-adi geyimləri, fərqli ifa tərzi, bəstələri ilə tanımışıq. Bu gün lent.az-ın müsahibi bəstəkar-müğənni, son dövrlərdə yazdığı şerləri ilə müzakirə olunan əməkdar artist Elza Seyidcahandır. Onunla müsahibəmizdə bir çox məqamlara toxunduq. Yazdığı şeirlərdən, ona cadu olunmasından və dəli adlandıranlardan tutmuş yenidən ailə qurmaq sevdasına qədər.
- Bəstəkar kimi tanındınız və bəstələrinizi
Azərbaycanın bir çox
tanınmış müğənniləri oxudu.
Müğənni kimi də öz bəstələrinizi ifa
etmisiniz. Amma
yaradıcı işiniz yox,
açıqlamalarınız və geyim tərziniz
daha çox
müzakirə olunur...
- Mənim
sənətimi hər
adam anlaya bilməz. Anlamaq istəyən, ən
azı Elza qədər düşünməlidir.
Keçmişə nəzər salsaq, görərik ki, Azərbaycanın
görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyevi də
incidiblər. Mirzə Babayev kimi sənətkar səhnədə
olan zaman başına pomidor atıblar. Elə bilirsiniz ki, Rəşid
Behbudovu, Şövkət Ələkbərovanı başa
düşüblər? Yox. Şəxsən mən uşaq
vaxtı onları başa düşmürdüm. Heç
qulaq da asmırdım. Hətta o vaxtlar ailə üzvlərim
Vaqif Mustafazadəyə qulaq asırdılar, mən deyirdim ki,
“Bu nədir ki, qulaq asırsınız?” İllər
keçdikdən sonra mən Vaqif Mustafazadəni anaya bildim.
İndiki gənclər də Elzanı başa
düşmürlər. Zaman keçəcək, məni
anlayacaqlar. İndi məni başa düşməməklərini
anlayıram. Çünki onların böyük beyinləri
olmalıdır ki, məni də anlasınlar.
- Şerləriniz sosial
şəbəkədə məsxərə
mövzusudur.
- Bilirsiniz,
mənim şerimi də
hər adam anlaya bilməz. Şeirlərimdə
bir məna var. Amma el dilində belə bir deyim var ki, “hər kəs
öz aşına görə ölçər”. Yəni hər
kəs öz başa düşdüyü kimi anlayır. Məncə
bu da bir uğurdur ki, yazdığım şeirdə mən təsəvvür
etdiyim anlamı yox, başqa bir mövzunu
düşünürlər. Amma gün gələcək, həmin
şeirlərdə mən yazdığım anlamı
tapacaqlar. Bir çoxları elə bilir ki, Elza nə gəldi
yazır. Amma nə gəldi yazsam, insanlar nəsə müzakirə
etməzlər. Məsələn, dünya ulduzu Ledi Qaqa səhnəyə
çılpaq çıxdı, arxasını da
tamaşaçılar tərəfə tutdu. Daha sonra
üzünü də çevirdi, ağzında da “sosqa” var
idi. Sonra onu elə səhnədə də geyindirdilər. Bax,
mən onun bu addımını anladım. Hər kəs bunu
anlaya bilməz. Ledi Qaqa ağzında da “sosqa” lüt səhnəyə
çıxmaqla demək istəyirdi ki, o, hələ
uşaqdır. Onu geyindirirlər. Amma çoxları yazdı
ki, o, səhnəyə lüt çıxdı. Fikirlər
müxtəlifdir. Onun başı xarab deyil ki, səhnəyə
lüt çıxsın?
- Maraqlıdır,
Elza Seyidcahan da Ledi
Qaqanın atdığı addımı atardımı? Səhnəyə lüt
çıxardınızmı?
- Bilirsən Yalçın, Ledi Qaqa hər
zaman mənim addımlarımı təkrarlayıb. Amma
rejissor mənə desə ki, səhnəyə lüt
çıx, çıxaram. Niyə də yox. Amma bir şərtlə
rejissorun etdiyi o təklifin altında bir məqsəd, məna,
fəlsəfi fikir olmalıdır. Əgər olsa, səhnəyə
lüt çıxaram. Boş-boşuna səhnəyə
lüt çıxmaram. Mən ağıllıyam. Bəzi
müğənnilər kimi ağılsızcasına soyunub,
səhnəyə çıxmıram. Lazım gəlsə,
rejissor desə ki, bu addımın bu gün
qarşılanmayacaq, amma sabah qəbul olunacaq, səhnəyə
lüt çıx, düşünmədən edəcəm.
- Bəs Elza Seyidcahan cəmiyyətin
tənqidlərindən qorxmur?
- Yox, qətiyyən. Dünya ulduzları, Biyons,
Şakira da oxuyub. İndi baxıb, deyirlər ki, Biyonslar tərbiyəsizdir.
Yox, onlar tərbiyəsiz deyillər. Anlamırlar ki, onlar səhnədə
rol, obraz göstərirlər. Amma Azərbaycanda o qədər
müğənni var ki, Biyons olmaq istəyir, amma ola bilmir.
- Şeiri necə
yazırsınız? Yazdığınız şerləri
daha çox gecələr, yoxsa gündüzlər qələmə
alırsınız?
- Günün istənilən vaxtı
yaza bilərəm. Ölümün vaxtını bilmədiyimiz
kimi, şer yazmağın da vaxtı bilinmir. İlhamım nə
vaxt gəldisə, yazıram. Heç dünyaya gəldiyim
günü bilirdim ki? Şeirlər qəflətən gəlirlər,
məni salırlar bəlaya. Camaatda düşür
üstümə. (gülür)
- Özünüz
də bilirsiniz ki, sizi
tənqid edənlər çoxdur. Sosial şəbəkədə
barənizdə çox şərhlər yazırlar.
Heç olubmu ki, hansısa tənqiddən özünüzə
qapılmısınız?
- Heç vaxt heç bir tənqiddən
pis olub, özümə qapılmamışam. Çünki nə
etdiyimi bilən adamam. Ağzıma gələni etsəydim,
özümə qapılardım. Daim düşünüb,
addımlar atmışam. Siz nə bilirsiniz ki, məni tərifləyənlər
yoxdur? Sosial şəbəkədə məni tənqid edənlərin
əksəriyyəti bəzi saytlarda çalışan
insanlardır. Çünki mənə neçə-neçə
insanlar zəng vururlar ki, “Ay Elza xanım, mən sizin barənizdə
yaxşı şərh yazdım, amma onu sayta buraxmadılar”.
Hətta bir ara oğlum o neqativ şərhləri oxuyub, pis
olurdu. Deyirdi ki, “ana pis oluram”. Mən də deyirəm ki, siz o
şərhləri oxumayın, açın Obamanın səhifəsini,
görün ona da nə qədər tənqidi, hətta təhqiredici
şərhlər yazıblar.
- Bir çoxları sizə dəli
deyir...
- Bilirsiniz, kimə dəli deməyiblər
ki? İndi deyəcəm, deyəcəklər ki,
özünü dahilərlə eyni siyahıda müqayisə
edir. Hansı yadda qalan dahilərə dəli deməyiblər?
Hər bir dahidə bir balaca dəlilik olur. Özümü
dahilər arasına salmıram. Siz mənə sual verirsiniz, mən
də deməyəcəm ki, “mən dəliyəm”.
- Barənizdə çox şayiələr yayılmışdı...
- Haqqımda o qədər lazımsız məlumatlar, hətta
şərlər yazanlar olub. Hətta yazmışdılar ki,
o vaxtı Elzanı qudası toyda döyüb. Bu, ağ yalan
idi. Mənə şər yaxan insanları məhkəməyə
verə bilərəm. Hətta mən “Ağ yalanlar” adlı
mahnı da yazmışam. Mən ilanlardan yox, ağ yalanlardan
qorxuram. Mən Elza olaraq dərk etmişəm ki, dünya
şöhrətli insanlara hər zaman şər yaxıblar,
yaxacaqlar da. Hətta illər öncə iki uşağımla
birgə tədbirə getmişdim, ölməz bəstəkarımız
Şəfiqə Axundova da orda idi. Mənə baxıb dedi: “Sənə
baxıram, kənardan özünü o qədər xoşbəxt
aparırsan, amma sən bilmirsən ki, elə çətin sənətdəsən.
Gözəlsən, sənə o qədər şər, ləkə
atacaqlar ki... Özünü qoru. Sənə bir məsləhətim
var. Onlara heç bir zaman sözlə cavab vermə, yalnız
işlərinlə, sənətinlə cavab ver”. Birdə onu
deyim ki, barəmdə pis danışanları vermişəm
Allahın məhkəməsinə. Allah onların cəzasını
gec, tez verəcək.
- Elza Seyidcahan vergili
insandır?
- Hər bir insan vergilidir. Sadəcə
ağıllı bir adam, o vergini püxtələşdirməlidir.
Məsələn, vergini batil eləmək olmaz. İnsanlar var
ki, vergiləri var, amma şeytanı salırlar qəlblərinə.
Şeytan istedadsızların qəlbinə girməz. Elə
bilirsiniz ki, şeytan mənə hücum eləmir? O qədər
hücum edir ki... Mən şeytanı yaxın qoymuram.
Heç onu söymürəm. Çünki o da Allahın mələyidir.
Şeytan da mənə toxunmur. Bilir ki, imanı düzgün
adamam. Evimin hər yerində Quran var.
- Caduya inanırsınız?
- Mənə dua eləyiblər. Adamlar
var deyir ki, “Mən caduya
inanmıram, heç baxdırmıram”. Mən yalan deyə
bilmərəm. İnanıram. Göz, nəfs var.
- Artıq oğlunuz da ailə qurub, qızınız da
nişanlıdır. Yayda toy edəcəksiniz.
Bəs Elza Seyidcahan qadın kimi tək qalacaq?
- İnanırsınız, mənim
boş vaxtım olmur. Daim iş başındayam.
Mən qadın kimi xoşbəxtəm. Uşaqlarımın
atasından ayrılsam da, bilirəm ki, yenə məni dəlicəsinə
sevir. Allah onu da ailəsi ilə xoşbəxt eləsin. Sadəcə,
Allah onu məndən alıb ki,
sənətimlə məşğul olum. Sevmək də
gözəl hissdir. Deyirlər ki, sevən yox, sevilən
xoşbəxtdir. Bu fikirlə razı deyiləm. Bədbəxt
o adamdır ki, sevə bilmir. Mənim ürəyimin dərinliyində
sevgi var. Məni təmənnasız sevənlər var. Hətta
elələri var ki, deyirlər
“Yetər ki, sən icazə ver, səni sevim”. Mən də
icazə verirəm.
- Bu illər ərzində
evlilik təklifləri almısınız?
- Hə, o qədər olub... İndi də var. Amma ailə
qurmaq istəmirəm.
- Belə bir deyim
var: “Heç vaxt, heç vaxt demə”. Birdən elə bir təklif
olsa, sizi qane etsə, yenidən ailə qurmaq istəyərsiniz?
- Mən heç vaxt, heç vaxt
demirəm. Ola bilər. Ola bilər ki, qarşıma elə bir
insan çıxsın. Yəqin ki, qarşıma yaxşı
biri çıxsa, övladlarım və yaxınlarım məni
qınamaz. Övladlarım da razı olar, görərlər
ki, məsləhətli bir şeydir, razı olarlar. Amma hələ
ki, yenidən ailə qurmaq barədə düşünmürəm.
Hələ ağlıma da gəlmir. İndi hamı yazacaq ki,
“Elza ərə gedir”. Yaponların bir deyimi var: “Allahı
güldürmək istəyirsənsə, gələcək
planlarından danış”. Heç bir zaman planım
qurmamışam.
Bizim Yol.- 2014.- 16 dekabr.- S.15.