Seriallara büdcədən ayrılan vəsaitin heç 10 faizi aktyorlara çatmır”

 

Nigar Bahadırqızı: “Azərbaycan tamaşaçısı hər şeyi olduğu kimi görmək istəmir, hər şeydə pərdə olmasını gözləyir”

 

Müsahibimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, “Xoca” filmində baş rolun ifaçısı Nigar Bahadırqızıdır. Aktirsa 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. N.Bahdırqızının teatrdakı rolları: “Tıq-tıq xanım”, “Çəkməli pişik”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Hekayəti-xırs quldurbasan”, “Mənim ağ göyərçinim”, “Mən səni sevirəm”, “Hekayəti-şahzadeyi-Xəzər”, “Müharibə” və s.

Aktrisanın filmoqrafiya siyahısında isə bu filmlər var: “Xoca” (film, 2012) - Günel, “Ağabəyovlar” (serial, 2012-2013), “Tək olanda qorxma...” (teleserial, 2013) - Lalə obrazılarını canlandırıb.

-Universitetin birinci kursundan başlayaraq mən Gənc Tamaşaçılar Teatrında işə başladım. 2007-ci ildən ştata daxil edildim. Bu ilə qədər artıq kifayət qədər rollarım vardı. 2012-ci ildə Gənclər və İdman Nazirliyi məni “İlin ən gənc və istedadlı aktrisası” nominasiyası mükafatına laiq gördü. Bu mənim üçün çox möhtəşəm idi. O zaman hiss etdim ki, dövlətin teatra qayğısı var (gülür-R.İ.).

-Aktrisa olaraq həm teatrda, həm filmlərdə, həm də teleseriallarda rol almısınız. Teatrda, kino sahəsində hansı problemlər var?

- Teatr və kino sahəsində nə çatışmır deyim. Birinci növbədə hər şeyə özümüzdən başlamalıyıq, səbəbi özümüzdə axtarmalıyıq. O ki qaldı bizdən asılı olmayan məsələyə... Sirr deyil ki, maaşımız çox azdır. Buna baxmayaraq biz günümüzü teatra həsr edirik, səhər saatlarından başalayaraq saat 22.00-a qədər teatrda fəaliyyət göstəririk, məşqlər edirik, tamaşalar göstəririk və s. Gənclər çox çalışırlar. Aldığımız maaş bazar şərtlərinə uyğun deyil. Kirayədə qalan aktyorlar var, ailəli olanlar var, aktyor maaşı ilə yaşamaq mümkün deyil. Ümidvaram ki, yaxın gələcəkdə maaş problemi həll olunacaq. Məsələn, mən məcburam ki, dublyajlarda, teleseriallarda iştirak edim. Təkcə mən, yox demək olar ki, hamı belədir. Hamı deyəndə aktyorları nəzərdə tuturam. İkinci işimiz, hətta dördüncü, beşinci işimiz də olur. Sənətimizə uyğun nə varsa, o işlə çalışırıq. Bax bu zaman maaşımız bizə yetir (gülür-R.İ.).

Qeyd edim ki, hər təklifi qəbul etmirəm, dəyərləndirirəm, ondan sonra qərarımı verirəm. Mənim öz istəyim, öz şərtlərim var. Reklamlardan daha imtina edirəm, əvvəllər çəkilmişəm reklamlara. Film, teleserial, dublyaj təkliflərini dəyərləndirirəm. Klipin ssenarisi maraqlıdırsa, klipdə çəkilirəm. Yaxın keçmişdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru Cahangir Qurbanov klip çəkdi, ora canla-başla çəkildim. Çünki ssenarini bəyəndim. Film və teleseraillar da həmçinin. Amma bu sahədə ssenrari ilə yanaşı pul da mənim üçün maraqlıdır. Ona görə də mən bu il bir neçə serial təklifini qəbul etmədim. Vurğulayım ki, artıq istədiyimdən çox qonarar təyin olunan teleserialın müqaviləsinə imza atmışam. Müqavilənin şərtinə uyğun olaraq teleserial barəsində məlumat verə bilməyəcəm. Uğurlu işin olacağına ümidvaram. Hələ 3-4 il mən bu teleserialla məşğul olacam. 

Sirr deyil ki, televiziya kanallarına dövlət büdcəsindən teleserialın çəkilişləri üçün maliyyə vəsaiti ayrılıb. Bildirim ki, o vəsaitin heç 10 faizini aktyorlara vermirlər. Mən çox təəssüf edirəm ki, aktyorlar cüzi məbləğdə olan qonorarı qəbul edirlər.

-Teleserialların keyfiyyətli, uğurlu olması üçün festivalları olması arzuolunan deyilmi?

-Razıyam. Gənclər var ki, fədəkarlıq edib film çəkirlər və onu xarici ölkələrdə keçirilən festivallara göndərirlər. Yaradıcı gənclərimiz var. Həmin gənclər sıfır büdcə ilə film çəkirlər. Arzuolunan film də olur. Televiziya şirkətlərinə dövlət büdcəsindən vəsait ayrılıb, ancaq çəkdikləri gözlənilən səviyyədə deyil.

Bax, mən teleseraillardan gələn təklifləri ona görə dəyərləndirmədim ki, aktyora dəyər verilmir. Və qonarar azdır. Mən teleserialla bağlı müvafiq şəxsə  deyirəm ki, əgər məni 1-2 illik müqavilə ilə özünüzə bağlayırsınızsa, heç bir çəkilişdə çəkilməyə icazə vermirsinizsə, onda qayğılarımı qarşılayacaq qonorarımı verin, şərait yaradın. Məsələn, teleserialların birindən dəvət gələrkən müvafiq şəxslə danışırdım. Soruşdum ki, aktyorları nəqliyyatla təmin edirsiniz? Dedi ki, yox. Məşhur aktyorlardan biri “biz maşın istəmirik, sən niyə istəyirsən?” dedi. Mən də bildirdim ki, müqavilədə aktyorun nəqliyyatla təmini məsələsi olmalıdır. Deməyim odur ki, aktyorlar özlərinə dəyər vermir. Ona görə də onları dəyərləndirmirlər. Mən o yerdə həmin aktyora bildirdim ki, nəqliyyat xidməti istəmirsinizsə, gedin çəkilin, mən çəkilmirəm! Aktyor müqaviləyə imza atırsa, o, hər bir təminatla təmin olunmalıdır ki, başqa yerə getməyə həvəsi, istəyi, marağı olmasın.

Festivalla bağı soruşdunuz... Mən həyatımda hələ ki, bir dəfə belə həyacanlanmışam. “Xoca” filminin İstanbul şəhərində keçirilən qala gecəsi həyatımda və yaradıcılığımda unudulmaz iz buraxıb. Çox möhtəşəm, qəribə, bizim üçün gözlənilməz gecə idi. Təssəvvür edin ki, 30-dan çox televiziya kanalının əməkdaşları burada idi və s. Bu həyacanı bütün aktyorlara arzulayıram. Necə ki, “Xoca” filminin Misirdə, Rusiyada, Amerikada və Türkiyədə qala gecələri keçirildi... Bir ay kinoteatrlarda bir film yayımlandı. Bu film tarixlə bağlı filmdir, azərbaycanlıların soyqırımını özündə əks etdirən filmdir. Bu cür filmlərin olması arzuolunandır, baxımlıdır. Bax belə filmlər çəkilsin ki, o filmə Azərbaycan sərhədindən kənarda da baxa bilsinlər. Amma hazırda durum necədir? Məsələn, Nigara yüksək qonarar verməkdənsə, çağırım uzuc qiymətə kənardan bir nəfəri gəlib çəkilsin. Ölmür televiziya üçün?! Bax o kənardan gələnin isə incəsənətlə əlaqəsi yox, aktyor kimdir bilmir. Odur ki, teleseriallar uğursuz və keyfiyyətsizdir. Baxımsızdır. Nəticədə teleserial bazarımız ölüdür.

-Mən özüm də şahid olmuşam ki, teatrlar tamaşaçı azlığından əziyyət çəkir. Buna səbəb nədir, sizcə?

-Tamaşçı azlığı tamaşa ilə bağlıdır. Tamaşanın uğurlu olub-olmaması var. Vurğulayım ki, bir tamaşanı 20 dəfə izləyənlər də olur. Biz çalışmalıyıq ki, biz tamaşaçının fikrinə, zövqünə görə deyil, öz fikrimizə, qabiliyyətimizə görə tamaşaçını teatra gətirə bilək. Sirr deyil ki, tamaşaçılar çoxu istirahət etmək istəyir, komedik bir şey istəyir. Psixoloji, dramatik, faciəvi mövzulara çox da önəm vermirlər.

Mən deyərdim ki, “Müharibə” tamaşası ən uğurlu tamaşadır.  Biz bu tamaşa ilə ölkə xaricində də olmuşuq. Alqışla qarşılandı, həm burda, həm orda. Azərbaycanda bir-iki tamaşaçını çıxmaqla bizim teatrda tamaşa gözəl qarşılandı. Hər dəfə bu tamaşa oynanılanda tamaşaya bilet tapılmır. Hətta mən tanışlarım üçün bilet ala bilmirəm, satılır hamısı. Bizim zalda 360 yer var. Olur ki, əlavə stollar da gətirilir. 

Ümidvaram ki, “Oskar” mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın qələminə aid “Lineyn trilogiyası”nın özündə birləşdirdiyi üç pyes - “Lineynin Gözəllik Kraliçası”, “Konnemarada bir Kəllə” və “Yalqız Qərb” tamaşaları da uğurlu tamaşa olacaq. Bu tamaşaların premyerası olacaq. Mən “Yalqız Qərb” tamaşasında rol alacam.

Bir şeyi qeyd edim. Təəssüf ki, Azərbaycan tamaşaçısı hər şeyi olduğu kimi görmək istəmir. Hər şeydə pərdə olmasını gözləyir.

-“Facebook”da sizdən müsahibə alacağımızla bağlı anons vermişdim. Sizə orada suallar ünvanlandı. Suallardan biri belədir: Siz aktrisalığı seçmisiniz, yoxsa aktrisalıq sizi?

-Mənim nə ana, nə də ata tərəfimdən incəsənət adamı yoxdur. Ancaq mən 13 yaşından incəsənətə maraq göstərmişəm, sevgim yaranıb. Həmin yaşda mən Lütfü Məmmədbəyovun dram dərnəyinə gəlməyə başladım. Təəssüf olsun ki, həmin dram dərnəyi indi fəaliyyət göstərmir. Dərnəyin binası sökülüb. Deyim ki, ən yaxşı günlərim mənim elə orada keçib. Mən o yaşda aktyorlara ağzı açıq baxırdım. Aktyorları tanıyırdım. Özüm özümə deyirdim ki, ay Allah nə vaxtsa bu aktyorlar da məni tanıyacaq? (gülür-R.İ.). Elə o zamandan hazırda fəaliyyət göstərdiyim bu teatrda işləmək arzum oldu. Orta məktəbi 16 yaşımda bitirdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə daxil oldum. Ötgən İsgəndərovun kursunda təhsil aldım, səhnə danışıq müəliməm isə çox sevdiyim Lalazər Mustafayev oldu. Hər iki insan sevdiyim insandır, Mənə mənəvi dəstək olublar. Dərdimizə yananlardan olublar. Birinci kursdan dəvət aldım bu teatra. Alın yazısına inanmıram, nə istəyirəmsə, çalışsam alınacaq. Nəyi arzuladımsa, ona doğru getdim və ona da çatdım. Mənə başqa teatrlardan da təkliflər gəldi, ancaq mən bu teatrı sevdim. Bu teatrın kollektivini çox sevirəm. İstər yaşlı, istər gənc nəsilin mənə xoş münasibətini görmüşəm.

-Suallardan biri də belədir: Nigar Bahdırqızı, nəyi sənətinə quuban verər?

-Əvvəllər qurban vermişəm. Və buna görə də peşman deyiləm. Qurban verdiklərimə görə, sənətdə çox şey qazanmışam. O ki, qaldı ailə məsələsinə. Mənimlə ailə quracaq şəxs məni sənətimlə birlikdə qəbul etməlidir. Əgər yox desə... Mən tərs insanam. İstədiyimi edirəm.  Daha qurban vermərəm.

-İnsan olaraq, yoxsa aktrisa olaraq xoşxət anlarınız çox olub?

-Bir vaxtlar məni depressiyadan, stressdən sənətim çıxarıb. Məni 4 il xoşbəxt edən teatr olub. İnsan olaraq hazırda xoşbəxtəm. Kimlərisə həyatıma qəbul etmişəm, deməli etmək lazım imiş, yola saldığım insanı demək yola salmaq lazım imiş ki, yola salmışam. Mən insan olaraq da xoşbəxtəm.

 

 

Ramid İbrahimov

Bizim yol.-2014.-11 fevral.-S.13.