Azərbaycan dövlətçiliyinin
nəzəri əsaslarını
hazırlayan alim
Qənirə
Paşayeva: “Əli bəy Hüseynzadə bugünkü gənclərə
əsl örnək olacaq şəxsiyyətdir, onu anmaqdan
başqa, həm də anlamaq lazımdır”
İsmayıl
Umudlu: “Onun milli dövlətçilik ideologiyasına
çevrilən ideologiyası əbədilik qazandı və
xalqın qan yaddaşına daxil oldu”
(Əvvəli
ötən sayımızda)
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri,
“Əməkdar müəllim” Firdovsiyyə Əhmədovanın
sözlərinə görə, Əli bəy Hüseynzadə
müstəqil milli dövlətçiliyin
nəzəri əsaslarının işlənib
hazırlanmasında
yaxından iştirak edən, eləcə
də çoxşaxəli fəaliyyəti boyunca
yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi
irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr
verən görkəmli ictimai xadimdir: “O, uzun
müddət alim, rəssam, həkim, şair, tənqidçi,
tərcüməçi, müəllim, jurnalist
kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus
iz qoyub.Türk
xalqlarının mədəni inteqrasiyasının məfkurə
kimi təşəkkül tapmasında
mühüm rol oynayan, müasir cəmiyyət
quruculuğunda demokratik
prinsiplərin ənənəvi dəyərlər zəminində
bərqərar olmasının vacibliyini irəli
sürən tarixi şəxsiyyətdir.
Azərbaycan dövlətçiliyinin nəzəri əsaslarını
işləyib hazırlayan alimdir”.
Firdvosiyyə Əhmədovanın
sözlərinə görə, maarifçi
Əli bəy Hüseynzadə “Füyuzat”
jurnalı bağlanandan sonra
pedoqoji fəaliyyətə
başlayıb: “Onun Səadət məktəbinin
müdiri olmasını, yaxud
“Tərəqqi”, “Həqiqət” qəzetlərində
çalışmasını, “Qiyafəti Füyuzat”
kimi şah əsərini
yazması və hissə-hissə çap
etdirməsini qeyd etmək
lazımdır. Sultan
Əhmədməcid öləndən sonra
Əli bəy Hüseynzadə Türkiyəyə dəvət
alır, yenidən İstanbul Universitetinə dəvət edirlər, professor kimi pedoqoji fəaliyyətinə davam
edir. O, Əhməd bəy Ağaoğlu,
Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Türk Ocağı dərnəyində
çalışır. Görürük
ki, birinci dünya müharibəsi illərində
Əli bəy Hüseynzadə yeni statusla işləyir”.
Əli bəy Hüseynzadə Azərbaycan
dövlətinin yaradıcılarından biridir
F.Əhmədova deyir ki, Əli bəy Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıcılarından biridir: “Təsadüfi
deyil ki, 1918-ci ildə Əli bəy Əhməd bəy Ağaoğlu ilə birlikdə Azərbaycana
göndərilir. Məqsəd Nuru
Paşanın yanında Azərbaycanın maraqlarına uyğun ordunun fəaliyyətini
yönəltmək idi. O, bu
istiqamətdə məsləhət verən şəxs olub”.
Tarixçi alimin sözlərinə
görə, Ə.Hüseynzadə çox
geniş yaradıcılıq diapazonuna malik şəxsdir:
“O, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edib. Bu, tarixi faktdır. Onun fəaliyyəti geniş
şəkildə dəyərləndirilməlidir. Onun musiqişünas, rəssam,
həkim olaraq da zəngin
fəaliyyəti və irsi var.
Xüsusilə bunu qeyd
edim ki, onun “Bibiheybət məscidinin görünüşü”
adlı rəsm əsəri var. Möhtəşəm
əsərdir. Hazırda bu rəsm
Dövlət İncəsənət Muzeyində
saxlanılır. Elə Bibiheybət
məscidinin bərpası zamanı həmin rəsm əsərindən
istifadə olunub. Bunu da tarixi fakt
kimi dəyərləndirmək gərəkdir.
Əli bəy
Hüseynzadənin tibbə, siyasətə, ədəbiyyatşünaslığa
dair zəngin irsi var. Onun XX əsrin sonlarında çap
olunmuş əsərlərini diqqətə
gətirsək, xüsusən “Qırmızı qaranlıqlar
içində yaşıl işıqlar”, “Siyasəti Füyüzat”,
“Türkləri kimdir, kimlərdən ibarətdir”
əsərlərini qeyd etmək istəyirəm
ki, bu əsərlər
yenidən çap olunub,
tədqiqata çəlb olunub. Hesab edirəm ki, Əli bəy
Hüseynzadənin tanıdılması, geniş
təbliğ olunması üçün onun əsərlərinin tədqiqat xarakterli təhlilinə ehtiyac var. Çünki elmi-nəzəri
irs olduğuna görə, mütləq onun
Azərbaycan cəmiyyətində tanınması üçün maarifçilik
işini aparmaq
lazımdır”.
Firdovsiyyə Əhmədovanın sözlərinə görə, əgər Əli bəy Hüseynzadəni tarixi şəxsiyyət olaraq qısa şəkildə təqdim etsək, birmənalı şəkildə deyilməlidir ki, Əli bəy Turançılıq məfkurəsinin hərəkata çevrilməsinə nail olmuşdur, siyasi türkçülüyün banisi sayılır: “Eyni zamanda Mirzə Fətəli Axundzadədən sonra Azərbaycan ictimai-ədəbi, elmi fikrində yeni mərhlənin başlanğıcını qoymuş şəxsiyyət kimi dəyərləndirilir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əli bəy Hüseynzadənin yubileyinin qeyd olunması üçün sərəncamın verilməsi, məhz Hüseynzadə şəxsiyyətinin məktəblərdə, eyni zamanda geniş cəmiyyətdə yaxından tanınması üçün bir vəsilə olacaq, elə məqsəd də, hədəf də ondan ibarətdir. Bu gün Əli bəy Hüseynzadə Azərbaycan mütəfəkkiri olmaqla yanaşı bütün türk dünyasına aid olan tarixi şəxsiyyyətdir. Və onun yubileyi yalnız Azərbaycan çoğrafiyası ilə məhdudlaşdırılmamalı, türk dünyasında yubileyi geniş qeyd olunmalı və tədqiqata cəlb olunmalıdır”.
"Əli bəy Hüseynzadə Turan"
"Əli bəy
Hüseynzadə Turan" (2009-cu il) kitabının müəllifi, millət vəkili
Qənirə Paşayeva “Bizim
Yol”a
açıqlamasımda bildirdi ki, bu kitab
xatirələrdən və faktlardan ibarətdir:
“Mən Türkiyədə Əli bəyin övladı Feyzavər
Alpsar xanımla görüşmüşəm.
Onun evində onunla görüşdüm. Söhbətimiz nəticəsində
məlum oldu ki,
Əli bəyin müxtəlif dillərdə əlyazmaları
var. Əli bəyin qiymətli
materiallarının şahidi oldum. Qiymətli materiallarla
tanış olanda iki
məsələ ortaya gəldi. Bunlardan biri odur ki, Feyzavər xanım
qiymətli materialları Azərbaycan dövlətinə vermək
istəyir. Bilirsiniz ki,
Əli bəy gözəl rəssam olub, həmin
rəsm əsərlərini də dövlətin himayəsinə
vermək istəyir. Mən bu barədə
ölkəmizin Mədəniyyət və Turizm
Nazirliyinin rəhbərliyinə, Azərbaycan
Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnistitutunun direktoru
İsa Həbibbəyliyə demişəm.
Ümid edirəm ki,
yaxın günlərdə bu istiqamətdə
addımlar olacaq.
İkinci məsələ ondan
ibarət idi ki, Feyzavər
xanımın xatirələri əsasında Əli bəy
Hüseynzadəni yazmaq lazım gəldi. Onun müxtəlif fəaliyyəti olduğundan, müxtəlif tətqiqatlar gərəkdir.
Sayı çox olmasa
da, bu sahədə bir neçə tətqiqatçının
araşdırması olub. Feyzavər
xanımla ikinci dəfə
görüşəndə düşündük
ki, onun
danışdığını videogörüntüyə də
alaq, çünki gələcəkdə
kinomotoqrafçılar üçün də
fakt, mənbə ola
bilər. Bu
materialı da saxlayırıq. Deyim ki, “Əli bəy Hüseynzadə” kitabı bu vaxta qədər bizə
bəlli olmayan tarixi faktlar əsasında yazılıb. Əli bəy
Hüseynzadə XIX əsrin sonu - XX əsrin
əvvəllərində mədəni ictimai
fikrin ən böyük
dahilərindən biridir, nəhəng
şəxsiyyətdir. O, heç bir vaxt dəyişilməyəcək
ideyalar sahibidir.
Bilirsiniz ki, XX əsrin əvvəllərində
ictimai-siyasi fikrin təşkili
və tənzimlənməsində, informasiya
mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli
rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına
çevrilməsi də həmin tarixi mərhələnin
məhsuludur. "Füyuzat"
jurnalı və onun redaksiya
heyətinin xidmətləri bu mənada
diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə
məhdudlaşmadılar, füyuzatçılıq xəttini,
hərəkatını, "Füyuzat"
jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz
imzalarını həkk etdilər. “Həyat” qəzeti
qarşısına üç məqsəd
qoymuşdu: Birinci məqsəd
o idi ki,
qoy bilsinlər türklər kimdir. Özünü dərk
etməyən millətin gələcəyi olmazdı! Onlar gördülər ki,
ötən əsrlər milliyyətçilik əsri olub. Milli ruh,
insanın özünü dərk etməsi
müstəqil dövlətlər yaradıb, xalqları inkişaf yoluna
çıxarıb. Əli bəyin prinsipləri var idi. Hansı ki, o prinsiplərin əsasında
insan haqları və demokratiya
dayanırdı. Əli bəyə görə, türk xalqlarının müstəqilliyinə
zəmin yaradan konstitusiyalı proqrama əsaslanan dövlət quruluşu ən demokratik
dövlət strukturudur”.
Qənirə Paşayeva türk
dünyasının ziyalıları və görkəmli
şəxsiyyətləri arasında Əli bəy
Hüseynzadənin xüsusi yeri olan bir
fikir adamı olduğunu
dilə gətirdi. O, Türkiyə üçün
böyük fədakarlıqlar edən
Əli bəy Hüseynzadənin gənclərə əsl
örnək olduğunu qeyd
edərək, onu anmaqdan
başqa anlamağı da
tövsiyə edir: “Mən Prezident
İlham Əliyevin Əli bəylə
bağlı verdiyi sərəncamı
yüksək qiymətləndirirəm. Sərəncamda
göstərilən tədbirlər planı müvafiq
dövlət qurumları tərəfindən həyata keçirilir. Onlardan bir neçəsində şəxsən mən
iştirak etmişəm. Mədəniyyət
və Turizm Nazirliyi ilə,
Azərbaycan Milli Elmlər Akademiyasıyla
birgə Salyanda, yəni Əli bəy
Hüseynzadənin doğulduğu rayonda tədbir keçirildi.
Bu akademiyanın təşkilatlarında
Əli bəylə bağlı elmi tədbirlər
keçirilir. Dövlət Əli bəyin,
Əhməd bəy Ağaoğlunun fəaliyyətini
yüksək dəyərləndirir. Bu sahədə
ictimai təşkilatlar da
işləməlidirlər”.
Əbədilik qazanan ideologiya
Tarixçi-etnoqraf, tərcüməçi İsmayıl Umudlu “Bizim Yol”a açıqlamasında Ə.Hüseynzadəni
maarifçi, dövlətin elmi nəzəriyyəsini hazırlayan və jurnalist olaraq xarakterizə
etdi: “O həm də tibb
mütəxəssisi idi. O, Azərbaycan siyasi fikir tarixinin
atalarındandır. Əli bəy
anlayırdı ki, digər millətlərin
irəliyə doğru
addımlamalarının əsasında qəzetlər, kitablar, məktəblər, təşkilatlar,
müxtəlif sənətlər, teatr
dayanır. Hüseynzadə həm də rəssam idi. Onun “Bibiheybət məscidi”
tablosu olduqca məşhurdur.
Əli
bəy Hüseynzadə Azərbaycan xalqının milli oyanışında, milli
maarifçilik hərəkatının,
islamçılıq və qərbçilik ideyalarının
inkişaf etdirilməsində müstəsna
rol oynayan, millətimizin
islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə
keçidinin əsas ideya və əməl rəhbərlərindən
biridir. O, "türkləşmək,
islamlaşmaq, avropalaşmaq"
milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün
siyasi məramnaməsini, elmi-nəzəri
əsaslarını hazırladı. Sonralar
milli dövlətçilik
ideologiyasına çevrilən bu üçlük bayrağımızdakı rənglərdə
əbədilik qazandı və xalqın qan
yaddaşına daxil oldu”.
Ramid İBRAHİMOV
Bizim
Yol.- 2014.- 19 iyun.- S.13.