Türk qanlı, İslam
etiqadlı,
Avropa qiyafəli şəxsiyyət
İsa
Həbibbəyli: “Əli bəy Hüseynzadə ortaq türk
düşüncəsinin, turançılıq
ideologiyasının formalaşmasında misilsiz xidmətlər
göstərib”
”Firdovsiyyə
Əhmədova: “Onun üçrəngli dövlət
bayrağında ehtiva olunan prinsiplərin banisi kimi dəyərləndirilməsi
tarixi ədalətdir”
”2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi tamam oldu. 21 yanvar 2014-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamda
bildirilir ki,
Ə.Hüseynzadə türk
xalqlarının mədəni inteqrasiyasının məfkurə
kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət
quruculuğunda demokratik
prinsiplərin ənənəvi dəyərlər zəminində
bərqərar olmasının vacibliyini irəli
sürən
və müstəqil milli dövlətçiliyin
nəzəri əsaslarının işlənib
hazırlanmasında yaxından iştirak
edən, eləcə də çoxşaxəli fəaliyyəti
boyunca yaratdığı zəngin fəlsəfi-publisistik,
ədəbi-elmi irsi sayəsində Azərbaycan
maarifçiliyi tarixinə qiymətli
töhfələr verən görkəmli ictimai xadimdir.
Sərəncamda
Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək
məqsədilə Mədəniyyət və Turizm
Nazirliyinə, Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan
Yazıçılar Birliyinin təklifləri
nəzərə alınmaqla yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirilməsi tapşırılır.
“Mütəfəkkirin irsi sovet
dövründə araşdırılmayıb”
AMEA-nın vitse-prezidenti, Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli
“Bizim Yol”a açıqlamasında Əli bəy
Hüseynzadəni maarifpərvər ziyalı və böyük türkoloq alim kimi xarakterizə etdi: “Cənab Prezidentin sərəncamına
uyğun olaraq, AMEA-da bu böyük
maarifçi ilə bağlı tədbirlər
keçirilib. Rəhbərlik etdiyim inistitutda elmi sessiya keçirilib.
Təəssüf ki,
yazıçı, publisist, şair, Azərbaycan ictimai-mədəni həyatı
və milli mətbuat tarixində böyük rolu olan alim Əli bəy
Hüseynzadənin irsi sovet
dövründə araşdırılmayıb, vaxtilə ona “panislamist”, “pantürkist” damğaları vurularaq
ədəbi-ictimai fəaliyyətinə kölgə
salınıb, əsərləri qadağan
edilib. Lakin müstəqillik illərində görkəmli Azərbaycan
mütəfəkkiri və maarifçisinin
irsi müəyyən araşdırmalara cəlb olunub, əsərləri işıq üzü görüb.
Əli bəy Hüseynzadə Azərbaycanın müstəqilliyi
uğrunda daim
mübarizə aparıb. O, ortaq türk düşüncəsinin,
turançılıq ideologiyasının formalaşmasında
misilsiz xidmətlər göstərib.
Türkiyənin özündə türkləşmə uğrunda yorulmadan
çalışıb. Əli bəy Hüseynzadə
haqqında yazılan əsərlərdən ibarət olacaq “Məqalələr toplusu”
da nəşrə hazırlanır. Onun irsini bütün
dolğunluğu ilə əhatə edə
biləcək sanballı bir
monoqrafiyanın yazılması
məqsədəuyğun və vacibdir,
bu barədə tapşırıq və
göstərişlərimi də vermişəm”.
AMEA-nın vitse-prezidenti onu da bildirdi ki,
AMEA-da tədbirlər davam
edir: “Yaxın keçmişdə Fəlsəfə
və Hüquq İnstitutunda,
eləcə də Tarix İnistitutunda
Əli bəy Hüseynzadə ilə bağlı elmi seminar və sessiyalar keçirilib. Elmi tədbirlərin keçirilməsi davam etdiriləcək. AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında Əli bəy
Hüseynzadənin həyat və
yaradıcılığını əks etirən sərgi təşkil
edilib. Onun həyat və
yaradıcılığını əks etdirən kitablar nümayiş olunub. Müxtəlif bölmələr
üzrə “Türklər kimdir, kimlərdən
ibarətdir”, iki cilddən ibarət “Seçilmiş əsərlər”i, “Qərbin
iki dastanında Türk”,
“Siyasəti-fürüsat”, “Qırmızı qaranlıqlar
içində yaşıl işıqlar”, həmçinin nəşrində
ədibin böyük əməyi olduğu “Füyuzat”
jurnalı və s. sərgilənib. Sərgidə nümayiş
olunan 150-yə yaxın ədəbiyyat Azərbaycan,
rus, türk və Qərbi
Avropa dillərində təqdim olunub”.
“Əli bəy Hüseynzadə çox
maraqlı bioqrafiyaya malikdir”
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri,
“Əməkdar Müəllim” Firdovsiyyə Əhmədova da əməkdaşımızla söhbətində
Ə.Hüseynzadənin şəxsiyyəti və
yaradıcılığından danışdı: “Əli bəy
Azərbaycan ictimai-siyasi fikrində çox önəmli yer tutmuş şəxsiyyətdir.
Onun fəaliyyəti çoxşahəlidir.
Onun Türk
dünyası və Şərq aləmi üçün
gördüyü işlər var. Əli bəy Hüseynzadə çox maraqlı bioqrafiyaya
malikdir. Baxmayaraq ki, onun fəaliyyəti Azərbaycanın
və Türkiyənin çoğrafiyasını əhatə
edir, amma onun fitri istedadı,
aldığı təshil, siyasi
baxışlarının formalaşması əməli bir xarkter
daşıyıb. Yəni, Əli bəyin ictimai-siyasi
fikri böyük bir hərəkətın elmi-nəzəri əsasını
qoymuşdu. Söhbət
Turançılıq məfkurəsinin formalaşmasından gedir. Maraqlıdır ki,
Əli bəy Turançılıq məfkurəsinin əsasını
qoyan şəxsə çevrilənə
qədər çox zəngin bioqrfiyaya malik idi. Təhsil baxımından öncə onun ailə tərbiyəsini qeyd
etmək lazımdır. O, ruhani-müəllim ailəsində doğulmuşdu. Əli bəy Qafqaz
şeyxülislamı olmuş Əhməd
Hüseynzadənin nəvəsidir. Yəni, bütün
bu faktorlar Əli bəyin
dünya görüşünün
formalaşmasında önəmli rol
oynayıb. O, mükəmməl təhsil alıb. Onun ilkin təhsilinə nəzər
salsaq görəcəyik ki, Qafqaz canişinliyinin mərkəzi sayılan Tiflis şəhərində yerləşən
Ruhani İdarəsinin nəzdində məktəbdə
oxuyub. Sonra həmin
şəhərdə gimnaziyada təhsil
alıb. Daha sonra 10 il ali təhsil alıb. Bu müddətin
bir hissəsi Rusiya ali məktəbində - Sankt-Pterburq
Universitetinin riyaziyyat
fakültəsində təhsil aldığı illərə, bir hissəsi də
çox maraqlıdır ki,
tam fərqli bir sahəyə
- İstanbul Universitetinin
hərbi tibb fakültəsinə aiddir. Əli bəy Hüseynzadə həmçinin
Sankt-Peterburq İmperator
Rəssamlıq Akademiyasında təhsil
almışdır və bir sıra portret və mənzərələrin müəllifidir.
Onun rəsmləri Bakı muzeylərində,
İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.
Əli Bəy
Hüseynzadə şəxsiyyətini təhlil edərkən,
yalnız ictimai-siyasi
fikir, milli məfkurənin
formlaşmasında rolu ilə
yanaşı, onun peşəkar fəaliyyətini
də dəyərləndirmək lazımdır. Hərbi tibb ixtisası üzrə təhsil alandan sonra hərbidə
ixtisası üzrə fəliyyətə başlayıb.
Qırmızı Ayparanın xətti ilə orduda
xidmətdə olub. Dəri-zöhrəvi xəstəlikləri
üzrə ixtisaslaşmış həkim idi.
Sonralar İstanbul
Universitetində professor köməkçisi
vəzifəsində də çalışıb”.
“O, müstəmləkə rejimlərinə
qarşı
ardıcıl əməli mübarizə aparıb”
Firdövsiyyə Əhmədovanın sözlərinə
görə, Ə.Hüseyzadə həkim olaraq
fəaliyyət göstərdiyi illərdə elmi-mədəni
və ədəbi fəaliyyətlə də məşğul
olub: “Yəni ədəbi tərcümələr
edib, tibb sahəsi ilə
bağlı əsərlər yazıb. Baxın, onun etdiyi ədəbi tərcümələr, tibb elmi ilə bağlı yazdığı əsərlər
Azərbaycan və Türkiyə çoğrafiyasında sanballı
nümunələrdir”.
F.Əhmədova deyir ki, XX əsrin əvvəllərində
artıq Əli bəy Hüseynzadənin fəaliyyəti siyasi baxımından da dəyərləndirilməlidir:
“Əli bəyin inqilabçılıq fəaliyyəti nə
zaman formalaşdı? O, inqilabi
fəaliyyətlə bağlı təcrübəni Sank-Peterburqda keçirdiyi
tələbəlik illərində yığmışdı.
Həmin ali məkətbdə Əli bəy
Tələbə Siyasi Dərnəklərində
iştirak edirdi. Zəngin
təcrübəsi ilə o, İstanbulda da həmin fəaliyyətini
davam etdirirdi. Onun üçün fərq
etməzdi-Avropa müstəvisində olsun,
yaxud Şərq müstəvisində olsun, müstəmləkə rejimlərinə
qarşı Əli bəy Hüseynzadə ardıcıl əməli
mübarizə aparan bir
şəxsiyyət olub. Təsadüfü deyil
ki, Osmanlı sultanı Əbdülməcid
rejiminə qarşı Əli bəy Hüseynzadə “İttihad və tərəqqi”
partiyasının əsasını qoyanlardan
biri olub. Bu çox az
rast gəlinən faktlardan
biridir: Əli bəy sultan
hakimiyyətinə qarşı apardığı mübarizəyə
görə təqibə məruz qalıb və Bakıya
köçməyə məcbur olub.
Bakıda onun fəaliyyətini siyasi-publisistika
baxımından dəyərləndirmək olar.
Bakıda olduğu dövrdə Əli bəy
“Kaspi”, “Həyat”, “Baku”,
“Füyüzat” jurnalında
çalışıb, həm də baş
yazar kimi yazılar
yazıb. Xüsən mən “Füyüzat”
jurnalını qeyd etmək istəyirəm.
Əli bəyin bu fəaliyyəti
füyuzatçılar məktəbinin yaranması ilə nəticələnmişdi.
Və o, qısa zamanda Rusiya müsəlmanlarının
liderlərindən birinə çevrilib.
1905-ci ildə Əli bəy Hüseynzadə Ümumrusiya
müsəlmanlarının ehtiyacları tələbnaməsinə
dair Sankt-Peterburqa gedən
11 nəfərdən ibarət nümayəndə heyətinin
tərkibində olub. Eyni
zamanda o, Müsəlman
İttifaqının gizli şəkildə
fəaliyyət göstərən qurultaylarında iştirak edib.
Ümumiyyətlə,
Əli bəy Hüseynzadə Azərbaycan milli
şurunun formalaşmasında öz siyasi
publisistikası ilə töhfələr vermişdi.
Siyasi türkçülüyün banilərindən
sayılan Əli bəyin yazılarında diferensasiya
belə gedir: o,
öncə deyir ki, biz insanıq, ikinci mərhələdə
qafqazlı olduğumuzu deyir,
üçüncü mərhələdə
müsəlman olduğumuzu bildirir və nəhayət milli
kimliyimiz baxımından türk
olduğumuzu deyir.
Əli bəy bu
anlayışlarının açıqlamasını da verir. XX əsrin
əvvəllərində milli kimlik məsələsinə çox
önəm verən Əli bəy Hüseynzadə istər “Füyuzat” jurnalında, istərsə də “Həyat”
qəzetində “Türklər kimdir, kimlərdən
ibarətdir”, “Türk
dilinin vəzifeyi-mədəniyyəti”, “Məcnun
və Leylayi dilimiz”
adlı əsərlərlə çıxış edib. Özü də bu əsərlərini poetik
dillə yazıb. Hətt yazdığı şeirlərlə
belə türk dünyasının
çoğrafiyasını, türk dilinin yayıldığı arenanı mətbuat
vasitəsi ilə təbliğ eləmişdi.
Əli
bəy Hüseynzadənin müstəqil Azərbaycan
Respublikasının üç rəngli
dövlət bayrağında ehtiva olunan prinsiplərin banisi kimi də dəyərləndirilməsi tarixi ədalətdir. Əli bəyin dediyi “türk qanlı,
müsəlman etiqadlı, firənk fikirli,
Avropa qiyafəli” məhz o
deməkdir ki, bizim kimliyimiz türkdür, dinimiz
islamdır, inkişaf istiqamətimiz isə
Avropa tərəqqisinə
çatmaqdır”.
(Davamı gələn sayımızda)
Ramid İBRAHİMOV
Bizim
Yol.- 2014.- 18 iyun.- S.13.