"Rəsulzadə irsi tam
araşdırılmayıb"
Tarixçi alim
Nəsiman Yaqublu dövlətdən bu istiqamətdə dəstək gözləyir
"AXC
liderinin mühacirətdəki fəaliyyəti, məktubları,
məqalələri
tapılaraq Azərbaycana gətirilməlidir"
(Əvvəli
ötən sayımızda)
Tarix elmləri üzrə fəlsəfə
doktoru Nəsiman Yaqublu deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti
süqut edəndən sonra Məmməd Əmin Rəsulzadə
çətin, ağır həyat yaşayır: "Siyasi fəaliyyət
göstərməyə məqam gözləyirdi, o bu məqamı
İsmayıllı rayonunun Lahıc kəndində gözləyirdi.
Həbs edilir. Stalin onu azad edib Moskvaya aparır. Rəsulzadə
SSRİ ilə anlaşmanı qeyri-mümkün görüb,
oradan gizli yolla Türkiyəyə gedir. Mənbələr təsdiq
edir ki, 1922-ci ilin dekabrından Rəsulzadə Türkiyədə
idi və burada fəaliyyət göstərməyə
başlayır. 1923-cü ilin may ayında "Azərbaycan
Cümhuriyyəti" kitabını dərc edir. Türkiyə
Cümhuriyyətinini, türk insanının Azərbaycan Xalq
Cümhuriyyəti ilə tanış edir. Tarix haqqında bilgilər verir.
1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin
"Azərbaycan respublikasının keçmişi,
təşəkkülü və indiki vəziyyəti"
kitabı çap edilir.
"Əsrimizin Səyavuşu", "İstiqlal
məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ilin sentyabrın 26-da Azərbaycan mühacirət
mətbuatının əsas orqanı olan
"Yeni Qafqaziyyə" jurnalını
yaradır. Azərbaycanda baş verən
prosesləri dünya ictimaiyyətinə
çatdırır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi",
"Millət və Bolşevizm" və
"Qafqasya türkləri" kimi əsərlərini çap
etdirib. Həmin ildə onun redaktorluğu ilə
"Azəri türkü", sonra isə "Odlu yurd"
jurnalları və həftəlik "Bildiriş"
qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildən sonra
Rəsulzadə Avropada fəaliyyət
göstərir, Polşada, Almaniyada
fəaliyyətə başlayır. "İstiqlal"
qəzetini çap etdirir.
"Qurtuluş" jurnalını nəşr
etdirir. Polyak dilində
"Azərbaycan müstəqillik uğrunda"
kitabını dərc etdirir. Polyak ictimaiyyətini Azərbaycan həqiqətləri
ilə tanış edir".
"Azərbaycanda baş
verən hadisələri dünya
ictimaiyyətinin diqqətinə
çatdırırdı"
Nəsiman Yaqublu deyir ki, Rəsulzadənin
Avropada fəaliyyəti dərindən öyrənilməyib,
araşdırılmayıb: "1939-1945-ci illərdə Rəsulzadəni
yenə Azərbaycanı və azərbaycanlıları xilas
edən lider kimi görürük. Hitlerlə əlaqəyə
girir. Burada fəaliyyət
göstərir. Milli Azərbaycan Komitəsini yaradır. 1945-ci
ildən sonra Rəsulzadəni yenə Türkiyədə
görürük. Burada o, Azərbaycan Kültür Dərnəyi,
"Azərbaycan" jurnalını çap etdirir. Azərbaycanlıları
ətrafına toplayır. Jurnalın arxasında 1918-1920-ci illərin
Azərbaycan dövlətinin xəritəsi
çap olunurdu. Çalışırdı ki, Azərbaycan
Xalq Cümhuriyyəti dövründəki Azərbaycan
unudulmasın. Rəsulzadə beynəlxalq konfranslarda
iştirak edərək Azərbaycanı təmsil edir, Azərbaycanda
baş verən hadisələri dünya ictimaiyyətinin diqqətinə
çatdırırdı".
""Rəsulzadənin ensiklopediyası"
gələcəkdə
ingilis dilində dərc olunacaq"
Nəsiman Yaqublu bildirir ki, M.Ə.Rəsulzadə
fəaliyyətinin araşdırılmasına ehtiyac var:
"Ola bilsin ki, bu gün dediklərimizlə bağlı
olaraq gələcəkdə araşdırma aparılacaq. Onun
fəaliyyəti mürəkkəb dövrdə olub. Rəsulzadənin irsi ilə
bağlı olaraq son zamanlar biz də iş görürük.
2013-cü ildə "Rəsulzadənin ensiklopediyası"
dərc olundu. Hər il bu ensiklopediyaya məlumatlar əlavə
olunur. Artıq bu kitabı təkmilləşdirərək
Rusiyada və Türkiyədə çapına
hazırlaşırıq.
Rəsulzadənın Polşada polyak dilində
çıxan kitabının tərcüməsini başa
çatdırmışıq. Onu da qeyd edim ki, "Rəsulzadənin
ensiklopediyası"nın gələcəkdə ingilis dilində
dərc olunması üçün də planımız var.
Bu işlərdə bizi geridə saxlayan əsasən maddiyyat
məsələsidir. Bu işlərdə ciddi problemlərlə
üzləşirik. Bu məsələdə bizə
dostların dəstəyi olub".
"Rəsulzadə
ilə bağlı
nazirə
müraciət etdim"
Nəsiman Yaqublunun sözlərinə görə,
M.Ə.Rəsulzadənin mühacirətdəki fəaliyyəti,
məktubları, məqalələri tapılaraq Azərbaycana
gətirilməlidir: "Doğrusu, bu məsələdə də çətinlik
var. Dövlətin dəstəyi
arzuolunandır. Yaxın keçmişdə Azərbaycan Prezidenti cənab İlham
Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam verdi. Sərəncamda tapşırılır ki, Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
və digər aidiyyəti qurumlarla birlikdə
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin. Həmin plana
görə, Rəsulzadənin xarici
ölkələrdəki fəaliyyətinin
araşdırılması və ona məxsus
materialların Azərbaycana gətirilməsi də var. Bu sərəncamdan
çıxış edərək mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevə müraciət etdim. Müraciətdə
xahiş etmişəm ki,
Rəsulzadənin mühacirətdəki sənədlərini
toplayıb Azərbaycana gətirək. Müraciətdə
göstərmişəm ki, bu təkcə Rəsulzadənin irsinin araşdırılması deyil, mühacirətdə yaşayıb fəaliyyət
göstərən azərbaycanlıların irsinin araşdırılması olacaq. Ceyhun Hacıbəyli,
Topçubaşov, Məcid Musazadə və
başqalarının sənədləri də var. Deyim ki,
bu sənədlərin çoxu
şəxsi evlərdə saxlanılır. Bunu
ancaq bilən adamlar
toplayıb Azərbaycana gətirə bilərlər. Mən bu ünvanları da bilirəm.
Onlarla əlaqəm də var.
Yerlərini də bilirəm. Sadəcə gedib
toplayıb gətirmək lazımdır".
"Ən əsası dövlət
başçısının rəsmi
göstərişi-sərəncamı
mövcuddur"
Nəsiman Yaqublu deyir ki, mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bu günə qədər cavab
verilməyib: "Təəssüf ki, müraciətə hələ
cavab almamışım. Ümid edirəm ki, yaxın günlərdə
nazir müraciətimi müsbət cavablandıracaq. Diqqətlə
yanaşacaq. Məndə olan məlumata görə,
Əbülfəs Qarayev də mühacirət
dövrünün araşdırmaçılarından biridir.
Bu sahədə onun fəaliyyəti var. Ən azından bu
mövzuya nazirin bələdçiliyi var. Ən əsası
dövlət başçısının rəsmi göstərişi-sərəncamı
mövcuddur. Mən hesab edirəm ki, dövlət
başçısının sərəncamını həyata
keçirmək nazirin birbaşa vəzifəsidir.
Mən Rəsulzadənin
fəaliyyətinin araşdırılmasına, onun fəaliyyətinin təbliğ
olunmasında göstərdiyi əməyə görə o şəxslərə, o
cümlədən sizə-mətbuata təşəkkür
edirəm. Mən illərdir ki,
Rəsulzadənin irsinin
araşdırılması ilə məşğulam, həmişə
mətbuatda Azərbaycan Xalq Cümhuriyyətinin
banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd
Əmin Rəsulzadənin fəaliyyətinə
diqqət və qayğı görmüşəm. Onun irsini
araşdıranlara da bir
daha təşəkkürümü bildirirəm.
Rəsulzadə Azərbaycanın tarixi dövlətçilik ənənələri
zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal
ideyalarının geniş
yayılmasında böyük xidmətlər
göstərmiş və siyasi
publisistikası ilə ədəbi-ictimai fikir
tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi
xadimdir".
"Rəsulzadə kimi
şəxsiyyətə bu
hadisələr
imkan verirdi ki,
siyasətçi olaraq formalaşsın"
N.Yaqublu bildirir ki, Çar Rusiyasında baş
verən ictimai-siyasi proseslər Azərbaycan Xalq Cümhuriyyətinin
banilərindən biri olan Rəsulzadənin siyasətçi
kimi formalaşmasına təkan verirdi: "Çar
Rusiyasının köhnə qaydaları daha keçərli
deyildi. Üstəlik Rus-Yapon müharibəsində Çar
Rusiyasının idarəçiliyində problem
yaradırdı. İmperiyanın tərkibində olan insanlar
da narazı və narahat idilər.
Çar Rusiyasının Şərq əyalətlərində
milli qurtuluş ideyalarının güclənməsi, siyasi
partiyaların tədricən yaranması, xalqların siyasi
şəkildə şüurlanması prosesi baş verirdi. 1905-1907-ci illərdə birinci rus inqilabının baş
verməsi, 1917-ci ildə Fevral burjua
inqilabının baş verməsi, çar hökumətinin ləğv edilməsi,
yerində yeni hökumətin qurulması
Rusiyanı çökdürürdü.
Rəsulzadə kimi şəxsiyyətə
bu hadisələr imkan
verirdi ki, siyasətçi
kimi formalaşsın.
1917-ci ilin
payızında M.Ə.Rəsulzadə Rusiya
parlamentinə Azərbaycan və Türküstandan
millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların
çəkişmələri nəticəsində ləğv
olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif
partiyaların üzvlərindən ibarət olan
Azərbaycan milli şurası yarandı.
Səs çoxluğu ilə M.Ə.Rəsulzadə
milli şuranın sədri seçildi. 1918-ci il
mayın 28-də bütün ölkələrin
radio stansiyaları və qəzetləri
Azərbaycan istiqlaliyyətinin elan
olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan
xalqı öz varlığını, bir xalq kimi
mövcudluğunu bütün
bəşəriyyətə çatdırır və milli dövlətini qurduğunu
tam şəkildə bəyan edirdi. Fətəli xan
İsgəndər oğlu Xoyskinin
başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil
olundu. Beləliklə, Azərbaycan
xalqı nəinki türk xalqları
arasında, həmçinin bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan Milli
Şurasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya
müharibəsi və Rusiya
inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan
Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk
nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat
olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat
edəcəkdir? İştə bütün
zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi
əllərinə alanlar üçün
Azərbaycan nüzadini tələf etdirməmək
kimi müşkül,
fəqət müşküllüyü
ilə bərabər şərəfli bir
vəzifə və məsuliyyət tərtib ediyor".
Qeyd edim ki, Bakı Dövlət Universitetinin
yaranması da M.Ə.Rəsulzadənin
adı ilə bağlıdır. Bu məsələ
ətrafında o, bir
neçə dəfə Azərbaycan Parlamentində
çıxış etmiş və universitetin açılmasını qəti tələb
etmişdi.
Ramid İbrahimov
Bizim
Yol.- 2014.- 28 iyun.- S.13.