Tarix Muzeyinə yeni

avadanlıqlar təqdim olundu

 

Akademik İsa Həbibbəyli: «Ən son texniki nailiyyətlərdən lazımınca yararlanmaq lazımdır»

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV Respublika elmi konfransı  və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf Fondunun qrantı ilə bu muzeyə alınan yeni avadanlığın təqdimatı keçirildi.

Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, AMEA Memarlıq və incəsənət institutu, AMEA A.A.Bakixanov adına Tarix İnstitutu, AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutu, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu, AMEA Gəncə Regional Elmi Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm təhsili bölməsi, UNİCER özəl məktəbini təmsil edən tədqiqatçıların  çıxışları oldu. Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrini əhatə edirlər.

Dünən həmçinin Milli Azərbaycan Tarixi Muzeyində Elmin inkişaf Fondunun qrantı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının müasir cihazqurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlığın təqdimatı da keçirildi. Ən müasir tələblərə cavab verən yeni avadanlıq və qurğular müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Layihə çərçivəsində alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B.F.LLİ Bertoncello” şirkətinin buraxdığı Proxima mikroqaynaq cihaz dəsti, İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultrasəs təmizləyici vannası, həmin şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezoelektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın “AnMo Electronics” şirkətinin istehsal etdiyi eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərində hazırlanmış qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihazqurğular vardır.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı dövlətin muzeylərin maddi-texniki bazasının təkmilləşdirilməsinə yaratdığı köməyə görə dərin təşəkkürünü bildirdi. AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli çıxış edərək elm və mədəniyyət idarələrinin müasir tələblərə uyğun olaraq qurulması, ən son texniki nailəyyətlərdən lazımınca yararlanmanın vacibliyini xüsusi vurğuladı.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev öz çıxışında Fondu məqsədləri barəsində danışdı, alimlərə dəstək olmaq məqsədilə təşkil olunmuş Fondun yaratdığı imkanlar barəsində ətraflı danışdı: “Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında bu akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir. Bilirsiniz ki, 2015-ci ildə respublikanın ali elmi qurumu AMEA-nın təsis edilməsinin 70 ili tamam olur. Bununla bağlı olaraq 14 mart 2014-cü il tarixli  “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin sərəncamı var. Bu sənəddə  Nazirlər Kabinetinə tapşırılıb ki, AMEA ilə birlikdə Akademiyanın yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin”.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək respublikamızda muzeylərin yeni, müasir tələblərə uyğun olaraq qurulması prosesi barəsində, bu istiqamətdə kadr hazırlığının çox vacib olması haqqında danışdı.

Daha sonra qonaqlar yeni avadanlıq qurulmuş laboratoriya otaqlarına dəvət olundular. Muzeyin Bərpa laboratoriyasının müdiri Təhsib Zəvərli təqdimatı keçirilən avadanlıq və qurğuların muzeylərin inkişafına verəcəyi töhfədən danışmış və onlar haqqında qonaqlara  məlumat verib. Qeyd edildi ki, bu avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsinə və sonradan bərpasına geniş imkanlar yaradacaqdır.

 

Paleontologiya elminin əsasını qoyan

arxeoloqla bağlı fotosərgi açılacaq

 

Tədbirdə o da bildirildi ki, Milli Azərbaycan Tarixi Muzeyində arxeoloq Məmmədəli Hüseynova həsr olunmuş fotosərgi açılacaq: “1968-ci il iyunun 23-də Azərbaycanın dilbər güşəsi olan Qarabağda, Azıx mağarasında dünya paleontologiya tarixində çevrilişə səbəb olmuş kəşf edilmişdir - görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası ibtidai insana məxsus çənə aşkar edib. Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor D.V.Hacıyev məşğul olub. D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilib və tapıntıya “Azıxantrop tipli ibtidai insan” adı verilib.

Beləliklə, mağarada çənə sümüyünün kəşf olunduğu günə uyğun olaraq bu ilin iyunun 23-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixiçiləri birliyinin sədri Namiq Rüstəmovun və muzeyin birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, Azərbaycanda paleontologiya elminin inkişafına böyük töhfələr vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərginin açılışı olacaq. Fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş olunacaq”.

Məlumat verildi ki, Məmmədəli Hüseynov 1922-ci il aprel ayının 3-də Qazax rayonunun Mollacəfərli kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirərək Azərbaycan Tarix Muzeyində əmək fəaliyyətinə başlayıb. 1960-cı ildə Tbilisidə "Aveydağ paleolit düşərgələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edən M.Hüseynovun növbəti tədqiqat obyekti Qarabağ abidələri olub. 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdibununla da dünyada, ilk insan mənşəyi haqqında yeni təsəvvür yaratdı. 1968-ci ildə arxeloji qazıntı zamanı elmdə sensasiyaya çevrilən 18-22 yaşlı qadına aid çənə sümüyü tapıb. 6 kitab, 100-dən artıq elmi məqalənin müəllifi olan Məmmədəli Hüseynov tarix elmləri doktoru alimlik dərəcəsi (1985), professor elmi adına (1987) layiq görülüb. M.Hüseynovun tədqiqat və araşdırmaları Azərbaycanda paleontologiya elminin əsasını qoyub.

 

Natəvanın arxalığı muzeyin ekspozisiyasında

 

Milli Azərbaycan Tarixi Muzeyindən bildirildi ki, muzeyin ekspozisiyasında yeniliklər var. Belə ki, XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvana (15.08.1832-ci il, Şuşa - 01.10.1897-ci il, Ağdam) məxsus arxalıq bu muzeyi daimi ekspozisiyasının “XIX əsrin sonu -  XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti” zalında nümayiş etdirilmək üçün sərgilənib.

Məlumata görə, zərxaradan tikilmiş arxalıq biçim üsulunatikiş tərzinə görə muzeyin nadir eksponatlarındandır. Arxalıq, eyni zamanda tarixi əhəmiyyətinə görə də xüsusilə çox qiymətlidir. Üzəri mavi, qırmızı, yaşıl rəngli ipək sapla və güləbətinlə nəbati təsvirlidir.  Ətəyi büzməlidir. Arxalığın ölçüsü belədir: uzunluğu 49 sm, qolunun uzunluğu 53 sm-dir.

 

Ramid İbrahimov

 

Bizim Yol.- 2014.- 21 iyun.- S.13.