Azərbaycan səhnəsinin Cülyettası

 

Yaxud teatrımızda Barat Şəkinskaya fenomeni

 

Yaşasaydı, bu ilin bu ayında Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Barat Şəkinskayanın 100 yaşı olacaqdı. Azərbaycan kinosunun Şövkəti (“Görüş” filmi), Sənəmi (“O olmasın, bu olsun” filmi), Tükəzbanı (“Qəribə əhvalat” filmi) olan Barat xanım milli kino və teatr tarixində yeniliklər etmiş aktrisalardan biridir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 3 aprel 2014-cü il tarixli bu sərəncamda bildirilir: “2014-cü ilin iyun ayında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Barat Həbib qızı Şəkinskayanın anadan olmasının 100 illiyi tamam olur. Fitri istedada malik aktrisa Barat xanım Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaratmışdır. Özünün bu gün də sevilən çoxsaylı qəhrəmanları ilə o, milli teatr tarixində azərbaycanlı qadın aktyor obrazını formalaşdırmış ilk sənətkarlardandır”.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək göstərişi verilir.

 

Həyatı...

 

Azərbaycanın xalq artisti  Barat Həbib qızı Şəkinskaya bəy qızıdır. 28 iyun 1914-cü ildə Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik keyfiyyətlərinə görə teatr tariximizə yazılıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Sonuncu dəfə uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən Arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. “Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.

Barat xanımın üç evliliyindən üç övladı olub. İlk dəfə çox erkən - 16 yaşında ailə quran (1931) Barat xanımın Mir İbrahim Həmzəyevlə izdivacından qızı dünyaya gəlir - Solmaz Həmzəyeva. Aktrisanın böyük qızı Solmaz xanım ömrünün əlli ilini Azərbaycan Televiziyasının gənclər redaksiyasında rejissor vəzifəsində çalışıb. 

Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur (1936), bu nikahdan qızı olur - Rövşanə Bədəlbəyli.

Üçüncü və sonuncu evliliyi teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu dünyaya gəlir - Elçin. Rəssam və kino aktyoru Elçin Məmmədovu hamı tanıyır - "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşa və s. rolları canlandırmış istedadlı aktyor, anasının sənətini uğurla davam etdirdi. 

Xalq artisti Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə vəfat edib.

 

Azərbaycanın ilk oğlan

rolları oynayan aktrisası...

 

Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb.

Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.

Bu sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edib: “Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı”.

 

Filmoqrafiya…

 

Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar Günəş Altında" (1957), "Kölgələr Sürünür" (1958), "Qəribə Əhvalat" (1960), "Telefonçu Qız" (1962), "Azərbaycan Teatrının Ustaları" (1966), "Evin Kişisi (1978), "Onun Bəlalı Sevgisi" (1980), "Üzeyir Ömrü" (1981) filmlərində Barat xanımın oynadığı roller Azərbaycan film tarixinin qiymətli incilərindəndir.

2012-ci ilin istehsalı olan “Səhnəmizin Cülyettası. Barat Şəkinskaya” sənədli televiziya filmi xalq artisti Barat Şəkinskayanın həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissor Elvin Vəlimətov, operator Zaur Haşımovdur.

 

“Ən gözəl rollar Barat

Şəkiniskaya həvalə edilib”

 

Teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə “Bizim Yol”a bildirdi ki, teatrda və filmlərdə ən gözəl rollar Barat Şəkiniskaya həvalə edilib: “Dahi aktyorlar, aktirisalar dahi rejissorlarla qarşılaşırlar. Barat xanım dahiyanə aktrisalardan biri idi. Ona rejissorlar inanıblar və inamının müsbət nəticəsini də görüblər. Barat xanım rejissorlardan Aleksandr Tuqanovla, Adil İsgəndərovla, Mehdi Məmmədovla, Şəmsi Bədəlbəyli ilə işləyib.

Aleksandr Tuqanov Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olan sənətkar, həmçinin rejissor və pedaqoq olub. O, Barat xanıma Cülyetta rolunu tapşırır. Bu rol Barat xanımın həyatında yeni yol açır. Uğurlu tamaşa olur. Barat xanım Azərbaycan teatr səhnəsinin Cülyettası adlandırılır. Teatr tariximizə də Barat Şəkiniskaya bu adla düşüb. Baxmayaraq ki, Barat xanımdan sonra milli teatr səhnəsində Cülyetta rolunu oynayan çox olub, bu rol Azərbaycan teatr səhnəsində Barat xanımın adı ilə bağlıdır.

Onun teatr səhnəsində rollarını saymaqla bitməz. Onun rolları rəngarəng olub. Təəsüflər olsun ki, Barat Şəkiniskayanın istedadının miqyası səviyyəsində, dramatik rolların mahir ifaçısından kinoda lazımı qədər dəyərləndirilmədi. Kinolara az çəkildi. Onu da deyim ki, teatrda birinci dərəcəli aktyorlar bəzən kinoda çəkilmək istəmirdilər”.

 

“Barat xanım mənfi obrazı da sevdirir”

 

Sənətşünas Məryəm Əlizadə hesab edir ki, Barat Şəkiniskyananın ən gözəl rollarından biri 1956-cı ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi məşhur “O olmasın, bu olsun” filmindəki Sənəm roludur: “Bilirsiniz ki, filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər  Gülnazın  böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olub. 

Bu filmdə Barat xanıma qulluqçu Sənəm rolu tapşırıldı. O bu rolu ilə milli xaratterimizi - Azərbaycan qadınının geyimini, davranışını, insanlarla davranmasını göstərir. Deyim ki, bu filmdə nəhəng aktyor heyəti rol alıb ki, onların da sırasında Barat xanımın olması arzuolunandır. Kamera qarşısında özünü çox yaxşı hiss edirdi. Bütün bunlar onun istedadlı, peşəkar aktrisa olmasını xarakterizə edir”.

Məryəm Əlizadə bildirir ki, rejissor Lətif Səfərovun Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi “Qızmar günəş altında” filmi Azərbaycan kinomotoqrafiyasında iz qoymuş filmdir: “Filmdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. Filmdə Azərbaycan təbiəti öz əksini tapıb. Rejissor qızmar günəş altında işləyən insanların təsirli həyatından bəhs edir. Barat xanım bu filmdə Sərdarovun arvadı rolunu canlandırır.

Bir il sonra Barat xanım rejissorlar İsmayıl Əfəndiyev və Şüa Şeyxovun çəkdiyi  Kölgələr sürünür” filimində katibə rolunu canlandırır. Filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir. Bu filmdə Barat xanımın rolu mənfi olur, bu rolu da gözəl, təbii canlandırır.

Barat xanımın baş rolda oynadığ film Məmmədsadıq Allahverdiyev və Y.Sadovskinin ssenarisi əsasında rejissor Şüa Şeyxovun çəkdiyi  Qəribə əhvalat” filmidir. Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur. Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz. Bu filmdə Barat xanım Kefçilovun həyat yoldaşı olan Tükəzbanın rolunu canlandırır. 

Barat xanım komediya aktrisası deyildi. O, komedik rollarda komediya yaratmağa çalışmırdı. Vəziyyəti düzgün oynamağa çalışırdı. Ssenari doğru yazılıbsa, rol komedik olacaqdır”.

 

 Ramid İBRAHİMOV

 

 Bizim Yol.- 2014.- 20 iyun.- S.13.