Bakıda 4 əsrlik istirahət
guşəsi
18-ci əsrdə
olduğu kimi, bu gün də paytaxt sakinləri və qonaqlar
burada dinclik tapırlar
Zəngin Şərq memarlığının tərkib hissəsi olan Bakı, qədim məscidləri, qalaları və digər tikililəri ilə yanaşı, hamamları ilə də məşhur olub. Bakı hamamları təkcə memarlıq elementlərinə görə deyil, həm də digər özəllikləri ilə fərqlənib. Orta əsrlərdə hamamlar sağlamlıq, istirahət, təmizlik kimi elementləri özündə ehtiva edirdi.
Bəli, budəfəki reportajımız tarixi abidələrdən olan hamamla, daha doğrsu “Ağa Mikayıl hamamı” ilə bağlıdır. Məşhur "O olmasın, bu olsun" filminin bəzi epizodları burada çəkildiyi üçün, bəzən "Məşədi İbad hamamı" da adlandırılan “Ağa Mikayıl hamamı” ənənələri davam etdirərək hələ də fəaliyyət göstərir. Xalq arasında "Hamamçılar məhəlləsi" adlanan ərazidə yerləşən “Ağa Mikayıl hamamı” qabaqcıl texnologiyaların köməyi ilə yerli və xarici mütəxəssislər tərəfindən bərpa edilib.
Hamamların oxşar cəhəti
Reportaj hazırlamaq üçün üz tutduq “Ağa Mikayıl hamamı”na. Ora getməmişdən öncə araşdırma apardıq. Öyrəndik ki, memarlıq abidəsi olan hamam “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna daxildir. Abidə ölkə əhəmiyyətlidir. Bakı şəhəri, Kiçik Qala küçəsi 16 ünvanıdna yerləşir. İnventar nömrəsi 76-dır.
Hamam İçərişəhərdə Abşeron-Şirvan memarlığı üslubunda inşa edilib. Əhalinin sayı getdikcə artdığından, Bakının bir çox kəndlərində də hamamlar tikintisinə başlanılıb. Sənətkar əli ilə yaradılan hamamlar, ilk növbədə, suya və rütubətə davamlı daşlardan tikilərdi. Ümumilikdə hamamların oxşar cəhəti, bayır hissəsinin soyunub-geyinmək və içəri hissəsinin çimmək üçün nəzərdə tutulması idi. Bu otaqları da ensiz dəhliz bir-birinə birləşdirərdi.
Bilindiyi kimi, Bakı böyük bir dönəmdə Şirvanşahlar dövlətinin paytaxtı olub. Elə o zamanlar Bakı səyyahların diqqət mərkəzində olub. Əslən Şamaxıdan olan Mikayıl Ağa ötən əsrlərdə İçərişəhərdə varlı şəxslərdən biri kimi tanınıb. XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Mikayıl Ağa öz vəsaiti hesabına yaşadığı mülkün yaxınlığında İçərişəhər camaatı ilə yanaşı, Bakıya gələn insanların rahatlığı üçün hamam binası tikdirib.
Hazırda hamam işlək vəziyyətdədir
Memarlıq abidəsi olan hamamda müşahidə apararkən soyunma və yuyunma otaqlarının kvadrat formada olmasının şahidi oldum. Hazırda hamam işlək vəziyyətdədir, hər gün insanlara nümunəvi xidməti ilə seçilir.
“Mikayıl Ağa hamamı” iki otaqdan ibarətdir. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunub. Yerli memarlıq formasına uyğun işlənilmiş sərt fasad və daş üzərində üstünlük təşkil edən günbəzlərin cəlbedici həcmi hamamın əsasını təşkil edib. Bina üzərində cəsarətli siluet kimi ucalan, özünəməxsus formalı tüstü bacası maraqlı qurulub. Abidə cənub-şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olunub.
Mükəmməl əl işləri
Hamamda fəaliyyət göstərən şəxslərdən biri ilə söhbət edərkən öyrəndik ki, iki otaqdan ibarət hamam üzərində qoşa günbəz olan səkkizbucaqlı salonun ətrafında cəmləşib. Hamamın içərisində kiçik dəyişikliklər edilsə də, işlək vəziyyətdə olan bu hamamın memarlıq üslubu qorunaraq saxlanılıb. Hamam yeni görkəm alsa da, iş prinsipi köhnədir.
Hamamın xüsusi külxanası-ocaqxanası var. Əvvəllər hamam odun, mazut və neftlə qızdırılardı. Daş döşəmədə vaxtı ilə olan kiçik yarıqlar otaqlara həm də istilik verərmiş. Döşəmədən keçən isti buxar sonradan hamamın bacasından bayıra çıxarmış. İndi də hamamın romb fiquru formasında tikilən bacası möhkəmliyi ilə diqqəti cəlb edir. Deyilənə görə, burada otaqlar arasında yaranan buxar soyunub-geyinmə salonuna keçə bilməzdi. Hamamın suyunu qızdıran ocaqdan çıxan isti hava isə kanallar vasitəsilə döşəmənin altına buraxılardı. Nəticədə hamamın daxilində istilik təmin edilərdi.
Hətta hamamın döşəməsində buxarın hesabına həddindən artıq istilik yarandığından, burada xüsusi olaraq taxtadan hazırlanan başmaqlardan istifadə olunardı. Hamamın içərisi günbəzlərdə qoyulan kiçik yarıqlar vasitəsilə işıqlanardı. Həftənin müəyyən günlərində növbə ilə kişilər və qadınlar hamama həm çimmək, həm dincəlmək üçün gələrdi. Onlar özləri ilə evdə xüsusi hazırladıqları hamam boxçasını da gətirərdilər. Qadınların boxçasında təmiz dəsmal, daraq, rüsul, xına, ətirli sabun və kiçik yemək ehtiyatı (xüsusən, qadınlar uşaqları ilə gələndə) olardı. İçərisində su ilə dolu olan hovuz xəzinə adlanardı. Xəzinədən isti və soyuq suyu götürmək üçün mis, saxsı, dəmir qablardan istifadə olunardı. Hamamın daş döşəməsindən təxminən 60 sm hündürlükdə olan səkilərdə paltarları soyunmaq üçün taxçalar-oyuqlar vardı.
İçərişəhərin çoxəsrlik kanalizasiya sistemi kimi, “Mikayıl Ağa hamamı” da eyni layihə əsasında inşa edilib. Belə ki, ötən əsrin layihəsinə əsasən, hamamda kanalizasiya xətti əvvəlcə dar, sonra geniş yolla əhatələnib. Bu da onunla izah olunur ki, hamamın çirkab suları dar yoldan keçdikdən sonra asanlıqla geniş yola daxil olub, sürətlə axa bilsin. İndi də hamamda nə qədər sudan istifadə etsən belə, çirkab su içəridə qalmayıb kanalizasiya xəttinə daxil olur.
Əski hamamın müasir halı
Hamamda müşahidə apararkən məlum oldu ki, hazırda burada 3 duş kabinəsi, xüsusi vannalar, cakuzi, quru və yaş istixana, soyunub-geyinmə kabinələri var. Bundan başqa, hamamda masaj xidməti mövcuddur. Gələn müştərilərin yorğunluqlarını alması üçün müxtəlif otlardan və adi çay dəsgahı da təklif olunur.
Bakıda şaxtalı-çovğunlu günlərin davam etməsi hamamların işini canlandırıb. Söhbət etdiyimiz müştərilər xidmətdən razılıq ifadə edirdilər, amma… Kiminin evində su gəlmir, kimisi də soyuq havada isti bir hamamda dincəlmək istəyir.
Bakı hamamları keçmişdə olduğu kimi, indi də ictimai yerə çevrilib. Hamam həftənin hər günü işləyir. Həftənin bazar ertəsi və cümə günləri hamam qadınların xidmətində olur. Qalan 5 gün kişilərin xidmətdindər. Kişilər həftə sonunu burada keçirməyi, çay içə-içə nərd oynamağı, qəlyan tüstülətməyi, olub-keçənlərdən söhbət etməyi xoşlayır.
Giriş 10 manat…
Onu da deyək ki, təmirdən əvvəl
hamama giriş 4 manat idi. İndi isə hamama giriş 10 manata qalxıb. Amma burada vaxt məhdudiyyəti
qoyulmayıb. Burada
kisələnmək 10 manat,
çay 2 manat, çay dəsgahı 15 manat, dəsmal 1manat, xalat 4 manatdır. Bundan başqa hamamda çimmək üçün
istifadə edilən bütün əşyalar
misdəndir.
Hamam xidmətçisinin sözlərinə
görə, mis qabdakı su insana xüsusi enerji verir. Sən demə
müştəriləri də
razı salan elə bu imiş.
“Ən əsas
da, burada qədim adət-ənənlər
gözlənilir. Bütün əşyalar
qədim dövrü xatırladır. Bura yerli
əhali ilə yanaşı, xaricilər də gəlirlər.
Onlar buraya çox maraq göstərirlər”,
-deyə xidmətçi
bildirdi.
“Hamam
yeganə yerdir ki…”
Söhbət etdiyimiz müştərilər
də hamamda olan xidmətdən razılqı ifadə edirdilər. Təaqüdçü
olan paytax sakini bildirir ki, 20 ildən artıqdır bura gəlir: “Hamam yeganə yerdir ki, burada hamı
eyniləşir, varlı-kasıb
fərqi olmur. Yeganə yerdir ki, qışda da, yayda da
adam dincəlir.
Məşhur filmdə
deyildiyi kimi: Qışın soyuğunda
harada qızışa
bilərsən? Hamamda!
Yazın
istisində harada sərinləyə bilərsən?
Hamamda”.
Qeyd
Ötən əsrlərdə İçərişəhərdə
Abşeron-Şirvan memarlığı
üslubunda hamamlar inşa edilib. Qeyd edək
ki, əhalinin sayı getdikcə artdığından Bakının
bir çox kəndlərində də
hamam tikintisinə başlanılmışdı. Sənətkar əli ilə
yaradılan hamamlar,
ilk növbədə, suya
və rütubətə
davamlı daşlardan
tikilərdi. Ümumilikdə hamamların oxşar cəhəti, bayır hissəsinin soyunub-geyinmək
və içəri hissəsinin çimmək
üçün nəzərdə
tutulması idi. Bu otaqları da
ensiz dəhliz bir-birinə birləşdirərdi.
Memarlıq abidəsi olan
həmin hamalardan reportaj hazıralmağa davam edəcəyik.
Ramid İBRAHİMOV
Bizim yol.-
2014.- 13 fevral.-S.13.