Azərbaycan Elminin və
jurnalistikasının fəxri
Bu gün Azərbaycan cəmiyyətində yaxşı
tanınan, elmi dairələrdə və media ictimaiyyətində
adı hörmətlə çəkilən Qulu Məhərrəmlini
hələ ötən əsrin 80-ci illərinin sonlarından
tanımışam. Həmin vaxtdan da Qulu müəllim, elə
indiki kimi, cavan, səmimi, sözündə-danışığında
diqqət çəkən bir gənc kimi mənim xatirimdə
parlaq iz buraxıb.
Qulu Məhərrəmli onda Azərbaycan televiziyasında
"Xəbərlər" proqramında
çalışırdı. Dövr çox
keşməkeşli idi, insanlar səksəkə içində
Qarabağ hadisələrini izləyirdilər, bir tərəfdən
də xalq hərəkatı başlanmışdı. Hamının diqqəti ekranlarda idi. Adamlar efirdə görünən hər kəsdən
doğru, vicdanlı söz eşitmək istəyirdi. Qulu müəllim xeyli cavan olmasına baxmayaraq, həmin
mürəkkəb vaxtlarda gedən proseslərdə
vicdanının səsinə qulaq asa bilir, ekrandan söz deməyin
məsuliyyətini dərk edir, hər cəhdlə həqiqətə
yaxın olmağa çalışırdı. Elə buna görə də geniş auditoriyanın
hörmətini qazanırdı.
Avtoritar jurnalistikadan nisbətən mülayim sistemə
keçidi hərə bir cür anlayırdı. Kimisi şəxsi
maraqlarının təmin edilməsi, kimisi yarınmaq fürsəti,
kimisi yalanlar üçün yeni dalğa kimi qəbul edirdi bu
dəyişiklikləri. Amma yeni mühitdə
jurnalistikanı yeni, demokratik dünyada qəbul edilmiş norma və standartların dirçəlməsi
kimi duyanlar da, hər hansı məlumatı təbliğat və
yalandan ayırıb efirə verənlər də var idi. AzTV-də bu dəst-xəttin ən parlaq nümayəndəsi
Qulu Məhərrəmli idi. Bir reportyor, xəbər
aparıcısı və şərhçi kimi o, fakt və
hadisələrə balanslı və qərəzsiz
yanaşmağı bacarır, pafosu və yalanı yaxına
buraxmırdı. Qulu müəllim reportyor kimi cəbhə
bölgələrindən, o cümlədən, mühasirədə
qalmış Xocalıdan reportajlar verəndə də, xəbər
aparıcısı kimi ekranlara çıxanda da, mürəkkəb
siyasi prosesləri şərhçi kimi təhlil edəndə
də minlərlə tamaşaçının
yaddaşına özünün obyektiv, dürüst və
vicdanlı jurnalist obrazını həkk edirdi. Onun
hadisələrə yanaşması, xəbəri
çatdırma tərzi yeni, oxu və danışıq
manerası təbii, tamaşaçı ilə ünsiyyəti
səmimi idi. Məhz bu keyfiyyətləri,
həmçinin həqiqətə sadiqliyi və yüksək
peşəkarlığı sayəsində Qulu müəllim
milli jurnalistikamızda öz zirvəsini ucalda bildi. Bu, mənəvi-əxlaqi dəyərlərlə
yüksək peşəkar standartların birləşdiyi bir
zirvədir.
O zaman Azərbaycan
dilinin təbliği ilə bağlı mən də tez-tez
televiziya və radio verilişlərinə dəvət olunurdum.
Elə Qulu müəllimlə ilk
tanışlığımız da bu verilişlərdən
birinə çıxışa gedəndə oldu. Teleşirkətin həyətində hal-əhval
tutduqdan sonra verilişlərdən söhbət
düşdü, ayaqüstü fikir mübadiləsi
apardıq, məlum oldu ki, o mənim qatıldığım
proqramları izləyir, mətbuatda dilimizin problemləri
haqqında yazılarımdan, xüsusən tənqidlərimdən
yaxşı xəbərdardır. Qulu müəllim
özünəməxsus bir əminliklə bildirdi ki, bu dəqiqə
sizin radiodakı verilişiniz dilimizin bir çox problemlərinin
həlli üçün televiziyadan daha çox iş
görür.
Həqiqətən, həmin dövrdə ana dilimiz, onun
normaları və işlənmə dairəsinin genişlənməsi
uğrunda cəmiyyətdə ciddi mübarizə
başlanmışdı və mən də Azərbaycan
radiosunda müəllifi və aparıcısı olduğum
"Ana dili" verilişində ciddi problemlər qaldırır,
rus dilindən qurtulmağın yollarını axtarıb
tapmağa çalışırdım. Xatırlayıram ki, məşhur
radiojurnalist, mərhum Mailə xanım Muradxanova, İbrahim
Göyçaylı , Şəfəq Sultan Əlixanlı, gənc
jurnalist Tahir Paşa da bu işə xeyli zəhmət sərf
edirdilər. Bu yaxınlarda mən o dövrün
çabalarını ayrıca bir kitabda - "Ana dili: Azərbaycan
dili efirdə" adı altında çap etdirdim və bu
kitaba çox müsbət reaksiya verənlərdən biri, məhz
professor Qulu Məhərrəmli oldu.
***
Qulu həmişə cəmiyyəti narahat edən,
müəyyən məqamlarda insanları
qıcıqlandıran, ölü nöqtələri dirildən,
canlandıran, məsuliyyət gətirən bir peşənin
sahibidir. Başqa bir yöndən jurnalist sənəti daha
çox bizim mənəviyyatımızı istiqamətləndirən,
dilimizi, ədəbiyyatımızı, tariximizi, müəyyən
mənada düzləndirən, nizamlayan bir sənətdir.
Məhz bu sənətdəki uğurlarına
görə çoxları Qulu müəllimi parlaq bir
jurnalist, siyasi şərhçi, publisist və ictimai xadim kimi
tanısa da, onun dilçiliklə bağlı
araşdırmalarından, yazdığı sanballı əsərlərdən,
monoqrafiya, lüğət və dərsliklərindən xəbərsizdir.
Halbuki o, Azərbaycan dilinin böyük təəssübkeşi
kimi bütün ömrü boyu ana dilimizin tərəqqisi
üçün çalışıb, indi də bununla nəfəs
alır. O, xəbər proqramlarının
aparıcısı olanda da (1991-1993), məzmunca müxtəlif
proqramları hazırlayıb aparanda da, "Səhər"
informasiya proqramına (1995-2007), Müəllif proqramları
departamentinə (2007) rəhbərlik edəndə də dil
problemini öndə saxlayıb. Eləcə də
Xəzər TV-də apardığı verilişlərdə
bütün ağlını, zəkasını və
enerjisini Azərbaycan dilinin təbliğinə yönəldə
bilib.
Jurnalist həm tarixçi, həm dilçi, həm də
ədəbiyyatçı üçün müəyyən
mənada yol göstərəndir. Qulu müəllimin
xoşbəxtliyi ondadır ki, o, dilçi jurnalistdir, cavan
vaxtlarından radio, televiziya dili üzərində işləyib,
çox gözəl tədqiqatları, orijinal elmi işləri
var, dissertasiyalar müdafiə edib. O, öz sənətinin
elmi ilə də məşğuldur. Öz
doğma dilinin yaşaması və yayılması yolunda
yorulmadan çalışan, bütün çətinliklərə
mərd-mərdanə sinə gərən Qulu müəllim təkcə
sözdə yox, həm də əməldə dilə sadiq
olduğunu daim nümayiş etdirib. 1989-cu ildə
uğurla müdafiə elədiyi namizədlik dissertasiyası
("Radiodramaturgiya dili"), 2004-cü ildə doktorluq işi
də ("Televiziya dili: funksiya və struktur")
jurnalistikanın əzəli və əbədi problemi olan dil
məsələsinə həsr olunmuşdur. Birinci
mövzu nə qədər konkret və praktik olsa da, ikinci
mövzu bir o qədər nəzəriyyə əsaslıdır,
amma eyni zamanda müasirdir, geniş bilik və
dünyagörüş tələb edən tədqiqatdır.
Həm də bu mövzu təkcə
televerilişlər üçün yox, bütövlükdə,
dilimiz və dilçiliyimiz üçün də
mühüm əhəmiyyət daşıyır. Çünki funksiya və struktur təkcə
müasir dilçiliyin onurğa sütununu təşkil edən
problem deyil, heç birbaşa jurnalistika ilə də
bağlı deyil, daha çox fəlsəfənin və
dilçiliyin obyektidir. Bir sözlə, dilçiliyimiz
üçün yeni olan belə bir mürəkkəb problemin
öhdəsindən gəlib ortaya sanballı bir iş qoymaq
yalnız Qulu müəllim kimi praktik zəkalı alimlərin
işidir.
Professor Q.Məhərrəmli
dilə münasibət mənasında bizim görkəmli
müəllim-jurnalistimiz Tofiq Rüstəmovun ən
yaxşı tələbələrindən biri və onun
davamçısıdır. Tofiq müəllim
radio, televiziya, mətbuat dili haqqında, demək olar ki, ilk
ciddi "Ədəbi redaktə" kitabını
yazmışdır. Mən Qulu müəllimi
bu ənənəni davam etdirən ən layiqli varis hesab edirəm.
Düzdür, bu işlə məşğul
olan ayrı-ayrı dilçi alimlərimiz və jurnalistlərimiz
var. Onların da zəhmətini itirmədən, bu varisliyin
Qulu müəllim tərəfindən daha ciddiyyətlə və
birmənalı şəkildə
daşındığını, irəli
aparıldığını qətiyyətlə söyləyə
bilərəm. Bunu deməyə bir
dilçi alim kimi, müəyyən mənada mənim də
haqqım var. Mən Tofiq müəllimlə Qulu müəllim
arasında ayırıcı bir düz xətt çəkər,
onları birləşdirərdim. Qulu
müəllimin ədəbi dilimizin KİV sistemində tətbiqi
ilə bağlı davamlı araşdırmaları,
ekran-efirin, nitq mədəniyyətinin özəllikləri,
şifahi ədəbi dilimizin qanunları və
qanunauyğunluqları haqqında gəldiyi elmi nəticələr
bizim üçün çox önəmlidir.
***
Filosoflardan biri deyib ki, sənə pislik eləyənlərdən
incimə, çünki onlar bununla sənin daha da səfərbər
olmağına, fərdi qabiliyyətini daha parlaq şəkildə
üzə çıxarmağına təkan verdiklərinin fərqinə
varmayıblar, yoxsa ciddi şəkildə buna pəl
vurardılar.
Bu mənada, hesab edirəm ki, Q.Məhərrəmli
kimi parlaq bir telejurnalistin 2007-ci ildə AzTV-dəki qaynar
jurnalistika həyatından uzaqlaşmağa məcbur olması
onun elmi karyerasının tamamlanmasına kömək etdi.
O, jurnalistika fəaliyyətini Xəzər TV-də ağayana
bir şəkildə davam etdirməklə yanaşı,
bir-birinin ardınca "Radio dərsləri" (2007),
"Mediada işlənən alınma sözlər" (2008),
"Mediada debatlar" (2009), "Radioteatr dəvət
edir" (2010), "Radio verilişlərinin dili və
üslubu" (2011), "Jurnalistikanın əsasları"
(2012), "Radio jurnalistikası: təməl biliklər"
(2013), "Məktəblinin alınma sözlər lüğəti"
(2014) kimi qiymətli kitablarını nəşr etdirdi. Bu əsərlərdən də
göründüyü kimi, Q.Məhərrəmli adi jurnalist,
publisist, dilçi, sənətşünas deyil, həm də
bu sahələrin elmi problemlərini yüksək səviyyədə
araşdıran tədqiqatçıdır. Diqqəti cəlb edən budur ki, o təkcə ənənəni
qoruyan və yaşadan yox, həm də özü ənənə
yaradan bir mütəxəssisdir. Bu mənada
çox çətin və çoxşaxəli bir missiya
yerinə yetirən Qulu müəllim bizim jurnalistika elmimizin əsasını
qoyanlardan, bu sahənin elmi-nəzəri əsaslarını
yaradanlardan biridir.
***
Təbii ki, ekrandan jurnalist, teleaparıcı, şərhçi
kimi tanınması, məşhurlaşması, adının
jurnalistika dairələrində daha tez-tez çəkilməsi,
bəzən Qulu müəllimi bir dilçi alim kimi müəyyən
qədər kölgədə saxlayır. Halbuki onun
kitablarının, apardığı araşdırmaların
xeyli hissəsi dil məsələləri, dilin kommunikasiya
sistemində tətbiqi problemləri və lüğətçiliklə
bağlıdır.
Mən Nəsimi
adına Dilçilik İnstitutunun direktoru
vəzifəsində çalışanda (2012-2013), səhv eləmirəmsə,
publisistika dilindən bəhs edən bir doktorluq
dissertasiyasına opponentləri təsdiqləyəndə Qulu
Məhərrəmlini təklif etdim. Təklifə bir-iki adam ağız büzdü, arqumentləri də
bu oldu ki, axı o, jurnalistdir. Mən də bu adamlara cavab verdim
ki, gedin, Qulu müəllimin müdafiə elədiyi
dissertasiyalarla yaxından tanış olun,
teleradio dili, nitq mədəniyyəti ilə bağlı
kitablarını, məqalələrini oxuyun, onda bilərsiniz
ki, nə qədər yanılırsınız.
Doğrudan da, müdafiədə Qulu müəllimin
çıxışını dinləyəndə
çoxları qarşılarında əsl elm adamını,
bir növ jurnalistika şöhrətinin kölgəsində
qalmış parlaq dilçi alimi gördülər. Mühakiməsi
aydın və sərbəst, cümlələri sərrast, əsərə
verdiyi qiymət obyektiv idi, tənqidi fikirləri elmi cəhətdən
ciddi əsaslandırılmışdı. Bütün bunlarla yanaşı, həm də
çoxlarının alışdığı şablon təhlildən
uzaq, maraqlı və cazibədar bir çıxış idi.
Ona görə də mən prof. Q.Məhərrəmlinin
simasında təkcə Azərbaycan jurnalistikasında deyil,
dilçiliyimizdə də çox mötəbər bir alimi
görürəm.
Jurnalistika şöhrəti dilçilik sahəsindəki
işlərini nə qədər üstələsə də,
özü nə qədər təvazökarlıq etsə də,
Q.Məhərrəmlinin dilçiliyimizin
inkişafındakı xidmətləri danılmazdır. O, dilçilik elminə
Aydın Məmmədov və Kamal Abdulla kimi görkəmli
alimlərimizin tövsiyəsi ilə gəlib, lap əvvəldən
bu sahənin problemlərinə fərqli prizmadan
yanaşıb, buna görə də dilçiliyimizin vərdiş
etdiyi ənənəvi mövzulardan kənar problemləri
araşdırıb, media və dil əlaqələri sahəsində
yeni səhifə açıb. Onun ardıcıl
araşdırmalarının məhsulu olan "Radiodramaturgiya
dili" (1990), "Hadisələr mikrofon
qarşısında" (1998), "Audiovizual nitq" (2000),
"Televiziya dili" (2002), "Kütləvi kommunikasiya və
dil" (2004), "Radio verilişlərinin dili və
üslubu" (2011) kimi əsərlərində, həmçinin
bir sıra məqalələrində qəzetin, kinonun, radio və
televiziyanın, bütövlükdə kommunikasiyanın dil
problemləri tədqiq edilmişdir. Təkrar edirəm ki, professor Qulu Məhərrəmli bu
araşdırmaları ilə dilçilik elmimizdə tamamilə
yeni istiqamətin əsasını qoymuşdur.
Qulu müəllimin leksikoqrafiya, xüsusən lüğət
yaradıcılığı sahəsindəki fəaliyyəti
haqqında ayrıca söz açmaq lazımdır. Audiovizual sənət
sahələrinin inkişafı ilə bağlı dilimizdəki
tendensiyaları əhatə edən "Kino, televiziya, radio
terminləri" (2002) izahlı lüğəti bu sahədə
hələlik yeganə sanballı izahlı
sözlüyümüzdür. Onun
"Mediada işlənən alınma sözlər" (2008)
lüğəti də hazırda mətbuatda və teleradio
verilişlərində tez-tez nəzərə çarpan
yanlışlıqları, xüsusən məna, vurğu və
tələffüz səhvlərini aradan qaldırmaq
baxımından çox əhəmiyyətlidir. Bu baxımdan Qulu müəllimin yenicə çapdan
çıxmış "Məktəblinin alınma sözlər
lüğəti"nə də (R.İsmayılovla birgə)
ciddi ehtiyac vardır. Ümid edirəm ki, onun çapa
hazırladığı "Frazeoloji birləşmələr"
və "Qısa siyasi lüğət" kimi
sözlükləri də dilçiliyimizə mühüm
töhfə olacaqdır. Çünki bu lüğətlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9
aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq
etdiyi Azərbaycan dilinin qloballaşma şəraitində
düzgün tətbiqi və işlədilməsi ilə
bağlı Dövlət Proqramının, həmçinin cəmiyyətimizin
atrmaqda olan sosial-mədəni tələbləri ilə
üst-üstə düşür.
Azərbaycan
dilinin və nitq mədəniyyətimizin inkişafı sahəsində
göstərdiyi əhəmiyyətli xidmətlərə görə
bu gün Nəsimi adına Dilçilik
İnstitutunun Monitorinq şöbəsinə məhz Qulu
müəllimin rəhbərlik etməsi tamamilə məntiqə
uyğundur. Əminik ki, dilçilik sahəsində həm nəzəri,
həm də daha çox praktik təcrübəsi olan
professor Qulu Məhərrəmli ana dilinin inkişafı ilə
bağlı adını çəkdiyimiz "Dövlət
proqramı"nın uğurla gerçəkləşdirilməsi
işinə öz layiqli töhfəsini verəcəkdir.
Qulu
müəllim, əziz dostum və həmkarım, sənin nə
yaşın var ki! Sən hələ neçə-neçə
problemin həllinə möhür vuracaqsan,
elimizin-obamızın sevimli alimi, publisisti, cəmiyyətimizin
layiqli vətəndaşı kimi gəncliyimizə örnək
olacaqsan, yazdığın və yazacağın əsərlərlə,
tələbə auditoriyasında və müxtəlif məclislərdə
iti ağlınla, əsl vətəndaş mövqeyinlə və
qətiyyətli sözünlə neçə-neçə
insana yol göstərəcəksən, həqiqəti dərk
etməkdə xalqımıza yardımçı olacaqsan. Bu alim və vətəndaş missiyasını
uğurla yerinə yetirə bilməyin üçün sənə
cansağlığı və səbr arzulayıram.
Fəxrəddin
VEYSƏLLİ
Filologiya elmləri
doktoru, professor
Bizim yol. – 2014.- 17 dekabr. S. 13.