Azərbaycan kinosu kommersiya sahəsinə çevrilə bilib

 

       Samir Kərimoğlu: “Kinomuzun inkişafı üçün ölkəmizdə film yarmarkalarının      fəaliyyət göstərməsi vacibdir”

 

Həmsöhbətimiz kinorejissor Samir Kərimoğludur. O, 1974-cü il 26 fevral Bakı şəhərində doğulub. 1990-cı ildə Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbi bitirib. 1990-cı ildə Futurologiya institunun Menecment fakultəsinə daxil olub, 1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb. Antalyada turizm sektorunda çalışaraq qazandığı 6 illik uğurlara baxmayaraq 1999-cu ildə Azərbaycana dönüb.

2000-ci ildə uşaqlıq arzusu olan kino sahəsində işləmək üçün əlinə keçən ilk fürsəti dəyərləndirir və video montajçı olaraq MTM prodakşnda fəaliyyətə başlayır. Rejissorluq fəalliyyətinə ilk dəfə 2002-ci ildə çəkdiyi kliplə başlayan Samir, 2003-cü ildə keçirilən Beynəlxalq AudioVizual Festivalda “Music Lee” qrupuna çəkdiyi kliplə ilk böyük uğurunu - “Ən yaxşi klip” nominasiyasında diplom qazanır.

Qısa müddətdə böyük uğurlara imza atan rejissor, bir-birinin ardınca fərqli reklam çarxları, kiplər və sənədli filmlər çəkir. Özünü təkmilləşdirməkdə heç vaxt fasilə verməyən Samir böyük risk və kiçik büdcəylə 2005-ci ildə “Sirat körpüsü” filminin çəkilişlərinə başlayır.

Tammetrajlı bu filmin büdcəsi qırx min dollar idi. Səbuhi Studiyasının sponsorluğu və “ButaFilm” prodakşnın texniki dəstəyi ilə çəkilən bu filmin ssenaristi, rejissoru, həmçinin montajçısı və post prodakşnçısı olmaqla bərabər, Samir həm də baş rollardan birində çəkilib.

Çəkilişlər zamanı üzləşdiyi bir çox çətinliklərə baxmayaraq 2006-cı ilin dekabr ayında film hazır olur və 2007-ci ilin aprel ayında Azərbaycan Opera və Balet Teatrında böyük kütləyə təqdim olunur. Bu filmin təqdimatından bir neçə ay sonra filmin əsas musiqisinə - “Sonsuz yol”a çəkilən klip Beynəlxalq AudioVizual Festivalda “Ən yaxşi klip” və “Ən yaxşi rejissor işi” nominasiyasında “Qran pri” qazanır.

2007-ci ildə “Bu Meydan Bu Ekran” müsabiqəsi çərçivəsində Orxan Fikrətoğlunun ssenarisinə “Qanadlarıma sığal çək” adlı filminin çəkilişlərinə başlayır. Filmin çəkilişləri Saray qəsəbəsində aparılır. Filmin bütün musiqiləri Samirin birbaşa istəyiylə 2007-ci ilin fevralında yaranmış H.O.S.T Alliance’a tapşırılır.

Filmdə baş rollarda Əli İsa Cabbarov və İnna Xripunova çəkilib. Psixoloji triller janrında olan bu film 2008-ci ilin mart ayında müsabiqənin digər iştirakçıları ilə birgə təqdimata çıxarılır. 5 film arasında 1-cilik qazanan “Qanadlarıma Sığal Çək” kino mütəxəssislərinin böyük marağına səbəb olur. 2008-ci ildə “Bu meydan bu ekran” müsabiqəsinin qalibi Samir Kərimoğlunun tammetrajlı bədii filmi olur. Samir Azərbaycan kino tarixinə dövlət sifarişi almış ilk gənc kinorejissor kimi adını yazdırır. Bununla bərabər daim işlədiyi mütəxəssislərlə işləməyə və ümumi inkişafa tövhələr verməyə davam edir. Belə ki, artıq 3-cü filminin son mərhələrində olan Kərimoğlu digər filmlərində olduğu kimi böyük kinoda da bəstəkar Elvin Əmrahlı (ErranT), Qrafist Fərid Yusifoğlu, səs rejissoru Pərviz Ramizoğlu (PRoMete) ilə işləməyə davam edir.

İşçi adı “Ziyarət” olan bu bədii filmin çəkilişləri Bakı və Səudiyyə Ərəbistanının Məkkə şəhərində aparılıb. Filmin bədii rəhbəri “Oscar” mükafatı laureatı Rüstəm İbrahimbəyovdur. Filmdə baş rollarda Fuad Axundov və Rövşən Məmmədli çəkilib. Digər rollarda isə Əməkdar Artist Münəvvər Əliyeva, Nahidə Əliyeva və başqaları çəkiliblər.

S.Kərimoğlu 6 filmin müəllifidir. O, “Sirat körpüsü”, “Qanadlarıma sığal çək”, “Niyyət”, “Onun ürəyi”, “Mən evə qayıdıram”, “Drijor” filmlərinin rejissorudur. Gənc olmasına baxmayaraq filmlərində yeniliyə can atan Samir Kərimoğlunun bir özəlliyi də qeyri-peşəkar aktyorları filmlərində baş rollara çəkməsidir. Bu baxımdan kinorejissor daim yeni sima, yeni obraz axtarışındadır.

Beləliklə, S.Kərimoğlu ilə söhbətimizi təqdim edirik:

-Azərbaycanda kino istehsalatı kommersiya sahəsinə çevrilə bilibmi?

-Bəli, Azərbaycan kinosu kommersiya sahəsinə çevrilib. Dövlət büdcəsi hesabına çəkilən filmlərlə yanaşı, özəl şirkətlər də filmlər çəkiblər.

-Filmin keyfiyyətli və uğurlu olmasını göstərən amillərdən biri də festivallarda, müsabiqələrdə müəyyən nominasiyalara sahib olmasıdır. Bəs bizdə necə?

-Bəli, festivallarda, müsabiqələrdə müəyyən nominasiyalara layiq görülən filmlər var. Bu barədə daha dəqiq məlumatı Mədəniyyət və Turizm Nazirliyi, eləcə də “Azərbaycanfilm” Kinostudiyası verə bilər. Mənim eşitdiyim və saytlardan oxuduğum məlumatlar əsasında deyə bilərəm ki, Azərbaycan filmləri festivallarda uğurlu yerlər tutublar. Bu məlumatlara tez-tez rast gəlmişəm.

-Sizə rejissor olaraq belə bir irad var ki, filmə çəkdiyiniz aktyorlar peşəkar aktyorlar deyillər…

-Bu təcrübə Amerika və Avropa ölkələrində də var. Kino istehsalat sahəsinin inkişaf etdiyi həmin ölkələrdə filmlərə çəkilənlərin heç də hamısının aktyorluq təhsili olmur. Mənim çəkdiyim filmlərdə rol alan şəxslərin demək olar ki, aktyorluq təhsili yoxdur. Mən ssenarini oxuyuram və ona uyğun olaraq filmdə obrazları canlandıracaq şəxsi təsəvvür edirəm. Rola uyğun olan şəxsi filmə dəvət edirəm. Yəni, bəlli rola professsional aktyor uğun gəlmirsə, qeyri-peşəkar aktyorlara müraciət etməli oluram. Bu mənim rejissor olaraq özüməməxsus tərzimdir. Vurğulayım ki, bu uğurlu seçim tamaşaçılar tərəfindən də müsbət dəyərləndirilir. Bu dəyərləndirmənin dəfələrlə şahidi olmuşam.

-Bəs, qeyri-peşəkarla işləmək rejissor üçün çətin deyilmi?

-Xeyr. Obraza uyğun fərd seçilir. Uğurun yarısı da elə bu seçimdən başlayır. 2 dubula, ya da ki, 20-25 dubula istədiyimiz nəticəni alırıq (gülür-R.İ.). Hər bir insanın daxilində aktyorluq qabiliyyəti var. O qabiliyyəti tapıb ortaya çıxartmaq, canlandırmaq lazımdır. Sonra da rol alacaq şəxslərin üzərində işləyirik. Sonucda uğurlu film alınır. Aktyorluq qabiliyyəti olan insanlardan yaxşı mənada istifadə edirik. Kinomatoqrafiyaya yeni simalar gəlir, kino sahəsində rəngarənglik, zənginlik yaranır. İstəyərdim ki, hər kəsin kino sahəsinə qatqıları olsun.

-Sizin ixtisasınız rejissorluq deyil, bu sizin kino sahəsində fəaliyyətinizə çətinlik yaradıb?

-Xeyir, yaratmayıb. Təəssüflər olsun ki, bəlli adamlar tərəfindən narahatlıq yaratmaq istəyənlər olub. Bilmirəm bu cəhdləri qısqanclıqdandır, yoxsa paxıllıqdan. Qarşımı kəsmək istəyiblər, anonim isramırıclar göndəriblər.  Dünya kinosunda belə bir fakt var ki, uğurlu rejissorların heç də hamısının rejissorluq peşəsi yoxdur. İstedad varsa, niyə onu göstərməyəsən ki? Əlbəttə ki, təhsil də önəmlidir. 6 film çəkmişəm, buna baxmayaraq mən rejissorluq üzrə təhsil alıram. Praktiki, texniki, tərəfdən rejissorluğu bilirəm, təcrübəm var, bununla yanaşı nəzəriyyəni də öyrənmək arzuolunandır. Məlumat üçün deyim ki, rejissor diplomumu bu yaxınlarda alacağam. Kim ki deyirdi, Samirin diplomu yoxdur, onlara təqdim olunacaq (gülür-R.İ.). Vurğulayım ki, ixtisas üzrə təhsil almamışdan öncə də internet vasitəsi ilə ixtisasa uyğun məlumatları mütaliə etmişdim.

Bir halı da qeyd edim ki, rejissorluq ixtisasımın olmadığını irad kimi mənə deyənlərin filmlərimlə bağlı iradlarını görmədim, eşitmədim. Onlar da filmlərimin uğurlu olduğunu susaraq etiraf etmiş olurlar. 

-“Sirat körpüsü” filmi sizin ilk filminizdir, elə bu filmə görə də sizi tanıyıblar. Bəs siz hansı filmi rejissorluq fəaliyyətinizdə vizitkart hesab edirsiniz?

-Mənə öz filmlərim arasında ən yaxın film “Niyyət” filmidir. Hesab edirəm ki, bu film ən uğurlu filmimdir. Son zamanlar çəkdiyim filmim isə texniki imkanları baxımından daha yüksək səviyyədədir. “Mən evə qayıdıram” filmim və Heydər Əliyev Fondunun sifarişi ilə çəkdiyim “Bakı, mən səni sevirəm” layihəsi də uğurlu alınıb. Professional heyət və yüksək texniki imkanları olan aparatlarla film çəkilir. Ümidvaram ki, bu il layihənin premyerası olacaq. Yaxın gələcəkdə keyfiyyətli filmə hər kəs şahidlik edə biləcək.

-Keyfiyyətli filmin çox olması üçün film yarmarkalarının, festivallarının olmasını da şərt kimi qəbul edirlər. Azərbaycanda film yarmarkaları və festivalları varmı?

-Film yarmarkaları ilə bağlı məlumatım yoxdur. Ancaq festivallar olur. Hesab edirəm ki, festivallar mütəmadi olaraq keçirilməli və festivalların sayı çox olmalıdır. Eləcə də, film yarmarkaları fəaliyyət göstərməlidir.

-Sizin çəkdiyiniz filmlərin mövzsuna baxdım. Mövzular müxtəlifdir. Bu çətinlik yaradırmı sizin üçün?

-“Sirat körpüsü” filmini İlqar Fəhmi ilə birlikdə çəkdik. Komediya janrında olan filmdir. 6 filmin hər birinin mövzuları fərqlidir: Dini, döyüş, drama, triller və s. mövzuda olan filmlərim var. Bir mövzu üzərində işləməyi xoşlamıram. Fərqli mövzuda işləməyi bəyənirəm. Mənim üçün əsas filmdə verilən mesajdır.

-Siz həm də ssenari yazırsınız…?

-Bəli yazıram. Amma ssenarini müştərək yazıram. Ssenaristlər öz fikirlərini yazmaqda sərbəstdirlər. Çətinlik rejissorun üzərinə düşür. Kino məhsulu rejissora aid olduğundan, bütün məsuliyyəti rejissor daşıyır. Ssenarist ikinci plana keçir.

-Rejissor olaraq siz yeni teleserialları necə dəyərləndirirsiniz?

-Teleserialların çəkilməsinə yeni başlanılıb. Kinolar da yeni çəkiləndə müəyyən problemlər olurdu. Bir müddətdən sonra keyfiyətli filmlər çəkildi. Ümidvaram ki, teleseriallar da gözləntiləri doğruldacaq. Teleseraillar özünü təsdiq edəcəklər, həm festivallarda, həm tamaşaçı qarşısında, həm də xarici ölkələrdə. Əvvəllər çəkilən teleseriallar qeyri-peşəkar idi.  Artıq problem aradan qaldırılır, bu istiqamətdə çalışırlar. Uğurlar olacaq.

-Samir bəy, hazırda hansı layihə üzərində işləyirsiniz?

-Hazırda “Məlikməmməd” tamaşasının üzərində işləyirik. Rəşad Süleymanoğlu ilə birlikdə ssenari üzərində işləyirik. Musiqi Teatrından bizə tamaşa təklifi gəldi.  Tamaşamız bu teatrda göstəriləcək. Son olaraq deyim ki, bu dövlətə, bu mədəniyyətə xidmət göstərməkdən şadam.

 

  Ramid İBRAHİMOV

Bizim yol. - 2014.- 14 fevral.- S.13.