Yaşar Nurinin son filmi…

 

 “Mən evə qayıdıram” bədii filminin təqdimatı keçrildi

 Rejisor Sərxan Kərimoğlu mərhum aktyorla bağlı xatirələrini bölüşür

 

Fevralın 26-da saat 19:00-da Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” bədii filminin təqdimatı oldu. “Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərəli, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Vüqar Camalzadə, icraçı prodüseri Nazim Hüseynovdur.

Filmdə xalq artistləri Yaşar Nuri (Ağasəlim), Fuad Poladov (müstəntiq Səlimov), müğənni Emil Bədəlov (Tərlan Seyidzadə), aktyor Murad Abdullayev (leytenant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Azər Aydəmir, Oleq Əmirbəyov, Yelena Malışeva, Elşən Hacıbabayev, Sevzixan Serderov, Yaroslav Trifonov, Anna Kostenka rol alıblar.

Müdafiə Nazirliyinin yardımı ilə çəkilən film hərbi vətənpərvərlik mövzusundadır. Real hadisələr əsasında çəkilən film Xalq artisti Yaşar Nurinin son filmidir. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 85 dəqiqə sürən “Mən evə qayıdıram” filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba, Stalçay, Kürdəmir, Xızıda aparılıb.

 

Film 1990-cı illərədən bəhs edir

 

“Mən evə qayıdıram” filmi 1990-cı illərədən bəhs edir. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filminin bu günədək təqdim olunmasının səbəbi kimi isə yaranan maliyyə problemləri göstərilir. Hərbi vətənpərvərlik mövzusunda olan ekran işinin təqdimat mərasimində ziyalılar, sənət adamları iştirak edib. Mədəniyyət və turizim naziri Əbülfəz Qarayev gecədə çıxış edərək filmin gözəl alındığını, onun mədəniyyətimizə böyük töhfə olduğunu vurğulayıb. Nazir çıxışında 26 fevral tarixinin Azərbaycan xalqı üçün faciəvi günlərdən biri olduğunu diqqətə çatdırdı: “22 il bundan öncə ermənilər Xocalı soyqırımını törətdilər. Dinc insanları vəhşicəsində qətlə yetirdilər. Bu soyqırım tarixdən heç vaxt silinə bilməz. Bax bu gündə vətənpərvərlik mövzusunda olan filmin təqdimat mərasiminin olması təsadüfi deyil”.

“Mən evə qayıdıram”ın təqdimat mərasimində filmdə əsas obrazlardan birini ifa edən Emil Bədəlov da iştirak etdi. O bildirdi ki, film Şuşa şəhəri ilə bağlıdır. Baxıb, özünüz qiymət verərsiniz”.

Filmdə əsas rollardan birini oynayan aktyor Elşən Haqverdiyev oynadığı obraz haqqında bunları bildirdi: “Mənim filmdə obrazını oynadığım şəxsin qardaşı şəhid olur və o da hərbi xidməti yarımçıq qoyur. Aktyor Murad Abdullayevin sözlərinə görə, filmin sujet xətti olmuş hadisələrdən ibarətdir.

Öyrəndik ki,  Mən evə qayıdıram” layihəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş vətənpərvərliklə bağlı elan olunmuş ssenarilər və  layihələr müsabiqəsinin qaliblərindən biridir. 

 

3 gün davam edən çəkilişlər zamanı…

 

2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə yeni “Mən evə qayıdıram” adlı filmin çəkilişlərinə başlanılıb. Rejissor “bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə” çəkdiyini bildirdi: “Film hərbi vətənpərvərlik mövsunda çəkilib. Filmin məzmunu belədir ki, Sovet ordusuna xidmət edən azərbaycanlı zabitlər vətənin və xalqın dar günündə imdadına çatırlar. Sovet rütbəsinin çiynlərində olduğu halda belə onlar fədakarlıq edərək vətən uğurunda mübarizəyə qoşulurlar.

Onu da bildirim ki, elə məhz bu film Xalq artisti Yaşar Nurinin son rol aldığı filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşbaz obrazını canlandırır. Aktyor bu filmə ilk əməliyyatından bir müddət sonra rejissorun xüsusi dəvəti ilə çəkilib. 3 gün davam edən çəkilişlər zamanı aktyora hər cür şərait yaradılıb. Mən rejissor olaraq ayaq üstü səhnələri maksimum dərəcədə yığışdırmağa çalışdım”.

 

Rejisor Yaşar Nuri haqqın film çəkmək istəyir

 

Samir Kərimoğlunun sözlərinə görə, Yaşar Nuri bu filmə bir şərtlə çəkilib. Belə ki, rejissor onu başqa bir filmdə dirijor obrazında çəkməyə söz verib. İndi Samir Kərimoğlu o filmi çəkərək, Yaşar Nurinin xatirəsinə həsr etməyi düşünür: “Yaşar Nuri komik, psixoloji və dramatik rolların məharətli ifaçısıdır. Bildiyimiz kimi xalq artisti səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. Yaşar Nurinin səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar. Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilib. 

Bildirim ki, aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilib. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - əməkdar artist adını alıb. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilibdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilib.

Deyim ki, aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkib.

Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul") komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy obrazlarını yaradıb.

Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur”.

Rejissorun fəaliyyəti haqqında bildirək ki, S.Kərimoğlu böyük risk və kiçik büdcəylə 2005-ci ildə “Sirat körpüsü” filminin çəkilişlərinə başlayır. Tammetrajlı bu filmin büdcəsi qırx min dollar idi. Səbuhi Studiyasının sponsorluğu və “ButaFilm” prodakşnın texniki dəstəyi ilə çəkilən bu filmin ssenaristi, rejissoru, həmçinin montajçısı və post prodakşnçısı olmaqla bərabər, Samir həm də baş rollardan birində çəkilib. Rejissorun “Sirat körpüsü” filmi ilə yanaşı “Qanadlarıma sığal çək”, “Niyyət”, “Onun ürəyi”, “Mən evə qayıdıram” filmlərinin müəllifidir.

 

 

Ramid İBRAHİMOV

      Bizim yol. - 2014.- 28 fevral.- S. 13.