Akademik Arif Paşayevin
bibloqrafiyası nəşr
olunub
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasında (MEK) alim və ictimai xadim, Dövlət
mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik
yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji,
ictimai fəaliyyətindən bəhs edən sərgi təşkil
edilib.
Sərgidə akademik Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında oçerklər, onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və MEK tərəfindən hazırlanmış “Biblioqrafiya”, elmi əsərləri, o cümlədən alimin həmmüəllifi olduğu “Radiaktiv və kosmik şüalar”, “Bərk cisimlər fizikası”, “Aeronaviqasiyada kartoqrafik proyeksiyalar”, Aviasiya elektron sistemlərinin element və qurğularına aid “Elektronikanın əsasları”, “Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi” və s. kitablar nümayiş etdirilir. AMEA-dan əməkdaşımıza məlumat verildi ki, sərgi 15 gün davam edəcək.
Əməkdar elm xadimi, professor Abuzər Xələfov bildirdi ki, bu yaxınlarda yüksək poliqrafik icrada işıq üzü görmüş biblioqrafiya AMEA-nın və bir sıra beynəlxalq akademiyaların akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Paşayevin həyat və fəaliyyətinə həsr edilib: “Vurğulayım ki, sözügedən “Arif Mir Cəlal oğlu Paşayev: biblioqrafiya”sının göstəricisinin üstün cəhətlərindən biri materialların 3 dildə-Azərbaycan, rus və ingilis dillərində verilməsidir. Bu da qloballaşan dünyada Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq aləmin qabaqcıl ölkələrində yayılması baxımından mühüm əhəmiyyət kəsb edir. Biblioqrafiyada akademikin 1970-2009-cu illərdə Azərbaycan, rus, ingilis və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri, ixtira patentləri, bütövlükdə 533 ədəbiyyat öz əksini tapıb”.
Abuzər Xələfov Arif Paşayevin elmi fəaliyyətindən söz açarkən bildirdi ki, akademik 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb: “1971-1996-cı illərdə Azərbaycan MEA-nın Fizika İnstitutunda Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına rəhbərlik edib, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını hazırlayıb, bu sahədə yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə probleminin həllinə böyük əmək sərf edib. Elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikası olan Arif Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləyib və bu üsulları reallaşdıran elmi cihazlar yaradıb. Akademik Arif Paşayev 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodik işlər yüksək səviyyədə təşkil edilib, yeni kafedra və ixtisaslar açılıb, burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanılıb. Akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilib. Bütün bu uğurların nəticəsi kimi Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib. Bildirim ki, dünyada ilk dəfə akademik Arif Paşayevin rəhbərliyi ilə işlənib hazırlanmış "Təyyarə salonlarının dezinfeksiyası üçün ozonlaşdırma üsulu və qurğusu"na İsveçrədə PCT Beynəlxalq Patent Təşkilatının patenti verilib.
Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyası, AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Zeytun" Elm-İstehsalat Müəssisəsi birgə yüksək elektrik izolyasiyalı, korroziyaya və rütubətə davamlı, səs dalğalarının yayılması üçün şəffaf kipləndirici olan yeni poliefiruretan əsaslı lak-kompaundun, aviasiya təyinatlı aşağı temperaturlu sürtkü materialları və hidravlik mayelərin, həlledicilərin istehsalı texnologiyasını işləyib. Alınan nailiyyətlərin orijinallığı, ilkinliyi Azərbaycanın və Rusiya Federasiyasının patentləri ilə təsdiqlənib. Akademik Arif Paşayevin rəhbərliyi ilə dünyada ilk dəfə həm yaşıl, həm də yetişmiş zeytunun ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən səmərəli elektrik üsulu ilə emalı və konservləşdirilməsi texnologiyası işlənib, bir neçə müasir qurğu yaradılıb və istehsalat bazasının layihəsi hazırlanıb. Bu üsulla işlənmiş qurğulara Azərbaycan Respublikası və Rusiya Federasiyasının patentləri alınıb.
Akademik Arif Paşayevin Azərbaycan və dünya elmini zənginləşdirən araşdırmaları həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda layiqincə dəyərləndirilib. Hələ 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala layiq görülüb.
Bildirim ki, Milli Avrasiya Akademiyasında elmi işlər və mütəxəssis hazırlığının müasir səviyyəsi nəinki "AZAL" üçün yüksək ixtisaslı, səriştəli kadrların hazırlanmasına, hətta beynəlxalq aviasiya təşkilatlarının da səriştəli mütəxəssislərlə təmin edilməsinə və aviasiyada istifadə olunan nadir cihazların yaradılmasına imkan verir.
Akademik Arif Paşayev ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin təlimini və yüksək vətənpərvərlik ruhunda tərbiyəsini həmişə diqqətdə saxlayan qayğıkeş rəhbər, təəssübkeş məsləhətçidir. Azərbaycanda kosmik sənayenin inkişafına xüsusi diqqət yetirilir. Ölkə rəhbəri bununla əlaqədar 4 noyabr 2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqqında", 17 avqust 2009-cu ildə "Kosmik sənayenin yaradılması və inkişafı Dövlət Proqramının təsdiqlənməsi haqqında" sərəncam imzalayıb”.
Qeyd edək ki, 1934-cü ildə Bakıda anadan olan Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib. 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Alim 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olub, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb, medallar və diplomlarla təltif olunub.
Bu ilin fevral ayının 15-də
akademikin 80 yaşı
tamam olub. Prezident İlham
Əliyev akademik Arif Paşayevin «İstiqlal» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda onun «İstiqlal»
ordeni ilə Azərbaycanda səmərəli
elmi fəaliyyətinə
və təhsilin inkişafında xüsusi
xidmətlərinə görə
təltif edildiyi bildirilir.
Xatırladaq ki,
2004-cü il fevralın 15-də isə
Azərbaycanda elmin, təhsilin inkişafında
yüksək xidmətləri
olan akademik Arif Paşayev "Şöhrət ordeni"nə
layiq görülüb.
Və bu günlərdə Azərbaycan
Mühəndislik Akademiyasının
prezidenti, akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi
iclasının qərarı
ilə bu akademiyanın akademiki seçilib və ali mükafata-
“Mühəndislik şöhrəti”
ordeninə layiq görülüb. Bu barədə Azərbaycan Mühəndislik Akademiyasına
Ukrayna Mühəndislik
Akademiyasından təbrik
məktubu daxil olub. Məktubda Rəyasət Heyətinin qərarı ilə akademik Arif Paşayevin
elm və texnikanın
inkişafına, beynəlxalq
əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə
görə Ukrayna Mühəndislik Akademiyasının
ali mükafatı- “Mühəndislik Şöhrəti”
ordeni ilə təltif edildiyi bildirilir.
Eyni zamanda, qeyd edilir
ki, Ukrayna Mühəndislik Akademiyasının
ümumi yığıncağının
qərarı ilə A.Paşayev onun həqiqi üzvü seçilib.
Ramid İbrahimov
Bizim yol.-2014.-20 fevral.-S.13.