İki əsrdə yaşayıb yaradanlar  haqda kitab

 

Professor Əziz Mirəhmədovun “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitablarının təqdimatı keçirildi 

Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Əziz Mirəhmədovun “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitablarının təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış elm və ictimaiyyət xadimləri iştirak edirdilər. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, ədəbiyyatşünaslığımızın inkişafında əvəzsiz xidmətləri olmuş professor Əziz Mirəhmədovun “Ərgünəş” nəşriyyat-poliqrafiya müəssisəsində yenicə nəşr edilmiş “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitabları Azərbaycan ədəbiyyatı tarixində böyük hadisədir.

Ə.Amaşov Ə.Mirəhmədovu görkəmli alim və tənqidçi kimi xatırlayaraq, onun yaradıcılığının geniş və çoxşaxəli olduğunu bildirib. O deyib ki, Ə.Mirəhmədov həm də görkəmli şəxslər barəsində çoxsaylı monoqrafiyaların, araşdırmaların müəllifidir. Ə.Amaşov deyib ki, müəllifin sözügedən əsərlərlə bağlı əlyazmaları dəfələrlə nəşriyyatlarda yoxa çıxdığına görə, ilk dəfə çap olunur. Onun sözlərinə görə, müəllifin “Azərbaycan jurnalistləri və naşirləri” kitabında ilk Azərbaycan jurnalisti olan Abbasqulu ağa Bakıxanovdan başlamış, müasir dövrədək olan jurnalistlər haqqında araşdırmalar, məlumatlar yer alıb: “Kitabda Ə.Mirəhmədovun Azərbaycanın XIX və XX əsrlərdə yaşamış 500 nəfərədək yazıçı, jurnalistnaşiri barədə topladığı ensiklopedik məlumatların tam mətninin əlimizə çatan az bir qismi yer alıb. Müxtəlif nəşriyyatlara çap üçün təqdim olunmuş yazıların əksər hissəsi naməlum səbəblərdən itib. Bu kitabda yalnız 160 nəfər barəsində məlumatlar dərc olunub. Ümid edirik ki, bu ilk və nəcib təşəbbüs davam etdiriləcəkdir. Ə.Mirəhmədovun Əhməd bəy Ağaoğlu haqqında yazdığı monoqrafiyada görkəmli şəxsiyyətin həyat və fəaliyyəti geniş şəkildə araşdırılıb. Əhməd bəy Ağaoğlunun jurnalistika, siyasət, bədii ədəbiyyat və elm sahələrindəki fəaliyyəti nəzərdən keçirilib”.

Mətbuat Şurasının sədri onu da bildirdi ki, Ə.Mirəhmədovun “Əhməd bəy Ağaoğlu” kitabı yeni dövr Azərbaycan tarixinin qeyri-adi taleli böyük şəxsiyyətlərindən biri olan Əhməd bəy Ağaoğlunun (1869-1939) ömür yoluna həsr edilib:Monoqrafiyada böyük mütəfəkkirin jurnalistika, siyasət, ictimai fikir, tənqid, bədii ədəbiyyat, elm sahələrində çoxcəhətli, mürəkkəb, səmərəli fəaliyyətinə nəzər salınıb. Bu kitab da Ə.Mirəhmədovun yazdığı monoqrafiyanın tam mətni deyildir, onunitmiş” nüsxəsinin əlimizə keçən səhifələridir. Əsər natamam olsa da, elmə əhəmiyyətli töhfə sayıla bilər. Hər iki kitabı alimin qızı Dilarə Mirəhmədova-Əlizadə nəşrə hazırlanıb”.

 

Alimin həyat və yaradıcılığı

 

Tədbirdə mərhum alimin həyat və yaradıcılığından da söhbət açıldı. Bildirildi ki, Əziz Mirəhmədov- ədəbiyyatşünas, tənqidçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1982-ci ildə Azərbaycanın Əməkdar elm xadimi, 1976-cı ildə filologiya elmləri doktoru, 1980-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub.

Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini Bakıda M.A.Əliyev və M.F.Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə alıb. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunub. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər ortaali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943-1948-ci illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi Bəxtiyar Vahabzadə də onun tələbəsi olub. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza - 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". Onu yaxşı tanıyan müəllimləri Həmid Araslı və Məməd Arif tezliklə Əziz Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşüb. O, "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işinibaşa çatdırılıb.

Tədbirdə bildirildi ki, bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "M.F.Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini" (1980) , "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair" , "Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm" və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc Əziz iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958-1960) əsas müəlliflərindən biri olub. O, nəşri planlaşdırılmış yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılıb.  Əziz Mirəhmədov 2002-ci ildə dünyasını dəyişib.

 

Alimlər alim haqqında danışdılar

 

Tədbirdə professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Əsədulla Qurbanov, Alxan Bayramoğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Ə.Ağaoğlunun Türkiyədəki fəaliyyətini tədqiq edən Mədinə Qaraxan, Xəzər Universitetinin prorektoru, professor Eldar Şahgəldiyev və başqaları mərhum alimin zəngin yaradıcılığından, ədəbiyyatşünaslığımızın inkişafında böyük xidmətlərindən danışıb, onun təqdim olunan kitablarının əhəmiyyətini qeyd etdilər. Bildirildi ki, görkəmli ədəbiyyatşünas alimin bu əsərləri tədqiqatçılar üçün faydalı mənbədir.

AMEA-nın üzvü, filologiya elmləri doktoru, professor Asif Rüstəmov isə çıxışında Ə. Mirəhmədovu Azərbaycan ədəbiyyatşünaslığının təməlini qoyan şəxslərdən biri adlandırıb. O bildirib ki, Əziz Mirəhmədov dünyasını dəyişsə də, arxivi çox zəngin olub. Əziz Mirəhmədov yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının təməlini qoyan insanlardan biri olub və Azərbaycan ədəbiyyatşünaslığı onun sayəsində yüksək zirvələrə qalxıb.

 

Əziz Mirəhmədovun məqalələr toplusunun üçcildliyi çapa hazırlanır

 

Sonda kitabların redaktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, Ə. Mirəhmədovun qızı Dilarə Əlizadə çıxış edərək, hər iki kitabın Azərbaycanın görkəmli şəxslərinin irsinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycan jurnalistləri və naşirləri” kitabı üçün Əziz Mirəhmədov 2000-ci ilə qədər axtarışda olub,  vaxtilə Azərbaycan jurnalistikasında çalışan şəxslərin haqqında məlumatlar toplamaqla məşğul olub. O, həmin vaxtlarda 500-ə qədər jurnalist barədə axtarışlara başlayıb. Lakin, müəyyən səbəblərdən onların hamısı barədə tam dolğun məlumatlar tapılmayıb. Müxtəlif nəşriyyatlarda toplanmış və çap üçün təqdim olunmuş yazıların bir hissəsi naməlum səbəbdən itib. Bu kitabda yalnız 160 nəfər barəsində məlumat yer alıb.

Onun sözlərinə görə, Ə.Mirəhmədov 1980-ci illərdə çapa verdiyi ”Azərbaycan jurnalistləri və naşirləri” kitabının nüsxəsində işıqlandırdığı 300-ə qədər jurnalistinnaşirin sayını 2001-ci ilə qədər 500 nəfərə çatdırıb. Bu əsər və əhatəli müqəddimə ilə nəşrə verdiyi 14 çap vərəqi həcmində olan “Əhməd bəy Ağaoğlu” monoqrafiyası nəşriyyatda yoxa çıxıb.

Dilarə Mirəhmədova-Əlizadə onu da bildirdi ki, hazırda onun redaktorluğu ilə “Ərgünəş” nəşriyyatında Əziz Mirəhmədovun məqalələr toplusunun üçcildliyi çapa hazırlanır. Daha bir neçə əsərin nəşri nəzərdə tutulub. O da deyildi ki, Ə.Mirəhmədovun 95 illiyi 2015-ci ildə qeyd olunacaq.  “Əhməd bəy Ağaoğlu” kitabı barədə danışan Dilarə Əlizadə bildirdi ki, bu əsər yeni dövr Azərbaycan tarixinin böyük şəxsiyyətin ömür yoluna həsr edilib.

O qeyd etdi ki, Əziz Mirəhmədovun ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiyakitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxardır: Arxiv, sənəd, fakt yığımı ilə tarixi dövrlərin ictimai, fəlsəfi, siyasi, ədəbi, dini institutları arasındakı dialektik vəhdəti nəzərə alaraq onlar arasındakı əlaqənin mahiyyətini üzə çıxartmaqla elmi ümumiləşdirmələr aparmaq Əziz Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Buna görə də müasir demokratik mövqedən yanaşanda onun əsərləri elmi fikrin yeni mərhələsində “əliboş” qalmır. Əksinə, XIX və XX əsrlər bədii fikri haqqında yenidən düşünməkdə fakt, sənəd cəbbəxanası, mübahisə, mühakimə təcrübəsi kimi yaşamaq hüququnu ehtiva edir. Digər tərəfdən, alimin Avroparus ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən türk ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələdliyi onun tədqiqatlarında birtərəfli qiymətləndirmə və təhlil prinsiplərini, əsasən, aradan götürür.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-15 mart.-S.13.