«Nazirlik qərar verib ki, ildə 325 tamaşa
oynanılmalıdır» -
Şəhla
Əliqızı: «Yataqxanada qaldığım üçün mən
o tamaşanın məşqini evdə edə bilmirəm»
Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktrisası Şəhla Əliqızıdır. Söhbətimizi təqdim etməmişdən öncə həmsöhbətimiz haqqında qısa məlumat verək. Şəhla Əli qızı İsmayılova 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. O, aktrisa kimi 2002-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəaliyyətə başlayıb.
Ş.Əliqızı teatrın səhnəsində onlarla rolları oynayıb. Həsən Həsənovun “Brüsseldən məktublar” əsəri əsasında yeni quruluşda hazırlanmış «Qürbətdən gələn məktublar» tamaşasında tələbə obrazını yaradır. Qeyd edək ki, bu tamaşa dövlət sifarişi ilə hazırlanıb, quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşa iki hissəli dramdır. H.Həsənovu əsəri Mirzə Fətəli Axundzadənin oğlu Rəşidin atasına Brüsseldən göndərdiyi məktublar əsasında yazıb.
Rejissor Mehriban Ələkbərzadənin Hüseyn Cavidin əsərinə qurluş verdiyi "Afət" tamaşasında Alagöz obrazını canlandırıb.
Şəhla Əliqızı Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanmış “Şorgöz deputat” tamaşasında Qledis obrazını canlandırıb. Qeyd edək ki, Rey Kuninin pyesini dilimizə aktyor və rejissor Nicat Kazımov tərcümə edib. Tamaşanın quruluşçu rejissoru da N.Kazımovdur.
Aktrisa J.Rosinin "Fedra" əsərində Panopanı, Bəxtiyar Vahabzadənin "Dar ağacı" əsərində Qaravaşı, Ə.Əmirlinin "Varlı qadın" əsərində 3-cü cangüdəni, B.Vahabzadənin "Rəqabət"ində Səbinəni, İsmayıl Şıxlının "Ölüləri qəbristanlıqda basdırın" əsərində kənd qızını, B.Vahabzadənin "İkinci səs"ində Məlahəti, Mir Cəlal "Dirilən adam"ında Qumrunu, Cəlil Məmmədquluzadənin "Anamın kitabı"ında Gülbaharı canlandırıb. Şəhla Əliqızı bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.
Film və teleseriallar
Aktrisa film və teleseriallarda da rol alıb. Ş.Əliqızı 2002-ci ilin istehsalı olan “İz” filmində qız obrazını canlandırıb. Filmin məzmunu belədir ki, müharibə insanlar arasında olan anlaşılmazlığın ən kəskin vəziyyətidir. Bu anlaşılmazlığı yaradanlar anlamırlar ki, müharibəni yaratmaqla, onlar müharibədən kənar olan insanların da həyatında acı nəticəli dərin iz buraxmış olurlar. Filmdə məhz bu izlər həm bədii, həm də xronikal kadrlarla əks etdirilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.
Ş.Əliqızı
2007-ci ilin istehsalı olan “Cavid ömrü” filmində Mələk
personajını canlandırır. Filmdə Azərbaycan
şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli
həyatının son dövrləri əks etdirilir. Qeyd edək ki, Film "Fuji" kinolentinə çəkilib,
filmdə xronikal kadrlardan istifadə edilib. “Cavid
ömrü” Azərbaycan kinosu tarixində dövlət
sifarişi ilə müstəqil kino şirkəti tərəfindən
çəkilmiş (prodüser filmi) ilk film hesab olunur. Filmin çəkilişi iki ilə yaxın davam
edib. Film Hüseyn Cavidin əsərləri
əsasında çəkilib. “Cavid
ömrü”nün ssenari müəllifi Anar, quruluşçu
rejissoru Ramiz Həsənoğludur.
Şəhla Əliqızı 2008-ci
ilin istehsalı olan “Böhtan” filmində Səkinə obrazını
oynayır. Filmin məzmunu ondan obarətdir ki ki,
Habil sadə emalatxana işçisidir. Günlərin bir
günü qonşusu vəkil Rüstəm ona tələ qurur və Habil
həbs edilir. Lakin, ədalət öz yerini
tapır. Atılan böhtan öz sahibini
tapır. Aktisa “Susmuş vicdan”
serialında Emma obrazını canlandırır.
“Demək olar ki, hər gün tamaşa oynayırıq”
Şəhla
Əliqızı bildirir ki, dövlətin teatra
qayğısı var: “Teatr binaları təmir olunub, texniki
imkanlar yüksək səviyyəyə
çatdırılıb. Yaradıcılıq
baxımından da irəliləyiş var. Tamaşaların
sayı artıb. İldə ən azı
12 tamaşa təhvil verilir. Aktyorların ən az 4-5
tamaşada rol almaq şansı var. Mədəniyyət və
Turizm Nazirliyi yeni qərar verib ki, ildə 325 tamaşa
oynanılmalıdır. 42 gün məzuniyyətimizi
nəzərə alsaq, demək olar ki, hər gün tamaşa
oynayırıq. İstirahət günləri, yəni
qeyri-iş günlərində iki tamaşa oynayırıq. Yəni gündüz və axşam
tamaşalarını oynayırıq. Hətta
tamaşalar da oynayırlar. İş
saatından da çox aktyor işləyir”.
Ş.Əliqızı deyir ki, tələb
olunan və olunmayan aktyorlar var: “Aktyor ona verilən rolun öhdəsindən
gələrsə, tamaşaçı və rejissor zövq
alarsa, o tələb olunan aktyor sayılır. Məşq
zamanı aktyor rejissora elə zövq verər ki, o yeni qoyulacaq
tamaşada rol almaq şansı yaranır”.
Həmsöhbətimiz deyir ki, tələbə
vaxtı Çexovun “Üç bacı” əsərinin
tamaşası ilə İrana qastrol səfərə gedib: “O
tamaşanı biz Bakıda da oynadıq. Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetinin rektoru Timurçin
Əfəndiyev tamaşanı bəyəndi, peşəkar
mütəxəsis qiymətini verdi. Oynadığım obrazıları uğurla
canlandırdığım üçün məni universitetdən
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına göndərdilər.
İkinci kursda isə İrəvan Teatrında
obrazlar yaratmışam. Hüseyn Cavidin
“Maral” əsərində Maral obrazını
canlandırdım.
Bildirim ki, uşaqlıq illərimdən
aktrisalığa meylim olub. Məktəb vaxtı
rayonda müxtəlif illərdə müxtəlif dərnəklərin
üzvü olmuşam. İctimai işlərdə
həmişə aktiv olmuşam. Tədbirlərdə
aparıcılıq etmişəm. Jurnalist
kimi də fəaliyyətim olub”.
Şəhla Əliqızı xarici ölkələrin
teatrında
Həmsöhbətimiz
deyir ki, xarici ölkələrin teatr səhnəsində
tamaşalarda rol alıb: “Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrı olaraq "Lənkəran xanının vəziri"
tamaşasını İsveçin paytaxtı Stokholmda
nümayiş etdirdik. Səfər Azərbaycanın İsveçdəki səfirliyinin
və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü
ilə həyata keçirildi. Teatrımız
Södra Teatrının binasında milli dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadənin pyesi əsasında
Vaqif İbrahimoğlunun quruluş verdiyi "Lənkəran
xanının vəziri" tamaşasını nümayiş
etdirdi.
Bildirim ki, Akademik Milli Dram
Teatrının yeni quruluşda təqdim etdiyi tamaşada milli
kolorit, şən yumorla yanaşı XVIII əsrdə hökm
sürən idarəçilik üsul-idarəsinə sarkazmla
işarələr vurulur. Rejissor ilk səhnələrdən
tamaşaçının diqqətinə çatdırır
ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik
tədbirləri ilə başlayır. Hadisələrdən
məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini
qorumaq üçün baldızı Nisə xanımı Xana
ərə vermək fikrindədir. Nisə xanım isə
Xanın qardaşı oğlu Teymur ağanı sevir... Tamaşanın təlqin etdiyi fikrə görə,
baş verən hadisələr yalnız bir cənub şəhərində
deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir
ölkəsində, hər bir dövrdə baş verə bilər.
Qeyd edim ki, tamaşa zəngin
milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə
bizi XVIII əsrin sonlarına XIX əsrin əvvəllərinə
aparan tamaşa problematikası və ideya-bədii təqdimatı
etibarilə təsirlidir.
Onu da qeyd edim ki, İran
İslam Respublikasının paytaxtı Tehran şəhərində
31-ci Fəcr Beynəlxalq Teatr Festivalında da iştirak
etmişəm.
Festivalda Azərbaycanın tanınmış
yazıçı-dramaturq, Əməkdar İncəsənət
Xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında
hazırlanmış “Qatarın altına atılan qadın”
tamaşası ilə təmsil olunur.
Tamaşa İran Milli Dram Teatrında
nümayiş olundu. Mişel Leqranın musiqilərindən istifadə olunan
tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar
İncəsənət Xadimi, rejissor Mehriban Ələkbərzadə
quruluş verdi.
İkihissəli tragikomediyada əsas
rolları əməkdar artistlər Cəfər Namiq Kamal
(Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin
Sarabskaya), Pərviz Bağırov (Nəzarətçi), Hicran
Nəsirova (Tumsatan), Kazım Abdullayev (Rejissor), aktyorlar Rəşad
Bəxtiyarov (Qəzetsatan), Elnar Qarayev (Dilənçi) və
mən-Şəhla Əliqızı
(Rejissor köməkçisi) ifa etdik”.
“Yataqxanada qaldığım üçün mən
tamaşanın məşqini evdə edə bilmirəm”
Ş.Əliqızı deyir ki,
aktyorların sosial problemi var: “Mənzil problemi var, nəqliyyat
problemi var və s. Maaşlarımız artırılsa
arzuolunan olar. Aktyorun rahat şəraiti
olmalıdır. Aktyor azad ruha sahib
insandır. Mənim azad olduğum vaxt gecə
vaxtıdır. Mənə gün ərzində
verilən tapşırığı yerinə yetirmək
üçün çalışmalıyam. Yataqxanada qaldığım üçün mən
o tamaşanın məşqini evdə edə bilmirəm”.
Həmsöhbətimiz bildirir ki, teatr
kollektivi ilə birlikdə istirahətdə olublar: “Teatr turlar
təşkil edir. Növbəliklə biz istirahətə
gedirik. Bu arzuolunandır”.
Şəhla Əliqızı deyir
ki, özünün maddi təlabatını ödəmək
üçün
digər işlərlə də məşğuldur:
“Mən təkçə teatrda tamaşalar oynamıram. Belə ki, reklam səsləndirirəm, dubliyajda
işləyirəm, teleseriallarda rol alıram. Uyğun
olan iş təklifini dəyərləndirirəm.
Bildirim ki, dəyərləndirmədiyim
təklifi qəbul etmirəm. Mən “Qaynana”
teleserialında rol almışdım. Müqaviləyə
əsasən mən başqa reklam və filmlərdə
çəkilə bilməzdim. Sonradan mən
bu serialda rol almaqdan imtina etdim. Mənim
öz şərtlərim var. Bildirim ki, teleserialların keyfiyyəti
yaxşılaşmağa doğru gedir. Uğurlu
teleserialların sayı artır. Rəqabət
var”.
“Deyim ki, bizim teatrda rejissor ştatı yoxdur”
Ş.Əliqızının sözlərinə
görə, ssenaristlər öz fikirlərini yazmaqda
azaddırlar: “Bu olmasa uğurlu nəticəni gözləmək
olmaz. Yaradıcı insan azad və sərbəst
olmalıdır”.
Həmsöhbətimiz deyir ki,
rejissorların səlahiyyəti öz əlinəddir: “Rejissor
istədiyi rola istədiyi aktyoru dəvət edə bilər. Deyim ki, bizim teatrda rejissor ştatı yoxdur.
Teatrımıza rejissorlar dəvət olunurlar”.
Aktrisa
deyir ki, ona bütün rolları əzizdir, doğmadır:
“Heç bir rolum arasında fərq qoymuram. Hesab
edirəm ki, obrazı yaşasan, göstərdiyin performans da
effektli alınar”.
Ramid İbrahimov
Bizim
yol.-2014.-12 mart.-S.13.