Dünyanın nadir kitab muzeyi Bakıda
Burada 71
ölkədə nəşr edilmiş 5500 miniatür kitab saxlanılır
Paytaxtın İçərişəhər, 1-ci Zamkovskiy döngəsi 67 ünvanında dünyanın nadir kitab muzeyi olan Miniatür Kitab Muzeyi yerləşir. Muzey bazar ertəsi və cümə axşamından başqa, hər gün saat 11.00-dan 17.00-dək işləyir. Muzeyə giriş pulsuzdur. Burada 5500 kitab var.
Muzeyin rəhbəri, yaradıcısı Salahovlar ailəsinin nümayəndəsi, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahovadır. Bu muzey Zərifə xanımın şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitablar və Müəllif Hüquqları günündə YUNESKO-nun qərarı ilə muzeyin açılışı olub. Muzey açılana qədər muzeyin rəhbəri iki min nüsxədən ibarət kolleksiyasını Milli Kitabxanada nümayiş etdirirdi.
Muzeydən bildirdilər ki, muzeyin təntənəli surətdə açılışı XV əsrin memarlıq abidəsi olan Şirvanşahlar Sarayı yaxınlığında baş tutub. Muzey dünyada ilk özəl Miniatür Kitabları Muzeyidir. Bura Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiya əsasında yaradılıb. Muzeyin ekspozisiyası 40 vitrində yerləşdirilib. Vitrinlərə 71 ölkədə nəşr edilmiş 5500 miniatür kitab düzülüb. 31 ölkəni təmsil edən miniatür kitablar burada var. Muzeyin kitab fondunda isə 6 minə yaxın miniatür nəşr var.
Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Yevgeni Onegin" poemasının da daxil olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq doğurur. Onların arasında "H.Əliyev. Əsrin müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi" və digər nadir nüsxələr var. Muzeyə gələnlər Azərbaycan, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Dünyanın 71 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar seyrçilərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir.
Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar - "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var. Ekspozisiyanın bəzəyi olan kitablardan 1964-cü ildə Münhendə (Almaniya) çap olunan 3,5×3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan "Puşkiniana" mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını misal kimi göstərmək olar. 1985-ci ildə Moskvada "Kniqa" nəşriyyatı "Möcüzələr möcüzəsi" adlı 6×9 mm-lik A.S.Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət 5 cildlik kitab nəşr edir. Bu kitabda 24 səhifə və hər səhifədə 9 sətir var. O vaxtlar bu kitabdan cəmisi 200 nüsxə çap olunub.
Muzeydə dini mövzulu nadir kitablara da rast
gəlmək olar. Bu, əsasən
XVII əsrə aid olan
“Quran” nəşrləri, 4 cildli "İncil"
(1906), katolik dua kitabçası, “Tövrat”,
"Buddist hekayələri"
və s.-dir.
Nadir kitabların
ümumi tirajı yüksək olmur. Bəzən belə
kitabların tirajı
heç 100-ə çatmır.
Burada olan kitabların çoxunun yaşı 100
ildən artıqdır.
Muzeyin ən "qoca" kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında
nəşr olunan
“Quran” kitabıdır. Muzeydə məşhur "Beatles" qrupunun
mahnılarının sözləri
toplanan və cəmi 5 nüsxəsi olan minikitab da var.
Muzeyin fondları yeni nəşrlərlə, habelə
hədiyyə edilən
nəşrlərlə daimi
zənginləşdirilir. Burada olan
4300 kitab 35 vitrində
nümayiş olunur.
Bundan əlavə, muzeyin ehtiyat fondunda 7000-dən çox kitab var.
Muzeydə daha hansı kitablar var?
Biz Miniatür
Kitab Muzeyində olarkən insanların kitablara maraqla baxdığının şahidi
olduq. Muzeyin əməkdaşı muzey və nadir kitablarla bağlı məlumat verirdi. Vitrinlərə yaxınlaşırıq.
Burada çeşidli, rəngarəng,
müxtəlif mövzularla
bağlı kitablara rast gəlmək mümkündür. Burada Azərbaycan
ədəbiyyatının klassikləri
- Nizamidən, Füzulidən
tutmuş, Nəsimiyə,
Mirzə Fətəli
Axundova qədər çoxlarının kitablarını
görmək olar.
Burada “Kitabi-Dədə
Qorqud”, “Qurani-Kərim”,
“Koroğlu” kitabları
da var. Azərbaycan bölməsində daha çox sərgilənən
kitablar ölkənin indiki və əvvəlki dövlət
başçıları barəsində
yazılan kitablardır.
Burada
ABŞ prezidenti Barak Obamaya,
həmçinin Mustafa Kamal
Atatürkə aid miniatür
kitablar yer alıb. Muzeydə Heydər Əliyevin
1993-cü ildə andiçmə
mərasimindəki çıxışına,
eyni zamanda bir neçə dövlət başçısının
da çıxışlarına
kimi ən müxtəlif nümunələrlə
tanış olmaq mümkündür. Müxtəlif dövlət başçılarının
Azərbaycana səfərləri
haqqında kitablar da bu muzeydə
var. Eyni zamanda, burada uşaqlar üçün də Azərbaycan dilində çeşidli kitablar sərgilənir. Muzeydə rus
ədəbiyyatına da
ayrıca guşə ayrılıb. Muzeydə ingilis
dilində Cek London,
O.de Balzak, Flober kimi xarici klassiklərin
miniatür formalı kitabları nümayiş olunur. U.Şekspir, M.de Servantes, E.Heminquey,
Viktor Hüqo, Jan Jak
Russo, Andersen və Qrimm
qardaşlarının mini kitabları
da muzeyin bəzəyidir.
Muzeyə yeni miniatür kitablar gətirilib
Muzeyin əməkdaşı bizimlə söhbətində bildirdi ki, bu yaxınlarda Miniatür Kitab Muzeyində “Argentina” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib ki, təqdimatı keçirilən kitab Argentinanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, eləcə də Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə Salahovanın böyük enerjisi və işgüzarlığı sayəsində ərsəyə gəlib. O bildirib ki, belə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
İngilis dilində çap olunmuş “Argentina” miniatür kitabı ölçüsü 70x80 mm olmaqla 248 səhifədən ibarətdir. Burada 106 rəngli fotoşəkil yer alıb. Kitabda Azərbaycan və Argentina xüsusi işarələnməklə dünya xəritəsi verilib. Kitabın üzlüyü və möhkəm gümüşü cildi var. Kitab “İndiqo” mətbəəsində nəfis tərtibatla 100 nüsxə tirajla çap olunub.
Mərasimdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç səfirliyin Miniatür Kitab Muzeyi ilə əməkdaşlığından söhbət açaraq bildirib ki, Zərifə Salahova hər dəfə Belarusda sərgi keçirərkən əsl vətənpərvər kimi Azərbaycanı böyük məhəbbətlə təbliğ edir.
Bu yaxınlarda növbəti miniatur kitabın təqdimatı olub. Belə ki, Havana şəhərində kubalı şair Xose Martinin Miniatür Kitab Muzeyinin nəşri olan “Rozovıye tufelki” (“Los zapaticos de rosa”) kitabı təqdim edilib. Ölçüsü 35x57 mm olan bu kitab 96 səhifədən ibarətdir. Onun 48 səhifəsi rus, 48 səhifəsi isə ispan dillərindədir. Rus dilində 8 rəngli, ispan dilində 7 rəngli şəkil yer almışdır. Kitaba çəkilmiş illüstrasiyaların müəllifi Xalq Rəssamı Arif Hüseynovdur. Superüzlüklü bu kitab “İndiqo” mətbəəsində 100 nüsxə tirajla nəşr edilib.
Havanada Miniatür Kitab Muzeyinin daha bir nəşri - Rikardo Qonqora Tervelin “Beş qardaş” (“Los cinco hermanos”) miniatür kitabı təqdim edilib. İspan dilində nəşr olunmuş bu kitabın ölçüsü 45x40 mm olmaqla 16 səhifədən ibarətdir və superüzlüyə malikdir. Miniatür kitabda 4 rəngli fotoşəkil yer alıb. Bu kitab da “İndiqo” mətbəəsində 25 nüsxə tirajla nəşr edilib.
Muzeyin əməkdaşı xatırlatdı ki, bu ilin fevralın 13-dən 23-dək Havanada 34 dövlətin təmsil olunduğu beynəlxalq kitab sərgisində Miniatür Kitab Muzeyi “Azərbaycan miniatür kitablarda və inciləri” adı altında 200-dən çox kitabla iştirak edib.
Kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə
görə…
Bu nadir muzeyin yaradıcısı və rəhbəri haqqında məlumat verək ki, tanımayanlar da tanısınlar. Zərifə Teymur qızı Salahova - Azərbaycanın görkəmli ictimai xadimi, Azərbaycan SSR basketbol yığmasının keçmiş oyunçusudur. O, 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952-1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966-1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956-1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958-1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.
1962-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970-1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981-1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub. 1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir.
Z.Salahova 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Zərifə Salahova "Şöhrət" ordeni ilə təltif edilib.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-27 mart.-S.13.