Şirvanşahlar Sarayı
Kompleksi yeni görkəmdə
Tarixi abidədə yeni yaradılmış muzey ekspozisiyası ziyarətçiləri heyran edir Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib. Prezident İlham Əliyev yeni ekspozisiya ilə tanış olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim edib.
Kompleksdən bildirdilər ki, dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaq. O da bildirildi ki, İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər dövlətin milli mədəni irsə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub.
Saray Kompleksində yeniliklər…
Məlumat verildi ki, Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunmuş və bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın “Arteks” şirkəti ilə birgə həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana biləcəklər. “İpad Mini” bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkün olacaqdır. Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğurur. Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.
Biz Şirvanşahlar Sarayı Kompleksində olarkən turistlər və paytaxt sakinlər kompleksin ayrı-ayrı sahələrini gəzirdilər, burada yaradılan şəraitlə tanış olurdular.
Kompleksin əməkdaşı bizə məlumat verdi ki, yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü bərpa edilmiş, ərazidə abadlıq işləri aparılıb.
“Təmirdən sonra Saray
o gədər dəyişib ki...”
Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olmaq üçün ora gələnlər arasında gənc yazar Leyla Namozova da var idi. Onun Komplekslə bağlı təssüratlarını öyrəndik: “Bu Saray mənim üçün çox doğmadır, buranı çox sevirəm. Ab-havası tam başqadır. Bu Sarayda mən düz 4 il işləmişəm. Şirvanşahlar Sarayı Kompleksi ilə bağlı xatirələrim çoxdur, xoş və heç vaxt yaddaşımdan silinməyəcək anlar daima mənimlədir. Təmir olunduğundan bu saraya çoxdandı getmirdim, nəhayət bu gün (dünən-R.İ.) sevimli mədəniyyət ocağını ziyarət etdim. Təmirdən sonra Saray o gədər dəyişib ki, çox əsrarəngiz, göz oxşayan və möhtəşəm görsənir. Baxdım, çox bəyəndim, o gədər əcnəbi turist, qonaqlar var ki, hamısı da bir ağızdan “super” deyir. Həqiqətən əla olub, paytaxt sakinlərinin və turistlərin gəlib baxmasına dəyər”.
Sumqayıt sakini Ülviyyə Babayeva əməkdaşımızla söhbətində bildirdi ki, tarixi abidələri qorumaq gərəkdir: “Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasına və dünyada tanıdılmasına çalışmaq lazımdır. Maddi-mədəniyyət abidələrin, xalqımızın zəngin mənəvi irsinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlayıb”.
Ümumdünya mədəni irsi
siyahısına daxil edilib
Tarixi mənbələrə əsasən bildirək ki, Şirvanşahlar sarayı- XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.
2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Kompleksin quruluşu…
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaradıb. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilib. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olub. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilib.
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülüb. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilib. Daxili quruluşun əsas hissəsi salona verilib. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilib. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülüb. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilib. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanıb. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olub.
Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Nəşlər salonun döşəməsində yerləşdirilmiş sərdabələrdə dəfn edilib və sərdabə daş lövhələrlə örtülüb.
Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baştağın dilimi tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənib, aşağıdan isə stalaktitlərlə bəzədilib. Yarımgünbəz 4 cərgədə yerləşdirilmiş stalaktit kəmərinə söykənib.
Baştağda
çatmatağın üstündə nəbati üslublu naxışlar, sol
və sağdakı medalyonda isə güzgü əksliyi ilə təkrar olunan "memar Əli"
sözləri verilmiş, portalın
yuxarı hissəsində isə nəsx xətti ilə iki sırada Quran ayələri
qabarıq formada oyulub.
Baştağı soldan
ayıran çatmatağlı giriş
qapısının üstündəki iki
sətirli daş kitabə abidənin
tikilmə tarixindən xəbər verir:
“Ən böyük sultan,
əzəmətli Şirvanşah,
Allahın nəbisinin adaşı, dinin
köməkçisi - Allah onun dövlət və
hökmdarlığını əbədi etsin - anası və oğlu
üçün-Allah onların hər
ikisinə rəhmət etsin - bu nurlu türbənin
tikilməsinə 939-cu ildə (miladi
1435-1436) əmr etdi”.
Şirvanşahlar saray kompleksinin
Şimal-Qərb hissəsində, divarla əhatə edilmiş
kvadrat həyətdə Divanxana yerləşir. Həyətin
ortasında 1,5 metr hündürlüyündə
olan bünövrənin üstündə
divanxananın səkkizgüşəli mərkəzi pavilyonu ucaldılıb. Bu
pavilyonun mərkəzi salonu
beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən
xüsusi formalı sütunlar
və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik,qüvvət və müdriklik ifadə edən memarlıq
obrazını yaradıb.
Abidənin damı ikiqat örtüklə örtülmüş, xarici görünüşü dilim-dilim memarlıq formasındadır. Divanxana həyətinin divarları boyu sütunlar üzərində qurulmuş çatmatağlı arkaların yaratdığı uzun, düzbucaqlı eyvan mərkəzi binanı, pavilyonu üç tərəfdən əhatə edir. Həyətin günbatana baxan xarici giriş yolu küçə tərəfdən dərin baştağla qeyd edilib. Abidənin ikinci baştağı pavilyonun çatmatağlı eyvanına Qərb tərəfdən bitişərək, darısqal yerdə, pavilyona əzəmətlilik, vüqar və ucalıq təsiri bağışlayır. Bu portalın çatmatağlı taxçası zərif, dilim-dilim formalı yarımgünbəzlə nəhayətlənir. Bu yarımgünbəz zəngin stalaktitlər quruluşuna söykənib. Baştağın timpanları giriş yolunun üstündəki səth üzərində oyma naxışlarla, qabarıq nəbati ornamentlərlə bəzədilib. Güman edilir ki, giriş yolunun üstündə abidənin tarixinə dair yazılar olmuş, lakin nə vaxtsa silinib.
1932-1934-cü illərdə Şirvanşahlar sarayının təmiri və bərpası sahəsində müəyyən işlər görülüb ki, bu da abidənin uçmasının qarşısını alıb. Həmin dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə tutulub.
Ramid
İBRAHİMOV
Bizim yol.-2014.-27 mart.-S.11.