«Cəmiyyətimiz kütləvi xroniki karlığa doğru gedir»

 

Həsrət Rüstəmov: “Azərbaycanda aqressiyanın çoxluğuna görə nevroz diaqnozunu uzaqdan təyin etmək çətindir»

«İnsan orqanizmi uzun müddət səs-küy və “vibrasiya”ya məruz qalırsa, çox ciddi xəstəliklərin yaranmasına səbəb olur»

Keçən həftə şəhəri bürüyən endirimlərlə bağlı yazı yazırdım. Mərkəzi küçələrin birində apardığım monitorinq zamanı vaxta qənaət etmək üçün müşahidələrimi diktofona yazırdım. Sonradan yazını qələmə alanda məlum oldu ki, diktofondan bir çox məlumatları eşidə bilmirəm. Problem mənim qulağımda deyildi. Müşahidə apardığım bütün mağaza və iaşə obyektlərində yüksək tonla əcayib musiqi səsləri sən demə mənim səsimi batırırmış. Diktofona nə qədər yaxın olsam da, ağzım deyəni indi qulağım eşitmirdi. Və o yazını bitirəndə beynimdə ancaq mənasız gurultulu səslər vardı. Ümumiyyətlə, son zamanlar ətrafdakı səslərə həssaslığım artıb. Indi bilmirəm, mənim qulağımdamı problem var, yoxsa şəhərimizin hay-küyü çoxalıb.

Əlbəttə, bütün bunlar bizim sağlamlığımıza təsirsiz ötüşmür. Lap elə bəlkə mənim özümdə də müəyyən izlər buraxıb. Bütün bunlara aydınlıq gətirmək üçün bir mütəxəssislə danışmağı qərara aldım. Sağlam Həyata Doğru Ekoloji İctimai Birliyinin (SHDE İB) tibbi məsələlər üzrə eksperti, həkim Həsrət Rüstəmov bizi maraqlandıran sualları cavablandırdı:

- Həsrət bəy, kənar səs-küy, “vibrasiya” insan orqanizmində hansı dəyişikliklərə səbəb olur?

- Ətraf mühitə normadan artıq səs-küy və “vibrasiya”nın daxil olması insan orqanizmi üçün təhlükəli sayılır. Səsin müəyyən normadan artıqlığı səs-küy çirklənməsi adlanır. Hazırda dünyanı narahat edən əsas problemlərdən biri də budur. Avtomobillərin, tikinti işlərinin, sənayenin və o cümlədən məişətdə istifadə olunan avadanlıqların, müsiqi cihazlarının yaratdığı səs-küy müzakirə olunur. Artıq çoxdandır tibb elminə bəllidir ki, səs-küy və “vibrasiya” insan orqanizmində ciddi dəyişikliklər yaradır. Ilk növbədə sizi ictimai-iaşə obyektlərindəki səs-küy maraqlandırdığına görə, birinci buna diqqət yetirək.

Yersiz hay-küy insanın eşitmə analizatorunun səsə olan həssaslığını azaldır. Bu, “qıcıq qapısı” adlanır. Bir insan əgər uzun müddət yüksək səs-küy olan bir yerdə işləyir, orda oturursa, ondan sonra kiçik səs dalğalarını onun eşitmə analizatoru qəbul edə bilmir. Çünki, hiss hüceyrələri yüksək səs-küyə öyrəşir və ondan aşağı dalğalı səsləri eşitmir. Başqa cür desək, bu, tədricən xroniki karlığa gətirib çıxaran səbəblərdən biridir. Eyni zamanda, əgər insan orqanizmi uzun müddət səs-küy və “vibrasiya”ya məruz qalırsa, geriyədönməz, çox ciddi xroniki xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, hipertoniya kimi tanıdığımız arterial təzyiqin qalxması xəstəliyinin əsas səbəblərindən biri kimi məhz uzunmüddətli səs-küyün və vibrasiyanın təsiri ilə meydana çıxdığı güman olunur. Doğrudur, bu yöndə çoxlu tədqiqatlar var və nəticələr  tam bəlli deyil, amma səs-küy və “vibrasiya”nın adıçəkilən xəstəliyin yaranmasında mühüm rol oynadığı şübhəsizdir. Eyni zamanda, bu, bir çox sinir xəstəlikləri, nevrozlar, yuxu pozğunluğu ilə müşayət olunan sinir, hətta psixi xəstəliklərin belə əmələ gəlməsinə şərait yarada və ya bilavasitə buna səbəb ola bilər. Səs-küyün ən çox təsir göstərdiyi orqanizmlər yaşca kiçik olan uşaqlar və yaşlı insanlardır ki, onların səs-küy, “vibrasiya”, ümumiyyətlə ətraf mühitin zərərli təsirlərinə dözmək imkanları həddindən artıq aşağıdır. Ona görə də körpə uşaqlar və yaşlı adamların bu cür yerlərdə olması məsləhət deyil və maksimum çalışılmalıdır ki, onlar belə yerlərdən uzaq olsunlar.

- Avropada ictimai yerlərdə, iaşə obyektlərində bizdəki qədər səs-küy yoxdur. Ümumiyyətlə, orda sizi narahat edən kənar səslər yox dərəcəsindədir. Bizimlə müqayisə olunmazdır. Bizdə alış-veriş üçün dükana və ya fast foodlara girirsiz, sanki dəlixanadır. Ağız deyəni qulaq eşitmir. Azərbaycanda bu səs-küyün fəsadları artıq hiss olunur?

- Bu cür təsirlər qısa müddətdə ciddi xəstəliklərə gətirib çıxarmasalar belə, uşaqların psixologiyasına mənfi təsir göstərir. Eyni zamanda digər qruplar, yaşlı və orta yaşlılar, cavanlar da həmçinin bundan zərər görürlər. Uzun müddət səs-küyə məruz qalan insanlar aqressiv olurlar, onlarda yuxu pozğunluqları meydana gəlir, başqalarına qarşı laqeydlik göstərirlər. Bəlkə də küçədə fikir vermisiz, qulaqcıqla musiqiyə ucadan qulaq asan insanlara çox rast gəlirik. Ictimai nəqliyyatda yanınızda oturub, siz onun qulaqcığından gələn səsdən narahat olursuz. Çox ucadan dinləyirlər. Ancaq başa düşmürlər ki, bu səs onların eşitmə analizatorunu sıradan çıxartmaqla yanaşı sinir sisteminə də mənfi təsir göstərir. Çox vaxt həmin insanlar onlara olan müraciətləri eşitmirlər, hətta qulaqcıqsız belə. Çünki, qulaq artıq o yüksək səsə öyrəşib, onunla asta səslə danışmaq mümkün deyil. Belə adamlar ictimai yerlərdə ucadan, başqalarını narahat edən tonda danışırlar.

- Artıq deyə bilərikimi ki, bunun fəsadlarını biz cəmiyyətdə hiss edirik? Həqiqətən, bizdə insanlar çox vaxt bir-birinə qarşı aqressiv davranırlar. Başqa ölkələrdə insanların davranışları fərqlidir. Həmkarlarımdan biri yazırdı ki, Fransada bir xanımın ayağını təsadüfən tapdalayıb, xanım onun üzrünü gözləmədən özü üzr istəyib. Biz bu şəkildə davranış nümayiş etdirə bilmərik. Mən artıq 10 ildən çoxdur küçədə və ya ictimai nəqliyyatda məni narahat etdiyinə görə kiminsə üzr istədiyini eşitməmişəm. Bizdə nöqsanına görə artıq kimsə başqasından üzr istəmir. Əksinə, bir-birini narahat etməkdən zövq alanların sayı çoxalır. Sanki, cəmiyyətdə kütləvi psixoz var. Sizcə, davranışlarımızdakı bu anormallıqla bağlı hay-küyün “xidmətləri” var?

- Bu məsələlərə səs-küy yeganə səbəb olmasa da, hər halda onun da şübhəsiz ki, böyük təsiri var. Əvvəla dünyanın heç bir ölkəsində səs-küy bizimki qədər kütləvi və geniş deyil. Mən də Avropa ölkələrində olmuşam, ictimai yerlərinə getmişəm. Onların nəinki ictimai yerlərində, heç restoran, barlarında bu qədər hay-küy olmur. Mənim yaşadığım evin zirzəmisində bar var. Gecə orda çalınan zərb alətlərinin titrəyişləri bizi narahat edir. Dəfələrlə şikayət də etmişik, əncam çəkən yoxdur.

 Indi görün o barda oturanların qulaqlarındakı təbil pərdəsi nə vəziyyətdədir. Dediyiniz əlamətlər insanların nevrotik vəziyyətlərini göstərir. Aqressivdirlər, kiçik hadisələrə onlarda böyük reaksiyalar doğur. Bu insanların həmin vəziyyətə gəlməsinin səbəbi təkcə səs-küy olmasa da, səs-küyün də böyük rolu var. Çünki, sakit musiqiyə qulaq asanda sinir sistemi dincələ bilir. Amma səs tembri bəlli normanı aşanda, bu, sakitləşdirici yox, qıcıqlandırıcı təsirə çevrilir və bu da uzun müddət davam edəndə sinir sistemində ciddi fəsadlar törədir.

- Mənim gördüyüm o fərqi yəqin siz də görürsüz. Qərb insanı ilə bizim davranışımız nə qədər fərqlidir. Lap elə qonşu ölkələrlə müqayisədə də biz çox aqressivik. Bir həkim kimi hiss edirsinizmi ki, insanların davranışları 10-20 il əvvəlki kimi deyil?

- Əlbəttə. Qərbdə insanlar əsasən sakitdirlər. Orda nevrozun diaqnozunu küçədə uzaqdan belə qoymaq olar. Çünki, insaların böyük əksəriyyəti sakitdir. Bunun da səbəbləri çoxdur. Burada iqtisadi-sosial səbəblər də böyük rol oynayır. Insanların normal işləri varsa, həyatlarını təmin edə biləcək qədər qazanırlarsa, həftəsonu 2 gün istirahətə gedə bilirlər, ilin bir ayını səyahət edib dincəlirlərsə, bu insanlarda niyə nevroz olsun ki?! Bizim əhalidə isə bu problemlər var. Hətta yaxşı təmin olunmuş insanlar belə həftənin 6 gününü işləyirlər. Çox vaxt yerdə qalan o bir günü də istirahətə həsr edə bilmirlər. Böyük bir insan toplumu işsizdir. Belə vəziyyətdə onlarda nevrozun olması o qədər də təəccüblü deyil. Amma bunun da üzərinə səs-küy və “vibrasiya” çirklənməsi gələndə, təbii ki, insanlar artıq xəstələnmə hallarına keçirlər. Mən praktikada da görürəm. Nevrozların sayı həddindən artıq çoxalıb. Bizdə nevrozun diaqnozunu Avropadakı kimi uzaqdan təyin etmək çətindir, çünki, çoxluq aqressiv davranır. Həkimə müraciət edənlər arasında nevrozun əlamətlərinə, bu xəstəlik səviyyəsində olmasa da, çox rast gəlirik. Xüsusilə də gənc nəsil arasında, yetkinlik yaşına çatanlarda və gənclərdə. Nevroz artıq gəncləşib. Yeniyetmə və gənclər səs-küyə ən çox məruz qalan sosial qrupdur. İctimai yerlərdə daha çox olanlar, səs-küylü musiqiləri çox dinləyənlər səs-küyün təsirinə ən çox məruz qalan təbəqədir ki, bunların arasında əsəbi insanlara çox rast gəlinir.

- Bu yazını yazmağıma əsas səbəblərdən biri də nəqliyyatı intellektual idarəetmənin monitorlarıdır. Ordakı yüksək səslərlə lazımsız reklamlara mən dözə bilmirəm. Dayanacaqlarda demək olar, həmişə onların səs düyməsini bağlayıram.

- Mən də bunu müşahidə etmişəm. Amma bəzi yerlərdə səsi çıxmır. Ola bilsin, sizin kimi onların da səsini bağlayıblar. Təbii ki, belə kənar səslərin də insan orqanizminə mənfi təsirləri çoxdur. Məsələn, bizim təşkilat avtomobillərin ətraf mühitə zərərli təsirləri ilə bağlı bir layihə işləmişdi. Avtomobillərin zərərli təsirləri içərisində onların yaratdıqları səs-küy də böyük rol oynayır. Sivil ölkələrdə avtomobil yolları ilə yaşayış məntəqələri arasında məsafənin olması və orada mümkün qədər çox ağacların əkilməsi, yaşıl örtüyün salınması norma kimi qəbul olunub. Ona görə ki, ağaclar səs-küyü müəyyən qədər udurlar. Həm də avtomobilin hərəkətindən qalxan tozları özlərinə çəkirlər. Eyni zamanda üzü böyük avtomobil yollarına baxan binalar tikəndə inşaat şirkətləri avtomobil yolu istiqamətində pəncərə şüşələrini ikiqat edirlər, ya da müxtəlif izolyasiya tədbirləri görürlər ki, yaşayış və ya ofis binalarına avtomobillərin səs-küyü çox keçməsin. Çünki, kənar səslərin insan orqanizminə mənfi təsirləri artıq sübut olunub.

- Sivil ölkələrdə avtomobilin mexanizminin səs problemi var, bizdə isə bunun üzərinə bir də sürücülərin siqnal səsini əlavə edək...

- Mənim praktikamda rast gəlmişəm ki, hipertoniya xəstələri əcayib səs siqnallarından əsəbləşib, krizisə düşüblər. İnsanlar səslərə müxtəlif reaksiyalar verirlər. Xüsusilə də xroniki xəstəlikləri, ürək-damar patologiyaları olanlar o səslərə qarşı çox həssasdırlar və adi bir siqnal səsi onu əsəbləşdirib, vəziyyətini ağırlaşdıra bilər. Yol-hərəkəti qaydalarında da yaşayış məntəqələrində siqnal vermək qadağandır. Bunun üçün cərimə nəzərdə tutulur. Amma, təəssüf ki. bizdə sürücülərin çoxu cəzasız qaldıqlarından bunu nəzərə almırlar.

- Doktor, xahiş edirəm, mənə diaqnoz qoyun. Barəsində söhbət etdiyimiz səslər məni əsəbləşdirir axı...

- İstirahət etmək lazımdır. Siz yəqin fasiləsiz işləyirsiz, ona görə də səslərə qarşı həssaslıq göstərirsiz.

- Üç ildir istirahət edirəm.

- Onda işə hələ alışmamısız.

- Söhbət bundan getmir. Mən keçən həftə iaşə obyektlərində qiymət endirimlərilə bağlı bir monitorinq keçirirdim. Sonradan diktofonda qulaq asıram və baş çəkdiyim hər yerdə yüksək musiqi fonunda diktofonda nəinki satıcıların, heç öz dediyimi belə başa düşmürəm.

- Onda siz həssas insansınız. Bu xarakterlə də bağlıdır. Sizə o cür yerlərdə çox qalmaq lazım deyil. Ciddi narahat edirsə, gərək o səs-küylü yerlərdən qaçasız.

- O zaman problem məndədir, yoxsa cəmiyyətdə?

(ardı növbəti sayımızda)

 

 

H.HƏMİDOVA

Bizim yol.-2014.-25 fevral.-S.11.