Dövlətçilik tariximizin Şirvanşahlar epoxası

 

7 əsr ərzində Azərbaycanın şimal-şərq bölgəsində nadir maddi-mədəniyyət abidələri yaradılıb

 

Şirvanşahlar Sarayının tarixi ilə bağlı mənbələrdə yazılır ki, Şirvanşahlar Sarayı Kompleksi Azərbaycanın orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hökmdarlarının  iqamətgahı olub. Şirvanşahlar dövləti IX əsrdən XVI əsrədək Azərbaycanın şimali-şərq bölgəsində hökm sürmüş ən böyük feodal dövləti olub. Onun sərhədləri şimaldan Samur çayı, Dərbəndlə, şərqdən Xəzər dənizi, cənubdan Kür çayı, qərbdən isə Şəki, Gəncə  ilə əhatələnib. Bu dövlətin güclü, qüdrətli, son dərəcə savadlı hökmdarları olub. Axsitan, Fəriburz, Şeyx İbrahim, Xəlilullah və digərləri görkəmli diplomat və dövlət başçıları olmaqla bərabər, həm də bacarıqlı sərkərdələrdi.

Şirvan dövlətinin ilk paytaxtı Şamaxı şəhəri olub. Artıq XIII-XV əsrlərdə Şamaxı beynəlxalq ipək ticarətində əhəmiyyətli mövqe tuturdu. «Talaman ipəyi» adıyla məşhur olan Şirvan ipəyi Kiçik Asiyaya, Suriyaya, İtaliyaya, Çinə, İngiltərəyə və bir çox başqa ölkələrə göndərilirdi. Seysmik zonada yerləşən Şamaxı 1192-ci ildə zəlzələdən dağıldıqdan sonra Şirvanşah I Axsitan Bakı şəhərini öz iqamətgahına çevirib və Bakı həmin vaxtdan Şirvanşahlar dövlətinin  II paytaxtı olub.

İki şahın - Şirvanşah İbrahiminonun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olub. İki şir və onların arasında bir öküz başının təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi. Hazırda saray kompleksinin ümumi sahəsi 0.7 ha-dır. Bütün Yaxın Şərqdə analoqu olmayan bu kompleksdə 52 sayda otağı olan saray binası, hələ orta əsrlərdən xarici alim və səyahətçiləri valeh etmiş «Divanxana», ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyən XV əsr saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, «Şərq» portalı, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən saray məscidi, şahın ailəsinə mənsub türbə, maraqlı şərq memarlıq xüsusiyyətlərini özündə daşıyan qədim saray hamamı, 34 sayda pilləsi olan büllur sulu yeraltı su anbarı - şah ovdanı vardır. Biz reportajımızda sözgedən abidələrlə bağlı məlumat verəcəyik.

 

Divanxana

 

Şirvanşahlar Sarayı Kompleksinin ən klassik əsəri olan Divanxana rəsmi qəbul mərasimlərinin, dövlət şurası iclaslarının keçirildiyi yer olub. Bu iclaslar bilavasitə şah və əyanlarının iştirakı ilə xalçalarla bəzədilmiş ratonda tipli səkkizguşəli zalda keçirilirdi.

Buranın dövlət məşvərət işlərinin keçirildiyi yer olmasını abidənin ratondasının qərb fasadındakı portalın zəngin xalçavari ornamentləri arasında ustalıqla yerləşdirilmiş dövlətçilik rəmzi olan tac təsviri təstiqləyir. Abidə XV əsrdə Şirvanşah Xəlilullah tərəfindən inşa etdirilib. 2002-2003-cü illərdə abidədə konservasiya işləri görülüb.

Şahidi olduq ki, Divanxana kompleksi Şirvanşahlar sarayının yuxarı həyətində yerləşir və onun şimal tərəfi ilə bir tini yaşayış binasına bitişib. Divanxana 8 guşəli rotondadan ibarət olub, 12 tərəfli günbəzlə tamamlanır. O, 8 guşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan 9 sütuna söykənir. Həyəti əhatə edən eyvanın sıra tağları eyni formalıdır. Tağların xarici hissəsində azadlıq rəmzi olan göyərçin şəkilli daş və 2 ədəd su axarı üçün daş növ var. Divanxanaya yuxarı həyətdən və küçədən gələn 2 giriş var.

 

Seyid Yəhya Bakuvi türbəsi

 

Xalq arasında «Dərviş» türbəsi kimi tanınan Seyid Yəhya Bakuvi məqbərəsi saray kompleksinin cənub həyətində yerləşir. Mənbələr məlumat verir ki, Bakuvi Şirvanşah Xəlilullahın sarayında saray alimi olub. Şamaxı şəhərində anadan olmuş Seyid Yəhya gənc yaşlarından sufizmin «xəlvəti» təriqətinin başçısı Şeyx Sədrəddinin tərəfdarına çevrilib. Şeyx Sədrəddinin ölümündən sonra Seyid Yəhya Bakuvi Bakıya gəlir və son günlərinədək sarayda yaşayır. Mənbələrin şəhadətinə görə, o, hicri tarixi ilə 868-ci ildə (miladi tarixi ilə 1464-cü ildə) vəfat edib. Ehtimal olunur ki, o, saray kompleksinin ərazisində dəfn edilib. Seyid Yəhya Bakuvinin sufi-mistik xarakterli təxminən 30 adda əsəri bizim günlərə qədər gəlib çatıb. 2003-cü ildə abidədə bərpa işləri aparılıb.

Türbə Keyqubad məscidi bünövrəsi olan kompleksdədir. Onu qeyd etmək lazımdır ki, türbə üzərində onun kimə aid olduğunu bildirən kitabə və türbənin içərisində məzar daşı yoxdur. Türbə incə quruluşu ilə diqqəti cəlb edir. Türbə Səlcuqlu günbəz memarlğı tərzində kiçik həcmli 8 bucaqlı işlənib. Yaraşıqlı görünməsi üçün gümbəzin piramidaya oxşar səthləri az qabarıq verilib. Türbənin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı və yerüstü hissədən ibarətdir. Divarların hörgüsü tünd və açıq daşlardan tikildiyindən onların təkrarlanması səthlərin rəngli görünməsinə səbəb olmuşdur. Türbənin daşdan yonulmuş şəbəkələrlə bəzəkli üç pəncərəsi vardır.

Şirvanşahlar Sarayı Kompleksinin  bələdçisi bizə bildirdi ki, bu günbəz bir neçə dəfə təmir də edilib. Xocazadə Əhməd Hilmi "Seyid Yəhya" adlı əsərində bu məhəllənin adının Şirin Məzaq olduğunu qeyd edib.

Qaynaqlar Seyid Yəhyanın qəbrinin yanında oğlununŞeyx Şükrullahın da qəbrinin olduğunu bildirir. Vəfat etmiş şeyxlər və hətta dövlət rəhbərlərinin qəbirlərinin övliya, mürşid kimi müqəddəs şəxslərin qəbirlərinin ətrafında qazılması ənənəsi geniş yayılıb. Mənbələr 1915-ci ilə kimi burada bir neçə qəbrin olduğunu göstərir.

Epiqrafçı alim Məşədixanım Nemətin ehtimalına görə, Şirvanşahlar Sarayı kompleksindəki bu günə kimi xalq arasında “Dərviş türbəsi” adlanan yerdə dəfn olunmuş dərviş Şirvanşah I İbrahim (1382-1417) vaxtında hicri tarixi ilə 805-ci ildə (1402-03) Mərəzə yaxınlığında Diri baba türbəsinin kitabəsini yazmış şəxsdir.

Azərbaycan memarlığında bu kimi 8 bucaqlı türbələr geniş yayılıb. (Şamaxı, Ağdam, Ağsu, Xaçmaz, Qubas. rayonlarda). Lakin “Dərviş türbəsi” bu türbələrin ən mükəmməl nümunəsidir.

 

Keyqubad məscidinin fraqmentləri

 

Məscid - mədrəsə XIV əsrdə hökmranlıq etmiş Şirvanşah I Keyqubad ibn II Fərruxzadın (1317-1356) dövründə inşa edilib. Məscidi görənlərin təsvirinə görə, o, kvadrat formalı olub, günbəzini 4 sütun saxlayıb. Əsas tağ və tağbəndləri çatma imiş. Ehtimal edilir ki, saray alimi Seyid Yəhya Bakuvi bu məscid - mədrəsədə Şirvanşahın övladlarına dərs deyib. Məscid 1918-ci il 31 Martda (Azərbaycanlıların soyqırımı zamanı) erməni vəhşiləri tərəfindən yandırılaraq dağıdılıb.

Memar İsmayıl bəy Nəbioğlunun yanğından əvvəl məsciddə apardığı ölçülərə əsasən, 2005-ci ildə dağılmış məscid fraqmentar bərpa edilib. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində gümbəzi saxlayan 4 sütun olub. Məsciddə Bakuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov yazır: “Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb və qəbri orada - məsciddədir”.

Tədqiqatçı S.Aşurbəylinin yazdığına görə Keyqubad Şeyx İbrahimin babası idi. Şirvanşah Keyqubad 1317-1343-cü illərdə hakimiyyətdə olub. Hazırda Şirvanşahlar Sarayının aşağı həyətinin cənub hissəsində Keyqubad məscidindən sadəcə bünövrə qalıqları və bir neçə tağ salamat qalıb.

 

Saray hamamı

 

Şah ailəsinə mənsub olmuş bu hamam 1939-cu ildə aparılmış arxeoloji qazıntı işləri zamanı torpağın altından aşkar edilib. Saray hamamı bütün orta əsr Şərq hamamlarının səciyyəvi xüsusiyyətini özündə daşıyıb. Hamam yarı yerin altında, yarı yerin üstündə inşa edilməklə, qışda istiliyi, yayda isə sərinliyi qoruyub saxlamışdır. Səyahətçilərin şəhadətinə görə, hamam həm daxildən, həm də xaricdən yaxşı bəzədilib. Bunu otaqların birinin divarlarında qorunub saxlanmış əlvan rəngli kaşı parçaları da təsdiqləyir. Su «xəznə» adlanan su tutumu yerlərindən yuyunma otaqlarına bir-birinə paralel şəkildə çəkilmiş 2 saxsı boru vasitəsilə paylanırdı. Bəzi yerlərdə qismən qorunub saxlanmış bu boruların birindən «külxana» otağında qızdırılmış isti su, digərindən isə soyuq su keçirdi. Hamamın isidilməsi yuyunma bölməsinin döşəməsi altından, eləcə də divar qalınlığından keçən buxar kanalları vasitəsilə həyata keçirilirdi. Saray alimi Bədr Şirvaninin «Divan»ına əsasən, hamamın əsası hicri 840-cı (1438-ci) ildə qoyulub.

Şahidi olduq ki, Saray hamamı Şirvanşahlar saray kompleksinin ən aşağı həyətində yerləşir. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtüb.

Öyrəndik ki, 1953-cü ildə hamamın bir hissəsi təmizlənib, 1961-ci ildə konservasiya edilib. Hamamın indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülüb. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşüb. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Hamamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlayıb.

Hamama daxil olan su, divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsi ilə otaqlara paylanırdı. Hamamda soyunmaq üçün, tək adamın çimməsi üçün “xəlvəti” adlanan otaqlar da vardı. Divarda otaqlara çəkilmiş borunun ucu tağın içindən görünür. Hamamın sağ küncündə üstü günbəzli bir böyükiki kiçik otaq vardı. Kaşı üzlüyə malik bu otaqların şəxsən şaha məxsus olduğu ehtimal olunur.

 

(Ardı gələn sayımızda)

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-28 mart.-S.13.