Azərbaycanın xalçaçılıq məktəbləri

 

Dünən Milli Parkda təşkil olunan sərgidə sənətkarların göz oxşayan əl işləri nümayiş olundu

Martın 19-da Dənizkənarı Milli Parkda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirildi. Şənlikdə milli geyimli uşaqlar meydanda rəqs edir, incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

 

Xalça sərgisi…

 

Burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olmaq mümkün idi. Sərgidə bildirildi ki, Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir qolu olub. 2010-cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınıb. Sərgidə verilən məlumata görə, Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba xalçaçılıq məktəbi. Quba xalçaçılıq məktəbi- Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Quba xalçaları geniş naxış müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafibitki motivləri ilə xarakterizə olunur.

Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya tabedirlər.

2. Abşeron xalçaçılıq məktəbi. Bakı xalçaçılıq məktəbi özündə Novxanı, Fatmai, Nardaran, Bülbülə, Mərdəkan, Qaadi kəndlərini cəmləşdirir. Onlar parçanını yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 komrozisiya jəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmişxalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonuona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xilə-buta xalçaları", "Xilə-əfşan xalçaları", "Novxanı xalçaları", "Suraxanı xalçaları", "Qala xalçaları", "Bakı xalçaları", "Görədil xalçaları", "Fatmayı xalçaları", "Fındığan xalçaları", "Qədi xalçaları" və s. çeşnilər daxildir.

3. Şirvan xalçaçılıq məktəbi. Şirvan məktəbi gözəl xalçaları ilə məşhurdur. Şirvan Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bütün mümkün xalçaların toxunması yerli əhalinin həm oturaq, həm də köçəri hissəsi tərəfindən geniş yayılmışdır. Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. Şirvan xalçaları mürəkkəb təsvirləriylə və çoxlu miqdarda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur.

Şirvan xalçaçılıq məktəbi  Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI-VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilib. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini verib. 

4. Gəncə xalçaçılıq məktəbi. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınıb. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərib.

Gəncə xalça məktəbinə "Gəncə xalçası", "Qədim Gəncə xalçası", "Gölkənd xalçası", "Fəxralı xalçası", "Çaykənd xalçası", "Çaylı xalçası", "Şadılı xalçası", "Çıraqlı xalçası", "Samux xalçası" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

5. Qazax xalçaçılıq məktəbi. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir. Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazaxonun ətraf kəndləri, AğstafaTovuz rayonları daxildir.

Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, Icevan, Qara-qoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir. Borçalı xalça mərkəzini - Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.

Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşnili xalçalar daxildir.

Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edib.

6. Qarabağ xalçaçılıq məktəbi. Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündüryumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqiparlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadizbir çox başqa qəsəbələrində istehsal olunurdu. 

7. Təbriz xalçaçılıq məktəbi. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağbaşqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərib.

 

 

Rəsm sərgisi…

 

Şənlikdə Azərbaycan rəssamlarının əl işlərinin sərgisi də təşkil olundu. Peşəkar rəssamların Azərbaycanın tarixi, çoğrafiyası, təbiəti, eləcə də Azərbaycanın şair və bəstəkarlarının əsərlərindən bəhs edən rəsm əsərlər nümayiş olundu.

Sərgidə məlumat verildi ki, rəssamlıq sənətinin Azərbaycanda ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda, Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.

Orta əsrlərdə Azərbaycanda miniatür rəssamlığı geniş inkişaf edib. XVI əsr Təbriz miniatür məktəbinin görkəmli rəssamları Sultan Məhəmməd, Müzəffər Əli, Mir Seyid Əli tərəfindən dünya müzeylərində saxlanılan nadir miniatür rəssamlıq əsərləri yaradılıb.

Azərbaycan monumental rəssamlığının ənənələri Şuşada bir sıra evlərin rəsmlə bəzənməsində davam etdirilib.

Azərbaycan dəzgah rəssamlığının inkişafı da Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərib.

Səhnə tərtibatı sahəsində də Azərbaycan rəssamları böyük uğurlara nail olublar. Məsələn, T.SalahovM.Abdullayev belə rəssamlardandır.

Şənlikdə Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğururdu.

 

 

Ramid İbrahimov

 

Bizim yol.-2014.-20 mart.-S.11.