«Həyatda
aktyor deyiləm» - Afaq Bəşirqızı
«Əgər sənətkar primitiv
teleserialda çəkilirsə, buna maaş
azlığını əsas gətirməsi bəhanədir»
Müsahibimiz Azərbaycanın xalq artisti, Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetinin professoru,
gülüş ustası Afaq Bəşirqızıdır. Müsahibəni
təqdim etməmişdən öncə Afaq xanım
haqqında qısa məlumat vermək istəyirik. Afaq Bəşirqızı 1955-ci ildə Bakı
şəhərində anadan olub.1974-1979-cu illərdə
İncəsənət Universitetinin Mədəni Maarif fakultəsində
təhsil alıb. Ailəlidir, bir oğlu
var. Afaq
xanım aktyorluq fəaliyyətinə 1973-ci ildə Lənkəran
Dövlət Dram teartında başlayıb. İlk rollarından özünü istedadlı,
işgüzar, səhnəyə böyük məhəbbətlə
bağlı, daim axtarışda olan sənətkar kimi
göstərərək, tamaşaçıların dərin
rəğbətini qazanıb.
1975-ci ildə Sumqayıt Dövlət Dram teatrında
işləməyə başlayıb. Artıq, əsasən
komik rolların ifaçısı kimi daha da püxtələşən
Afaq Bəşir qızı Sumqayıt teatrında klassik və
müasir dramaturqların əsərlərində baş rolları
ifa edərək, şöhrət qazanıb. Onun “Bəxt üzüyü” tamaşasında
yaratdığı “Söylü” obrazı öz koloritinə,
tutumuna, yüksək bədii keyfiyyətlərinə görə
klassik nümunədir. Eyni adlı filmin
xalq tərəfindən sevilməsində də Afaq
xanımın xidməti böyükdür.
1989-cu ildə Afaq Bəşirqızı Azərbaycan
Dövlət Musiqili Teatrına dəvət alıb. Bu illər ərzində o,
“Subaylarınızdan görəsiniz” əsərində “Səməni”,
“O olmasın, bu olsun”da “Sənəm”, “Bankir adaxlı”
tamaşasında “Nisə”, “Məhəbbət oyunu”
tamaşasında “Səltənət”, “İtgin ər”də “Məleykə”,
“Məsmə xala dayımdır”da “Məsmə” və s.
tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən
maraqlı obrazlar yaratmağa nail olmuşdur. A.Bəşirqızı
teatr yaradıcılığı ilə yanaşı bir
sıra kino və televiziya tamaşalarında da çəkilib.
(“Bəxt üzüyü”, “Evləri köndələn
yar”, “Yaşıl eynəkli Adam”, “Nekroloq” və s.). Yaradıcılığının ən
güclü çiçəklənmə dövrünü
keçirən Afaq xanım, bu gün də fəal
axtarışlardadır. O, 7 ildir ki, Mədəniyyət və
İncəsənət Universitetində aktyorluq kursunu
aparır. A.Bəşirqızı 1989-cu ildə “Əməkdar
artist”, 1993-cü ildə “Xalq artisti” adına
layiq görülüb. O, 2 dəfə - 1993-cü ildə və
2003-cü ildə “Qızıl Dərviş” mükafatına
layiq görülüb, kino fəaliyyətini davam etdirir,
televiziyada və dövlət konsertlərində
çıxış edir.
Aktrisa Afaq Bəşirqızı sənətdə ifa
etdiyi rollarla milyonların sevgisini qazanıb.
Aktrisanın
filmoqrafiyasında 15 film var: “Bəşir Səfəroğlu”
(film, 1969), “Evləri köndələn yar” (film, 1982), “20+1”
(film, 1986, qısametrajlı bədii süjet-Mozalan ¹ 105),
“Gözbağlıcı” (film, 1986), “Yaşıl eynəkli
adam” (film, 1987), “Bəxt üzüyü” (film, 1991), “777 ¹-li iş” (film, 1992,
tammetrajlı bədii film), “Bala-başa bəla!” (film, 1995), “Yarımştat” (film, 1996),
“Yaşıl eynəkli adam-2” (film, 1999), “Nekroloq” (film, 2001),
“Yaşıl eynəkli adam-3” (film, 2002), “Dəvətnamə”
(film, 2003), “Girov” (film, 2005), “Bankir adaxlı” (film, 2008).
Biz xalq artisti ilə müsahibəyə hazırlaşərkən
o tamaşa məşqində idi. Bizim məşqi izləmək
şansımız oldu. Elə müsahibəmizə
də məşqlə bağlı sualımızla başladıq.
- Afaq
xanım, hansı tamaşanın məşqində iştirak
edirsiniz?
-
Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrının
səhnəsində iki hissəli burlesk olacaq. “Bu
bizik-Musiqili teatr” tamaşası göstəriləcək.
Tamaşanın qurluşçu rejissoru xalq
artisti İranə Tağızadədir. Tamaşada
teatrın bütün kollektivi iştirak edəcək. Bu tamaşa bir növ
qala konsertdir. Belə ki, teatrın
repertuarında olan tamaşalardan səhnələr olacaq.
Yenilənmələr var, bu tamaşa rejissor təxəyülünün
məhsuludur. “Xanuma” tamaşası 3 il
bundan öncə mənim üçün tamaşaya qoyulub.
Bu tamaşa gürcü rejissoru Qoça Qopanadzenin
qurluşu əsasında səhnələşdirilib. Elə oldu ki,
primyerası teatrın təmir dövrünə
düşdü. Biz bu tamaşanın Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində
oynamalı olduq. Dekorlar, rəssamlar,
paltarların tikilişi-hamısının müəllifi
gürcülər idilər. Onlar
burdakı səhnənin parametrlərini nəzərə
almışdılar. Tamaşanın təqdim
olunmasında müəyyən problemlər oldu, ancaq biz bunu səhnələşdirə
bildik. Tərəf müqabillərim
Əliməmməd ilə Gülcahan Salamovlardır. Hər bir sənətkar xoşbəxtdir ki, onun tərəf
müqabili var. Tərəf müqabili deyəndə mən
geniş mənada deyirəm. Yəni, səni
başa düşən, hiss edən, bir-birini tamamlayan,
tamaşaçının zövqünü oxşayan tərəf
müqabilin olması arzuolunandır.
- Fəaliyyət
göstərdiyiniz teatrda hansı yeniliklər var, həm
texniki, həm də yaradıcılıq baxımından.
- Azərbaycan Dövlət Musiqili Teatrının
binasının yenidən qurulması nəticəsində
burada texniki imkanlar yüksək səviyyədə təşkil
olunub. Bizim teatra Mini Baskala deyirlər. Çünki
Basqala teatrının
tərtibatından burada istifadə olunub. Teatrın 460 yerlik zalı ən müasir
avadanlıqla təchiz olunub. Oturacaqlar və
mebel yeniləri ilə əvəzlənib, 360 dərəcə
fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi
quraşdırılıb. Səhnənin
işıq sistemləri də müasir layihə və
texnologiyalar əsasında yenilənib. Binanın
bütün xidməti və qrim otaqlarında əsaslı təmir
işləri aparılıb. Onu da deyim ki,
bizim teatrın adından komediya sözü
götürüldü. Yəni tetarımız
universallıq xarakteri daşıyır. Burada dram, muzikl,
balet, komediya da ola bilər. Yaxşı
rejissor bu teatr binasında bütün tamaşaları qoya bilər.
O ki
qaldı yaradıcılıq baxımından yeniliyin nədəb
ibarət olmasına, Məşqlərdə gənc
aktyorları görürəm.
-Onların
potensiallarını, istedadlarını necə dəyərləndirirsiniz?
- Hələ
ki, bir nəticəm yoxdur. O zaman dəyərləndirəcəm
ki, həmin aktyorunn rolunu tamaşada necə
oynadığını görəcəm.
- Aktrisa
olaraq Azərbaycan teatrının bu günki durumunu necə
qiymətləndirirsiniz?
- Azərbaycan
teatrının durumu həmişə ictimaiyyətlə
uyğunlaşıb və uyğunlaşacaq da. Həyatda
problem varsa, teatrda da problem olacaq. Arzulayıram
ki, bu problem aktyor, rejissor probleminə, yəni yaradıcı
adamların azlığına, qeyri-peşəkarlığa gətirib
çıxarmasın.
- Siz
öncə dediniz ki, teatrda hər çür şərait
yaradılıb, rejissorlar istədiyi tamaşanı səhnəyə
qoya bilərlər. Rejissorlara səlahiyyət verilibmi ki, istədikləri
tamaşanı qoya bilsinlər?
-
Bilirsiniz, çox teatrlara rejissorlar öz təklifləri ilə
müraciət edirlər. Əlbəttə,
bizim teatra da xarici ölkələrin rejissorları da
müraciət edirlər. Öz
tamaşalarını Azərbaycan Dövlət Musiqili
Teatrının səhnəsində qoymaq istəyirlər.
Yaxın gələcəkdə özbək
rejissorunun tamaşası, Türkiyənin klassik
tamaşası olan “Yeddi hərbi hörmüz” tamaşası
səhnəyə qoyulmalıdır. “Xanuma”
tamaşasının rus variantı işlənəcək, eləcə
də Azərbaycan variantı yenidən təqdim olunacaq.
Rejissor gəlib teatra müraciət edirsə, həmin
rejissor teatrın potensialına uyğundursa, qəbul edilir.
Əlbəttə ki, rejissor hər hansı bir
teatra müraciət edəndə oranın texniki və
yaradıcılıq imkanlarını nəzərə
alır.
-
Aktyorlardan aldığımız müsahibədə onlar maaş azlığı məsələsini
qabardırlar...
- Aktyor və
rejissor Hüseyn Sarablinskinin dövründən ta bu günə
kimi az maaş alıb. Aktyorlar az maaşla çox böyük işlər
görüblər. Fədakarlıq ediblər.
Qram qızıla yetməyən maaşla aktyorlar
adlarını tarixin qızıl səhifəsinə
yazıblar... Deyim
ki, aktyorlar bazar şərtlərinə uyğun yaşamaq
üçün təklifləri dəyərləndirirlər,
yəni dubliyajlarda, reklamlarda iştirak edirlər. Mən bu təklifləri qəbul etmirəm. Mən özümü ancaq səhnədə aktyor
görürəm, həyatda aktyor deyiləm. Həyatda mən başqa Afaqam.
- Kino və
teleseriallar üçün dövlət büdcəsindən
maliyyə vəsaiti ayrılıb. Aktrisa olaraq uğurlu hesab etdiyiniz filmlər,
teleseriallar varmı?
- Son illərdə
nəsə etmək istəyirik. “Dolu”, “Aktrisa” filmləri nisbətən o
biri filmlərdən fərqlənir. Yəni
hardasa nümunə gətirmək olar. Teleseriallarda
isə hələ ki, professionallığı görmürəm.
Bu barədə açıqlama vermək istəmirəm.
Bir məsələni deyim. Əgər
bir insana ödül verirlərsə, bunu onun əməyinə
görə verirlər. Yaxşı ad,
«yaxşı insan» deyilir, ölümündən sonra isə rəhmət
oxunur. Sənətkara isə ordenlər,
adlar verilir. Əgər sənətkar primitiv teleserialda
çəkilirsə, buna maaş
azlığını əsas gətirməsi bəhanədir.
Sənətkar özünə hörmət etməlidir,
dəyər verməlidir.
- Yeni
ssenarilər, tamaşalar varmı?
- Son
üç ayda mənə 5 ssenari təklif olunub. Mən onları bəyənməmişəm. Etiraf edim ki, teatrla bağlı öz planlarım var.
Özümün rəhbəri olduğum “Bəşir”
Teatrı ilə xarici səfərim-qastrolum olacaq. Yəni işim başımdan aşır. Odur ki, teleseriallarda çəkilməyə
vaxtım yoxdur. Hətta xoşuma gələn
ssenari və profassionallıq olsa belə.
- Sizcə,
ssenaristlər öz fikirlərini yazmaqda azaddırlar?
- Məncə,
azad deyillər.
- Sizə
görə, ən uğurlu tamaşanız hansıdır?
-
Tamaşaya uğur verən mənəm. Rejissorun
professionallığından əmin olmasam, ssenari xoşuma gəlməsə
Afaq Bəşirqızını güclə o tamaşada
oynatmaq mümkün deyil. Hətta
teatrın ümumi mənafeyinə görə olsa belə.
- Afaq
xanım, bizim ənənəvi sualımız var. Bizim
soruşmadığımız, amma sizin demək istədiyiniz
varmı?
- Martın 10-u tarixi Azərbaycanda “Teatr günü” olaraq qeyd olunur. Mən aktyorlara can sağlığı arzulayıram. Aktyor incə qəlbli insandır. Aktyorun öz xasiyyətindən əlavə sənəti ilə bağlı da xasiyyəti olur. Aktyor diqqətdə olmaq, qayğısına qalınmaq, əzizlənmək, nəvaziş, zəhmətinə uyğun dəyərin verilməsini istəyir. Kim dəyər verirsə, sağ olsun.
Ramid İbrahimov
Bizim yol.-2014.-26 fevral.-S.13.