«Rəssam üçün birinci azadlıqdır, ikinci emalatxana»

 

Xalq rəssamı Ağaəli İbrahimov: «Milli sərgilərə önəm vermək lazımdır»

 

«Əbülfəz Qarayev mədəniyyət naziri olandan sonra bu sahədə inkişaf oldu»

 

Bizimyol.info-nun budəfəki müsahibi xalq rəssamı  Ağaəli İbrahimovdur. Biz onunla “Azərbaycan rəssamlığının problemləri və prespektiləri” mövzusunda həmsöhbət olduq. Müsahibəni təqdim etməmişdən öncə müsahibimiz haqqında məlumat verək.

Ağaəli Müsəllim oğlu İbrahimov  6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2007-ci ildə “xalq rəssamı” fəxri adına layiq görülüb.

Tanınmış rəssam,  Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov vaxtilə - atəşkəsdən əvvəl rəssamlarla yığışıb səngərdə dayanan əsgərlərimizlə görüşə gedib, onların hansı çətin şəraitdə düşmənlə mübarizə aparmalarının şahidi olub.

 

 

                               ***

Xalq rəssamı Ağaəli İbrahimova telefonla zəng edib, müsahibə almaq istəyimizi bildirdik. O emalatxanada olduğunu bildirdi: “Suallarınıza cavab verməyə hazıram, əlim rənglidir, təmizləyim başlayaq”.

 

- Ağaəli müəllim, müsahibəmizə elə iş yerinizdən başlayaq: emalatxananız harada yerləşir, şəraiti necədir?

 

- Emalatxana "Vətən" kinoteatrının yaxınlığında yerləşir. Burada həyat yoldaşım, rəssam Nadejda İbrahimova da çalışır. İkimizin emalatxanasıdır, otaqlarımız ayrıdır. Bir problem var, mənim əsərlərimin doxsan faizinin ölçüsü böyükdür. Bu əsərlər üçün xahiş edib, hardasa işləyirəm. Emalatxanada ancaq kiçik ölçülü əsərləri işləyirik.

- Hazırda rəssamlara emalatxana verilirmi?

- Əlbəttə, rəssamların emalatxana tikməyə imkanı yoxdur. Rəssamların təxminən 60-70 faizinin emalatxanası var. Rəssamlar evində, 4-cü mikraryonda 6 mərtəbəli binada… Bubina Rəssamlar İttifaqının maliyyəsinə tikilmişdi, Ədmədli qəsəbəsində də 5 mərtəbəli emalatxana var.

Prezident İlham Əliyev biz rəssamlara söz verib ki, Şıxov qəsəbəsində emalatxana tikiləcək. Bu barədə prezidentin sərəncamı var. Başqa ölkələrə, MDB-də belə bir dövlət layihəsi yoxdur. O ölkələrdə sənətkarlar öz gücünə imkanlar yaradırlar. Mədəniyyətlə bağlı bu günlərdə kitab işıq üzü gördü. Orada dövlətin mədəniyyətlə bağlı gördüyü işlər, sərəncamlar və başqa sənədlər öz əksini tapdı. Ölkəmizdə idmana, mədəniyyətə böyük qayğı və dəstək var. Ulu öndərimiz Heydər Əliyev mədəniyyətlə gözəl fikirlər söyləyib. Onlardan biri də bu idi: “Bir xalqı mədəniyyəti və incəsənəti ilə tanıyırlar”. Tam səmimi deyirəm ki, Əbülfəz Qarayev mədəniyyət naziri olandan sonra bu sahədə inkişaf oldu. Onun dövründə görülən işlər bəlkə də 30-40 ildə görülməyib. Nazirliyin xətti və dəstəyi ilə ölkə daxilində, eləcə də xaricində rəssamların sərgisi təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun keçirdiyi sərgilər, “Azərbaycan günləri” tədbirlərdə milli rəsm əsərlərini nümayişi, təbliği arzuolunandır. Elə bir ölkə yoxdur ki, orada milli mədəniyyət və incəsənətimiz göstərilməsin. Əcnəbi sənətşünaslar Bakıya gələndə bizim sənətçilərin adlarını deyərək onları soruşurlar, maraqlanırlar.

- Azərbaycanda rəssamlıq sahəsində hansı problemlər və prespektivlər var?

- Çox gözəl sual verirsiniz. Sovet dövründə rəssamlara, bəstəkarlara və yazıçılara işləmək üçün yaradıcılıq yerləri verirdilər. İyirminci əsrin 60-70-ci illərdə sənətkarların fəaliyyətinə nəzarət mexanizmi var idi. Yaradıcı adamların əsərlərinin həcminə və mövzusuna diqqət edirdilər.

Mən mədəniyyət, incəsənət adamıyam. Öz sənətimi çox sevirəm. Elm, mədəniyyət adamları ilə tez-tez təmasdayam. Onlarla söhbətdən də belə məlum olur, təsdiqlənir ki, sənətkar-yaradıcı adam üçün ən vacıb azadlıqdır. Azadlıq sənətkar üçün əsasdır. Yaradıcı adama azadlıq, sərbəstlik lazımdır. Rəssam üçün birinci azadlıq, ikinci emalatxana lazımdır. Milli sərgilərə önəm vermək lazımdır. İttifaqımızda hər il sərgi olur. Xocalı soyqırımı və Azərbaycanla bağlı başqa mövzularda sərgilər təşkil edirik. Bu da gənclər üçün önəmlidir. İttifaqımızın 700-ə yaxın emalatxanası var. Əlbəttə, əsil sənətkardısa, o gözləmir ki, ona emalatxana verilsin. O yer tapıb işləyir.

Birinci problem emalatxana ilə bağlı oldu. İkinci problem isə maddiyyatla bağlıdır. Bildirim ki, hər il Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan rəssamlarının əsərlərini alır: yaşlı nəslin də, gənc nəslin də əsərlərini alırlar. Mədəniyyət və Turizm Nazirliyində, Heydər Əliyev Fondunda, Azərbaycan Rəssamlar İttifaqında  sərgilər təşkil olunur. Amma, alıcı problemi var.

Sualınızın ikinci tərəfinə-prespektivlərə toxunaq. Prespektivlər odur ki, maraqlı layihələr, Azərbaycan rəssamları haqqında ensikolopedik kitab nəşr olunacaq, Moskvada Azərbaycan rəssamlarının yaxın gələcəkdə sərgisi açılacaq, müqavilələr var ki, bir necə xarici ölkədə Azərbaycan rəssamlarının qalleriyası açılsın. Və əlbəttə emalatxanlar tikiləcək. Deyim ki, biz nəsil rəssamların qarşılaşdığı problemləri gənc rəssamlar görməyəcək. Həqiqətən yaşlı nəsil ciddi problemlərlə üz-üzə qaldılar. İstədiyimiz əsərləri yarada bilmirdik, göstərə bilmirdik. Gənc nəsil rəssamlar üçün isə imkanlar genişdir. Ölkəmiz günü-gündən inkişaf edir. Baxın, metronun “Koroğlu” stansiyası  tərəfdən Bakının mərkəzinə tərəf gələndə hündürmərtəbəli binlar, geniş, işıqlı küçələr-yollar görürük. Gözəl çoxmərtəbəli  binlar inşa olunub. Həmin binaların bir mənzilinə bir rəsm əsəri asılsa, əsər qalmaz rəssamda. Rəssamların əsərlərinin alınması gərəkdir, buna ehtiyac var.

Biz, Azərbaycan Rəssamlar İttifaqı “İçərişəhər”də rəsm sərgisi təşkil etdik. Novruz bayramı vaxtında olan sərgidə Azərbaycan rəssamlarının əsərlərinin endirimli satışını təşkil etdik. Əsərlərin endirimlə satışı, öz interyerini sənət əsərləri ilə gözəlləşdirmək üçün imkanı olmayan geniş sənətsevər kütləsinin diqqətini cəlb etmək məqsədini daşıyırdı. Təsəvvür edin ki, əsərin qiyməti 1000 manatdır, biz, 150-yə, 250-yə, 300-ə satırdıq. Müəyyən insanlar var ki, mədəniyyəti, incəsənəti sevir, amma almağa imkanı yoxdur. Maaşlar yüksək deyil. Ona görə də əsərlərin aşağı qiymətlə satılması məcburiyyəti var idi.  Sizə Azərbaycan Rəssamlar İttifaqı haqqında da danışım. Bu təşkilat Azərbaycanda fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır. 1992-ci ildə “Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin” qəbulu ilə, Azərbaycan Rəssamlar İttifaqı “Azərbaycan Sovet Sosialist Respublikasının Rəssamlar İttifaqı”nın tam davamçısı oldu. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Azərbaycan Rəssamlar İttifaqı öz Nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əsaslanır, yaradıcılıq atmosferinin azadlığını və baxışların plüralizmini qoruyur, dövlət və ictimai təşkilatlar ilə əlaqələnir, hüquqi qarant olaraq başqa təşkilatlarda rəssamların maraqlarının təmsilçisi olur. Rəssamların mənəvi potensialının açıqlanması, üzə çıxması üçün tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərir. Təşkilatımız respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, ciddi iş aparır, uşaqların və gənclərin estetik tərbiyəsində əlindən gələni əsirgəmir, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir.

İttifaqımızın nəzdində Gənc Rəssamların və Sənətşünasların Birliyi, Karikaturaçılar Birliyi və Qeyri-peşəkar Rəssamlar Birliyi fəaliyyətdədir. Bu günədək Azərbaycan Rəssamlar İttifaqı üzvlərin ümumi sayı 1651 nəfərdir: rəngkarlar; heykəltəraşlar; qrafikaçılar; plakat rəssamları; monumental- tərtibat və dekorativ - tətbiqi sənət rəssamları; teatr, kino və televiziya rəssamları, incəsənət tənqidçiləri - sənətşünasları. Azərbaycan Rəssamlar İttifaqının strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.

Yaradıcılıq imkanlarını stimullaşdırmaq üçün İttifaqımız 1992-ci ildə XVI əsrin tanınmış Azərbaycan miniatürçüsü Soltan Məhəmməd adına mükafat təsis edib və həmin ildə Azərbaycan təsviri incəsənətinin tanıdılması, yayılması və təbliğ olunması üçün “İncəsənət” qəzetinin nəşrinə başladı. Azərbaycan Rəssamlar İttifaqı illər kəçəndən, düz on ildən sonra öz daxili inkişafının ən ümdə mərhələlərini keçə-keçə, incəsənətin daha geniş intişar tapdığı uzaq ölkələrin məşhur rəssamları və sənətşünaslarını yaxından əməkdaşlığa cəlb edərək Azərbaycanda həm forması, həm də ideya və məzmunca yeni, yüksək çap mədəniyəti ilə nəşr olunan “İncəsənət” jurnalını oxucuların sərəncamına verib. Təşkilatımız Rəssamlar İttifaqıları Beynəlxalq Konfederasiyası ilə keçirilən illik “Art - sərgilərdə” son dərəcə aktiv iştirak edir. Bədii təcrübənin rəngərəngliyi, qızğın sərgi fəaliyyəti, yeni yaradıcılığın mənimsənilməsi, Azərbaycan təsviri sənətində bu gün bütün baş verənlər bunun çox yaxşı təsdiqidir. İttifaqımızın fəaliyyətində bu gün gələcək perspektiv üçün böyük, məsul işlər durur, həyati əhəmiyyətli və yaradıcı sualların aktiv şəkildə cavablandırılması zəruridir.

 

(Ardı var)

Ramid İBRAHİMOV

 

Bizim Yol.- 2014.- 14 iyun.- S.13.