Həyatı mübarizə epopeyasına çevrilən şəxsiyyət

 

Nəsiman Yaqublu: "Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti

Azərbayjan xalqının siyasi baxımdan formalaşma səlnaməsidir"

 

2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri, Azərbaycan Milli Şurasının sədri olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam oldu. Azərbaycan Respublikasının Prezidenti 22 noyabr 2013-cü il tarixində "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam verdi.

Sərəncamda bildirilir ki, M.Ə.Rəsulzadə Azərbaycan xalqının müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir. Qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

M.Ə.Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biridir. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdiri olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

 

"Hüquqi bir dövlətin  əsasını qoyub"

 

Rəsulzadənin fəaliyyəti haqqında tarix elmləri üzrə fəlsəfə doktoru, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu ilə həmsöhbət olduq. Müsahibəni təqdim etməmişdən öncə bildirək ki, N.Yaqublu Bakı Dövlət Universitetinin Curnalistika fakültəsində və Sankt-Peterburq Universitetinin Curnalistika fakültəsində təhsil alıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətionun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib.

O, 2001-ci ildə "Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" kitabını çap etdirib. Nəsiman Yaqublunun 2007-ci ildə "Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu", 2008-ci ildə "Bakının qurtuluşu", 2009-cu ildə "Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi"  və 2013-cü ildə "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" kitabları çap olunub.

N.Yaqublunun sözlərinə görə, XX əsr Azərbaycanın milli istiqlal və dövlətçilik tarixində Rəsulzadənin adı xüsusi ilə çəkilməlidir: "İlk dəfə olaraq 1918-ci ildə demokratik əsaslara söykənən, hüquqi prinsiplərə əsaslanan, dövləti-xalq cümhuriyyətini quran-əsas ideoloq Məhəmməd Əmin Rəsulzadə olub. Yəni bu zamana qədər bizim bir millət olaraq mövcudluğumuzqurduğumuz dövlətlər tarixində ilk dəfə olaraq demokratik əsaslara söykənən hüquqi bir dövlətin əsasını qoyubbu dövlət onun adı ilə bağlıdır. O mənada Rəsulzadə Azərbaycanın dövlətçilik tarixində önəmli yer tutur".

 

"O, bir mübarizə epopeyasıdır"

 

N.Yaqublu bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti həm də Azərbaycan xalqının siyasi baxımdan formalaşmaq səlnaməsidir: "Bu sözü inamla demək istəyirəm ki, Rəsulzadə XX əsrin əvvəllərində fikir fəaliyyəti Azərbaycan xalqının bütövlükdə azadlığına həsr edilmiş bir mübarizə epopeyasıdır. O, özünün bu mübarizəsi ilə xalqın özünü həm maarifləndirmiş, həm elmləndirmiş, həm də siyasi  səhnəyə çıxması üçün bir əsas yaratmışdı.

Rəsulzadənin 1902-1903-cü illərdə siyasi fəaliyyətə başlamaq dövrünü nəzərə alaraq deyim ki, əgər o, Azərbaycan tarixində aşağıda göstərəcəyim fəaliyyətləri həyata keçirməsəydi, yəqin, Azərbaycan xalqı bir millət olaraq formalaşmaqda başqa xalqlara nisbətən gecikərdi. Və onsuz da XX əsrin əvvəllərində Azərbaycan xalqı gecikmişdi. Biz bu dövrdə Azərbaycan xalqının ümumi mənzərəsinə diqqət yetirsək, məsələn, ermənilərlə, gürcülərlə müqayisə etsək, hansı mənzərənin şahidi olarıq. Ermənilər, gürcülər artıq ilk siyasi partiyalarını yaratmışdılar. Eləcə də başqa xalqlar da öz partiyalarını, ictimai birliklərini yaratmışdılar. Amma biz XX əsrin ilk illərində siyasi partiya yaratmamışdıq.

Milli yönümlü siyasi partiya yaradan da məhz Məmməd Əmin Rəsulzadə oldu. O, Müsavat partiyasını yaratdı. Rəsulzadə ilk dəfə olaraq öz yazılarında milli birlik konsepsiyasını ortalığa qoydu. "Milli istiqlal nədir?" fikrini ortalığa qoydu. Və bunları millətin şüuruna yeritdi. Rəsulzadə ilk dəfə olaraq xalqın tarixinə diqqət yetirib, onun türk xalqı olduğunu araşdırıb ortaya qoydu. o, ilk dəfə olaraq Güney Azərbaycanda yaşayan türklərin də tarixini araşdırdı və "İran türkləri" başlıqlı serial yazılar yazdı. Güney Azərbaycanda yaşayan türklərin tarixini, ədəbiyyatını araşdırdı. Rəsulzadə 1915-ci ildə "Açıq söz" qəzetini yaratdı. Azərbaycanın mətbuat tarixində ilk dəfə olaraq bu qəzeti Azərbaycanın ədəbi türkçəsində çap etdirdi. Yəni demək istəyirəm ki, Rəsulzadənin bu xalqa verdiyi o qədər dəyərlər var ki, onları sadalamaqla başa çatdırmaq qeyri-mümkündür. Və nəhayət, Rəsulzadə ilk dəfə olaraq Rusiya ərazisində yaşayan müsəlmanlara muxtariyyət ideyasını 1917-ci ilin aprelin 15-dən 20-nə qədər keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında irəli sürdü. Və həmin ideyanı bir qədər inkişaf etdirib, 1917-ci ilin mayında Rusiyada keçirilən Rusiya Müsəlmanlarının Qurultayında irəli sürdü. Maraqlıdır ki, həmin vaxt Əhməd bəy Sanikovun Rusiya Müsəlmanları Qurultayında irəli sürdüyü Rusiya müsəlmanlarına mədəni muxtariyyət şüarı o qədər səs toplaya bilmədi. Amma Rəsulzadənin irəli sürdüyü Rusiya müsəlmanlarına məhəlli muxtariyyət ideyası səsçoxluğu ilə üstünlük qazandı. Və Rəsulzadə artıq Rusiya müsəlmanlarının lideri olaraq qəbul edilməyə başlandı. O, böyük şəxsiyytə çevrildi: savadı, natiqliyi, dönməzliyi ilə.

Rəsulzadənin 1902-ci ildən başlayan siyasi fəaliyyət dövründən 1920-ci ilə qədər biz onu haralarda görürük. Diqqət yetirək: 1900-cü ildən 1909-cu ilə qədər Bakıda fəaliyyət göstərir. Tiflisdə çap olunan "Şərqi Rus" qəzetində yazılar çap etdirir. Eləcə də "İrşad" və "Tərəqqi" qəzetlərində yazılar çap etdirir. Siyasi fəaliyyət göstərir. Rəsulzadə İosif Stalin ilə birlikdə siyasi təşkilatda çar Rusiyasına qarşı mübarizə aparırlar. 1907-1908-ci ildə pyes, teatr tamaşası üçün əsərlər və şeir yazır, tərcümələr edir. Yüzlərlə məqalələri "Təkamül", "Tərəqqi", "İrşad" və başqa qəzetlərdə çap etdirir. 1909-cu ildən 1911-ci ilə qədər İranda fəaliyyət göstərir. 1909-cu il avqustun 23-də çapdan çıxan "Yeni İran" adlı qəzetin naşiri olur.  Avropa tipli qəzetçiliyin əsasını qoyur. Səttarxan hərəkəti ilə əlaqəli olur, Səttarxanla görüşür. Onun haqqında yazılar yazır. İran Demokratik Partiyasının əsas qurucularından birinə çevrilir. Sonralar İranın Londonda böyük elçisi olan Seyid Həsən Tağızadə yazırdı: "Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım fövqəladə,  qeyri-adi insanlardan biridir.  Belə insana nəinki bizim məkanımızda, dünyanın istənilən yerində rastlanmaz".

1911-1913-cü illərdə Rəsulzadə Türkiyədə olur, Türk Ocaqlarında fəal çalışır. "Türk yurdu" curnalında yazır. "Ədalətli yol" curnalında silsilə yazılar yazır. Türkiyə ictimaiyyətini İranda yaşayan türk toplumu ilə tanış edir. Və bu ona şöhrət gətirir. Ziya Göyalpla, Əli bəy Hüseynzadə ilə, Zəki Vəli Turanla birlikdə fəaliyyət göstərirlər. Bu Rəsulzadənin 20-25 yaşında fəaliyyətidir".

 

"1920-ci ildən sonra..."

 

Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyətini Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağladı: "Rəsulzadə 1918-ci il 28 may tarixində yaranan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına nail oldu. Və Azərbaycan parlamentinin yaradılmasında və parlamentdə çoxlu sənədlərin qəbul edilməsində fəal iştirak edir. Rəsulzadə 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasında böyük işlər görür. Qafqaz İslam Ordusu Bakıya gələndən sonra onlara ciddi dəstək verir. Türkiyənin hərbi naziri Ənvər Paşa ilə görüşür, ondan əlavə güc-qüvvə istəyir ki, Bakı azad edilsin.  Və Bakının azad olunmasına nail olur. Azərbaycanın dövlətçilik tarixini Rəsulzadəsiz təsəvvür etmək olmur. 1920-ci ildən sonra Rəsulzadə çətin, ağır həyat yaşayır".

 

(Davamı gələn sayımızda)

 

Ramid İbrahimov

 

Bizim Yol.- 2014.- 26 iyun.- S.13.