«Sabir Rüstəmxanlı o romanı ssenaristə verməli idi»

 

İntiqam Hacılı: «Ədəbiyyatdan gələnlər serial üçün ssenari yazırsa, bu problemdir»

 

«Türkiyə teleseriallarına ustad dərsləri kimi baxıram, öyrənirəm»“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ssenaristlik ixtisasi üzrə təhsil almışam, kinodramaturq Aydın Dadaşovun kursunu bitirməyim həyatdakı nadir şanslarımdan biridir”. Bu sözləri müsahibimiz Ssenari Mərkəzinin rəhbəri, ssenarist və kinoşünas İntiqam Hacılı «Bizim Yol»a müsahibəsində deyib.

Müsahibimiz həftənin cümə axşamı ATV telekanalında yayımlanan  "Qız yükü" serialının quruluşçu rejissorussenaristidir. “Qız yükü” serialı Sevinc Elsevərin "Şəhər" romanının motivləri əsasında çəkilir. İntiqam Hacılı “Cənubda şimal küləyi” (ssenari müəllifi və rejissorlarından biri), “Xatirələrdə yaşayan ömür” (ssenari müəllifi) sənədli filmləri ilə yanaşı “Tbiliso” qısametrajlı bədii filmin (quruluşçu rejissor Tahir Əliyev) ssenari müəllifi və ikinci rejissoru, “Yol” qısametrajl bədii filminin (quruluşçu rejissor Fehruz  Şamıyev) icraçı prodüserlərindən biridir.

 

- Teleserial sənayesində hansı problemlər var?

- Teleserial sənayəsi Azərbaycan yeni olduğu üçün problemlər mövcuddur. Problemlər kadrla bağlıdır. Komanda formalaşmalıdır. Serial sahəsinin biliciləri-produsserlər, ssenaristlər, rejissorlar, assentlər olmalıdır. Azərbaycanda bu kadrlara ehtiyac var. Hər kəs öz işini bilməlidir. Serial yaza biləcək ssenaristləri Azərbaycanda tapmaq mümkünsüz olub. Bu gün ədəbiyyatdan gələnlər serial üçün ssenari yazırsa, bu problemdir. Düzdür, mənim ədəbiyyatçılara qarşı antipatiyam yoxdur. Bir vaxtlar kino sahəsi ədəbiyyatçıların əlində idi. Çalışmalıyıq ki, həmin ədəbiyyatçılar serial sənayəsində özlərini ssenarist kimi təqdim etməsinlər.  Bu işlə kino adamları, serial sənayəsini biliciləri məşğul olmalıdır. Ssenari ədəbi mətin deyil, texniki mətindir. Bunu mütləq vurğulmaq lazımdır. Mənim ixtisasım ssenaristidir. Mən ssenari yazanda qədər boşluğun, əlaqənin itməsini görürdüm. Mən xarici ölkələrin seriallarına ssenarist kimi baxıram. Konkret desək Türkiyə teleseriallarına mən ustad dərsləri kimi baxıram, öyrənirəm. Serial sənayəsində sahəsində problemin həllinə ssenaristlərdən başlamaq gərəkdir. Ədəbiyyatçıları bu sahəyə o anda buraxmaq olar ki, ədəbiyyatçı gedib ssenari üzrə 6 ay, yaxud 1-2 il kurs keçsin. Ssenarinin texniki tərəfini öyrənə bilər.

Sonra, serialların rejissoruluğu kino işçilərinə verilməlidir. Sükanı kinomotoqrafçılara vermək lazımdır. Komanda formalaşmalıdır, hansı ki o komanda işini bilən işinə məsuliyyətlidir. Prodesserindən tutumuş rəssamına qədər hər kəs işini bilməlidir.

- Bəs perspektivləri necə dəyərləndirirsniz?

- Prespektivlər odur ki, bu sahədə artıq ilkin addımlar atılıb. Aktyor heyyəti formalaşır, rejissorlar götür-qoy edirlər ki, hansı aktyorla işləmək uğurludur s. Tutaq ki, birinci layihəsi keçir, bu layihədə aktyorlar yetişidirib, ikinci layihəsində onlarla artıq rahat işləyir. Daha peşəkar aktyorlarla tanış olur. İki ildir ki, bu proses gedir, irəliləmə baş verir.  Yaradacı texniki heyyət ələnir, üzdə qalanlar serial sahəsində komanda kimi formalaşır. Məsələn, mən birinci komanda olan heyyətin əlli faizi ilə işləyirəm. Yenidən komandanı daha da mükəmməl şəkildə formalaşdırmaq istəyirəm.

- İntiqam bəy, ssenaristlər ssenari yazmaqda azaddırlarmı?

- Konkret olaraq özümdən deyim. Hazırda hər həftənin cümə axşamı ATV telekanalında yayımlanan  "Qız yükü" serialının quruluşçu rejissoru ssenaristiyəm, mənim işimə müdaxilə yoxdur. Deyim ki, bu serial şəhər-kənd münasibətlərindən bəhs edir. Bu günlə səsləşən mövzudur. Kənd əhalisinin şəhərə gəlməsi burdakı onların yaşam tərzi, şəhərə adaptasiya... Şəhərə gələn qız uşaqlarının aqibəti, zirzəmilərdə yaşamaları... Biz serialda belə bir mesaj verdik ki, şəhərə gələn kənd qızı bara yox, kitabxanaya da gedə bilər. Bu günün aktual mövzusunu mən teleserialda tətbiq edə bildim. Kimsə mövzu təqdim edə bilmirsə, günahı harasa yıxırsa, bu onun öz problemidir.

- Milli teleseriallara tələbat varmı?

- Əlbəttə var. Türkiyə teleseriallarına fanatlıq edib baxanlar eyni ilə bizim seriallara baxırlar. Eyni hadisələrdir. Yəni Türkiyə teleseriallarının mövuzusu, hadisələri bizim serialların mövzusu ilə uyğundur. Bilirik ki, tamaşaçı nəyi görmək, nəyi eşitmək istəyir. Biz Azərbaycan insanın yaşam tərzini, sosial probemlərini, informasiyalar, insanların bir-birinə münasibəti-istər fərd şəklində, istərsə qrup şəklində seriallarda göstəririk.

Hesab edirəm ki, serialların baxımlı olması üçün sadə mövzular gətirmək lazımdır. Serialın tamaşaçıya mesajı əsasən aktual mövzular, bu günlə səsləşən hadisələr olmalıdır. Əndrabadi mövzulara baxan olmayacaq. Texniki baxımdan serial sənayəsində yeniliklər var, bu yeniliklər bizdə yoxdursa, özümüzü birtəhər sığortalaya bilərik. Amma mövzu baxımdan xeyr. Mövzu baxımdan niyə axsamalyıq ki? Mövzu məsələsi genişdir. Gözümüzün qarşısında müxtəlif insan taleləri, hadisələri oldquca mövzu problemimiz olmamalıdır. yoxdur da!

Ən azından 60-70-ci illərin Azərbaycan yazarlarının əsərlərini adaptasiya etmək olar, o əsərlərə ssenari yazıb seriallar çəkmək olar. Bu mümkündür. Mövzu da, tələbat da var, sadəcə uğurlu təqdim etmək lazımdır. Bunu isə kinomotoqrafçı-ssenarist rejissor etləməlidir.

Baxın, Sabir RüstəmxanlıCavad xanhaqqında roman yazmışdı, onun əsasında film çəkildi. Nəticədə film uğursuz oldu. Filmin uğurlu olması üçün S.Rüstəmxanlı romanı bir ssenaristə verməli idi. Kino sahəsinə kinomotoqrafçı o əsəri gətirməli idi.

- Azərbaycanda serial sənayəsi gəlir gətirirmi?

- Prezident İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin Ehtiyat Fondundan illi Televiziya Radio Şurasına maliyyə vəsait ayrılıb. Şura da həmin vəsaiti televiziya kanalları arasında bölür. Bu kanallar da filmlər çəkirlər. Telekanallara filmlərin çəkilməsi üçün ayırdığı vəsait çox yararlı olub. Deyim ki, dövlətin bu yardımı kino serial sənayəsinin gəlir gətirməsi üçün dəstəkdir. Artıq nəticə var. Televiziya kanallarında efirə gedən serialların heç hamısı dövlət maliyyəsi ilə çəkilmir. Seriallara baxsanız görəcəksiniz ki, sponsorların hesabına çəkilib. Kino sənayəsi getdikcə biznes sahəsinə çevrilir. Bizdə artıq bunun ilk addımları mövcuddur. Türkiyədəki duruma çatmağımıza çox qalsa da, Azərbaycanda artıq aktyor, rejissor, ssenarist hazırlayan kurslar fəaliyyət göstərir. Serial çəkilişləri üçün məkanlar formalaşır.

- Ənənəvi sualımız var: kino sənayəsi ilə bağlı bizim sual vermədiyimiz amma sizin demək istədiyiniz bir məsələ varmı?

- Mən kinoşunaslıqla məşğul olmuşam. Düzdür Sevda Sultanova, Aygün Aslanlının kinoşunaslığının yanında mənim fəaliyyətim kölgədə qalıb. Dedim bu şeyi kinoşünas kimi yox, tamaşaçı kimi demək istəyirəm. Serillara baxıram. Müşahidə edirəm ki, kino sənayəsində aidiyyatı olmayan adamları seriala, kinoya çəkirlər. Onlardan aktyor kimi istifadə edirlər. Seriallara ssenarinin kim yazdığını görəndə adam işindən utanır.  Qurdlar Vadisiserialının təkrarlanması uğursuzluğa gətirib çıxardıb. Serial sənayəsinə zərbə vurur. Yenə deyirəm ki, işi bilicisinə vermək lazımdır. Uğurlu serialların rejissorlar, ssenaristləri kinodan gələn adamlardılar.  O serialdan həyat qoxusu, kino qoxusu, kadr qoxusu, aktyorların səmimiyyəti ifadə edən qoxusu gəlir.  Mən təpədən dırnağa qədər kino adamıyam. Həyatımı kinoya qurban vermişəm. Mən kino ilə yatıb-duran adamam. Məndən kino qoxusu gəlir, ətir qoxusu gəlmir.

- Dünya kino təcrübəsində kinoların uğurlu rəqabətdə olması üçün festivallar, yarmarkalar təşkil olunur. Azərbaycanda bu təşkilatlılıq varmı?

- Bu kino sənayəsinin biznes produsserlik tərəfi ilə bağlıdır. Bizdə kinonun bu tərəfləri axsayır. Deyim ki, çoxlu filmlər çəkilmir. Çox çəkilsə, festival keçirmək olar. Festival odur ki, yerli xaricdən gələn kino adamları bir-biri ilə görüşürlər, əlaqə qururlar, birgə layihəni müzakirə edirlər. Kinonun inkişafının bir tərəfi müştərək işlərlə bağlıdır. Məsələn, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran birgə kino istehsalatı ilə bağlıdır. Kino lokal olamlı deyil, kino bəşəri sahədir. Festivallar bax buna xidmət edir.

Əvvəllər Tələbələrin Beynəlxalq Kino Festivalı, sonradan Gənclərin Beynəlxalq Kino Festivalı 9 il Bakıda keçirildi. Mən özüm bu festivalın iştirakçısı, münsiflər heyyətinin üzvü olmuşam. Bu festivala təşkilatçılığı daha çox Gənclər İdman Nazirliyi edir, 20-yə yaxın ölkənin kinoları iştirak edirdi. Deyim ki, məşhur simalar da bu festivalda iştirak etmişdi. Kino üçün atılan addımlar kinonun inkişafına xidmət edir.

 

Ramid İbrahimov

 

Bizim Yol.- 2014.- 10 iyun.- S.13.