Azərbaycan Novruz
Bayramına hazırlaşır
Filologiya üzrə fəlsəfə
doktoru Şakir Albalıyev: «Bu mərasimlər İslamdan
çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır»
Dünən Dənizkənarı Milli Parkda Novruz bayramı ilə bağlı təşkil olunacaq konsert üçün aktyorlar, aktrisalar, rəqqaslar, musiqiçilər, idmançılar və bayramın qəhrəmanları məşq edirdilər. Konsert martın 19-da, axşam 19.00-da başlayacaq. Parkda Azərbaycan rayonlarının qida məhsulları, adət-ənənləri təqdim olunacaq. Ərazaqların nümayiş etdirilməsi üçün lazımı avadanlıqlar əraziyə qoyulub. İcra hakimiyyəti qurumları ərazidə tədbirin hazırlığına nəzarət edirdilər. Qız qalasının yaxınlığında Novruzun simvollarından olan səməni qoyublar.
Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün bayramı, Bahar bayramı; fars. (Noruz), özb. Navruz, türkm. Nowruz, kürd. Newroz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez) - yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
"Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi milli mətbu orqanlarının yaradıcısı Cəlal Ünsizadənin 1885-ci ildə nəşr olunan "Novoye obozreniye" qəzetinin 515-ci sayında Azərbaycan xalqının milli bayramlarından biri olan Novruz haqqındakı "Novruzun mənası haqqında bir neçə söz" adlı məqaləsi bu mənada diqqəti cəlb edir. Məqalədə göstərilir ki, hər bir xalqın müxtəlif bayramları, mərasimləri vardır. Lakin onların heç biri azərbaycanlıların Bahar (Novruz) bayramı kimi geniş yayılmayıb. Qədim azərbaycanlılar baharın ilk gününü - gecə ilə gündüzün bərabərliyi, ətrafda hər şeyin canlandığı, təbiətin qış yuxusundan oyandığı, qarın əridiyi, çöllərin, düzlərin yaşıllaşdığı vaxtı böyük sevinc hissi ilə qarşılayırdılar... Əcdadlarımız uzun əsrlər boyu özlərinin bahar fəslinə məhəbbətlərini müqəddəsləşdirərək baharı bolluq, məhsul bayramı, torpağın sevindiyi gün sayırdılar. Baharın ilk gününün bayram edilməsi yalnız azərbaycanlılar arasında geniş yayılıb.
Daha sonra müəllif bahar bayramı haqqında söhbətinə davam edərək yazır: "Novruzdan qabaq dörd çərşənbə günü dalbadal qadınlar şəhər kənarına gedir, axşamlar tonqal qalayır və "Ağırlığım-uğurluğum burda qalsın!" - deyə üç dəfə tonqal üstündən tullanırlar. Oğlanlar isə mahnı oxuya-oxuya qonşuların qapılarını gəzir.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışıblar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edib, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd edib. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Novruz bayramı Azərbaycanda
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin sözlərinə görə, Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulayıb, bayrama dörd həftə qalıb, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün, çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.
Novruz bayramında çərşənbələr
İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələr «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar.
Şakir Albalıyev deyir ki, çərşənbələrin sıra ardıcılığı ilə bağlı elmi fikirlər müxtəlifdir: “Konkret olaraq xalq arasında hansının əvvəl, hansının sonra gəlməsi barədə dəqiq fikir yoxdur. Çünki xalq arasında və yaxud hansısa bir informatorun danışığında bu barədə konkret məlumat verilmir. Deməli, belə olan halda ilaxır çərşənbələri hansısa bir halda müəyyən düzümlə sıralamaq düzgün deyil. Amma burası da var ki, folklorşünaslar xalq adətlərini öyrənməklə bu sahədə müəyyən elmi fikirlər yürütməklə məşğuldur”.
Novruz adətləri
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Novruz oyunları oynamaq. Məsələn, ənzəli.
Ramid İbrahimov
Bizim yol.-2014.-18 mart.-S.13.