"Ozan-aşıq sənəti
kiçik bir
tamaşadır"
Qabil
Zimistanoğlu: "Azərbaycan aşıq sənəti
"Dədə
Qorqud" dastanlarından çox-çox əvvəl
yaranıb"
Jurnalist-tədqiqatçı,
aşıq sənətinin araşdırmaçısı,
"Aşıq Alı əsərləri" kitabının
müəllifi Qabil Zimistanoğlu ilə "Azərbaycanın
aşıq sənətinin dünəni və bu
günü" mövzusunda həmsöhbət olduq.
Q.Zimistanoğlu bildirir ki, aşıq sənətinin,
aşıq poeziyasının qədim kökləri şifahi
xalq ədəbiyyatına və xalq
yaradıcılığına, xalqın bədii özfəaliyyətinə
gedib çıxır: "Onun rüşeymi bayatılarda,
xalq məsəllərində, xalq havalarında, xalqın təbii,
arakəsilməz, gündəlik bədii özfəaliyyətindədir.
Şübhəsizdir ki, bayatılar, müdrik xalq məsələləri,
nağıllar bir adam, iki adam tərəfindən yox, yüzlərlə,
minlərlə adamın iştirakı ilə yaranıb, yəni
ümumxalq şüurunun, ümumxalq bədii təfəkkürünün
məhsuludur, həm də ki, bayatı, ağı, gəraylı
kimi şeir formaları birdən-birə əmələ gəlməyib.
On illər, yüz illər ərzində bədii sözün
ibtidai təşbehlər və oxşatmalar şəklindən
daha dolğun və obrazlı ifadə vasitələrinə
doğru tədrici təkamülü nəticəsində
formalaşıb. Xalq musiqi formaları da eyni yollar keçib.
Sevinci, şadlığı, aclığı, susuzluğu, qələbəni,
kədəri, qüssəni, məğlubiyyəti ifadə edən
ibtidai nidaların, səslərin, hərəkətlərin və
jestlərin getdikcə kamilləşməsi, inkişaf sahəsində
az-çox bitkin formalar yaranıb. Bu, təbii şeir, musiqi və
rəqs formalarının ibtidailikdən, bəsitlikdən
mürəkkəbliyə, kamilliyə doğru inkişafı
uzun əmək prosesində, həyat mübarizəsində,
insanın hissiyyatının duyğularının, fikrinin
anlayışlarının dəyişməsi, inkişaf etməsi,
zənginləşməsi ilə bağlı olub. Bu mənada
aşıq yaradıcılığı çox qədim
tarixə malikdir.
"Aşıq
sənəti "Dədə Qorqud" kimi
ölməz
sənət abidəsi yarada bilmişsə…"
Qabil Zimistanoğlu bildirdi ki, aşıq sənətinin
tarixi ta qədimlərə gedib çıxsa da, yazılı
şəkildə aşıq sənəti "Kitabi Dədə
Qorqud" dastanından məlumdur: "Aşıq sənəti
"Dədə Qorqud" kimi ölməz sənət abidəsi
yarada bilmişsə, deməli, ilk kökləri daha dərindədir.
Çünki dastan aşıq poeziyasının ən mürəkkəb,
ən bitkin janrıdır. Yazılı ədəbiyyatda
"dastan" deyəndə müəyyən sujeti olan və
ancaq şeirlə yazılmış əsərlər-poemalar
nəzərə alınır. Aşıq poeziyasında isə
"dastan" daha geniş mənanı ifadə edir. Burada nəzmlə
nəsr, poetik janrla proza janrı birləşir. Sujet həm
şeir, həm də nəsrlə inkişaf edir. Dastanlarda
şeirin ancaq hava çalıb oxumaq üçün işləndiyini
güman etmək yanlışdır. Burada şeir qəhrəmanının
psixoloji vəziyyəti, hadisələrin dramatik
inkişafı ilə bağlı olur, sujet və
kompozisiyanın dinamik olmasına və vəhdətinə
kömək edir. Deməli, bədii fikir müəyyən
inkişaf yolu keçmədən, uzun illərin
yaradıcılıq təcrübəsinə malik olmadan belə
mürəkkəb bir forma yarada bilməzdi. Buradan belə bir nəticəyə
gəlmək olar ki, Azərbaycan aşıq poeziyası,
aşıq sənəti "Dədə Qorqud"
dastanları meydana çıxandan çox-çox əvvəl
yaranmağa başlayıb.
"Dədə Qorqud"da hər dəfə
aşığın kəlməsi xüsusi hadisə kimi qeyd
olunur: "Dədəm Qorqud gəlib boy boyladı, söy
söylədi", "Dədəm Qorqud gəlibən
şadlıq çaldı, bu oğuznaməyi düzdü,
qoşdu". Xoş duyğular, xoş arzular bir qayda olaraq
ozanın adı və gəlişi ilə bağlanır. Onun
qədəmi yüngüldür, dili xeyrə
açılır, insanlara sevinc bəxş edir, təsəlli
verir. Dastanlarda aşığı-ozana olan məhəbbət,
zərb-məsəl şəkli alan cümlələrlə
dönə-dönə ifadə olunur: "Qolça qopuz
götürüb eldən-elə, bəydən-bəyə
ozan gəzər", "Elinizdə çalıb ayıdan
ozan olsun" və s.
Bəli, aşıq sənəti qopuzla
başalayıb, bu sənəti ozanlar davam etdirib. Aşıq
müxtəlif vaxtlarda Ozan, Yanşaq, Varsaq və s.
adlarını daşımışlar. Aşıq
sözü isə bir titul kimi təxminən XI-XII yüzilliklərdən
bəllidir".
"Aşıq
şeir yazır, musiqi bəstələyir,
həm
də oxuyaraq sazda çalır"
Q.Zimistanoğlu hesab edir ki, ozan-aşıq sənəti
kiçik bir tamaşadır: "Burada musiqi, saz və müəllif-aşıq
vəhdət təşkil edir. Aşıq sənətinə
qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını,
dostluğu, məhəbbəti vəsf edən mahnılar
daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq
şeir yazır, musiqi bəstələyir, həm də
oxuyaraq sazda çalır və rəqs edir.
Aşığı çox vaxt balaban və nəfəsli alətlər
ansamblı da müşayiət edir. Lakin aşığın
əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan
dartımlı simli musiqi alətidir. Aşıq
yaradıcılığının ən geniş
yayılmış janrı epik janrdır-yəni
dastanlardır, xüsusilə də qəhrəmanlıq
dastanları. Dastanlarda vokal-instrumental hissələr şeirlə
danışıq parçalarını əvəz edir".
"Aşıq
sənətinin akademiyası Göyçə
mahalıdır"
Q.Zimistanoğlu
deyir ki, Folklorşünasların apardığı
araşdırmaya görə, aşıq sənətinin
beşiyi Göyçə mahalı hesab olunur: "Və
burdan ətraflara yayılıb. Aşıq sənətinin
akademiyası Göyçə mahalıdır. Göyçə
aşıq məktəbi Dədə Heydərdən
başlayır. Sonra Ağ Aşıq, Aşıq Alı, Dədə
Ələsgər. Aşıqlıq sənəti əsl mənada
şairlikdən fərqli olaraq saz çalmaq, rəqs etmək,
oxumaq, şifahi xalq ədəbiyyatının nağıl,
dastan və başqa növlərini toylarda, məclislərdə
ifa edərək yaymaq deməkdir. Lakin bu ifaçı
aşıqlar sırasında elə sənətkarlar da olub
ki, onlar eyni zamanda öz qoşduqları qoşmaları,
düzəltdikləri nağılları da icra etmiş,
başqa peşəkar sənətkarlardan fərqləniblər.
Klassik Azərbaycan aşıq şeiri öz şəkli
xüsusiyyətləri etibarı ilə son dərəcə rəngarəngdir.
Xalq sənətkarları heca vəzninin müxtəlif
formalarından istifadə edib qoşma, gəraylı, təcnis,
dodaqdəyməz, müxəmməs və.s şəkillərdə
əsərlər yaratmışlar ki, bunların mühüm
hissəsi yazılı şeir şəkilləri ilə
qarşılıqlı əlaqədə təkmilləşmiş,
yazılı şeirin şəkil xüsusiyyətlərindən
istifadə edərək zənginləşib. Aşıq
şeirinin özünə görə ifadə xüsusiyyətləri
vardır. Canlı xalq dilinin bütün zənginliklərini
klassik şeirin özünəməxsus incəliklərlə
məharətlə uyuşduran el şairləri son dərəcə
zəngin leksikona malik sənətkarlar olublar. Bu sənətkarların
mühüm hissəsi yazılı ədəbiyyatın
bütün xüsusiyyətlərinə yaxından bələd
olduqları üçün canlı danışıq dilinin
ifadə zənginliklərinə poeziya dilimizin gözəlliklərinin
birləşməsi onların şeirində daha artıq
vüsət verib".
Q.Zimistanoğlunun sözlərinə görə,
aşıq yaradıcılığının lirik
janrında tərifləmələr, "gözəlləmə"lər
xüsusilə məşhurdur: "Bu "gözəlləmə"lər
həm sevimli, gözəl qadına, həm də qəhrəmana,
məsələn, igid Koroğluya, onun əfsanəvi
Qıratına həsr oluna bilər. Aşıq
yaradıcılığında nəsihətamiz mahnılardan
ibarət ustadnamə janrı da maraqlıdır. Milli
poeziyanın janrları olan qoşma, gəraylı, müxəmməs,
ustadnamə, qıfılbəndlə yanaşı,
qoşmanın poetik formaları olan təcnis,
cığalı təcnis aşıqların sevimli şeir
formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.
Aşıq yaradıcılığında ən geniş
yayılmış şeir vəzni hecadır. Aşıq
mahnılarının çoxunun quruluşu dördlük
formasındadır. Hər kupletin əvvəlində
instrumental giriş olur və hər kuplet bir-birindən
instrumental solo ilə ayrılır. Onu da qeyd edim ki,
aşıq sənəti qruplara ayrılır: yazıb-yaradan
aşıqlar və ifaçı aşıqlar".
"Azərbaycan
mədəniyyətinin tərkib hissəsi
olan
aşıq sənətinə dövlət qayğısı
var"
Qabil Zimistanoğlunun sözlərinə
görə, Azərbaycan mədəniyyətinin tərkib hissəsi
olan aşıq sənətinə dövlət
qayğısı var: "Tarixin çox qədim dövrlərindən
başlayaraq inkişaf edib gələn bu zəngin
yaradıcılıq bu gün də davam və inkişaf etməkdədir.
Dövlətin qayğısı nəticəsində Azərbaycanın
aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs
üzrə Reprezentativ siyahısına daxil edilib. Dövlət
səviyyəsində aşıqlara fəxri adların verilməsi,
aşıqların yubileylərinin qeyd olunması,
kitabların və notların çap edilməsi, orta və
ali musiqi məktəblərində aşıq sənətinin
tədris olunması və s. istiqamətlərdə geniş
miqyaslı işlər görülüb.
2015-ci ildə "Kitabi-Dədə
Qorqud"un dünya elm aləminə
tanıdılmasının 200 illiyi tamam olur. Azərbaycan
Respublikası Prezidenti ""Dədə Qorqud"
dastanları əsasında çoxseriyalı bədii
televiziya filminin çəkilməsi haqqında" sərəncam verib.
Əcdadlarımız barəsində yaradılmış ən
böyük və məşhur oğuznamələrdən
ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz
ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın
tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə
edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin,
ulu babalarımızın dünyagörüşünün,
mənəvi aləminin və yüksək bədii
zövqünün öyrənilməsində qiymətli mənbədir.
Onu da bildirim ki, əsas məqsədi
aşıq sənətinin inkişafı və təbliğinə
yönəlmiş Azərbaycan Aşıqlar Birliyi
yaradılıb. Azərbaycan Aşıqlar Birliyi sədri Xalq şairi Zəlimxan Yaqub, I
katibi professor Məhərrəm
Qasımlıdır. Dövlət televiziyasında
aşıqların yaradıcılıq gecələri
keçirilir. Dövlət səviyyəsində ustad sənətkar
yad edilir. Dövlətin qayğısı nəticəsində
Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan
aşıq sənəti dünya mədəniyyətinin səviyyəsinə
qalxa bildi. Sirr deyil ki, aşıq sənəti türk
xalqlarının sənətidir. Odur ki, Aşıq Veysəl
və başqa türk aşıqlarının Azərbaycanda,
Azərbaycan aşıqlarının türk ölkələrində
tədbirlərinin keçirilməsi arzuolunan olardı. Eləcə
də, aşıq sənətinin qorunması
üçün havacatlar ustad sənətkarların səsi
ilə yazılsın, gələcək nəsil
üçün saxlanılsın. Televiziya kanalları vasitəsi
ilə aşıq sənəti təbliğ olunsun, gələcək
nəslin də bundan xəbəri olsun, əlində fakt
olsun".
Ramid
İbrahimov
Bizim
Yol.- 2014.- 28 iyun.- S.15.