Azərbaycan xarici
siyasətinin prioritetləri
Musa
Qasımlı: "Dövlətimiz Şərq və Qərb
dəyərlərinin sintezindən yaranmış
cəhətləri
əxz edərək, dünya birliyinə inteqrasiya olunmaq xəttini
seçib"
18
oktyabr 1991-ci il - "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul
olunduğu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin
bərpası günü sayılır. Həmin sənəddə
bildirilir: "Azərbaycan xalqı müstəqil, dünyəvi,
demokratik, unitar dövlət yaradır, bu dövlətin suverən
hakimiyyəti daxili məsələlərdə ancaq
hüquqla, xarici məsələlərdə isə yalnız
Azərbaycan xalqının azad surətdə razılıq
verdiyi müqavilələrdən və sazişlərdən
irəli gələn müddəalarla məhdudlaşdırılır.
Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarına uyğun olaraq Azərbaycan Respublikası başqa
dövlətlərlə münasibətlərini
aşağıdakı prinsiplər əsasında qurur:
dövlətlərin suveren bərabərliyi, zor işlətməmək
və zor işlətməklə hədələməmək,
dövlət sərhədlərinin toxunulmazlığı,
mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin
daxili işlərinə qarışmamaq, insanın
hüquqlarına və əsas azadlıqlarına hörmət
etmək, xalqların bərabərliyi və onların öz
müqəddəratını təyin etmək hüququ,
dövlətlərin əməkdaşlığı, beynəlxalq
hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək".
Müasir dünyada gedən inteqrasiya prosesləri
bütün ölkələri, yer kürəsinin
bütün qitələrini əhatə edir. İnteqrasiya
prosesi suveren dövlətlərin daxili və xarici siyasətinə
korrektələr edir, xalqların taleyində dönüşə
təkan verən fenomenə, dünyanın
inkişafının başlıca meylinə çevrilib.
Qeyd edək ki, "inteqrasiya" latıncadan
tərcümədə "bərpa olunma" deməkdir.
İnteqrasiya müasir dünyada ölkələrin təsərrüfatlarının
obyektiv birləşmə prosesidir. Onun ali məqsədi
iqtisadi artım templərinin davamlılığına rəğmən,
əldə olan resurslardan maksimal dərəcədə effektli
istifadəni təmin etməkdir. İnteqrasiyanın
mühüm forması kimi ölkə təsərrüfatının
beynəlmiləlləşməsi nəticəsində onun
dünya təsərrüfatının bir hissəsinə
çevrilməsidir. İnteqrasiyanın əlaməti kimi
iqtisadiyyat sferasında ümumi siyasətin formalaşdırılması
və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi
inteqrasiya əsas beş mərhələdən keçir:
azad ticarət zonası, gömrük ittifaqı, ümumi
bazar, iqtisadi ittifaq və iqtisadi və valyuta ittifaqı. İnteqrasiya siyasi, iqtisadi və sosial sahələrdə
olur.
Bütün beynəlxalq təşkilatlarla və
dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı
inkişaf etdirməkdə maraqlı olan Azərbaycan, bunun üçün konkret
addımlar atır, bərabərhüquqlu əlaqələrin
qarşılıqlı maraqların təmin edilməsi istiqamətində,
biri-birinin işinə qarışmamaq
prinsipləri çərçivəsində
davam etdirilməsi işinə öz töhfəsini verir.
Azərbaycan Demokratiya və İqtisadi
İnkişaf naminə təşkilat -
GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən
regional təşkilat) və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının
təsisçilərindən biridir. GUAM -
Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna
prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike
imzalaması ilə bu dörd
dövlətin birliyi kimi
fəaliyyətə başlayıb. Kommunikedə
prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri
əsasında Avropada sabitliyin
və təhlükəsizliyin gücləndirilməsi məqsədilə
dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini
vurğulayıblar. Kiyev Zirvə Toplantısında prezidentlər
GUAM-ın Nizamnaməsini qəbul etmişlər. Nizamnaməyə görə demokratik
dəyərlərin bərqərar olması, davamlı
inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi,
Avropaya inteqrasiya,
üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə
əməkdaşlığının genişləndirilməsi
təşkilatın başlıca məqsədlərini
təşkil edir.
Azərbaycan
1993-cü ilin sentyabrından Müstəqil
Dövlətlər Birliyinin (MDB) üzvüdür. 9 may
2006-cı ildə Azərbaycan Birləşmiş Millətlər
Təşkilatının (BMT) yeni
yaradılan insan haqları komitəsinə
üzv seçilib. Səlahiyyətli
nümayəndəlik 19 iyul 2006-cı ildən
başlayıb. Azərbaycan həmçinin BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı (ATƏT), Avropa
Şurası və NATO-nun (Şimali Atlantika
Müqaviləsi Təşkilatı- North Atlantic Treaty Organization) sülh naminə
tərəfdaşlıq proqramının üzvüdür.
Bundan əlavə ölkə Birləşməyənlər
Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı
və Beynəlxalq Elektrorabitə İttifaqında
müşahidəçi statusuna malikdir.
BMT Baş
Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs
toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik
Şurasının 10 qeyri-daimi
üzvündən biri seçilib.
"Azərbaycan bir
sıra beynəlxalq
təşkilatların üzvü və qurucusudur"
Tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa
Qasımlı ilə "Azərbaycanın dünya
birliklərinə inteqrasiyası" mövzusunda
həmsöhbət olduq. Qeyd
edək ki, deputat Milli Məclisin Elm və Təhsil
Komitəsinin, eləcə də
Türkiyə, Kanada, Braziliya,
Peru, Danimarka, Malta, Estoniya, Bosniya-Hersoqovina parlamentləri ilə dostluq qrupunun üzvüdür.
M.Qasımlı bildirdi ki, Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların üzvü və qurucusudur: "Dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və başqa təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir. Beynəlxalq təşkilatların işində iştirak etmək Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir. Bu istiqamətdə xarici siyasətin başlıca məqsədi Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq, möhkəmləndirmək, ölkə daxilində müstəqil dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, həmin təşkilatların tribunasından istifadə edərək Azərbaycan haqqında həqiqətləri yaymaqdır".
"Bir zamanlar
Azərbaycanda respublika
səviyyəli
toplantılar keçirmək də
çətin olardı"
Musa Qasımlı hesab edir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycanın beynəlxalq təşkilatların işində iştirakında mühüm bir dövr təşkil edir: "Azərbaycan beynəlxalq təşkilatlarda bir sıra uğurlar qazanıb. Növbəti uğurlardan biri yaxın keçmişdə Avropa Şurası Parlament Assambleyasında cənab Prezident İlham Əliyevin parlaq nitqi idi. Bu nitq Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biridir. Bir başqa hadisə isə ATƏT Parlament Assambleyasının Azərbaycanda keçirilən sessiyasıdır. Bu sessiyada 600-dən yuxarı nümayəndənin iştirakı Azərbaycanın mühüm beynəlxalq mərkəzlərdən birinə çevrildiyini göstərir. Bir zamanlar Azərbaycanda nəinki beynəlxalq, respublika səviyyəsində toplantıları keçirmək çətin olardı. İndi isə ən böyük, nüfuzlu beynəlxalq təşkilatların toplantıları Azərbaycanda keçirilir. Artıq Azərbaycan böyük konfranslara, simpoziumlara ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın dünya siyasətində əhəmiyyətinin və rolunun artdığını göstərən çoxsaylı amillərdən biridir".
""Əsrin müqaviləsi" yeni dövrün başlanğıcı oldu"
M.Qasımlı
dedi ki, 1991-ci ilin sonu və 1992-ci ildə
Azərbaycanın dünya dövlətləri
tərəfindən ardıcıl şəkildə
tanınması və diplomatik münasibətlərin
yaradılması onun dünya
birliyinə sistemli surətdə
inteqrasiyasına geniş yol
açıb: "İkitərəfli siyasi
münasibətlərin qurulması iqtisadi və mədəni əlaqələrin
inkişafına əlverişli zəmin yaradırdı.
Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq
isə öz növbəsində siyasi münasibətlərin dərinləşməsi,
qarşılıqlı etimadın güclənməsi yolunda mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan Xəzər dənizinin
Azərbaycan sektorundakı neft
yataqlarının istismarına dair
1994-cü il sentyabrın 20-də
imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın
dünya ölkələri ilə
qarşılıqlı əlaqələrinin genişlənməsinə
və beynəlxalq mövqelərinin möhkəmlənməsinə
güclü təkan verdi. "Əsrin
müqaviləsi" və sonrakı dövrdə
imzalanmış çoxsaylı neft
kontraktları Azərbaycanın dünya
birliyinə inteqrasiyasını gücləndirir,
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafı üçün ortaq təmas nöqtələrinin geniş şəbəkəyə malik olduğunu nümayiş etdirir.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın
nümayəndələrinin iştirakı ilə tarixi "Böyük
İpək yolu"nun
bərpası üzrə keçirilmiş
Bakı beynəlxalq konfransı və onun
nəticələri Azərbaycanın xarici
siyasətinin müstəqillik illərində
qazandığı ən mühüm
nailiyyətlərindən biridir. Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində
"Böyük İpək yolu"nun bərpası
üzrə həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində
yerləşən bütün ölkələrin
inkişafı, onların iqtisadi
potensialından daha səmərəli
istifadə edilməsi, çoxtərəfli iqtisadi
əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait
yaradır. Azərbaycan Respublikasının
müstəqil dövlət kimi beynəlxalq
münasibətlər sisteminə qoşulması ilə
ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin
tənzimlənməsində xarici siyasət
sahəsində fəaliyyətin rolu kəskin
şəkildə yüksələrək həlledici əhəmiyyət
kəsb edib. Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji
mövqeyə malik olan
Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi
həyatın bütün sahələrində
özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb
dəyərlərinin sintezindən yaranmış cəhətləri
də əxz edərək, dünya
birliyinə inteqrasiya olunmaq
xəttini seçib".
Ramid İbrahimov
Bizim
Yol .- 2014.- 1 iyul.- S.11.