“Sənət adamlarına verilən
qonorar cüzidir”
Səidə Quliyeva: “Fuad Poladov xaricdə
yaşasaydı, dünya səviyyəli ulduz olardı”
Azərbaycan
Respublikasının Xalq artisti Səidə Quliyevanın səmimi,
sadə və ünsiyyətcil xasiyyəti xoş təsir
bağışlayır. Qeyd edək ki, Səidə Quliyeva 5 mart 1957-ci ildə
Bakıda anadan olub. 1978-ci ildə
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib.
Həmin ildən təyinatla Akademik Milli Dram
Teatrında fəaliyyətə başlayıb. Akademik
Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin
"Xurşidbanu Natəvan" tarixi dramında Bəyim,
Şıxəli Qurbanovun "Sənsiz" dramında Sevinc,
Maksim Qorkinin "Həyatın dibində" əsərində
Nastya, Əli Əmirlinin "Ağqoyunlular və
Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris!
Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun
"Eşq və intiqam" pyesində Həcər xanım,
Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar
Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin
"Qatil" əsərində Qonşu, Mir Cəlalın
"Dirilən adam"ında Çəpəl Suralı, Cəlil
Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi
Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif
janrlı obrazlar yaradıb.
Aktrisa Azərbaycan
Dövlət Televiziyasının hazırladığı
İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərində
Reyhan, "Sarıköynəklə Valehin
nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın
"Yollar görüşəndə" dramında
Çiçək, "Qonşu qonşu olsa" əsərində
Balacaxanım, Mövlud Süleymanlının "Kökdən
düşmüş piano"sunda Gülər, Əli
Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli,
Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"
tele-tamaşalarında Məleykə və s. kimi rollar
oynayıb.
Fimoqrafiyasının
siyahısında 50-dən artıq film və teleserial var.
Onlardan bir neçəsinin adlarını sadalayaq: “Məhəbbətin
familiyası” (film, 1977), “Mən mahnı qoşuram” (film, 1979),
“Sürəyya” (film, 1987), “Şahid qız” (film, 1990), “Təxribat”
(film, 1990), “Tənha durna uçuşu” (film, 2003), “Topal Teymur”
(film, 1983), “Hansı peşə yaxşıdır” (film, 1982),
“Bizi bağışlayın” (film, 1979), "Fransız"
(film, 1995), “Gülüş sanatoriyası” (film, 1989) və son
vaxtlar “Aramızda qalsın”da (bədii
serial, 2011) Dilbər obrazı ilə yadda qalmış Səidə
Quliyeva. S.Quliyeva 2000-ci ildə Respublikanın Əməkdar
artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına
layiq görülüb.
Beləliklə,
onunla “Azərbaycan teatrının, kinosunun,
teleserialının bugünki durumu: problemlər və
prespektivlər” mövzusunda söhbət etdik.
“Narazılıq
ifadə edə bilmərəm”
S.Quliyevanın
sözlərinə görə, dünya təcrübəsində
teatrlar arasında müstəqil teatrlar çoxdur: “Və
müstqil teatrların olması da arzuolunandır. Yəni özəl teatrların fəaliyyəti daha
geniş yayılıb. Özəl
teatrların dövlət qayğısına ehtiyacı yoxdur.
Sovet hakimiyyəti dövründə
teatrların hamısı dövlətin nəzarətində
idi, o dövrdə dövlətin diktəsi ilə müəyyən
işlər görülürdü.
İndi, yəni müstəqillik dövründə isə
özəl teatrlar da var, amma bizdə dövlət
teatrların sayı çoxdur. Dövlətin teatrlara
qayğısını danmaq olmaz. Belə
ki, yaxın keçmişdə teatr binaları dövlət
büdcəsi hesabına təmir olundu. Binalarda
texniki imkanlar yüksək səviyyəyə
çatdırıldı. Səs və
işıq effektləri müasirləşdirildi. O ki
qaldı, yaradıcılıq, maaş,
qonarar baxımından...
İstedadlı, özünü təsdiqləmiş
aktyorlar barəsində Prezident təqaüdü və
mükafatlar verilir. Əlbəttə, bu da bir dəstəkdir
sənət adamları üçün. Sənət
adamları ilə bağlı sərəncamlar imzalanıb, onlardan
biri də mənimlə bağlıdır. Əməkdar
artist adı alandan 12 il sonra xalq artisti
adına layiq görüldüm. Bu, mənim
üçün olduqca xoş idi. Ümumiyyətlə,
son 5 ildə teatr sahəsində heç kimə bu ad
verilmirdi. Amma 5 illik fasilədən sonra ilk
dəfə mənə nəsib oldu. Ona
görə də mən narazılıq ifadə edə bilmərəm.
Aktyorların
hazırda aldığı maaşla bağlı danışmaq istəyiriksə...
Yəqin hamı təsdiqləyər ki, aktyorun
aldığı maaş bazar şərtlərinə
uyğun deyil. Məvacib çox
aşağı səviyyədədir. Azərbaycanda
sənət adamlarına verilən qonarar həddindən
artıq cüzidir”.
“Xeyriyyə məqsədi ilə keçirilən
aksiyalarda iştirak edirəm”
Xalq
artisti “niyə məvaciblər az olsun, buna səbəb nədir,
teatra tələbat yoxdurmu?” sualına belə cavab verdi: “Mən səbəblə, tələbatla
bağlı bir söz deyə bilmərəm. Hər
teatrda gənc, orta yaşlı və yaşlı aktyorlar olur
və olmalıdır. Mən inzibati məsələlərə
cavab verə bilmirəm. Mən tərəf
müqabillərimdən danışa bilərəm. Deyə
bilərəm ki, Yaşar Nurini, Kamal Xudaverdiyevi, Səməndər
Rzayevi, Həsənağa Turabovu heç kim
əvəz edə bilməz. Yaxşı aktyor
yetişə bilər, amma onun da öz cığırı
olacaq. Arzulamıram ki, məni kiməsə
bənzətsinlər, amma çox istəyərdim ki, ətrafımda
qüvvətli aktyorlar olsun. Tərəf müqabilini hiss
edəsən, söykənə biləsən. Fuad
Poladovla səhnədə onun gözlərinin dərinliyində
axırsan. Elə aktyorumuz yoxdur. O,
başqa bir ölkədə dünya səviyyəsində
ulduz olardı”.
S.Quliyeva
deyir ki, Azərbaycanda dövlət, müsətəqil, bələdiyyə
və dini teatrlar var: “Deyim ki, “Zaman” teatrı dini teatrdır. Xeyriyyə məqsədi ilə tamaşalar olur.
Xeyriyyə teatrı eşitməmişəm.
Xeyriyyə məqsədi ilə aksiyalar
keçirilir. Həmin aksiyalarda mən də
imkan daxilində iştirak etmişəm. Bu
aksiyaları çox önəmli hesab edirəm”.
“Mənim çəkildiyim filmlər beynəlxalq
festivallarda nominasiyalar alıb”
Xalq
artisti bildirir ki, ölkədə film festivalları
keçirilməsə də, onun rol aldığı filmlər
hətta dünya səviyyəsində olan festivallarda
iştirak edib: “Mənim çəkildiyim filmlər beynəlxalq
festivallarda nominasiyalar alıb. Bildiyiniz kimi mən
rejissor Vaqif Mustafayevun filmlərində çəkilmişəm.
Məsələn, “Milli bomba” filmi bir neçə
festivallarda nominasiyalara sahib olub. Festivallar
teatrın, kinonun, teleserialın inkişafı
üçün gərəkən vasitələrdən
bidiridi. Rəqabət yaranır, rəqabətin
də nəticəsi inkişaf deməkdir.
Teatrla bağlı beynəlxalq konfrans Bakıda
keçirilir.
Burada sənətşünaslar, aktyorlar
iştirak edirdilər. Dinləmələr
oldu. Mən öz adımdan deyim ki, mən heç də
hər şeydən uzaq deyiləm. Mən
artist olaraq yüksək səviyyəli tədbirlərdə
iştirak edirəm. O ki, qaldı soruşduğunuz suala
cavab olaraq deyim ki, xeyir, Azərbaycanda film festivalları hələ
ki keçirilmir. Ümidvaram ki, yaxın gələcəkdə
keçiriləcək. Keyfiyyətli filmlər
olsa, beynəlxalq festivallarda - Kann və İtaliyada
keçirilən festivallarda filmlə iştirak etmək olar”.
“Aktyorlar sosial qayğılarını qarşılaya
bilsinlər...”
Türkiyədə
teleseriallarla bağlı festivalların keçirilməsinə
gəldikdə, xalq artisti Azərbaycanın Türkiyə ilə
müqayisə edilməsi düzgün hesab etmir: “Türkiyə
nəhəng ölkədir, ərazisi, əhalisi bizdən dəfələrlə
çoxdur. Orada teatr, kino sahəsi on illər ərzində
formalaşıb. İnkişaf edib. Biz yeni olaraq bu sahədə müstəqil fəaliyyətə
başlamışıq. Hələ təzə-təzə
başlayırıq. Ona görə də, bizə illər
lazımdır ki, keyfiyyətli filmlərin sayı
çoxalsın, uğurlu tamaşaların sayı artsın.
Aktyorların məvacibi artsın, aktyorlar sosial
qayğılarını qarşılaya bilsinlər və s.”.
“Telekanalların çəkdiyi teleseriallarda müəyyən
nöqsanlar var”
Səidə
Quliyevanın dediyinə görə, televiziya
kanallarının çəkdiyi teleseriallarda müəyyən
nöqsanlar var: “Dövlət büdcəsindən
teleserialların çəkilməsi üçün maliyyə
vəsaiti ayrılıb. Baxıram ki, gözləntilərim
tam özünü doğrultmayıb. Keyfiyyətli,
uğurlu teleserialların sayı azdır. Elə filmlərin də. Ümid
edirəm ki, bu problem yaxın gələcəkdə öz həllini
tapacaq. Mən teleserialda istedadlı gənclərlə
yanaşı, istedadsız, bacarıqsız gənc
aktyorları da gördüm. Mən həmişə
gənclərə dəstək olmağa
çalışıram”.
Aktirisa
bizimlə söhbətində bildirdi ki, oğlu sənət
adamı olmaq istəyir: “Bu il 11-ci sinfi bitirir, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə qəbul olmaq üçün sənədlərini
verəcək. Mən istəmirdim ki, incəsənət
adamı olsun, amma öz istəyi belədir”.
“Atam aktrisa olmağımı istəmirdi”
Xalq
artisti sənətə gəlməsi ilə bağlı da
xatirəsini bölüşdü: “Şagird idim. Teatrın 100 illik yubileyi münasibətilə Leyla Bədirbəyli
və İsmayıl Dağıstanlı orta məktəbə
bizimlə görüşə gəlmişdi. Onlar üçün “Vaqif” tamaşasından bir
parça göstərdik. Leyla xanım oyunumu bəyənib
xoş sözlər dedi. Bu, mənim
üçün bir stimul oldu. Yavaş-yavaş
aktrisalığa həvəsim artırdı. Amma bunu heç kimə demirdim, çünki
qorxurdum. O vaxt aktrisa olmaq böyük risk idi axı. 10-cu sinfi bitirəndə qəti qərara gəldim.
Əslində, Tibb İnstitutuna
hazırlaşırdım. İncəsənət
İnstitutuna imtahanlar tez başladığına görə
birinci sənədlərimi ora verdim. Düşündüm
ki, qəbul olmasam, sənədlərimi yenidən Tibb
İnstitutuna verərəm. Qismət,
imtahanlardan yaxşı qiymət aldım və qəbul
olundum. Anam bunu bilsə də, atamdan gizlətdik.
Çünki aktrisa olmağımı istəmirdi.
Amma altı aydan sonra bildi... Və sonralar bir
aktrisa kimi tanınanda artıq mənimlə fəxr edirdi”.
“Şəxsi problemim olmasına baxmayaraq...”
Səidə Quliyevadan müsahibə
alacağımızla bağlı sosial şəbəkədə
anons vermişdik. Burada bir neçə nəfər xalq
artistinə sual ünvanlamışdı. S.Quliyeva
o sualları cavablandırdı. Suallardan biri belə idi:
“Onun üzü həmişə gülür, necə gülərüz
özünü qoruyub saxlayıb?”. Xalq
artisti bildirdi ki, onun daxili ilə xarici eynidir: “İçim
gözəl olduğundan, o, xaricimdə də özünü
göstərir. Xoşniyyətli insansanam. Daxilim gözəldir, üzümün
güldüyü kimi daxilim də gülür. Hələ
son zamanlar şəxsi probemimin olmasına baxmayaraq... İnanıram ki,
yaxın gələcəkdə bu problemim də həll
olunacaq”.
Ramid
İBRAHİMOV
Bizim yol.-2014.-8 fevral.-S.13.