Aşıq
sənətinin zirvəsi - Aşıq Alı
Ustad sənətkarın yaradıcılıq gecəsi
keçirildi
Aşıq ədəbiyyatının görkəmli
nümayəndələrindən olan Aşıq Alının
yaradıcılıq gecəsi və jurnalist Qabil
Zimistanoğlunun tərtibçiliyi və redaktorluğu ilə
işıq üzü görmüş "Aşıq Alı
Əsərləri” kitabının təqdimat mərasimi
keçirildi.
Əvvəlki nəşrlərdən fərqli
olaraq bu kitabda Aşıq Alının indiyə qədər
çap olunmamış şeirləri, eləcə də
"Aşıq Alının Türkiyə səfəri"
dastanının yeni variantı çap olunub. Tədbirdə tanınmış aşıq və
xanəndələr, eləcə də Aşıq Alısevərlər,
saz həvəskarları iştirak etdi.
Bildirək ki, Aşıq Alı 1801-ci ildə
Göyçə mahalında Qızılvəng kəndindən
doğulub, 1911-ci ildə burada vəfat edib və kənd qəbiristanlığında
dəfn olunub.
1988-ci ildə soydaşlarımız məlum
hadisələrlə əlaqədar doğma yurdu tərk etmək
məcburiyyəti ilə üzləşiblər. Ermənilər sənətkarın qəbrini və
qəbir üstü abidəsini vəhşiliklə
dağıdıblar.
Aşıq Alı XIX əsr Azərbaycan aşıq
şeirinin nümayəndələrindən biridir. 16-17
yaşlarından aşıqlıq etməyə
başlayıb və qısa zaman içində məşhurlaşıb.
Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan
aşıq şerinin tanınmış nümayəndələrindən
biri Aşıq Ələsgərdir. Rəvayətə
görə müəllim-tələbə günlərin bir
günü bir məclisdə deyişmişlər və
aşıq Alı Ələsgərə məğlub olub.
Bir başqa rəvayətə görə
aşıq Alı sazını tələbəsinə hədiyyə
etmək üçün qəsdən Ələsgərə
yenilmiş, Ələsgər isə sazı götürməyib
və o, "Bir şəyird ki, ustadına kəm baxar, Onun
gözlərinə ağ damar, damar" deyib. Aşıq Alı Azərbaycan aşıq şeri
tarixində Aşıq Ələsgərin ustadı kimi
tanınsa da, onun özü də çox azman ruhlu, coşqun
təbli sənət fədaisi imiş.
Dövrünün kamil və hərtərəfli biliyə
malik aşığı hesab olunan Aşıq Allahverdiyə
(Aş Aşığa) 10 il müəllimlik
edib. Xeyli şagird yetişdirib, saz sənətinin
sirlərini onlara öyrədib. Böyük sənətkar
Aşıq Ələsgər, Aşıq Qulu, Alçalı
Məhərrəm, Subatanlı Aşıq İsə,
Qannılı Mehdi və digərləri onun şagirdi olublar.
Aşıq Alının təxminən 93-94 yaşlarında
gözləri tutulub və 16-17 il dünya
işığına həsrət yaşayıb. İran və
Türkiyədə bir sıra tanınmış ustadlarla
deyişərək sazını əlindən
aldığına görə şagiedi haqqında
aşağıdakı şeiri deyib:
Mahalımın
şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın
kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı.
Ustadıyın
üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul,
müjdəm xub soraqdı,-
Alqış sənə, Aşıq Alı.
Duraxan da
gəldi dada,
Əsməri də saldın oda.
Ağ
Aşığın bu dünyada
Şöhrətisən
Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.
Aşıq Alı Türkiyə (Şərqi Anadolu) səfəri
zamanı Yığval (İqbal) və Zəki kimi
tanınmış saz-söz sənətkarları ilə
deyişərək, onları bağlayıb. Qayıdarkən
səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan
Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar
adlı kəndə gəlir və orada Əsmər xanımla
deyişib, onu da bağlayır. Əsmər
xanım Alıya "böyük nəmər" (pul və
hədiyyə) verərək onunla evlənməyi təklif
edir. Lakin Aşıq Alı ilqarından
dönmür.
“Aşıq
Alı. Əsərləri” kitabında Aşıq
Alının Türkiyə səfəri, bu səfər
zamanı oradakı aşıqlarla deyişməsi
"Aşıq Alının Türkiyə səfəri",
Əsmər xanımla münasibətləri isə
"Aşıq Alı və Əsmər" adlı xalq
hekayələrində öz əksini tapıb. Aşıq
Alı şeirlərində özünün
soy-kökünü və doğulduğu yeri aşagıdakı kimi qələmə
alıb:
"Xəlləqul-aləmin
budur qərarı,
Qış olmasa, bahar dolana bilməz.
Ər kişi vətəndən düşsə
aralı,
Ah çəkib
saralar, dolana bilməz.
Dost
bağında qönçə kimi bitməyən,
Gül
üstündə bülbül kimi ötməyən,
Vədə
verib, ilqarına yetməyən,
Vədəsiz qocalar, dolana bilməz.
Bəlalı
başımı alıb dumanlar,
Alçalın,
siz Allah, əyilin, dağlar!
Müddətdir,
yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz.
Mərdlərin
biriynən tutmuşam bəhsi,
Xudam,
iltimasa çəkmə heç kəsi!
Alı-türki-zəban,
Əli şiəsi,
Dərgahından
kənar dolana bilməz!
Və ya:
“Mahalım
Göyçədir, kəndim Qızılvəng
Aşıq Alı təkdir, təkə
tək gərək”
Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs
kimi şeir növlərində çoxsaylı şeirlər
yazıb. Onun tam külliyatı gəlib bizə
çatmayıb. Aşıq uzun müddət
Kəlbəcərdə yaşayıb və ömrünün
sonunda doğma kəndi Qızılvəngə qayıdıb.
Atası İmirzə kişinin qəbrini ziyarət
etdikdən sonra - 1911-ci ildə dünyasını dəyişib
və kənd qəbiristanlığında dəfn olunub.
Yaradcılıq gecəsində çıxış edənlər
Qabil Zimistanoğlunun tərtib etdiyi "Aşıq Ali. Əsərləri”
kitabı ilə bağlı danışarkən bildirdilər
ki, türk ədəbiyyatına özünün misilsiz töhvələrini
verən Dədə Alının zəngin irsi toplanaraq nəfis
şəkildə çap olunması arzuolunandır. Kitaba ön sözü tanınmış
şair-yazıçı, Əməkdar jurnalist Eldar
İsmayıl yazıb. Aşıq
poeziysının kamil bilicisi olan E.İsmayıl Aşıq
Alı irsinin incəliklərini zərgər dəqiqliyi ilə
izah edərək, ustadla bağlı maraqlı məqamlara
toxunub. O, bu kitabın Aşıq Alı haqqında indiyədək
nəşr olunmuş kitablardan mükəmməlliyi ilə fərqləndiyini
qeyd edərək yüksək qiymətləndirib.
Kitabda yenilik
“Aşıq
Alı. Əsərləri” kitabında ustad haqqında yeniliklər var. Belə ki,
Aşıq Alı "Koroğlu” dastanının zənginləşdirilməsində
müstəsna rola malik olub. O, həmçinin deyişmə səhnələrinin
belə qalibi olub, qarşısına çıxanın
kimliyindən asılı olmayaraq həmişə qalib olubdur.
Bir çox məşhur havacatların müəllifi
olan Aşıq Alı "Rühani”, "Göyçə
gülü”, İrəvan çuxuru” saz havalarını da
yaradıb. Hansı ki, həmin havalar
müasir aşıqların reperturında sevilə-sevilə
səslənməkdədir. Q.Zimistanoğlu
kitabda ustadın nəsil-şəcərəsi də daxil edib
ki, bu da gələcəkdə yaranacaq söz-söhbətə
birdəfəlik yekun vurur. Onu başqa
etniklərə və yerlərə aparıb çıxarmaq
istəyənlərə biryolluq cavab verir.
“Ellərdi”
Kitab Aşıq Alının "Gəraylılar”ı
başlayır. Bu gəraylılar Vətənə,
doğma yurda, gözəllərə, naqis insanların pis əməlllərinə
qarşı həsr olunubdur. “Ellərdi” gəraylısı
məhz bu qəbildən olan şeirdi.
Dolananda
yad diyarı,
Müdam sorağım ellərdi.
Qəmli
qəlbin növbaharı,
Qürurlu
dağım ellərdi,
Gül dərdim,
gülə bənd oldum,
Bir tuti dilə bənd oldum.
Gəşt
etdim, elə bənd oldum,
Eşqim marağım, ellərdi.
Bu
Alıya qada yetə,
Cəm olarlar səda yetə.
İgidləri
dada yetə,
Zağlı yarağım ellərdi.
Tərtibçi-redaktor gəraylılardan sonra
böyük ustadın qoşmalarını verib. Qoşmalarda
da ustad aşıq Azərbaycan torpaqlarının ayrılmaz
hissəsi olan Qərbi Azərbaycanın ayrı-ayrı
bölgələrini, tanınmış yer-yurdlarının
dağlarının gözəllliyini bədii, deyimlərə
təsvir edir. Növbəti şeirlər
Alının ustadnamələrini təcnislərini,
cığalı təcnis, dodaqdəmyəz təcnislərini,
divanilərini və bir qəzəlini təşkil edir.
Növbəti səhifələrdə Ağ
Aşığın Aşıq Alıyla, Aşıq
Alının Aşıq Ələsgərlə, Aşıq
İqballa, İranlı Aşıq Zəki ilə, Dondarlı
Aşıq Hümbətlə deyişmələri
verilmişdir. Dastan və rəvayətlər
bölməsində isə Aşıq Alının Türkiyə
səfəri, Aşıq Alının subatanlı İsəni
şəyirdliyə götürməsi və Hacı
Hüseynin Aşıq Alıya at bağışlaması kimi
məsələləri açıqlayan yazıları dərc
olunub.
Saz,
söz aləmində məşhurlardan olan Dədə Ələsgərin
də Aşıq Alını ustadlar ustadı kimi həmişə
dərin məhəbbətlə yad etməsi, onun bu sənətə
bəxş etdiyi töhfələri-ustadnamələri, təcnisləri,
qoşmaları, gəraylıları, müxəmməsləri
divaniləri və sair yaradıcılığı barədə
məclisdə danışması da onun nəinki sənətdə,
həm də dünyəvi elmlərin bilicisi olduğunu təsdiqləyir.
Folklorşünas
aşıqla bağlı nələri dedi?
Folklorşünas
Əli Şamilov bildirdi ki, aşıq Alı uzun müddət
doğulub boya-başa çatdığı eldən-obadan,
gözəlliklər məskəni, igidlər oylağı,
Göyçədən uzaq düşsə də bu yerlərin
füsünkar mənzərəsini həmişə həsrətlə
yad etmiş, gördüyü yeni mənzərələr,
tanış olduğu yerlər onun qəlbini
qubarlandırmış, vətən həsrətini
alovlandırıb şeirə çevirib. Alı
vətənini sonsuz məhəbbətlə sevən,
doğulduğu el-oba üçün burnunun ucu göynəyən
aşıq yalnız bir şeirində 15-dən çox yer
adını əbədiləşdirib. Aşıq
Alının həyatı haqqında əlimizdə dəqiq məlumat
olmadığı kimi şeirlərinin də
yarandığı illər və ilkin variantları
haqqında dəqiq məlumatımız yoxdur. Ağızdan-ağıza keçdikcə xeyli təhrifə
uğramış, dəyişikliklər edilib. Folklorşünas onu dabildirdi ki, aşıq
Alının oynaq gəraylıları, şux təcnisləri,
insanı düşünməyə vadar edən
bağlamaları, nəsihətamiz divanələri
ağızdan-ağıza keçərək
yaşamış, dilimizin saflaşmasına, zənginləşməsinə
müsbət təsir göstərib.
Aşıq Alı ustad sənətkar kimi iyirmiyə
yaxın şagird yetişdirmiş, aşıq şeirinin
müxtəlif janrlarında gücünü
sınamış, səmərəli bəhrələnmiş,
saz-söz sənətinə yeniliklər gətirib.
Folklorşünas
Əli Şamilov qeyd etdi ki, aşığın xidmətlərini
yüksək qiymətləndirən Azərbaycan KP MK onun anadan
olmasının 180 illiyinin bayram edilməsi haqqında qərar qəbul edib. Bu qərar
Aşıq Alı yaradıcılığının və
onun ədəbi irsinin dərindən öyrənilməsinə
böyük təkan olub. Tarixin mənbələrindən
məlumdur ki, 1840-cı ildə olmuşzəlzələ nəticəsində
böyük Araratın zirvəsinin bir hissəsi
uçmuş və dağın ətəyindəki Axura kəndini
batırıb. Demək Ararat dağında
zəlzələ olanda Aşığın 39-40 yaşı
varmış. Dastanda isə deyilir ki,
aşıq 18-20 yaşlarında olarkən Bəstini sevmiş
və onunla evlənib. Bu tarixi fakt və eləcə
də aşığın başqa şeirləri göstərir
ki, o, heç də sevgilisinə qovuşmaq üçün
toy xərci toplamaq məqsədilə Şərq ölkələrinə
səyahətə çıxmayıb. Bizcə
onun vətəndən uzaqlaşmasının səbəbini həmin
dövrün ictimai-siyasi hadisələrində axtarmaq
doğru olardı.
Qeyd…
28 fevral 2011-ci ildə Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı
ilə Heydər Əliyev sarayında Aşıq Alının
anadan olmasının 210 illiyinə həsr olunan
"Mahalım Göyçədir, Əslim Qızılvəng"
adlı yubiley konserti keçirilib.
Bildərk ki, aşıq Alının yaradıcılığı ilə bağlı müxtəlif illərdə kitablar yazılıb: “Aşıq Alı. Şerlər”. (Bakı: "Azərnəşr", 1975, toplayanı Hüseyn Hüseynzadə), “Aşıq Alı. Şerlər”. (Bakı: "Yazıçı", 1982, toplayanı Əli Əbülhəsənoğlu Milli), “Aşıq Alı. Təcnislər”. (Bakı: "Azərnəşr", 1995, toplayanı Əli Əbülhəsənoğlu Milli), “Aşıq Alı. Əsərləri”. (Bakı: "Avrasiya Press") və s.
Ramid
İBRAHİMOV
Biizim yol.-2014.-27 fevral.-S.13.