Dünya elminə 190 sanballı töhfə

 

Prezidentin mükafatlandırdığı azərbaycanlı alim: “Dövlət başçısının etimadını doğrultmağa çalışırıq”

 

Prezident İlham Əliyev 2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla dövlət mükafatları elm sahəsi üzrə Tofiq Murtuza oğlu Nağıyevə (“Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə), mədəniyyət sahəsi üzrə Oqtay Seyid Hüseyn oğlu Sadıxzadəyə (Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə) və Ramiz Eyyub oğlu Quliyevə (konsert-ifaçılıq fəaliyyətinə görə), ədəbiyyat sahəsi üzrə Elmira Hüseyn qızı Axundovaya (“Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə) verilib.

 

Sərəncamda müküfatlandırılan şəxslərdən Oqtay Sadıxzadə ilə Ramiz Quliyevdən hazırladığımız müsahibəni ötən dəfə siz oxuculara təqdim etdik. O şəxslər mədəniyyət sahəsi üzrə müküfatlandırılmışdılar. Bu dəfə isə elm üzrə 2014-cü il üçün Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən Tofiq Nağıyev ilə həmsöhbət olduq.

 

“Biz alimlər də dövlət başçısının

etimadını doğrultmağa çalışırıq”

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) vitse-prezident, laboratoriya müdiri, direktor vəzifələrini icra edən kimya elmləri doktoru, professor Tofiq Nağıyev bildirdi ki, mükafatın təqdim edildiyi gün - mayın 27-si onun üçün xoşbəxt gün olub: “Həmin gün dövlət başçısı elm sahəsində olan yüksək dövlət mükafatını mənə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan elminin nüfuzunun artmasına böyük qayğı göstərir. Bu, cənab Prezidentin elmə, təhsilə və yüksək mədəniyyətə söykənən missiyanın, böyük maarifçiliyə vurğunluğunuzun təcəssümüdür. Biz alimlər də dövlət başçısının etimadını doğrultmağa çalışırıq”.

T.Nağıyev bildirir ki, son zamanlar AMEA-da gənclərin intelektual potensialının inkişafı, onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir: “Müasir şəraitdə bu tədbirlərin daha effektiv həyata keçirilməsi elmi gəncliklə iş sahəsində yeni idarəçilik mexanizimlərinin tətbiqini tələb edir. AMEA-da bu vəzifələri uğurla yerinə yetirmək, səmərəli qərar qəbul etmək, müxtəlif təyinatlı təhlillər aparmaq, konkret şəxslər haqqında məlumat əldə etmək məqsədilə elmi gənclik barədə ətraflı məlumatları özündə əks etdirən analitik-informasiya sisteminin yaradılması məqsədə uyğundur. AMEA prezidenti akademik Akif Əlizadə tərəfindən bu il imzalanan “AMEA-nın “Gənc alim” analitik-informasiya sisteminin yaradılması haqqında” sərəncamda bax bu məsələlər nəzərə alınıb”.

 

“Koherent sinxronlaşmış kimyəvi və biokimyəvi

reaksiyaların makrokinetik nəzəriyyəsi”

 

Öyrəndik ki, 2014-cü il üçün Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən Tofiq Murtuza oğlu Nağıyev “Neft kimyası və neft kimya sintezi” adlı doktorluq dissertasiyasını müdafiə edib. O, 1989-cu ildə  fiziki-kimya ixtisasi üzrə AMEA-ya müxbir üzv seçilib. 2001-ci ildə isə AMEA-ya kimya ixtisasi üzrə həqiqi üzv seçilib.

Dövlət Mükafatının sahibinin bu günə qədər ümumi sayı 430 olan çapdan çıxmış elmi əsərləri var. Alimin xaricdə çıxmış elmi əsərlərin sayı 190-dır. Tofiq Nağıyevin adı 33 müəlliflik şəhadətnaməsində, 5 patentində keçir.

Alimin əsas elmi nailiyyətlərini də öyrədik. Belə ki, T.Nağıyev “Koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsi”nin müəllifidir. O, kimyəvi interferensiyanın tərifini vermiş, fəzada və zamanda koherent sinxronlaşmış reaksiyalar üçün determinant tənliyini və koherentlik nisbətini təklif etmişdir. Bu nəzəriyyə birmənalı şəkildə təcrübədə təsdiq olunub. Son illərin elmi tədqiqatları imitasiya katalizi ilə bağlıdır; alkanların və alkenlərin hidroksidləşməsi və epoksidləşməsi üçün yüksək effektivli, oksidləşdirici təsirə və yüksək temperaturlara davamlı olan katalitik bioimitatorlar işlənib hazırlanıb.

 

Fundamental elmi nailiyyətləri

 

T.Nağıyevin fundamental elmi nailiyyətləri sırasında onun təklif etdiyi yeni HO 2 - müvafiq kinetik parametrli asılı elementar reaksiyalar mühüm yer tutur. Hidrogen-peroksidlə induksiya olunmuş yeni sərbəst radikallı reaksiyalar - atmosfer azotunun oksidləşdirici fiksasiyası, alkanların və alkenlərin qoşma dehidrogenləşməsi, epoksidləşməsi, hidroksidləşməsi və metanın metanola, folmaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyaları geniş tanınır. Kimyəvi və bioloji sistemlərdə enerjinin akkumulyasiyası prinsipinin işlənib hazırlanması yönündə əhəmiyyətli işlər görülüb. Hazırda onun rəhbərliyi altında yeni analitik sistemlər olan biomimetik sensorların yaradılmasının elmi prinsipləri uğurla işlənib hazırlanır. T.M.Nağıyevin elmi maraq dairəsi: fiziki kimya, sərbəst radikallı oksidləşmə reaksiyaları kimyası, heterogen və bioimitasiya katalizi, koherent-sinxron reaksiyaların kinetikası və mexanizmi, tətbiqi biokimya və biotexnologiya. Alim kadr hazırlığında da iştirak edir. Belə ki, o, 21 nəfər elmlər namizədi hazırlayıb.

Öyrəndik ki, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən alim bundan öncə də təltif və mükafatların sahibi olub. 1970-ci ildə "Şərəfli əməyə görə" yubiley medalı ilə mükafatlandırılıb. 1974-cü ildə ona Azərbaycan Mərkəzi Komitəsi LKGİ-nin Fəxri Fərmanı verilib.

Alim 1987-cü ildə Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyi münasibəti ilə Sov.İKP MK, SSRİ Nazirlər Kabinetinin, SPB ÜM və MK LKGİ tərəfindən verilmiş "Fəxri Fərman" ilə mükafatlandırılıb. 1996-cı ildə ona Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı verilib. Alim 60 illik yubileyi münasibəti ilə AMEA-nın Fəxri Fərmanı ilə müküfatlandırlıb. 2004-cü ildə isə T.Nağıyev Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülüb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2010-cu ildə “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanının təsvirlərinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. 10 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında  fərman imzalayıb. Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınır ki,   Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası yeni tərkibdə təsdiq edilsin. Həmin tərkibə görə, komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadədir.

Komissiyanın üzvləri: Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, AMEA prezidenti Akif Əli Zadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,  səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, AMEA-nın vitse-prezidentləri Akif Hacıyev və  İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev,  Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,  Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aqşin Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, xalq rəssamı Altay Hacıyev, xalq artisti Arif Məlikov,  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və xalq yazıçısı Mövlud Süleymanlıdır.

 

Ramid İbrahimov

 

Bizim Yol.- 2014.- 4 iyun.- S.13.