Bu şəhər ömrümüzün 12 ilini necə yeyir?

 

Azərbaycan xalqı bütövlükdə risk qrupuna daxildir

 

Həsrət Rüstəmov: “Yaxın 15-20 ildə çox ciddi fəsadlarla üzləşəcəyik”

 

(əvvəli bu linkdə...)

 

“İnsan nə vaxtsa yaşamaq üçün indi vəba və taunla mübarizə apardığı qədər də səs-küyə qarşı inadla vuruşacaq”. Məşhur alim, bakterioloq Robert Kox bir əsrdən çox əvvəl bu sözləri deyib.

Uzun illər hesab olunurdu ki, səs-küy yalnız eşitmə orqanlarına təsir edir. Ona görə də çox illər səsin insana təsiri eşitmə orqanları nöqteyi-nəzərindən öyrənilirdi. Halbuki, səs-küy - çoxsaylı sinir xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, xroniki yorğunluq yaradan, diqqət və yaddaşın zəifləməsi, normal istirahət və gücü bərpa etməyə mane olan səbəblərdəndir. Səs-küyün insan orqanizminə zərərli təsirləri ilə bağlı araşdırmalarda tədqiqatçıların gəldikləri nəticələrə görə, böyük şəhərlər üçün xarakterik olan “səs-küy çirklənməsi” orda yaşayanların ömrünü orta hesabla 10-12 il azaldırmış.

Meqapolislərin səs-küyünün insana mənfi təsirləri ömrü ortalama 6-8 il qısaldan tütününkündən 36 faiz çoxdur. Avstriya alimlərinin də fikrincə, səs-küy - vaxtından əvvəl qocalmanın səbəblərindən biridir. Alimlər onu da sübut ediblər ki, səs-küy - məhz infarktın əsas səbəblərindən ikincisidir. O da maraqlıdır ki, qadınlar kişilərə nisbətən səs-küyə qarşı daha dözümlü imişlər.

Dünyada milyonlarla insan gündəlik nəqliyyatın hərəkətindən gizli formada əziyyət çəkir. Lakin, bu səs-küyə elə alışmışıq ki, bunu şüurlu şəkildə sezmirik. Əgər siz siqaret çəkirsinizsə, onu ata bilərsiniz. Bəs, sağlamlığımıza mənfi təsir edən səslərdən necə qurtulmaq olar? Cəmiyyətin çox hissəsi buna əhəmiyyət vermir. Çünki, səs-küyün böyük bir hissəsinə qarşı maqavimət göstərməyə insanlar acizdirlər. Praktika göstərir ki, insana daha çox təsir edən məişət səs-küyüdür. Daha dəqiq ifadə etsək, “qonşuların səs-küyü”. Bu, mənim də yaralı yerimdir. Yumşaq ifadə etsək, ədəbsiz qonşular çox vaxt yanlarında yorğun və istirahətə ehtiyaca olan insanların vəziyyəti ilə hesablaşmırlar.

Əvvəllər deyirdilər ki, “təmizlik - sağlamlığın təminatıdır”. Səs-küylə mübarizə, sağlamlığımız uğrunda mübarizədir. Hazırda belə demək daha yerinə düşər: “Səssizlik - sağlamlığın təminatıdır”. Elmi araşdırmalara görə 90 desibeldən yuxarı səslər eşitmə qabiliyyətini itirməyə gətirib çıxara bilər. 110 desibeldən yuxarı səs-küy alkoqol və narkotik vasitələrin təsirinə analoji olan “səs sərxoşluğu” yaradır. 145 desibelden yuxarı səs-küy isə qulaqda təbil pərdələrini partladır. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 2008-ci ildə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na görə, yaşayış və ictimai binalarda, həmçinin insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri müəyyənləşdirilib və burada yol verilən maksimal hədd 101 desibeldir ki, bu da dediyimiz kimi eşitmə qabiliyyətini itirməyə xidmət göstərir.

Həmin norma və tələbləri gələcək yazılarımızda ekspertlərin köməyi və faktlarla şərh edəcəyik. Hələlik isə Sağlam Həyata Doğri Ekoloji İctimai Birliyinin (SHDE İB) tibbi məsələlər üzrə eksperti, həkim Həsrət Rüstəmovla müsahibənin davamını təqdim edirik:

- Doktor, o zaman problem məndədir, yoxsa cəmiyyətdə?

- Təbii ki, cəmiyyətdədir. Mən özüm də evdə televizorun yüksək səsini azaldıram. Evdəkilərə izah edirəm ki, bu uca səslə siz bir-iki gün, bir həftə qulaq asandan sonra aşağı səsləri eşitməyəcəksiz. Artıq qulaq pərdəniz yüksək səsləri qəbul etməyə öyrəşəcək. Və bu da kiçik yaşlı uşaqlar üçün gələcəkdə ciddi fəsadlar yaradar. Uşaqlar evin içərisində oynayır, qaçırlar, istəyirlər ki, evin bu küncündə olanda da o başdan televizorun səsini eşitsinlər. Ona görə də ucadan dinləyirlər. Bəzən bunu başa düşmədən, səbəbini bilmədən də edirlər. Bunların qarşısını almaq lazımdır.

- Metroda da əvvəl belə problemlər vardı. Amma metrodan son istifadə zamanı monitorlarda səs eşitmədim, sadəcə səssiz videoroliklər, reklamlar nümayiş olunur. Indi bilmirəm, özləri insafa gəlib, insanları narahat etməməyi qərara alıblar, yoxsa bunu onlara irad tutan mənim kimi birisi tapılıb...

- Əslində, metro işçiləri də risk qrupuna daxildir. Çünki, onlar daim o qatarların relslərinin səs-küyü içindədirlər, qatarların yüksək siqnal səslərini daim eşitmək məcburiyyətindədirlər. Bu səbəbdən də artıq səs-küyə məruz qalan əhali qrupuna daxildirlər. Ümumiyyətlə, insanı əhatə edən səs-küy iki böyük qrupa bölünür: xarici səs-küy, daxili səs-küy. Xarici səs-küyə daha çox yayılmış olan nəqliyyatın hərəkətindən yaranan səslər aiddir. Avtonəqliyyatın hərəkət etdiyi şəhərin magistral yollarında sutkada 16-18 saat insanlar bu səslərin təsirinə məruz qalır. Nəqliyyatın səs-küyündən şikayət adətən iri şəhərlərdə 60 faiz təşkil edir. Daxili səs-küyə əsasən uşaqların meydançalarda oynaması, mənzillərdə məişət prosedurları və s. aiddir. Azərbaycanda isə bir qədər “spesifik səs-küy” də var. Məsələn, insanlar evlərində yüksək tonla danışırlar, ya da mübahisə edirlər. Siz öz evinizdə rahat oturub onların səsini aydın eşidə bilirsiz. Və ya divar qonşunuz televizora, ya da musiqiyə yüksək səslə qulaq asır. Siz də onunla bərabər, sevmədiyiniz, zövqünüzü oxşamayan musiqiyə “qulaq asmağa” məcbursuz. Bundan başqa, ictimai yerlərdə, nəqliyyatda çox vaxt ucadan danışırlar, başqalarını nəzərə almadan yüksək tonla müzakirələr aparırlar. Biri əlində pul cingildədir, o birisi təsbeh oynadır. Ya da sizin dediyiniz kimi, iaşə obyektlərində yüksək dinamika ilə musiqi qoşurlar. Heç bir ölkədə baş verməyənlər bizdə olur.  

- Səs-küyə daha çox məruz qalan risk qrupları hansılardır?     

- Səs-küyün təsirinə məruz qalanlar ən çox yollarda çalışan insanlardır. Əsasən ictimai nəqliyyat sürücüləri, yol polisi əməkdaşlarıdır. Səs-küyün yüksək olduğu zavod və fabriklərdə çalışan insanlar, o cümlədən sadaladığımız ictimai-iaşə yerlərində səs-küylü şəraitdə işləyənlər də risq qrupuna daxildirlər.

- Sizə elə gəlmirmi ki, biz hamımız risk qrupuna daxilik? Çünki, bizim toylar əcaib musiqi səsləri ilə müşaiyət olunur. İnsanlar bağıraraq danışır, ağız deyəni qulaq eşitmir.       

- Belə baxanda doğru deyirsiniz, əslində hamımız risk qrupuna daxilik. Hazırda vəziyyət belədir. Toylar ümumiyyətlə, biabırçılıqdır. Kənar səsin ucbatından yanınızdakı adam səsinizi eşitmir. Siz də lazım oldu-olmadı, ucadan danışmağa məcbursunuz. Bu zaman səs-küy hay-küylə əvəz olunur. Ona görə də o toylarda çox oturmaq olmur. Həssas insanlar orada 1 saatdan artıq otura bilməzlər.

- Azərbaycanda kütləvi psixozun simptomları hiss olunur? Artıq həyəcan təbili çalmağa dəyər?

- Hazırda bizdə insan səhhəti üçün ciddi nəticələrə gətirib çıxaran bir vəziyyətdir. Təbii ki, həyəcan qaldırmağa əsas var. Düzü, bu sahədə hansısa bir yazıya rast gəlməmişəm. Çox yaxşı və faydalı bir mövzuya toxunursuz. İstənilən halda Azərbaycanda bu problemin başqa ölkələrə nisbətən daha qabarıq olduğu meydandadır. Vaxtında bunun üstünə getsək, gələcəkdə riskləri azaltmaq üçün əlverişli şərtlər ortaya çıxa bilər. Səs-küyə daha çox məruz qalan risk qruplarına işlədikləri sahədə səhhətlərinə yarana biləcək problemə görə əlavə pul ödənməlidir. Təəssüf ki, Azərbaycanda belə bir təcrübə ilə qarşılaşmamışıq. Halbuki, həmin risk qrupları haqlarını tələb edə bilərlər. Qanunvericilikdə əlavələr etmək olar ki, artıq səs-küyə, vibrasiyaya məruz qalanların əmək haqlarına səhhətlərinə dəyən ziyana görə kompensasiya edən faizlər əlavə olunsun və s. O cümlədən də, səs-küy yaradan işəgötürənlər də sağlamlığa zərərini anlayıb, eyni zamanda əlavə ödənişə yol verməmək üçün səs-küyün çox olmamasına çalışacaqlar. Hökumət də bundan istifadə edə bilər, həmin şirkətlərə cərimə tətbiqi ilə bağlı da müəyyən qanunvericilik yaradar. Amma, bunun müəyyən bir norması təyin olunmalıdır. Əslində dünyada norma qəbul olunub, səs-küyün bir standartı var. Səsin bəlli bir standartdan yuxarı olması Qərbdə yolverilməzdir. Qanunvericilikdə bu sahədə də müvafiq dəyişikliklər təklif etmək olar.

- Azərbaycanda səs-küy bu cür davam etsə və nəzarətsizlik də eyni şəkildə qalsa, 10-20 il sonra bizi nə gözləyir?

- Belə davam etsə, çox güman ki, əvvəla ürək-damar xəstəlikləri, sinir xəstəliklərinin statistikasını daha artıq görə biləcəyik. Hay-küyə qarşı dözümü olmayan insanların şəhərlərdən qaçmağını müşahidə edəcəyik. Ümumiyyətlə, meqapoılislərdən qaçma tendensiyası dünyada var. Bakı kimi səs-küylü şəhərdə daha da çoxalma ehtimalı yüksəkdir. Bunun müəyyən iqtisadi-sosial nəticələrinin də olması mümkündür. İlk növbədə məktəb yaşlı uşaqların səhhətinə ciddi ziyanların şahidi ola bilərik. Dərslərinin öhdəsindən gələ bilməmə, erkən yaşdan müəyyən ciddi tibbi fəsadların əmələ gəlməsinin şahidi ola bilərik ki, arzuolunmayan nəticələrdən biri də budur.

- Hamilə qadınlara, onların dünyaya gətirəcəkləri körpələrə necə, bu hay-küyün təsiri nə qədərdir?

- Hamilə qadınlar ən həssas əhali qruplarındandır. Əgər normal insana, fiziki cəhətdən tam sağlam olanlara təsir edirsə, hay-küy hamilə qadınlara daha çox mənfi təsir göstərər. Doğrudur, hamiləlik xəstəlik sayılmır, bu, fizioloji haldır. Amma, hamilə qadınlar həm xəstəliklərə, həm xəstəlik törədicilərinə qarşı, həm də ətraf mühitin əlverişsiz faktorlarına qarşı başqalarına nisbətən daha həssasdırlar, o cümlədən də səs-küyə dözümsüzdürlər. Onlar hətta kiçik yaşlı uşaqlardan daha çox səs-küydən qaçmalı olan bir qrupdur. Çünki, bətndəki körpənin sağlamlığına bütün bunlar zərərdir. Bir Avropa psixoloqu iri şəhərlərdə ailələrdə uşaqların sayının azlığının səbəblərini tədqiq eləmişdi. Nəzəri səbəblərdən biri kimi iddia etmişdi ki, meqapolislərdə insanların sayı çox olduğuna görə, səs-küy də normadan xeyli artıqdır. Ona görə də ana bətnindəki rüşeyim səviyyəsində uşaq da bu cür hay-küyün içərisinə gəlmək istəmir. Bu, təsdiq olunmuş həqiqət deyil. Amma, mülahizənin altında müəyyən nəzəri fikir var ki, səs-küy hətta nəslin artmasına da mane olan faktorlardandır.        

- Hər bir gənc qız və oğlan gələcəkdə potensial ana və atadır. Belə olan halda onların da ifrat səs-küyə məruz qalması genefonda mənfi təsir deməkdirmi?

- Tamamilə doğrudur. Səhhətə təsir edən istənilən faktor, o cümlədən insanın gələcəyinə, onun genefonduna az və ya çox dərəcədə olmasından asılı olmayaraq öz təsirini göstərir.

- Hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərikmi genefondumuz təhlükədədir?

- Bəli. Ulu babalarımızın genləri bizə necə gəlib çatıb? Birbaşa bizə keçməyib ki. Nəsildən-nəsilə ötürülərək gəlib çatıb. Və təbii ki, hər bir orqanizmdə əmələ gələn xəstəlik, ətraf mühitin zərərli təsirləri genlərə də təsir edir. Bu səs-küyün yaratdığı fəsadlar da hissolunmadan nəsldən-nəslə ötürülür. 

- Bu sahədə hökumətin gözlə görünə biləcək tədbirləri var?

- Mən müşahidə etməmişəm və belə bir tədbirlər planı xatırlamıram. Amma hesab edirəm ki, hətta varsa da, bu, qaneedici səviyyədə deyil. Demək olar ki, hissolunmaz dərəcədədir. Təbii ki, əgər varsa.

 

 

H.HƏMİDOVA

Bizim yol.-2014.-26 fevral.-S.11.