Avropalı alim Botanika bağını
araşdırır
James Fenton Azərbaycanın
florası, nadir və nəsli kəsilməkdə olan bitki
növləri, onların müasir statusu ilə maraqlanıb
“Azərbaycan florasının tədqiqi sahəsində Azərbaycan və Avropa arasında əlaqələr genişləndirilir”. Bu sözləri Bizimyol.info-ya Botanika İnstitutunun direktoru Validə Əli-zadə bildirdi. Onun sözlərinə görə, Şotlandiyalı ətraf mühit məsləhətçisi Dr. James Fenton Azərbaycanın zəngin florası ilə tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaq AMEA Botanika İnstitutunda olub.
Validə Əli-zadə və digər əməkdaşların iştirakı ilə keçirilən görüşdə şotlandiyalı mütəxəssisə burada aparılan elmi-tədqiqat istiqamətləri, son illərdə institutun çoxşaxəli beynəlxalq elmi əlaqələri, dünyanın müxtəlif aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən müştərək layihələr haqqında ətraflı məlumat verilib.
J.Fenton Azərbaycanın florası, nadir və nəsli kəsilməkdə olan bitki növləri, onların müasir statusu ilə dərindən maraqlanıb, bitki müxtəlifliyinin tədqiqi və saxlanması üçün institutda aparılan yenidənqurma işləri, Herbari fondu, laboratoriyalar, toxum kolleksiyası və yeni yaradılacaq muzeylə tanış olub.
Qonaq, həmçinin institutun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşları ilə də görüşüb, qurumun müasir avadanlıqla təchiz olunmuş laboratoriyaları və botanika elminin müasir istiqamətləri üzrə aparılan tədqiqat işləri haqqında məlumatlandırılıb.
Görüşdə Azərbaycan və Avropanın elmi müəssisələri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bildirək ki, Botanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Bu inistitutda antrogen və fiziki amillərin təsiri ilə əlaqədar florogenezin, biomüxtəlifliyin, bitki örtüyü strukturunun coğrafiyası, faydalı bitkilərin fitogenezi və texnologiyasının öyrənilir. Bitkilərin həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları öyrənilir.
Botanika İnstitutunda "Azərbaycan florası" çoxcildliyinin birinci və ikinci cildləri azərbaycan dilində nəşr olunmaq üçün işlənib hazırlanıb. Quraqlığa və yüksək temperatura davamlı bir sıra yüksək məhsuldarlı yerli buğda sortları aşkar edilib. İlk dəfə olaraq tütün, düyü və qarğıdalının bəzi plastid genlərinin 32 tipli potensial promotorlara malikliyi müəyyən edilib. Buğda cücərtilərində molekul kütləsi 20.5-19 və 17.5-15.5 kda (kilodalton) olan zülallar "Elip" (ilkin işıqla induksiya olunan) zülallar ilk dəfə olaraq müşahidə olunub.
Təşkilatın tarixi haqqında məlumatda bildirilir ki, Botanika bağının yaradılmasında məqsəd yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur.
Azərbaycan
Respublikasında Botanika bağı
1934-cü ildə Bakının dığlıq hissəsində
salınıb. Mərdəkanda filialı da var. Botanika İnstitutu isə 1936-cı ildə təsis olunub. Botanika sahəsində
kadr hazırlanmasında
V.İ.Ulyanişev, L.İ.Prilipko,
İ.M.İsayev, M.H.Abutalıbov,
V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov və başqalarının böyük
xidmətləri olub.
Molekulyar-biologiya və bitki genetikası sahəsində
yeni elmi istiqamətlərin inkişafında
İnstitutun dünya elminə inteqrasiyasında
qazanılmış böyük
nailiyyətlər əldə
olunub.
Təşkilatın əsas
fəaliyyət istiqamətləri
budur: Azərbaycanın
flora, fauna, mikroorqanizmlər və torpaq örtüyü biomüxtəlifliyinin
öyrənilməsi, genofondun
qorunması, səmərəli
istifadəsi, və canlıların həyat fəaliyyətinin molekulyar-genetik,
fiziki-kimyəvi əsasları.
Bildirək ki, son illərdə təşkilatın əldə etdiyi əsas elmi nəticələr aşağıdakılardan ibarətdir: 32 fəsilə 178 cinsə aid 588 növ, o cümlədən 18 fəsilə 36 cins və 200-ə qədər yeni növlər daxil edilmiş "Azərbaycan florası"nın birinci cildi Azərbaycan dilində çapa təqdim edilib. İkinci cild üçün 24 fəsilə 91 cins 410 növ hazırlanıb. Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın ikinci nəşri çapa hazırlanıb. Yeni siyahıya 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növləri daxil edilib.
Botanika İnstitutunda ilk dəfə olaraq funksional markerlərdən istifadə etməklə Azərbaycanda buğda genotiplərinin quraqlıq stresinə davamlığının skrininqi aparılıb. Müəyyən olunub ki, quraqlığa davamlığı cis-tənzimləyən (pozitiv) Dreb 1 transkripsiya faktorunun (drought resistance element binding - quraqlığa qarşı davamlılıq elementlərini birləşdirən) genləri buğdanın 11 genotipində yalnız A genomun 3-cü xromosomunda (3A) aşkar olunduğu halda, Bərəkətli-95 genotipində isə həm A (3A), həm də B (3B) genomlarında yerləşir.Azərbaycanın müxtəlif bölgələrindən götürülmüş paxlalı bitkilərdən lobya (Vicea faba L.), noxud (Cicer arietium L.) və mərcidə (Lentil L.) müxtəlif molekulyar və seroloji metodların köməyi ilə Nanoviridae fəsiləsinin Nanovirus cinsinə aid 3 müxtəlif nanovirus - 2 müxtəlif Faba bean necrotic yellow virus və Faba bean necrotic stunt virus aşkar edilmiş və onların tam molekulyar identifikasiyası aparılıb.
Botanika İnstitutu tərəfindən Xəzər dənizi alqoflorasında Amicula nadir cinsi (Amicula specululum A. Witkowski növü) və Nitzscha aurariae Cholnoky növü aşkar edilib. Azərbaycan florasında yayılmış faydalı bitki növlərinin müxtəlif orqanlarından bioloji fəal maddələr alınıb, onların kəmiyyət və keyfiyyət tərkibləri, biosintezi və bitki həyatında rolu tədqiq edilib, bioloji fəal tibbi preparatlar və yeyinti əlavələrinin alınması texnologiyaları hazırlanıb.
İnstitut beynəlxalq elmi əməkdaşlıq çərçivəsində bir neçə elmi təşkilatla Memorandum imzalayıb. Hazırda institutda 134 elmi işçi, eyni zamanda 1 akademik, 5 AMEA-nın müxbir üzvü, 17 elmlər doktoru və 74 elmlər namizədi çalışır.
Ramid İbrahimov
Bizim
yol.-2014.-21 fevral.-S.13.