“Biz təqlidçi
deyil, milli ruhlu
rəssamlar yetirməliyik”
Ağaəli
İbrahimov: “Elə rəsm əsərlərimiz var ki,
özümüz xəbərsizik,
amma
xarici ölkələrin muzeylərini, əcnəbilərin
evlərini bəzəyir”
(Əvvəli
ötən sayımızda)
-
Ağaəli müəllim, Azərbaycanda hansı janrda
çəkilmiş əsərlərə tələbat var?
- Maraqlı sual
verirsiniz. Sizin üçün bir müqayisə aparım, hər
şey aydın olacaq: Fransanın paytaxtı Parisdə insandan
çox qaleriya var. Son zamanlar Bakıda qaleriyaların sayı
artır. Bu da onu göstərir ki, rəngkarlığa maraq
artır. Adətən azərbaycanlılar mədəniyyət
sahəsində daha çox musiqiyə maraqlı olublar:
muğamı sevirlər, poeziyanı sevirlər. Demək olar
ki, bizdə rəngkarlıq məktəbi inqilabdan sonra
yaranıb. Əzim Əzimzadə, Mikayıl Abdullayev Azərbaycanda
rəssamlıq sənətini yaradıblar.
Əzimzadə Azərbaycan karikatura sənətinin
banisidir. O, öz əsərlərində mənfi surətləri
gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin
satira atəşinə tuturdu. Çəkdiyi "İt
boğuşdurma", "Kişi arvadını
döyür", "Varlı evində toy", "Su
üstündə dava", "Köhnə
bakılılar" kimi əsərlərində müxtəlif
sosial təbəqələrə məxsus tiplərin iç
üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə
qarşı çıxış edirdi. Bu mənada, o
dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri
özündə daha qabarıq əks etdirən "Köhnə
Bakı tipləri" və "100 tip" əsəri
xüsusilə təqdirəlayiqdir.
Mikayıl Abdullayev professor, SSRİ rəssamlıq
akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq, Azərbaycan SSR dövlət
və başqa mükafatların laureatıdır. Rəsmlərində daha çox 1941-1945-ci illərdə
kənd əməkçilərinin payına düşən,
ağır, narahat, keşməkeşli həyatını əks
etdirən Abdullayevin, "Çəltikçi qızlar"
monumental lövhəsi XX əsrin qadınının zəngin
mənəvi cizgilərini əks etdirir. O,
"Abşeronlu qadın", "Çəltik əkən
qızlar" rəsm əsərlərin müəllifidir. Sovet hakimiyyəti dövründə 16
respublikanın ümumi sərgisi olurdu, rəssamların məktəbi
olurdu, öz sərgilərdi olurdu və s.
Azərbaycanda rəngkarlıq sənəti
Bəhruz Kəngərli ilə başlayır. O, boyakar və
qrafik sənətinin öndə gedənlərindəndir. Azərbaycan təsviri sənətində realist dəzgah
boyakarlığının təşəkkülü, portret
və mənzərə janrlarının formalaşması Kəngərlinin
adı ilə bağlıdır. Deməyim
odur ki, Azərbaycanda rəssamlıq sənəti və məktəbi
var. Bu gün onu inkişaf etdirmək lazımdır.
Yaxın keçmişdə prezident
İlham Əliyev biz rəssamlarla görüşdü. O, bizə
bildirdi ki, rəssamlıq sahəsini də əhatə edən
dövlət proqramı var. İcra olunur da. Proqramda
incəsənətin xarici ölkələrdə təbliği
də nəzərdə tutulub.
O ki qaldı sizin suala... Konkret cavab verim
ki, rəsm əsərlərinin alınması Azərbaycanda məşhur
deyil. Janrından asılı olmayaraq əsərlərə
maraq azdır. Deyim ki, xarici ölkələrdə
bizim əsərləri alırlar. Azərbaycan
rəssamlarının portret, mənzərə, məişət
və natürmort janrlarında çəkdikləri lövhələr
müasir Azərbaycan rəssamlığının qiymətli
əsərləri olaraq dünyanın mötəbər sərgi
salonlarında, rəsm qalereyalarında və incəsənət
muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif
dövlətlərin muzeylərində və ayrı-ayrı
şəxslərin kolleksiyalarında saxlanılır. Mən
iş adamları ilə söhbət edəndə onlara deyirəm
ki, Azərbaycan rəssamlarının əsərlərini
alın. Sonradan onu sizdən dövlət baha
qiymətinə alacaq. Müəyyən sənətkarlar
var ki, onlar Azərbaycanda tanınmır. Amma
əsərləri xarici ölkələrin muzeylərində,
əcnəbi vətəndaşların evlərində
asılıb, o yerləri bəzəyir. Axı
rəssamlıq insanın mənəvi aləmindəki
duyğuları cəmiyyətlə bölüşməyin ən
maraqlı, ən gözəl yoludur.
Azərbaycan Rəssamlar
İttifaqının katibi olduğumdan məlumatım var ki,
Fransa və Türkiyə səfirlikləri bizim rəssamlarla
maraqlanır, tez-tez rəssamlarımızın sərgisini təşkil
edirlər. Mən arzulayıram ki, rəssamlıq
sənətimiz inkişaf etsin, amma öz kökü
üstündə bitsin. Əsərlərimiz
milli olsun. Mən bu sözü əsassız
demirəm. Xarici ölkələri gəzirik,
qaleriyalarda, sərgilərdə oluruq, baxırıq ki, hər
bir xalqın əsəri millidir, özününküdür,
özününkünü yaradıb. Müasirləşək
o demək deyil ki, Avropa rəssamı nə çəkirsə,
biz də onu çəkməliyik. Bu təkrarçılıq
olar. Avropalı Azərbaycanda keçirilən sərgidə
milliliyi görməyəndə bu ona maraqsız olur və
deyir: “Bu əsərlərə Parisdə, Romada olan sərgilərdə
də baxa bilərdik”. Biz milliliyimizi
qorumalıyıq, bizi fərqləndirən də budur. Üzeyir Hacıbəyovun ölənə yaxın 3
fikri var idi. Onlardan biri də bu idi: “Musiqinizdə xalq
mahnısından, muğamdan istifadə edin!”.
-Səhv
etmirəmsə, Sizin podaqoji fəaliyyətiniz
də var...
-Bəli, mən pedaqoji fəaliyyətlə də məşğulam.
Tələbələrim var. Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının müəllimiyəm.
Bilirsiniz ki, bu təhsil ocağı ali təhsil
mərkəzlərindən biridir. Ali rəssamlıq təhsilinin
tələblərinə uyğun məzmun və keyfiyyət
hazırlığını təmin edən, respublikada
bütün təsviri sənət növləri üzrə
professional kadrlar hazırlayan yeganə ali təhsil
müəssisəsidir. Mən tələbələrlə
söhbətimdə də deyirəm ki, əsərlərinizi
milli ruhda çəkin. Özünüz
olun. Avropanın üslübunu avropalı
onsuz da çəkir. Sən Azərbaycanı
çək ki, ondan fərqlənəsən. Amma nə edək ki, tələbələrin
hamınısı dediklərimizə əməl etmir. Avropa rəssamlarının istiqamətində əsərlərini
işləyirlər. Mən tələbələrdən
narazı deyiləm, hər kəsin öz taleyi var. Amma istəyirəm
ki, öz istiqamətləri olsun, milli olsunlar. Mən Toğrul Nərimanbəyovu sevirəm. Niyə? Bu adam Azərbaycanda
yaşamasa da, Azərbaycanla nəfəs aldı. Onun yaradıcılığı millidir. Elə bilərsiniz ki, o, Azərbaycandan başqa
heç yerdə olmayıb. Bu adam Rusiyada, Litvada, Fransada uzun illər
yaşadı. Elə Parisdə də vəfat
etdi. Onun əsərlərinə baxan bilir
ki, bunu azərbaycnlı rəssam çəkib.
Adını bilməyə də bilər, amma əsərin
müəllifinin azərbaycanlı olduğunu bilir, hiss edir. Onun fərdi üslubunu müəyyən edən
başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə
xas rəng harmoniyası və müasir dünya incəsənətinin
yeni istiqamətləri ilə sıx bağlı olub. İnsanların daxili aləminin ən incə
çalarlarınadək təsvirini verən portretləri bu
janrda yaradılmış əsərlər içərisində
öz orijinallığı, bədii forma kamilliyi və
novatorluğu ilə seçilib. Təzad və
şərtiliyi, ənənəvilik və müasirlik kimi
müxtəlif yanaşmaları öz əsərlərində
harmonik şəkildə əks etdirib. Ayrı-ayrı
tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının
dəyərli nümunələrini yaradıb. Monumental boyakarlıq və divar rəssamlığı
janrında işlənmiş tabloları xəlqilik ruhu ilə
seçilərək böyük estetik təsir qüvvəsinə
malikdir. Yəqin bilirsiniz ki, Toğrul Nərimanbəyov
SSRİ və Azərbaycan Respublikasının Dövlət
mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın
xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü idi.
-Sizin
adınız kino rəssamları kateqoriyasında çəkilir.
Teatr üçün rəsm əsərləri
çəkmək istərdinizmi?
-Bəli, mən kino rəssamı olaraq tanınıram.
1998-ci ildə çəkilmiş “Məhəbbətin
hökmü”, 2000-ci ildə çəkilmiş
“Sifarişçi”, 2009-cu ildə çəkilmiş “Sonuncu dərviş”
filmlərinin rəssamıyam. Bu filmlər
haqqında qısa məlumat verim. “Məhəbbətin
hökmü” filminin məzmunu belədir. Film küçə
qadınının
həyatından bəhs edir. Film
türk yazıçısı Suat Dərvişin “Fosforlu
Cevriyə” əsəri əsasında çəkilib. Əsərdə hadisələr İstanbulda cərəyan
edir. Ancaq filmdə hadisələr
qeyri-müəyyən bir yerdə baş verir.
“Sifarişçi” filmində ağır
xəstəliyə düçar olan bir nəfər
ağrılara dözməyib öz ölümünə qərar
verir. Lakin killer onu qətlə yetirməyə
hazırlaşdığı son anda xəstə fikrindən
daşınır. Beləliklə də
yaşamaq yanğısı, həyatın gözəlliyi
ölümə qalib gəlir.
Rəssamı olduğum “Sonuncu dərviş”
filmi isə dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin
həyat və yaradıcılığından bəhs edir. Burada onun 3 həyat dövrü - uşaqlıq, gənclik
və ahıl dövrləri əks etdirilib. Film Azərbaycan
rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar
olaraq çəkilib. Məlumat
üçün deyim ki, həmin filmdə rəssamın
heç yerdə sərgilənməyən Moskvadakı 200-ə
yaxın əsəri nümayiş olunub. Səttar
Bəhlulzadənin 300-ə yaxın işini filmə mən təqdim
etmişəm. Filmin ssenari müəllifləri
Ələkbər Muradov, Əhməd Orucoğludur. Filmin quruluşçu rejissoru Ələkbər
Muradov, rejissorlar isə Murad Muradov ilə Olqa
Şabanovadır.
Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq məktəbinin
ən görkəmli nümayəndələrindən biridir,
Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın
xalq rəssamı, Azərbaycan Dövlət mükafatı
laureatıdır. Bəhlulzadənin gərgin
yaradıcılıq axtarışlarının məhsulu olan
"Xəzər üzərində axşam", "Xəzər
gözəli", "Əbədi məşəllər",
"Kəpəzin göz yaşları", "Vətənimin
baharı", "Azərbaycan nağılı",
"Suraxanı atəşgahı" , "Əfsanəvi
torpaq", "Şahnabat", "Naxçıvan.
Axşamçağı Ordubad bağlarında", "Vətənimin
baharı", "Bakıda atəşfəşanlıq",
"Qudyalçay vadisi", "Qızılbənövşəyə
gedən yol", "Suraxanı atəşgahı,
"Əmircan", "Neft daşları",
"Şamaxı üzümlükləri" və s. əsərləri
əsas yer tutur.
Mənim kino üçün çəkdiyim
rəsm əsərləri mövcud olsa da, teatr
üçün olmayıb. Deyim ki,
istəmişəm də. Mədəniyyət
və turizm naziri Əbülfəz Qarayev bizimlə
görüşəndə də biz rəssamlara təklif etdi
ki, rəssamalarımız teatr üçün əsərlər
çəksinlər. Rəssamlar teatrla əməkdaşılıq
etsinlər. Teatr vəhtəd sənətdir.
Teatr gözəl sənətdir. Canlı sənətdir. Deyim ki,
universitetə daxil olmaq üçün o vaxt gərək idi
ki, hardasa işləyəsən. Mən
kinostudiyada işlədim. Teatr rəssamlarını
barmaqla saymaq olar. O vaxt nazirlə görüşəndə
gənc rəssamları çağırdıq ki, teatrla
işləsinlər. Elə
işə də qəbul olundular.
Ramid İBRAHİMOV
Bizim
Yol.- 2014.- 17 iyun.- S.13.